Gözlərin aydın, Şuşa!
Bükülmüşdü qəddimiz
Ayrlığın əlindən,
Bir şad xəbər eşitdik
Komandanın dilindən,
Çaylar coşdu, kükrədi
Gözümüzün selindən,
Qarabağ göylərində
Qəlbimiz döndü quşa,
Gözlərin aydın, Şuşa!
Şad xəbəri eşidib,
Köks
ötürdüm dərindən,
Qəlbim
riqqətə gəldi
Ordumun zəfərindən,
Komandan əmr eləsə,
Dağ oynadar yerindən,
Azərbaycan əsgəri
Baxmaz qara, yağışa,
Gözlərin aydın, Şuşa!
Naxələf qonşuların
Qorxu düşüb canına,
Bədxah
havadarları
Çəkilibdir qınına,
Dost kimdir,
düşmən kimdir
Dar ayaqda tanınar, -
Görüşünə gələcəm
Türk
qardaşımla qoşa,
Gözlərin aydın, Şuşa!
Neçə il ayrılığın
Əlindən dad elədik!
Kövrəlib Üzeyiri,
Bülbülü yad elədik!
Xan qızı Natəvanın
Ruhunu şad elədik!
Düşmənin arzusunu
Ordumuz çaxdı daşa!
Gözlərin aydın, Şuşa!
Mənim
doğma yurdumun
Alınmaz qalasısan,
Azərbaycan oğlunu
Sən hünər qalası san!
Daha ömrümüz boyu
Bizimlə qalasısan,
Dağların qucağında
Yaşa,
vüqarla yaşa,
Gözlərin aydın, Şuşa!
Zəfər müjdəsi
Çat-çat ürəyimdə dərd
qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə
qəlbə,
Gözəl məlhəm imiş
zəfər müjdəsi...
Axır
ki, açıldı
paslı kilidlər,
Bayraqlar
yurdumu bəzəyir necə!
Xaraba şəhərlər, xaraba
kəndlər
Viranə könlümə bənzəyir
necə?!
Ağır sınaqların, möhnətin
izi
Elə bilməyin ki, bizi sarsıtdı...
Qəlbimizdə olan vətən
sevgisi
Bitib tükənməyən silah-sursatdı...
Yaşadıq ayrılıq məşəqqətiylə,
Bir köz kömür olub, bir közüm gülür.
Doğmalar öldülər yurd
həsrətiylə,
Bir gözüm ağlayır,
bir gözüm gülür...
Uşaqlar böyüyüb, qocalmışıq
biz,
Anıb
kövrəlirık o çağımızı...
Şükür, boş qalmayıb
bizim yerimiz,
Yandıran olacaq ocağımızı...
Ötdü uzun illər, namərd sənələr,
Gəldi başımıza sonsuz bəlalar.
Köçdü bu dünyadan baba-nənələr,
Yurda
sahib çıxın, əziz
balalar...
Çox
yola salmışıq
tufanları biz,
Quruyan ümidlər
tumurcuqlayır.
Görəndə qeyrətli cavanları
biz,
Dolan gözümüzdə yaş
muncuqlayır...
Ürək çan atırsa
çata yurduna,
Yenə
bu torpağa bahar gələcək!
Övlad
sahib çıxsa ata
yurduna,
Qərib məzarlarda ruhlar güləcək.
Yadlara qıymayın, özünüz
dərin,
Cavanlar, köksümdə
bitən həsrəti.
...O yurdu bir dəfə
görməyənlərin,
Gözündən boylanır vətən
həsrəti...
- Qəlbimiz titrəyən nanə yarpağı,
Həsrət quyusuna daş atmışıq biz.
Bir yol görməsək də doğma torpağı,
Onu qəlbimizdə yaşatmışıq
biz...
Geriyə dönərmi yaydan çıxan ox?
Dönürük vətənə, qərar
qətidi...
O torpaq tək bizə babaların yox,
Həm də şəhidlərin
əmanətidi...
...Çat-çat ürəyimdə
dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə
qəlbə,
Gözəl məlhəm imiş
zəfər müjdəsi...
Zəfər yallısı
Yurdumuzun
başından qara duman dağılıb,
Cıdır düzü ucalıb,
bir möhtəşəm
dağ olub...
Silkələnir Qarabağ qara zurna səsindən,
Ocaqlar igidlərin od
alır nəfəsindən.
Bayrağımız yellənir zirvələrin başında,
Sıldırımlar yuyunur gözlərimin yaşında...
Qurumuş bulaqların gözlərinə
su gəlir,
Dağların daş qəlbinə
zəfər arzusu gəlir...
Sevinc sədası
qopur torpağımdan,
daşımdan.
Sısqa
çaylar güc alır fərəh, sevinc yaşından...
Sevinir
Xarı bülbül - mənim könül sirdaşım!
Qar-qar coşub çağlayır,
Araz coşur, Kür daşır!
Zirvələr silkələnir bu
zəfər ahəngindən,
Güllər təzə rəng
alır bayrağımın
rəngindən...
Ayağımız altında yağılar
xıncım-xıncım,
Əsgər çəkmələrindən, sanki qopur qığılcım...
Bu dağlar görməmişdi
hələ belə təmtaraq,
Çıdır düzündə "Yallı" gedən igidlərə bax...
Biz birlikdə güclüyük,
igidlər halay qurur,
Qara göl cilvələnr, Göyçə gölü
hayqırır...
Sevincdən ürəyimiz bir
alıcı quş olur,
Kəpəz, Murov, Savalan
"Yallı"ımızı qoşulur...
Ağrı dağı çevrilir
düşmənin göz
dağına,
Biz onu bəlmişik qoşa türk bayrağına...
Bu zəfər Zəngəzurdan
Naxçıvana yol açır,
Təzə-təzə arzular önümüzdə qol açır...
"Heyratı" heyran qoyur,
cəngə çağırır
"Cəngi"
Üçrəngli bayrağımız
olub zəfər çələngi...
Eşq olsun Komandana, göz dəyməsin orduma,
Hünər, zəfər yallısı
çox yaraşır
yurduma...
Gəlirik, yurdum, gəlirik
Bir gözüm qan ağlayanda
Bir gözüm güldü, Qubadlım!
Neçə-neçə oğlun, qızın
Qürbətdə öldü, Qubadlım.
Sənsizlik məşəqqətini
Səndən ayrılanda duyduq.
Gəlirik, yurdum, gəlirik,
Gözünü çox yolda qoyduq...
Ağrıların, əzabların
Əlindən qurtarmaq olmur...
Yanına
qayıtsaq belə,
Keçmişi qaytarmaq olmur...
Bağışla, yurdum, bağışla
Olanları, keçənləri.
Yer üstündə gün görməyib,
Yer altına
köçənləri.
Qəbristan təzə yurd
yeri, -
Düşündükcə içim yanır...
Yer altından sənə sarı
Nə qədər həsrət boylanır...
Öz yurduna o dünyadan
Elləri
kim qaytaracaq?
Torpaq olan ayaqları,
Əlləri kim qaytaracaq?
Barışarmı bizdən küsən?
Xarı bülbül, nərgiz, süsən?
Taleyimə sənsiz əsən
Yelləri kim qaytaracaq?
Dərd
əlində qalıb
yaxam,
Heç bilmirəm varam, yoxam?
Otuz il gözümdən
axan
Selləri kim qaytaracaq?
Sığınıb bir hicra küncə,
İnləmişik, gündüz, gecə,
Ömrümüzə
sənsiz keçən
İlləri kim qaytaracaq?
Yeriniz görünür
bu zəfər günündə
Şəhidlərimizə
Siz əzib düşməni rahatlıq tapdınız,
Yeriniz görünür
bu zəfər günündə.
Siz ölüb vətənin canına hopdunuz,
Biz hər gün ölürük ruhunuz önündə!
Neçə il gəzmişik gözümüz
kölgəli,
Çox
şükür çin
oldu arzumuz, kamımız...
Şəhidlə vidaya el gəlir, sel
gəlir,
Borcluyuq
biz sizə hamımız,
hamımız...
Bayrağa döndərdik biz qanlı
köynəyi,
Hamınız pak-təmiz, hamınız
təzə-tər,
Əllərim titrəyir, ürəyim
göynəyir,
Sanmayın qəlbimdən bu
ağrı tez ötər...
Qeyrətli oğullar hər
zaman anılar,
Torpağı vətənə döndərər
şəhidlər...
Qəbriniz önündə diz
çökür analar,
Siz yatan torpağa baş qoyur igidlər...
Ruhunuz başımız üstündə
al bayraq,
Qanınız səpilən daşda gül bitəndir.
Şəhidlər qanıyla yoğrulan
bu torpaq
Vətəndir, Vətəndir, Vətəndir,
Vətəndir...
Siz əzib düşməni rahatlıq tapdınız,
Yeriniz görünür
bu zəfər günündə.
Siz ölüb vətənin canına hopdunuz,
Biz hər gün ölürük ruhunuz önündə!
Qarabağdan gələn səs
Cəbhə bölgəsində hərbi
xidmətdə olan keçmiş tələbəm
Elşad Qarabağlı
mənə zəng eləyib danışdı. Bir az söhbətləşəndən
sonra dedi ki, müəllim, döyüşdən qabaq
səsinizi eşitmək
istədim. Bu sözlər
qəlbimi riqqətə
gətirdi, istər-istəməz
səsim titrədi...
Cəbhədən zəng eləyib,
sən mənimlə danışdın,
Dedin ki, səsinizi mən eşitmək istədim.
Bu səs necə doğmadı, bu səs necə tanışdı!
Qarabağdan gələn səs
bir sehrli bəstədi...
Bu səsi eşidəndə
sızlayan qəlbim güldü,
Elə bil dağ havası
hopmuşdu o nəfəsə...
Bu səsdən Qubadlının,
Laçının ətri
gəldi,
Həkərinin laylası qarışmışdı
o səsə.
Ayrılığın sazağı qəlbimi üşüdəndə
Öp mənim əvəzimdən
neçə çayı,
çeşməni...
Mənim
səsim titrədi səsini eşidəndə,
Sənin əlin əsməsin məhv edəndə düşməni.
Yağıdan azad olan torpaq alsın dincini,
Bizi tərk
eləməsin yaşamaq
həvəsimiz.
Zəng
edib böl mənimlə qələbə
sevincini,
Doğma
Şuşadan gəlsin
yenə qadir səsimiz...
Rafiq Yusifoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 5
dekabr.- S.12.