Məğlub
Monoşeir
xırda pulların
uğur gətirdiyinə
inanıram
dörd dənə beş qəpikliyim
iki dənə üç qəpikliyim
bir dənə də bir qəpikliyim
var
marketdə qaytarıblar
qalıq qalanda
çox adam bu xırda pulları
götürmür
yerinə kibrit istəyir
ya da birdəfəlik çay paketi
mənsə götürürəm
çünki xırda
pulların uğur gətirdiyinə inanıram
çantamda gəzdirirəm
həmişə
sonra onları təzədən marketdə
götürməsələr də
satıcılar üç
qəpiklik beş qəpiklik uzatdığımı
görüb
ikrahla baxsalar da
(vaxt keçə-keçə
başqalarına fikir
verməməyi öyrənmişəm)
əyalət şəhərciyinin
mərkəzindəki
köhnə beşmərtəbəli
binanın dördüncü
mərtəbəsində
bir otaqlı mənzilim var
paytaxtdakı evim iki otaqlı idi
daha doğrusu evimiz
anamla yaşayırdıq
orda
sonra anam öldü
mən qorxmağa başladım
gündüzlər evdə
tək qalmaqdan
gecələr tək yatmaqdan
səhərlər evdən
getməkdən
axşamlar evə qayıtmaqdan qorxdum
elə bilirdim o biri otaqda kimsə
var
məni izləyir
məni güdür
yuxum çəkildi əvvəlcə
sonra rahat çimə bilmədim
tikələr ilişdi
sonra boğazımda
evi satıb qaçdım şəhərimdən
sığındım əyalət
şəhərciyinin bir
otaqlı mənzilinə
indi bu darısqal evim
bir də üst-üstə iyirmi yeddi qəpik xırda pulum var
bir də hər şeylə maraqlanan yaşlı qapı qonşum
bura təzə gələndə tək yaşayırsan soruşmuşdu
yox demişdim
tək nə üçün yaşayım
ki
pişiyim var demişdim
üç rəngli
şirin pişikdi
tez-tez çimizdirirəm
demişdim
yanımda yatızdırıram
demişdim
inanmışdı
inanmağa davam etsin deyə evə pişik yemləri
müxtəlif konservlər
almağa başlamışdım
indi də alıram
hər dəfə həftəlik alver edib marketdən qayıdanda
qonşumla rastlaşmağa
çalışıram
pişik yemlərini
konservləri göstərib
pişik məni
boğaza yığıb
deyirəm
qazandığım buna gedir deyirəm
yaman qarınquludur deyirəm
gülümsəyib başını
tərpədir
koservləri özüm
yeyirəm sonra
pişik yemlərinisə
tullayıram qara torbanın içində
evim xudmanidi rahatdı
əşyası azdı
mənə çatacaq
qədərdi hər şey burda
paytaxtdakı evimdən
gətirmişəm hər
şeyi
birnəfərlik çarpayım
bir şkafım
bir dənə stolum
bir dənə stulum
bir dənə nimçəm
bir dənə qaşığım
bir dənə çəngəlim
bir dənə qazançam
(onu həm
də tava yerinə işlədirəm)
bir dənə fincanım
bir ovuc günəşim
bir çimdik rahatlığım
bir hər şeylə maraqlanan qonşum
bir də üst-üstə iyirmi yeddi qəpik pulum var
pəncərəmin nəfəsliyinin
şüşəsi sınıb
mən gələndə
çatlaq idi
siləndə sındı
karton yapışdırdım
yerinə
şəhərdəki evimdə
qeyd etdiyim
axırıncı səkkiz
martda iş yoldaşımın hədiyyə
verdiyi
şokolad qutusunun
kartonunu
şəkilli tərəfi
içəri yapışdırdım
hər səhər oyananda
pəncərəmdən boylanan günəşlə bir yerdə
süd içində üzən şokoladları
da görürəm
ərimir günəşdə
çox da dadlı görünür
hərdən iştahım
çəkir
narazı deyiləm
günəşimə şərik
çıxsa da
(bura köçdüyüm
iki aydı
hələ bilmirəm
soyuq havalarda
yağışda
qarda
şokoladların necə
göründüyünü)
üstündə günəbaxan
çiçəkləri şəkli
olan yataq dəstim var
bir də hər şeylə maraqlanan yaşlı qonşum
çox şey soruşmaq istəyir məndən
gözlərindən görürəm
yolda həyətdə
pilləkanlarda
qapının ağzında
rastlaşanda
tez salam verib keçirəm yanından
suallarından yayına-yayına
yaşlı qonşum
hər şeyi bilmək istəyir
amma bilmir ki
bura elə hər şeylə maraqlanan
hər şeyi bilmək istəyən
nə üçün
evlənmirsən
bəlkə sevdiyin var
bəlkə haçansa
sevdiyin olub
səni atıb başqasını alıb
bəlkə haçansa
təcavüz ediblər
sənə
təsirindən çıxa bilmirsən
bəlkə nəsə
xəstəliyin var
bəlkə görüşdüyün
var amma evlənmək istəmirsiniz
soruşan qohumlarımın
qonşularımın
rəfiqələrimin
iş yoldaşlarımın
əlindən qaçmışam
(inanmayın bayaq
dediyimə
hələ də hamıya fikir verirəm
böyüsəm də ağıllana bilməmişəm
hələ)
ananın bircə
qızıydın muradını
gözündə qoydun
anan sənin əlindən çərləyib
öldü
o qədər zəhmət çəkib təkbaşına
səni böyütdü
sənsə qucağına
bir nəvə vermədin
deyən qohumlarımın
bu yaşda çətin subay birinə gedəsən
yaxşı dul kişilər var görüşdürək tanış
ol
evlən lap uşağı
da olsa eybi
yox
bu yaşdan sonra uşaq doğan deyilsən ki
deyən qonşularımın
bədbəxt olsalar da
(bunu dəqiq
bilirəm)
qabağımda xoşbəxt
rolu oynayıb
öz aləmlərində
mənə acıq verən
sırf göz dağı vermək üçün məni evlərinə çağıran
(hər halda
mən belə qəbul edirəm)
uşaqlarını qucağımda
otuzduran
ərlərini tərifləyən
rəfiqələrimin əlindən
qaçmışam
boynuma çox şey qoyurdular
müxtəlif həyat
hekayələri yazırdılar
mənimçün
(bekarçılıqdandı
məncə)
əsas səbəbisə
heç kim bilmirdi
bilsə də heç kim demirdi əsas səbəbi
demirdilər ki
atam mən qucaqda olanda
anamı atıb
getdiyi üçün
evlənmirəm
istəmirəm mən də atılım
istəmirəm uşağıma
həm ana həm ata olum
istəmirəm kişi
olum
burda sakitəm
burda rahatam
burda təkəm
poçtda işləyirəm
cüzi maaşım bəs edir mənə
və xəyali pişiyimin yemlərinə
xudmani evim
hər şeylə maraqlanan qonşum
bir də üst-üstə iyirmi yeddi qəpik eləyən
dörd dənə beş qəpikliyim
iki dənə üç qəpikliyim
bir dənə də bir qəpikliyim
var
əyalət şəhərciyinin
mərkəzindəki
köhnə beşmərtəbli
evin dördüncü
mərtəbəsindəki
bir otaqlı mənzilimin
nəfəsliyinin şüşəsi
sınıq pəncərəsindən
baxıram dünyaya
xoşbəxtəm
və inanıram xırda pulların xoşbəxtlik gətirdiyinə
İyul, 2018
Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2020.- 5
dekabr.- S.16.