Duyğularla Şərqdə,

düşünclərlə Qərbdə

 

Anarı oxuyarkən

 

Ədəbi altmışıncılardan olan Anar gəncliyinin ideallarına sadiqdir.

Gecələr tələsmədən onu oxuyarkən kitabdan gözlərimi çəkir və qarşımda füsunkar Bakı bulvarlarının geniş mənzərələri, səmaya ucalmış göydələnlər, küçə reklamlarının əlvan işıqları deyil, vətəninin həyatında dramatik dəyişikliklərin çağdaşı olan tənha mütəfəkkirin obrazı canlanır. Ədəbi altmışıncılardan olan Anar gəncliyinin ideallarına sadiq qalsa da heç bir vaxt bu idealları ilahiləşdirməmiş və kütləvi rəyin günahına batmamışdır.

Mənim həyatda bəxtim gətirib. Sovet İttifaqı respublikalarından yaşıdlarımın əsərlərini bilir və sevirdim. Qazax Oljas Süleymenov və erməni Qrant Matevosyan, gürcü Otar Çiladze və ukraynalı İvan Draç ancaq kitablarıyla deyil, simaları və davranışlarıyla da içimdə yer tutublar. Anarın da bu sırada layiqli yeri var. O, Azərbaycanın övladı, vətənin nüfuzlu səsi, onun ən dəruni ümidlərinin ifadəçisi, ölkədə və dünyada baş verənlərin diqqətli təhlilçisidir. Onun qəlbində sənətkarla mütəfəkkir bir-birinə tərəf gəlirlər.

Zəmanəmizin bir çox məşhur yazıçılarının yolu bədii yaradıcılıqdan publisistika və siyasi esseistikaya doğru yönəlib. Elə günlər olur ki, şair döyüşçü olmağa məcburdur - Bayron, Petefi, Mayakovski kimi. Mən miqyasları müqayisə etmirəm, ümumi həyata və onun ayrıclarına aparan yolu nəzərdə tuturam. Anar bu yolda qəlbini tam açır. O, başqalarını agah etmək üçün deyil, qəlbində yaşayan əbədi bir kəlamı təsdiq edir: "Beləyəm və ayrı cür ola bilmirəm".

Söhbət, ələxüsus, onun gündəlik fikirlərinin etirafnaməsi olan "Gecə düşüncələri"ndən gedir.

Oxuyuram və müəlliflə mübahisə edirəm, bəzən onun qəti fikirləriylə razılaşmıram, ələlxüsus da ayrı-ayrı milli xarakterləri və dünyanı səciyyələndirməsilə. Ən çox tənələr ermənilərə və ruslara düşür. Əzizim Anar, höcətə düşüb xalqla hakimiyyəti eyniləşdirmək olmaz axı... Mədəniyyətə və siyasətə eyni gözlə baxmaq da düz deyil. Amma insafən deyim ki, Anar özününkülərə qarşı da amansızdır. Fikirlərində yetərincə azaddır və hər hansı siyasi, ya digər konyunkturaya rəğmən düşündüklərini redaktə etmədən deyir. Və yəqin, onu da dərk edir ki, bu azadlıq və sərbəstlik həmin o imperiya "Ali Sovetinə" görə baş verdi, o Ali Sovetdə azərbaycanlı Anar rus Qorbaçovla bir yerdə iştirak edirdilər.

Amma qələmi mübahisə üçün almamışam əlimə. Anarın yazdıqlarının çoxunu mən qanımla, canımla duyuram, sanki o, mənim öz düşüncələrimə qardaşcasına uyğundur. Anar üçün altmışıncılar ictimai ümidlər və vətəndaş nikbinliyinin təkrarsız dövrü kimi son dərəcə vacibdir. O yazır: "Kim nə deyir desin, mən qəti əminəm ki, altmışıncı illər ədəbiyyatımızın qızıl dövrü idi".

Sonra ətrafına boylanaraq yazıçı ağrılı bir rişxəndlə əlavə edir: "Bizimlə bizdən sonra gələn nəsil arasında fərq ondadır ki, bizim deyəsi sözümüz çoxdu, amma bunları deməyə imkanlarımız yoxdu, indiki nəsillərin düşündüklərini deməyə yeri də, imkanı da var. Amma, görünür, deməyə sözləri yoxdur".

Bu sözləri yalnız nəsil həmrəyliyi və öz gəncliyinə həsrət ifadəsi kimi qəbul etməyək. Bu hisslər həmişə haqlıdır. Anarla həmyaşıq, o, öz ölkəsinin ədəbiyyatından yazır, amma məgər bizim evimizdə məsələ başqa cürdür? "Öz nəslimə kədərlə baxıram" deyənlərin vətəndaş ağrısı bizim indi dəbdə olan bəzi nasir və şairlərimizin heç yuxusuna da girməzdi. Çünkü onlar üçün praqmatiklik və sərbəst quraşdırmaq məharəti çox vaxt rəsmi yalanların və gündəlik bayağılığın üzücü girdabında çapalayan müasir insanın taleyini kölgədə qoyur.

Həqiqətən də poeziyanın vacibliyi yalnız şeirə ehtiyacdan doğmur, bu həm də mənəvi tələbatdır. Elə bilirəm Anar mənimlə razılaşar. Postsovet məkanının ağır böhranı əsas etibarilə şəxsiyyətə qarşı yönəlib. Ədəbiyyat və sənət tədricən satdıq mala çevrilir, sənətkar isə dəllala. Poeziyanın ömrü birtəhər gün keçirmək olur. Söhbət bax bundan gedir. Geniş anlamda sənət barədə. İtirilmiş ideal haqqında, O ideal ki, insanın da, millətin də tərəqqisi üçün ümdədir. Kommunist imperiyasını darmadağın edərək, çoxmillətli mədəniyyət quruculuğunun təcrübəsini itirərək biz əxlaqi çərçivələri, görünməyən azadlığı, bir tərəfdən də dirçələn stalinizmi (insan sifətli stalinizmi?) əldə etdik. Azadlıq da get-gedə daralır. Rusiyada və ətrafında müxtəlif çeşidli avtoritar rejimlər totalitar ünsürlərdən də xali deyillər. Yerli, qeyri-sivil bazar yalnız peyvənd quruluşa deyil, həm də daha əvvəlki dövrlərə, hətta kapitalizmdən öncəki əyyamlara - tayfaçılıq və ictimai bərabərsizlik əyyamına aparır.

Bəs ölkədə və dünyada baş verənlərlə qayğılanmış namuslu yaşıçı Anar neyləməlidir? Onun səsini eşidir, sözünə inanırlar. O, məşhur nasir, dramaturq, siyasi və ictimai xadimdir. O Sov.İKP-nin sabiq üzvü mənəvi dayağı milli mədəniyyətin dərinliklərində axtarır. Allah haqqında düşünür. Dindarlığını məbəddə şam qoymaqla nümayiş etdirmək üçün yox, dünyəvi mütəfəkkir və ədəbiyyat adamı kimi. İslam, xristianlıq, iudaizm - Anar bu dinlərin tarixinə və təcrübəsinə nəzər salır, zen-buddizmə maraq göstərir, müqəddəs kitabları vərəqləyir və nəticədə mənə elə gəlir ki, humanizm və demokratiya dəyərlərinə tapınır.

Xisləti etibarilə Anar estet, melomandır. Kübar şəhərlidir, bütün varlığıyla utopik zəminçilik dünyaduyumundan uzaqdır. Müəyyən postsovet dairələrində dəbdə olan xəlqi millətçilik ona yaddır. Bu barədə özü qəti fikir söyləyir: "Mən Şərq insanı kimi duymaq və Qərb insanı kimi düşünmək istəyirəm". Burda "və" bağlayıcısı çox önəmlidir, çünki o, bu iki anlayışı ayırmır, tam şəkildə birləşdirir.

"Nəyə görə mən bu cahillər qarşısında öz vətənpərvərliyim haqqında hesabat verməliyəm? Nədir, onlar bədbəxt vətənimizi məndən çox istəyirlər, onun yolunda məndən çox iş görüblər?". Onu da əlavə edir ki, "populist millətçilik - lümpenlərin ziyalılarla haqq-hesab çəkməyin ən asan vasitəsidir".

Sərt deyilsə də mahiyyət etibarilə doğrudur.

Rus dilini kamil bilən Anar ikidilli yazıçı olmaq istəmir. Pyeslərini və nəsrini Azərbaycan dilində yazır, yalnız esseistikasında rus dilinə müraciət edir ki, bu da onun oxucu dairəsini xeyli genişləndirir.

Öz təcrübəsinə isnad edərək yazır ki, bir vaxt kənd nəsrini milli ədəbiyyatın etalonu sayırdılar, istər-istəməz onu "şəhər" ədəbiyyatına qarşı qoyurdular. Amma şəhər ədəbiyyatının ən parlaq örnəkləri nə vicdanlılıq baxımından, nə bədii dəyərlərilə kənd nəsrindən geri qalmırdı.

Anar yerində Yuri Trifonovu xatırlayır, çünki bu müəllif ona yazıçı xarakterilə yaxındır.

Düşüncələrində dəmir məntiq aramaq lazım deyil, bəzən onlar ani hisslərin nəticəsində meydana çıxır. Detallarda Anar ziddiyyətli ola bilər, amma düşüncələrinin əsas məğzində möhkəm və sabit, dəyişməzdir. Bəzən onun ifadələri moizə səciyyəsi alır: "Mən xalqlar arasında binədəngəlmə, fatal düşmənçiliyə inanmıram. Xalqların, insanların, siniflərin, dinlərin bir-birinə qənim kəsilməsinə inanmıram. Buna görə də ədəbiyyatın məqsədi insanlara onlar kimi başqa insanlar haqqında, başqa siniflər, xalqlar, dinlər haqqında danışmaqdır. Axı onlar da Allahın məxluqlarıdır. Ədəbiyyat anlamağa çağırışdır".

Fikir də, sözlər də yeni deyil, burda mübahisə etməli bir şey də yoxdur, amma yazıçıyla oxucu arasında bu anlaşmaya nail olmaq necə də çətindir. Bu işdə dərrakə, savad, bilik, istedad azdır, burda vacib insanın duyğularıdır, qəlbidir. Buna görə də Anarın sentimentalizm haqqında sözləri mənə yaxındır. Sentimentallıq sözünün bayağılaşdırılmış anlamında deyil ilkin, duyğusallıq mənasında.

Duyğularsız, emosiyalarsız ədəbiyyat oxucuyla birbaşa və dərin əlaqəsini qeyb edir. Bu, ümumiyyətlə, sənətə də aiddir. Tamaşa salonunda əyləşərkən, ya müasir romanı mütaliə edərkən biz sevinmirik, kədərlənmirik, ağlamırıq və gülmürüksə, belə əsərlərin təsiri bir qara qəpikdir. Oyun nə qədər desəz, amma ürəyi heç nə titrətmir.

Bir də o barədə düşünürsən ki, doxsanıncı illərin ortalarında yeni əsaslarla, "böyük" və "kiçik" qardaşlar olmadan, Birlik ölkələri arasında mədəni əlaqələr uğurla inkişaf etməyə başladı. Ədəbi tərcümələr bərpa olundu, Moskvada və Sankt-Peterburqda, Ukrayna, Moldova, Ermənistan, Qazaxıstan, Belarus günləri təmtəraqsız keçirildi, Rusiya incəsənət xadimlərini Azərbaycanda və Gürcüstanda qəbul etdilər. İyirmi beş il keçdi, Anar, bəs bütün bunlar harda itib-batdı? Bağışla, İlahi, harda qaldı "xalqlar dostluğu"? Bunda biz də səninlə bir az günahkar deyilikmi? Məgər biz faktik olaraq mübarizədən kənara çəkilmədik, mövqelərimizi təhvil vermədik, müxtəlif hücrələrə çəkilib öz içimizə qapılmadıqmı? Bəli, əziz dostum, sən özün də bu barədə düşünürsən.

Mədəniyyət siyasətdən üstündür, çünki gündəlik yox, əbədi dəyərlərə əsaslanır. Mədəniyyətin hədəfi insandır, onun dünyasıdır, taleyidir və onun xalqının taleyidir. Siyasət yanıla da bilər. Həqiqi humanist mədəniyyət heç vaxt yanılmır.

Bizim Turgenev kimi, Anar da 2015-ci ildə yazır: Dünyanı başına götürmüş ədalətsizlik barədə düşünəndə, mən böyük rus ədəbiyyatına ümidlə müraciət edirəm. Tez-tez təkrar edilən düstura inanmıram ki, "Rus ədəbiyyatının gələcəcəyi-onun keçmişidir".

Mən də rus ədəbi Sözünün ləyaqətli gələcəyinə inanıram, dünya haqqında və öz ölkəsi haqqında səmimi rus düşüncəsinə inanıram.

Amma bunun üçün böyük dövlətçilik iddiasından əl çəkmək lazımdır, yalançı telepatriotlıqdan imtina etmək gərəkdir. Hər addımda xarici düşmən axtarmamalıyıq. Ancaq azad, demokratik ölkələr ailəsinə daxil olan Rusiya və onun mədəniyyəti qəddini düzəldəcək və ümumdünya tarixinə qayıdacaqdır.

 

Yevgeni SİDOROV

"Literaturnaya qazeta",

 

27 may-2 iyun 2020

 

Ədəbiyyat qəzeti.- 2020.- 12 dekabr.- S.7.