Sonsuz qaranlıqda
sayrışan işıqlar
ANAR YARADICILIĞININ 60 İLİ
"Azərbaycan"
jurnalının 1960-cı il 12-ci nömrəsində
Anarın "Keçən ilin son gecəsi" və
"Bayram həsrətində" adlı iki hekayələri
dərc olunmuşdu. Bu, yazıçının mətbuatda
çıxan ilk yazıları idi. Beləliklə, bu il dekabr
ayında Anarın ədəbiyyat, teatr, kino, publisistika, mətbuat
sahəsində yaradıcılıq fəaliyyətinin 60 ili
tamam olur.
Son illərdə Moskvada Xalq
yazıçısının bir neçə kitabı nəşr
olunmuşdur. Mötəbər "Qoslitizdat" nəşriyyatı
iki cilddə nəsr "Əsərləri"ni,
"Vremya" nəşriyyatı "Bez vas"
("Sizsiz") adıyla eyniadlı sənədli romandan,
"Gecə düşüncələri" və esselərindən
ibarət kitabını çap etmişdir. Populyar
"Biblioteka "Oqonka" seriyasında "Mən, sən,
o və telefon" adlı hekayələr kitabı
böyük tirajla buraxılmışdır.
"Roman-qazeta" seriyasında çap olunmuş
"Göz muncuğu" kitabına eyniadlı povest, habelə
"Otel otağı" və "Ağ qoç, qara
qoç" əsərləri daxil edilmişdir.
Bu nəşrlər haqqında Moskva
mətbuatında rəylər çap edilmişdir. Elə son
aylarda "Literaturnaya qazeta"da məşhur rus tənqidçisi
Yevgeni Sidorovun "Gecə düşüncələri"
barədə məqaləsi, qəzetin başqa nömrəsində
"Roman-qazeta"da çıxan povestlər haqqında
professor Vladimir Aqenosovun yazısı dərc olunmuşdur.
Oxucuları bu mətnlərlə tanış edirik.
Sonsuz qaranlıqda
sayrışan işıqlar
Demək
olmaz ki, Azərbaycanın Xalq yazıçısı
Anarın adı rus oxucularına tanış deyil. Anarın məhəbbət
haqqında və adi adamların taleləri barədə
yazdığı povest və hekayələri hələ sovet
illərində Rusiyada məşhur idi.
Kitabın
əvvəlində verilmiş "Otel otağı"
povestinin qəhrəmanı Kərim Bakıda Ali məktəb
müəllimidir. O, Azərbaycan torpaqlarında iki min il bundan
qadaq Qorqudun və böyük Füzulinin mənsub
olduqları Bayat qəbiləsinin məskunlaşması
haqqında dəlil tapır, türk dilində danışan bu
qəbilənin yazısı olduğunu kəşf edir. Kəşfinə
əsaslanaraq əvvəllərdə
düşünüldüyü kimi türklərin əcdadlarının
Şərqdən Qərbə deyil, Qərbdən Şərqə
köçməsi barədə fərziyyə irəli
sürür. Belə güman olunur ki, pantürkistlərlə
və panislamistlərlə mübarizə uzaq keçmişdə
qalmışdır, amma Kərim kimi təvazökar alimi bu
gün də susdurur, onun fikirlərini elələri mənimsəyir
ki, vaxtilə türk xalqlarının birliyini inkar edirdilər.
İstanbula
qızının cehizi üçün pul qazanmağa gələn
Kərimin vaxtilə onu İstanbula dərs deməyə dəvət
edən dekan Bəhicə xanımın üzünün necə
döndüyünü oxuyanda adamın gözü
yaşarır.
Ömrünün
son saatlarında Kərim İstanbul mehmanxanasının miskin
odasında həyatla vidalaşanda, xeyir və şər
haqqında, Allahın lütfü və həyatın mənası
haqqında düşünür.
"Otel
otağı" povestinin son nikbin nöqtəsi isə bir qəzet
məlumatı olur: "Kainatın sonsuz qaranlığında
istedadlı Azərbaycan alimi Kərim Əsgəroğlunun
adını daşıyan səma cismi də bərq
vurur".
Sonrakı
iki povestində Anar postmodernist nəsrinin uğurlarından,
türk folklorunun əsatiri poetik obrazlarından istifadə edərək
dünya ədəbiyyatının əbədi fiqurlarına
da müraciət edir.
"Ağ
qoç, qara qoç" povesti Məlikməmməd
haqqında Azərbaycan nağılının süjeti əsasında
qurulur. Ağ qoç - xeyirin, qara qoç - şərin rəmzidir.
Povestin birinci hissəsi uzaq gələcəkdə Novruz
bayramının qeyd olunması barədədir. Telejurnalist və
telerejissor Məlik Məmmədli ərazi
bütövlüyü bərpa olunmuş Azərbaycanda
yaşayır. Bu ölkədə əhalinin rifahı Ərəb
Əmirliklərini üstələyib. Ölkədə
işsizlik yoxdur. Məliyin ailəsi bayramı ayrı-ayrı
yerlərdə qeyd etsə də xoşbəxtdir. Məliyin
arvadı rəssam kimi Təbrizdə "Koroğlu"
operasının tamaşasını hazırlayır. Məlik
də bayramla bağlı əhəmiyyətli bir
televeriliş hazırlayır: Ağ atlı igid Yanardağdan
alışdırdığı məşəllə
çapıb Bakıya gəlir və əfsanəvi Qız
qalasının zirvəsində alov yandırır.
Bütün Azərbaycan boyu odlar alovlandırılır.
Meydanda kəndirbazlar, pəhləvanlar, qılıncoynadanlar
yarışır. Müfəssəl (bəlkə də rus
oxucusu üçün ifrat müfəssəl) şəkildə
Bakının məşhur tarixi məkanları və gələcəkdə
yaradılacaq obyektləri təsvir olunur: Disneystan, Panteon,
Türk muzeyi.
Birinci
hissənin finalı son dərəcə nikbindir:
"Biz
dözdük, yaşadıq, halal zəhmətimizlə
işıqlı günlərə çatdıq, rifah
içində ömür sürürük. Qoy əsrlərcə
belə olsun".
İkinci
hissənin hadisələri elə həmin vaxt, həmin
personajla davam etdirilir. Amma burada qara qoç Məliyi zülmət
dünyasına aparır.
Bakı
üç zonaya bölünüb: birinci zona köhnə
adını daşıyır: Badi-Kubə, ikincisi Bakı
kommunası, üçüncüsü Bakı-siti. Məliyin
dağılmış ailəsinin üzvləri - arvadı,
oğlu, qızı - hərəsi bir zonaya düşüb. Məliyi
isə sehrbaz Erxan hər üç şonaya giriş vəsiqəsilə
təmin edir.
Şəhərin
müsəlman zonasında küçələrin adları dəyişdirilib,
əlyazmalar xəzinəsi dağıdılıb. Əski ərəb
əlifbasıyla yazıb-pozurlar. Məliyin bu zonaya
düşmüş arvadı halal zövcəsi sayıla bilməz,
çünki şəriətlə kəbin kəsməyiblər.
Ana uşaqlarından imtina edib ki, onlar kafirlərin xidmətindədirlər.
Məliyin hər addımını güdücü izləyir.
Bakı
kommunasında yazılar kiril əlifbasıyladır. Millət
xadimlərinin adlarını daşıyan küçələrin
adları dəyişdirilib. Millilik inkar olunur. Məşhur
"Dədə Qorqud" dastanı xalqa zidd olan əsər
kimi damğalanıb, qədim şairlərin
yaradıcılığı qadağan olunub. Kommunanın
gizli xəfiyyəsi Proletar Patrulu hər şeyə və hər
kəsə göz qoyur. Asiləri həbs düşərgəsinə
- adaya yollayırlar.
Yazıçı
baş vermiş hadisələr haqqında danışır:
Bakıda vətəndaş müharibəsi, Ermənistanda
Atom elektrik stansiyasının partladılması, Mingəçevir
bəndinin uçurulması...
Bakı-siti
də belə fantastik və dəhşətli haldadır. Əksəriyyət
ingiliscə danışır. Məliyin istəkli qızı
çörəyini striptizlə qazanır, musiqini brik-brak əvəz
edib. Qəhrəmanın - Məliyin "nə
keçmişi, nə gələcəyi, nə evi-eşiyi, nə
ailəsə, nə vətəni qalmışdı".
Amma Erxan
deyir ki, Məlikməmməd ağ qoçun belinə
sıçrayıb işıqlı dünyaya
çıxdı. Sizin də hələ bu şansınız
var. Povestin sonunda Məlik ağ qoça çatmaq, belinə
minmək üçün yüyürməyə
başlayır.
Folklora və
"Quran"a müraciət son povestdə - "Göz
muncuğu"nda daha da qəlizləşir. Povestin bel
sütunu şər Allahı Əhriman və xeyir Allahı
Hörmüzd haqqında əfsanənin müasir təfsiridir.
Əhriman təxəllüsüylə Əhliman həyatda
çox əzab-əziyyətlərə məruz qalıb -
varlı qonşu oğlu tərəfindən
alçaldılması, atası tərəfindən kəmərlə
döyülməsi, elmi şura üzvlərinin xəyanəti...
Bütün bunlar Əhlimanı qəddarlaşdırır və
o, mistik gözdəymə (daha doğrusu, gözə gətirmək)
məharətinə malik olduğu üçün onu incidənlərdən
qisas alır. Povestin mistik qəribəlikləri çoxdur. Hətta
qəbrinin içində də qəhrəman Xeyir və
Şər haqqında düşünür. Əhliman Əshabi-Kəhf
dağına qalxır. Bu dağ mağarasında yuxuya
getmiş səyyahlar əsrlərlə yatdıqdan sonra
başqa bir dünyada, başqa bir əyyamda yuxudan
ayılırlar. Əhliman ölüb sonra həyata qayıdan
Diri Babayla görüşür. Müdrik qoca qəhrəmanı
başa salır ki, hər bir insanda həm Əhriman, həm də
Hörmüzd var. Povestdə qəhrəmanın taleyinə
üzü çapıq çekist də daxil olur və əfsanəvi
xalçanı məhv etməyi tapşırır.
Povestin
finalında gecələr Ay rəqsi ifa edən gözəl
Aydan sürüşüb eyvandan həyətə
yıxılır və məhv olur. Onun həlak olduğu
anlarda Diri Babanın bağışladığı Göz
muncuğu da divardan yerə düşüb parçalanır.
Xəyal qırıqlığına uğramış Əhliman
özünü eyvandan həyətə atır. Qəhrəmanın
ölümüylə bitən povest yenidən ilk fəsillərə
üz tutur - bu fəsillərdə dəfn olunmuş Əhlimanı
qəbrindən çıxararaq həyata qaytarırlar. Amma bu
kimin həyata qayıtmasıdır, - deyə müəllif
soruşur - Hörmüzdün, ya Əhrimanın? Xeyirin, ya
Şərin? Ya hər ikisinin...
Povestlərin
mütaliəsi oxucudan Şərq əfsanələri və
Avropa klassiklərindən gətirilən sitatlarla tutuşdurma
aparmağı təklif edir. Povestdən povestə möhtəşəm
"Kitabi-Dədəm Qorqud" xatırlanır. Böyük
Şərq müdriklərilə (Məhəmməd, Budda,
Konfutsi, Nizami) bərabər Anar öz
yaradıcılığında avropalılara da üz tutur:
Monten, Şekspir, Dostoyevski, M.Prust, Freyd, Tomazo Albinyonu və
b.).
Bəzən
bu adlar o qədər çoxdur ki, hələ üstəlik,
rus oxucusu üçün izahı tələb olunan şərhləri
də əlavə etsək - mütaliənin tamlıq təəssüratı
pozulur.
Amma əgər
oxucu bu kiçik çətinlikləri dəf edib keçsə,
böyük Azərbaycan yazıçısı Anarın
keçmiş və yeni yaradıcılığıyla
tanışlıqdan böyük zövq alacaqdır.
"Literaturnaya qazeta",
23-29 sentyabr 2020
Vladimir AQENOSOV
RF Əməkdar elm xadimi,
filoloji elmlər doktoru, professor
Ədəbiyyat qəzeti.- 2020.- 12
dekabr.- S.6.