Ədəbiyyat, sənət
insanları...
Ədəbiyyat, sənət insanları birliyə səsləmir, həm də birliyə hazırlayır. Ziyalının rolu, aydının missiyası insanları hər cür keçid dövrünə,
sınaq məqamlarına
səfərbər etməkdir.
Düşüncədə, ovqatda və
fəlsəfədə vahid
məkanı yarada bilmək mənasında mənəviyyat adamlarının
üzərinə hər
zaman həlledici rol düşüb. Bu rolu hansı
qələm adamı məsləkinin "tərcümeyi-halına"
çevirib, hansı yaradıcı şəxsiyyət
daha çox uğurla realizə etməyə çalışıb?
Məsələn, poeziyamızda Vətənin
obrazı necə əyaniləşib? Hansı dövrlər,
hansı mərhələlər
onu daha yaxşı şəkildə
bədii sözün təcəssümü etməyi
bacarıb? Mənə görə,
belə bir dövr bir əsr
əvvəlin vətən
coşğulu poetik mətnlərinə şamil
oluna bilər. Cümhuriyyət sevdalı,
hürr əzmli poeziya... Bu dövrün
ədəbiyyatı mənəviyyata
milli kimlik, milli mənlik ovqatının aşılanması
baxımından xüsusi
önəm kəsb edir və bütün
dövrlər üçün
görk edilə biləcək səviyyədə
ona üz tutulmasına layiqdir.
Həqiqətən də, mənəvi
səfərbərlik ruhunun
dirçəldilməsində, ümumxalq ruhunun hürriyyət məramı
ətrafında birləşdirilməsində
XX əsrin əvvəllərinin
milli özünüdərk,
milli istiqlal idealı ilə yoğrulmuş türk poeziyasının xidməti
əvəzsiz olmuşdur.
Bu dövrdə poeziyada və nəsrdə tərənnüm
və milli özünüdərkdən doğan
milli ləyaqət və şərəfin vəsfi digər mövzu və problemləri kölgədə
qoymuşdur. Milli
triadamızın banisi
Əli bəy Hüseynzadənin böyük
yurd sevgisinin təzahürü kimi gerçəkləşən və
ədəbiyyatımıza ilk vətən şeiri kimi daxil olan
"Hali-vətən" nümunəsindən
tutmuş "Ey vətən, ey pəriyi-vicdanım/ Səni
sevmək deyilmi imanım" kimi - Hadinin vətəni sevməyin düstürunu
yaradan misralarına qədər ucsuz-bucaqsız
sevgi, sonsuzluq işarəsi...
Bu poeziyanın içində
hər şey var. Yalnız bir əsr əvvəlin deyil, bir əsr
sonranın yaşantıları,
çırpıntıları, savaş və coşğu ruhunun əks olunduğu bütün çalarlar: şəhid ağrısı,
bayraq ucalığı,
müzəffər ordu,
türk birliyinin qələbəsi, düşməni
əzmək məramı,
vətən sevgisi, yurd aşinalığı,
Turan əzəməti
və s ., və i...
Bəli, ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dərslərini
zamanın sonrakı axarına qatan və gələcəyə
ötürən ən
etibarlı məxəzdir. Bu halda qanunauyğun bir məqam da var:
baş verənlərlə
birlikdə ona münasibət də tarixin predmetidir! Bir əsr əvvəlin ədəbiyyatı millətə
enerji püskürən
qüvvət mənbəyi
oldu. Təsadüfi
deyil ki, bir əsr sonra,
2020-ci ilin sentyabrından
bu yana
davam etmiş 44 günlük vətən müharibəsinin də, qazandığımız zəfərin
də yükünü
çəkməyə bu
poeziyanın gücü
yetir.
Elnarə AKİMOVA
Filologiya elmləri doktoru
Ədəbiyyat qəzeti.- 2020.- 12
dekabr.- S.8.