Ərəbistanlı Laurens
Ucsuz-bucaqsız səhralarla zəngin Orta Şərq torpaqlarına yiyələnmək üçün İngiltərə XIX əsrdən etibarən bu bölgədə baş qaldıran ərəb üsyanlarını dəstəkləyərək bu bölgəni Osmanlıdan qoparmaq fikrinə düşmüşdü. Bu istək ingilis siyasilərinin başlıca məqsədlərindən biri olmuşdur. Məşhur ABŞ rejissoru David Lin əfsanələşən ingilis kəşfiyyatçısı Edvard Laurens haqqında "Ərəbistanlı Laurens" filmində bu mövzuya ingilis zabitinin tərcümeyi-halı kontekstində toxunmuşdur.
Bəzi iddialara görə, sui-qəsdlə öldürülən Laurens (Peter O Toole) motosiklet qəzasından altı gün sonra vəfat etmişdir. Ekran əsəri bu epizodla, yəni flaş-bakla başlayır. Elə ilk epizodlardaca Laurens əfsanəsinə müraciət olunur. Qəza zamanı ağaca ilişən motosiklet eynəyinin arxasıyca onun büstünün görünməsi və ətrafındakı insanların dəfn mərasimi zamanı onu şoumen adlandırması filmin başlanğıcında bu haqda rejissor yozumunu ortaya qoyur.
Laurens əfsanəsi təkcə
ərəb və Qərb aləminə deyil, Azərbaycanın mədəni mühitinə də təsir etmişdir. Mehdi Məmmədov 1983-cü ildə
H.Cavidin "İblis" əsərini səhnələşdirdiyi
zaman Ərəbistanı köpürdən xaxam
personajını məhz Laurensin geyimi formasında
tamaşaçılara təqdim etmişdir.
1914-1918-ci illər zamanı
tərtib olunan real Yaxın Şərq xəritəsinin
üzərində işləyən Laurens dəvələri
görərək içində səhraya olan marağı
büruzə verir. O bu dar otaqda qalmaq istəməyərək daha geniş
məkanda fəaliyyət göstərmək istəyir. Bu xəritə
tarixi reallığı əks etdirməklə yanaşı,
XX əsrdə mövcud olan ərazi bölüşdürülməsi
haqqında tamaşaçılara ekran yozumunda məlumat verir.
Ərəbistan ərazilərində hazırlanacaq proseslərə
ingilis zabiti Briqton adlı kəşfiyyatçını
göndərmək istəyir. Buna səbəb Laurensin
kitablarla maraqlanması olur. İngilis zabiti Laydenin səhrada
"yalnız tanrılar və bədəvilər əylənə
bilər" deməsi Şərqlə bağlı materialist
yozumla yanaşı, Laurensə də xəbərdarlıq kimi
görünür. Laurensin gənc yaşında macəra
axtarması onu həm təbiət, həm də siyasi cəhətdən
qaynar səhra bölgəsinə yönəldir.
Qəbilə münaqişələri üzündən
Şərif Əli (Ömər Şərif)
Laurensi müşahidə edən digər bir ərəbi qətlə
yetirir. Buna səbəb
onun su quyusundan istifadə etməsi olur. Zirək Laurens əgər
"ərəb qövmləri bir-birlərilə
döyüşsələr, balaca, axmaq qalacaqlar" deməsi
ilə Osmanlıya qarşı formalaşdırılacaq və
ingilis siyasəti üçün sərfəli olacaq ərəb
birliyi fikrini ortaya atır.
Yeniyetməliyi dövründə Osmanlı
Suriyasında tarixi abidələri səyahət
edib onunla maraqlanan Laurens ərəb dilinə və mədəniyyətinə
yiyələnmişdir. Filmdə gələcək Suriya kralı olacaq Faysalla
görüşü zamanı bu tarixi faktlara da istinad olunur.
Kral Faysala "siz səhrada döyüşməkdə
mahirsiz" deməklə onun rəğbətini qazanır.
Laurens ərəblərin həyat tərzi döyüş
qabiliyyəti haqqında artıq bu görüşə kimi məlumat
toplamış olur. Sonradan fransızlar tərəfindən həbs
ediləcək Faysala ingilislərin Ərəbistan ərazilərinə
bu marağı şübhəli görünür. Osmanlı
tərkibində birbaşa müstəqilliyin olmamasını
duyan Faysal Laurensin həm İngiltərəyə, həm də
Ərəbistana bağlı olması barədə
sözünə inanmır.
Şərif Əlinin sayəsində
Laurens ərəb qiyafəsinə keçir. Bu zaman Abu abi Tayiylə
(Entoni Quin) qarşılaşır. Su mənbələri
uğrunda Haşimilərlə vuruşan Abu abi Tayiylə
görüşən zaman ərəb tayfalarının
psixologiyasına daha yaxından bələd olur. Şərif
Əliylə də ilk münasibətində su uğrunda tayfa
vuruşmasını görən Laurens Abu Tayiyə türklərin
hökmranlıq elədiyi Akabeyə hücum etməyi təklif
edir. Türk bayrağı fonunda qarət edilən Akabedə
isə qızıl olmur. Abu Tayiyin kağız pula etinasız,
qızıla həris olması ərəb tayfalarındakı
düşüncəni əks etdirir.
Laurens Qahirəyə gələrkən
öz niyyətini ingilis hərbiçilərinə
açıq deyir. "Ərəbistan ərəblərindir" deməklə
bu xalqı aldatdığını etiraf edir. Laurens rolunu
canlandıran Peter O Toole özünəməxsus mənfi
mimikası ilə Laurensin mənfi çalarını
tamaşaçıya təqdim edə bilir. Bir ingilis zabitinin
Laydenə Ərəbistanda "gözümüz
varmıdır" sualına "çətin sual
verirsiniz" cavabı ingilis siyasətinin çox hiyləgər
olması barədə tamaşaçıya informasiya
ötürür.
Laurens söz verdiyi
kimi həmin ərazilərə geri
dönür.
Bu zaman türklərin çəkdiyi dəmiryol xətlərini,
qatarları partladır. Abu Tayinin bu hücum zamanı zəngli
saatı, fotoaparatı sındırması çöl
tayfalarının inkişaf səviyyələrini göstərir.
Aktyor Entoni Quin bu səhnələrdə çöl
adamının xüsusiyyətlərini gözəl əks
etdirə bilib. Bu obraza görə o, Britaniya Film
Akademiyasının "ən yaxşı xarici aktyor"
nominasiyasına layiq görülüb. İngilis dilində
yeni öyrənən Şərif Əlinin siyasətlə
maraqlanması fotoqraf ingilisə maraqlı gəlir. Onun Şərif
Əliyə gələcəkdə "sizin ölkənizdə
demokratiya olacaqmı" sualına dövlətimiz olanda cavab
verərəm deyir. Bu cavab əslində, üsyan etmiş ərəblərin
gələcəklə bağlı heç bir nizamlı
fikirlərinin olmamasını, filmin də müasiri olduğu
1960-cı illər siyasi mühitinin əvvəlkindən fərqli
olmaması fikrini ortaya çıxarır.
1917-ci ilin noyabrında
Derada həbs edilən Laurens bu həbs
zamanı guya türklər tərəfindən
zorakılığa məruz qalmasını qeyd etmişdir. Onun təxəyyülünün
nəticəsində formalaşan fikirlər kiçik bir
epizodla filmdə işlənmişdir. Bu epizodda türk zabitləri xəstə təfəkkürlü şəxslər
kimi göstərilmişdir.
Ərəb üsyançıları və
İngiltərə dövləti
üçün əsas
hədəf Şam şəhəri olur. Laurens əvvəlcə tərəddüd
etsə də, bu hücumun başında iştirak edir. Türkləri məğlub edəndən
sonra Laurensin xəncərlə əlinin
və üzünün
qanlı göstərilməsi
Orta Şərq üçün axıdılan
qanları vizual dillə göstərir.
Türk qoşunlarının Şamda
məğlub olması
da tarixi faktdır. Ənvər paşa qoşunun
böyük hissəsini
ərəb cəbhəsindən
çıxararaq Azərbaycana
doğru irəliləmiş
xalqımızı soyqırımdan
qurtarmışdır.
Müharibənin dəhşətləri bir
epizodla özünü
daha aydın göstərir. Dağıdılmış Şam şəhərində
sağ qalmış bir yaşlı türk Laurensdən su istəyir. Krandan suyun gəlməməsi ümidsizliyin əksi kimi görünür.
Film rejissor işi,
aktyor oyunu, musiqisi baxımdan qiymətlidir. Fransız bəstəkar Moris
Jar səhra mühitini
filmdəki dramatizmi öz musiqi əsəriylə yaxşı
əks etdirə bilmişdir. Sənətçi sonradan Məhəmməd peyğəmbər haqqında
çəkilən məşhur
"Çağrı" filminə də musiqi bəstələmişdi.
Stenli Kubrik, Martin Skorseze, Brian de
Palma kimi məşhur
rejissorlar filmin vizual tərəfini yüksək qiymətləndirərək
onu möcüzə adlandırmışdılar. Rejissor bir
çox kadrları mükəmməl şəkildə
işləməyi bacarmışdır.
Ceyhun MİRZƏLİ
Ədəbiyyat qəzeti.- 2020.- 12
dekabr.- S.32.