Zəfər Paradı və
Nihal Atsız
Qələbə
paradından sonra Nihal Atsızı düşündüm.
Təbii ki, onun da ruhu şaddır. "Azərbaycan Türkiyəni quran türklərin
ilk yığınaq bölgəsidir. Anadolu,
İraq və Suriya buradan irəliləməklə fəth
edilib. XIII yüzildə Xorasandan Akdənizə
qədər uzanmış Böyük Türkiyəni idarə
edən İlhanlıların mərkəzi bölgəsi Azərbaycandır.
Yəni, bir baxıma Türkiyə bu gün qədim
paytaxtını qeyb etmiş bir dövlət kimidir. Qüzeyi rus, güneyi əcəm əlində
qalmış olan Azərbaycan bu gün də türkdür.
Batı türklərinin bir
bölümüdür. Qırğınla,
kültürlə və hiyləylə yox edilmək istənməsinə
rəğmən, böyük bir diriliklə dirənməkdə
və güclənməkdədir... Böyük
keçmişi və mədəniyyəti olan böyük
millətlər necə olsa zincirlərini qırarlar. O
gün umulmaz dərəcədə yaxın da ola
bilər. İstək və inanc hər çətinliyi
devirir. İnanalım və bəkləyəlim".
Nihal Atsızın
inandığı və gözlədiyi gün bu
gündür. Azərbaycan Ermənistanın
və dünya erməniliyinin üzərində
çaldığı tarixi qələbəsinin zəfər
paradını keçirir. Paradda Azərbaycan
Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan çiyin-çiyinə dayanıb. Bayraqlarımız da yanaşıdır. Azərbaycan
əsgəri ilə Türkiyə mehmetciyi eyni sırada
addımlayır...
Ərdoğanın həyatından
fırtına kimi gəlib keçmiş "Əsgər
duası" adlı bir şeir var. Ərdoğan o şeiri
1997-ci ildə Ziya Gökalpa istinadən söyləmişdi.
...Yolumuz
qəza, sonu şəhadət,
Dinimiz istər
sidq ilə hizmət,
Anamız
vətən, babamız millət,
Vətəni
məmur eylə, Yarəbbi!
Milləti
məsrur eylə, Yarəbbi!
Sancağım
tevhid, bayrağım hilal,
Birisi
yaşıl, ötəkisi al,
İslama
acı, düşməndən öc al,
İslamı
abad eylə, Yarəbbi!
Düşməni
bərbad eylə, Yarəbbi!
Komandan, zabit, babalarımız.
Çavuş, onbaşı, ağalarımız.
Sıra ve sayğı, yasalarımız.
Orduyu
düzgün eylə, Yarəbbi!
Sancağı
üstün eylə, Yarəbbi!
Cəng
meydanında necə qoç igid,
Din və
yurd üçün oldular şəhid,
Ocağı
tütsün, sönməsin ümid,
Şəhidi
məhzun etmə, Yarəbbi!
Soyunu zəbun
etmə, Yarəbbi!
Həmin
Ziya Gökalpdır. Bu şeiri
yazdığı 1912-cü ildə o, həm də
"Qızıl Alma" poemasını yaratmışdı.
Gökalpa görə, Bakı türk dünyasının
İstiqlal Beşiyi idi və Qızıl Alma da
Bakıdaydı... Nihal Atsız isə "Qızıl Alma nədir"
sualına belə cavab verib: "Türklər ülkülərinə
Qızıl Alma deyirlər".
1912-ci ildə
Türk ülküsünün, yəni
türkçülük ideologiyasının beşiyi
Bakıdaymış...
Zəfər paradı bitdi və mən Nihal
Atsızı xatırladım.
Türk
duyğusu hər türkçüyə ən dadlı
kımızdır,
Türk ülküsü candan da əziz
bayrağımızdır.
Bayraq ki,
onun kölgəsi Bozqurdları toplar,
Bayraq ki,
bütün qeyb edilən yurdları toplar...
O bayraq, yəni,
türk ülküsü Qarabağda qeyb etdiyimiz bütün
yurdları bir yerə topladı.
Azərbaycan və Türkiyənin ülkü və
imanla aşıb-daşdığı bu günlərdə
Nihal Atsızın ruhu şad olsun deyə, onu anmağın
ayrı savabı var. Şübhəsiz ki, Qarabağ zəfəri
türk milli şüurunun zəfəridir. Türk
ülküçülərinin ana kitabını isə o
yazıb. Türk ülküsü, yəni
türk idealı deyilən anlayışı prinsip halına
gətirən Atatürkdən sonra Nihal Atsız olub.
Atsıza görə, "milli ülkü milli
üstünlük inancıdır, böyümək istəyidir...
türk böyüklüyü və türk qüdrəti istəyi
və inancıdır... Türkçülük
türklüyün hər yöndən bütün millətlərdən
irəli və üstün olması
ülküsüdür".
Bir
zamanlar "səadətin altı guşəli qəsri"ni qurmaq üçün Seyid Cəmaləddin
Əfqani də belə bir təlim irəli
sürmüşdü. "İnsan
özünün ərzi bir mələk, yəni yer
üzünün mələyi olaraq yaradıldığına
inanmalı, öz millətini başqa millətlərdən
daha üstün bilməlidir". Nihal Atsız da
türk millətini bütün millətlərdən
üstün bilirdi... Buna görə, hətta
ona irqçi deyiblər. İrqçi deyildi, amma irqinin
şərəflə dolub-daşan mənəvi kaşanəsində
ömür sürən abidə şəxsiyyətlərimizdən
biri idi... Belə bir Nihal Atsız tapındığı milli
qəhrəman kultunu və qəhrəmanlıq fəlsəfəsini
də 1931-ci ildə 26 yaşında yazdığı "Qəhrəmanlıq"
şeiri ilə yaratdı: "Qəhrəmanlıq nə
yalnız bir yüksəliş deməkdir, / Nə də
ulduzlar kimi parlayıb sönməməkdir... Bunun
üçün ölümə bir atılış gərəkdir.
/ Atıldıqdan sonra da bir daha dönməməkdir."
Yaxud yenə
də 26 yaşında yazdığı bu məşhur
şeir:
Gərilir
zorlu bir yay
Oxu
fırlatmaq üçün;
Gecə
göydə doğar Ay
Yüksəlib batmaq üçün.
Məcnun
inlər, qanını
Leylaya qatmaq üçün.
Cilvə
yapar sevgili
Könül qanatmaq üçün.
Şair nədən qəm çəkər? -
Şeir yaratmaq üçün.
Dağda neçin bağrılır? -
Fələyə çatmaq üçün.
Açılır
dadlı güllər
Arılar
dadmaq üçün
Köksə
çiçək taxılır
Solunca atmaq üçün.
Tanrı
qızlar yaratmış
Ərlərə satmaq üçün.
Böyüyürük
beşikdə
Məzarda
yatmaq üçün
Və ................
Qəhrəmanlar
can verir
Yurdu yaşatmaq üçün.
Tarixi ədəbiyyatlaşdırdığı (əslində,
romantikləşdirdiyi) qədər də ədəbiyyatı
tarixləşdirən (və romantikləşdirən) Nihal
Atsızın zəkası türk varlığının və
kimliyinin ən dərin qatlarına işıq salır,
nüfuz edirdi.
Tutaq ki, Sakalar çağınının da
ötəsinə adlayıb milad öncəsi XII-VII
yüzilliklərdə Şu dövlətinin tarixini
araşdırırdı. Mete barəsində elmi fikri ədəbi
dövriyyəyə buraxırdı, bu təmayülü
sistemləşdirir, onu türk düşüncəsinin ciddi
tarixi faktına çevirirdi. Gürşadın
fikir həyatımıza gəlişini də o təmin etdi.
Hunlar dövrünün ədəbiyyatını
tədqiq etdi. "Göy Türklər
zamanında ədəbiyyat" adlı yazı yazdı.
Təkcə
dil arxitekturasına, üslub və təhkiyəsinə
görə deyil, türk milli ruhunu ehya qılan, elmi fikirdə
milliyyət duyğusunun təkanlarını yaradan
"Bozqurdların ölümü" romanı həm mifdir,
həm də gerçəkdir. Həm tarixdir, həm
də ədəbiyyatdır. Tarixə bir də bu yoldan
daxil olmaq var...
"Gür Şad ölmüş, fəqət, atdan
düşməmişdi. Ölmüş, fəqət, yenilməmişdi... Bir əliylə tuğu yüksəldirkən, ötəki
əliylə duman alanına bir işarət yaparaq
"Qalxın" deyə hayqırdı. Qırx
şəhid birdən qalxdılar. Gür
Şad əliylə irəlidə bir yeri göstərdi.
"Oraya" deyə gurladı. Göstərdiyi yer Tanrı Dağı idi. Zirvəsində ataların ruhları
dolaşırdı. Qırx bir şəhidin ruhu bir
fırtına kimi, bir musiqi kimi, bir işıq kimi axaraq
Tanrı dağına doğru yürüməyə
başladı... Bu qırx bir şəhidin
çevrəsini bir anda yüzminlərcə başqa şəhidlər
sardı".
Ömrü
sarsıntılar, ədəbi və siyasi qovğalar
içində keçib-getmiş Nihal Atsıza görə,
türklüyün qutsal dəyərlərini, (Atsız onlara
milli müqəddəsatlar deyir və ay-ulduzlu bayrağı
da həmin sırada görürdü) təhqir edənlərlə
yanaşı, bu dəyərləri təhqir edənləri
bağışlayanlar da eyni dərəcədə suç
ortağıdırlar.
Zəfər paradından sonra Nihal Atsız barədə
yazmaq xoşdur. Çünki Atsız da savaş
adamıdır. Demişdi ki, savaş
hissindən məhrum olan "millətlərdə əxlaqi
bir pozulmanın başladığı gözdən
qaçmamaqdadır. Məsələn,
İsveçdə kültür və rifah son dərəcəyə
vardığı halda, İsveç xalqının əxlaqındakı,
gündən-günə çoxalan cırlaşma
düşündürücü bir durum almaqdadır. Bəzi
bayramlarda isveçli gənclərin kütləvi şəkildə
yapdığı rəzalətlər, məmləkətdə
homoseksual dərnəklərin qanunla tanınması... kimi əcaibliklər,
bu millətin bir iç sıxıntısı, bir mənəvi
çabalama içərisində olduğunu göstərir.
İsveç iki yüz ildən bəri
savaşmamışdır...".
Haqlı deyildimi? Haqlıydı!
Türklərin
savaş ruhunu uyuşduran düşüncəyə
qarşı, kim tərəfindən təlqin
olunur olunsun, fərq etməz, Atsızın qəzəb
fırtınası səngimək bilməyib. Nəinki
Yunus Əmrənin humanizminə, heç Mövlanaya da
dözməyib. Atsıza görə,
Mövlananın tək məziyyəti böyük şair
olmasındaydı. Atsız Yunusun ən
böyük fəzilətini onun saf türkcəsində,
Mövlananın ən böyük qəbahətini isə
farscaya heyranlığında görürdü.
Mövlanaya "həzrəti-pir", - deyə xitab edənlərə,
"kəramət sahibi tans etməz, ortaya düşüb
fırlanmaz" - deyə etiraz edirdi... Mövlananın
Şəms Təbrizi ilə xəlvətə çəkilməsinin
nədənləri barədə isə düşünmək
belə istəmirdi.
Türkiyə
MN-dən Bakıda keçiriləcək Zəfər
Paradı ilə bağlı paylaşım VİDEO - İki sahil
Yunus Əmrənin saf türkcəsinə təzim edən
Atsız, buna rəğmən, Avropada Yunusun şairliyinə
deyil, daha çox humanizminə dəyər verilməsinə,
Türkiyədə də Yunus Əmrə şeirlərindəki
humanizmin önə çıxarılmasına
dözmürdü. Yunusun: "Döyənə əlsiz gərək, /
Söyənə dilsiz gərək..." misraları Nihal
Atsızı incidirdi. Çünki məfkurəvi
baxımdan bunu qəbul edə bilmirdi. Döyməklə
və söyməklə başa keçmiş dünyanın
qarşısında döyənə əlsiz, söyənə
dilsiz olacaq bir türk milləti Nihal Atsız üçün
milli fəlakət örnəyi idi.
Bu gün
zəfər paradından keçən əsgər,
Qarabağı "Dəmir yumruq" adlandırılan əməliyyatla
xilas etdi...
Dəmir
yumruq”: Zəfər paradının mühüm mesajları
Zəfər paradından sonra Türkiyə və Azərbaycan
prezidentləri Şəhidlər məscidində namaz da
qıldılar. Bu da tarixə yazılacaq bir ilkdir.
Adını "türkçü" qoyub, islam
dinindən elə ermənilər və fransızlar qədər
xoflananlar, bilmirəm, bu görüntülərə necə
baxdı. Mən isə XX yüzilin ən böyük
türkçüsünün - Nihal Atsızın İslam
dininə həssasiyətini xatırladım: "XX yüzildə
müsbət elmin və Batı mədəniyyətinin
işığı altında, mədəni millətlərin
və toplumların dinə bütün varlıqlarıyla
sarılmış olduqlarını görüyoruz. Çünki Tanrı inancı fərd olaraq da, millət
olaraq da vaz keçilməz mənəvi və əxlaqi
böyük bir dayanaqdır. Bu səbəblə
bugünkü Türk dünyasının dayandığı
iki əsaslı təməldən birisini təşkil edən
İslam dininin, milli varlığımızın ayrılmaz
bir parçası olduğuna inanıyoruz".
Yılmaz Öztuna yazır ki, Nihal Atsız olduqca təvazökar,
utanğac, adamlardan qaçan, tərbiyəli, səmimi, incə
bir insan idi.
Nihal Atsız isə təvazösünün səbəbini
belə şərh edirdi: "Türk təvazökar
olmağa borcludur. Özünü gözə
soxmaq, etdiyinin əvəzini gözləmək və təqdir
olunmaq üçündür. Halbuki, təqdir
gözləmək bir xudbinlikdir. Türkçü millətinə
bir xidmət göstərərkən bunu bəyənilmək
üçün deyil, vəzifə bildiyi üçün
edir və göstərdiyi ən böyük xidmətin belə
adı-sanı bilinmədən ölüb məzarsız yatan
şəhidlərin hizməti yanında çox kiçik
qalacağına inanır... Türkçülük yüksəlmək
üçün deyil, yüksəltmək
üçündür...".
27 yaşlı Nihal Atsız Göy Türklərlə
Oğuzların mənşəyini araşdırmaq
üçün hələ 1932-ci ildə Orxon-Yenisey
yazıları ilə "Dədə Qorqud" mətnlərinin
müqayisəli təhlilini təklif edirdi. Kül Tigin abidəsindəki
"Körür közim körmazlaf, bilir bilgim bilimaz-tağ
boldı" epitafiyasını "Kitabi-Dədə
Qorqud"da "Dəli Domrulun hekayəsi"ndəki sözlərlə
qiyaslandırırdı: "Manüm körür közlərim
körməz oldı... Tutar manüm əllərim
tutmaz" oldu". Nihal Atsıza görə
bu bənzəyiş, sadəcə, oğuz bənzəyişi
deyil, daha əski dövrün Uyğur və Xaqaniyyə ləhcələri
ilə söylənmiş mətnlərində də eyni
frazalar yer alırdısa bu, "eyni təbirlərin Türklər
arasında nə qədər uzun müddət
yaşadığını, yəni qövmi-milli ənənələrin
qüvvətini göstərirdi".
Ziya Gökalpın ardıyca türk dastanlarını o
yazıya aldı. Dastanların yazıya
alınmasını türkçülüyün
mühüm vəzifələrindən biri hesab edən Nihal
Atsız romanlarını da dastan poetikası üzərində
qururdu. Bir uyğur dastanının
çağdaş türkcə ilə romanlaşması Nihal
Atsızın alimliyiylə eyni vüsətdə olan
yazarlığının tərzidir və təsdiqidir. "Atsız bir dil və tarix bilgini idi. Həm dilçi, həm tarixçi olanlar nadirdir və
belələri tarixdə çox başarılı
olurlar". (Yılmaz Öztuna).
Bu uyğur masalının motivlərini incələyərkən
elə mətnin magik cazibəsində (və romanın
içindəcə) Nihal Atsız gəlib keçmiş
tarixin estetik, dini, poetik və politik... mərhələlərini
gözdən keçirirdi. Masalın ehtiva etdiyi
şamanizm ünsürləri onun X əsrdən öncələrdə
baş verdiyinə dəlalət edir. Masal
qəhrəmanının yüzbaşı olması isə
Hunlar dövrünün əks-sədasıdır. Masalda buddizmin əlamətləri də var və s.
1944-cü
ilin 19 may törənində İsmət İnönü
Türkiyədə türkçülük,
turançılıq dalğasını qabardan insanları
"şüursuz və vicdansız fəsadçılar"
adlandırır, onları ittiham edirdi. Doğrudur,
bu hadisələr artıq tarixin malıdır, bəlkə də
heç xatırlamağa ehtiyac yoxdur. Ancaq
bu sətirləri yazdıqca düşünürəm, nə
yaxşı ki, Nihal Atsız Baş nazir Şükrü
Saracoğluna "Orkun" dərgisində o məktubları
yazıbmış. Türkçülük hərəkatına
Atatürkdən sonra yeni vüsət qazandıran həmin məktubların
ardından Türkiyədə turançı-irqçi blok
"ifşa" edilmiş (eynən Stalin metodu ilə və həm
də Stalinə xoş gəlmək üçün),
türk düşüncəsinin Zəki Vəlidi Toğan,
Nihal Atsız, Orxan Şaiq Gökyay... kimi işıqlı
simaları işgəncələrə məruz
qalmışdı. Və İnönü
dövrünün ən unudulmaz hadisəsi də bu ərəfədə
baş vermişdi. Türkçülük
əks həmləyə keçərək Türkiyəni
silkələmiş, Türkiyə yenidən Atatürk dönəmindəki
türk ruhuna sahib çıxmışdı. Məncə, bu, Nihal Atsızın və onun fikir
dostlarının Türkiyə tarixində və türk milləti
qarşısında ən böyük xidmətləridir.
Nihal Atsızın ruhu 45 ildir ki, Tanrı dağında -
Türk böyükləri ilə bir yedədir. Bunu 45 il
əvvəl 1975-ci ilin dekabrında Niyazi Yıldırım Gəncosmanoğlu
söyləmişdi:
Burada
uğurlarkən onu minlərcə Boz Qurd,
Orada qarşılayan minlərcə Alp-Ərən var.
O gün
Tanrı Dağında dan ağardığı çağda
Dedilər Oğuz xanın otağına girən var.
Və
Tanrı-Kut Metenin hüzurunda Atsızı
Kürşadla, Kültəkinlə diz vurarkən görən
var.
Törədir,
qonan köçər, doğan gün batar, əlbət
Tanrı
zaval verməsin: dövlət, din və Quran var.
Dayanılmaz
olsa da, Atsızlığın acısı,
Ulu Tanrıya şükür, yenə soy var, Turan var.
10 dekabr, 2020
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 12
dekabr.- S.30-31.