Gözlərinin dərinliklərində
batdıqca günəş
oluram...
Tikan ağrısı
Bu açılan sabah soyuq açıldı,
Bu açılan sabah
şaxtadı, dondu.
Ürəyə mən necə anladım axı,
Bir də gəlməyəcək, bu
daha sondu.
Ruhumda
min dənə tikan ağrısı,
Gözümdə itirmək əzabları
var.
İçim özü boyda
həbsxanadır,
Hələ çəkilməmiş hesablarım
var.
Canından hər ağrı
unutsan çıxar,
Canından itirmək ağrısı
çıxmaz.
Hər gün söz verərsən, yalana çıxar,
Yüz sözdən
bir dənə doğrusu çıxmaz.
Özünə min kərə yalan
sözün var,
Bilirəm, sənin də sözündə mənəm.
Bir səkil buz kimi qalıb gözündə,
O şəkil mənimdir, gözündə mənəm.
Üşüyürəm...
Üşüyürəm...
Saçların dəyən çarpayıda...
Üşüyürəm ürəyim ovcumda...
Divarlar boyunca gözlərim yol çəkir
saatlar əvvələ,
günlər əvvələ...
Adın...
Adın da bir nidadır
ağrıdan-ağrıya.
Üşüyürəm...
Əllərin kimi...
Bir az öncə
nəfəsimdə isinən
əllərini deyirəm...
İsitmək istədim ovcumdakı
ürəyi...
Nəfəsim soyuyub... nəfəsimi
buz kəsir...
Sən demə, içimə qış fəsli gəlib...
Günəş oluram...
Tikanlı məftillərdən sənə uzanan
əllərimdəki qandan
qorxma,
Ürəyimdəki döyüntüyə
qulaq vermə, təlaşlanarsan.
Gözlərinin dərinliklərində
batdıqca günəş
oluram...
Sabah yenidən gələcəm.
Kimə oxşadı yoxluğunun aynasındakı rəsmin?
Sənmi gözəlsən, yoxsa o?
Təbəssüm adam, gülüşü sənsən
gözəl edən!
Nəfəsi sənsən əziz edən.
Ömrü sənsən yaşanan
edən...
Həyatı sənsən həyat
edən...
Həyat
gözəldir...
Sən başqa adamsan...
Bütün varlığımla sevirəm
səni,
Bütün varlığımın həzin
bəstəsi.
Sən necə möhtəşəm
yaradılışsan,
Mən necə
bir eşqin ağır xəstəsi.
Ömrümdə ən uzun yol imişsən sən,
Gözündə min illik həsrətinəm mən.
Sən başqa adamsan, başqa birisən,
Ömründə bəlkə də ən çətinəm mən.
Nəfəsim darıxar saçlarındaca,
Nəfəsim ağ bayraq qaldırar sənə.
Sən mənim ömrümə gələn günündən,
Yaşamaq çox gözəl göründü mənə.
İndi
mən əvvəlki adam deyiləm,
İndi mən ruhumda sən daşıyıram.
İndi
təkcə nəfəs
almıram ki, mən,
İndi bilirəm ki mən yaşayıram.
***
Ruhumda elə ağrılar var,
Qanayan yaralarıma
sənin təmasın
ümiddir.
Soruşma əzablarımın adını,
Soruşma aldığım zərbələrin
sayını...
Sən kimdin?
Necə gəldin?
Gəldinmi?
Bəlkə də gəlmədin...
Vardın...
Sadəcə adını nəfəsimə
oxumamışdın...
Günahkaramsa...
səni bağışlayıram...
Ruhumu çarmıxa çəkir
nöqtələr,
Nəfəsində gizlənmək varkən,
Uzaqlarda atəşə verirəm
xəyallarımı.
Günahın varmı, günahım varmı?
Bəlkə də bağışladın.
Bəlkə də yox.
Qorxma, bir gün gec
olacaq...
Bəlkə bir gün bağışlandıq...
Mən günahkaramsa... səni bağışlayıram...
İntiqam Yaşar
Ədəbiyyat qəzeti.- 2020.-
12 dekabr.- S.31.