Olmayan ayağın sızıltısı
Ayağı amputasiya olmuş
adamlar danışır
ki, onlar uzun müddət ayaqlarının olmamasıyla
barışa bilmirlər.
Zaman-zaman olmayan ayaqlarının
sızıldadığını, göynədiyini, qaşındığını
hiss edirlər.
Uzun zamandı, bizim
işğal altında
olan torpaqlarımız
da eləydi, sızıltıları
vardı, özləri
yox. Bu sızıltıya
dözmək ağır
idi, amma biz bu sızıltını bəsləyirdik, işğal
tarixlərini balalarımıza
əzbərlətməklə, hər gün Qarabağdakı hava durumunu elan etməklə,
hər il gələn bayramı Şuşada qeyd etməyi arzulamaqla, "Azərbaycan bayrağını
Qarabağdan asacağıq"
mahnısını oxumaqla.
Bəzən dözmürdük,
illər keçdikcə
ümidimiz öləziyirdi,
passivist, humanist, kosmopolit
adına büründüyümüz
olurdu. Əslində isə bu, həmin
sızıltıya dözməyin
mümkünsüzlüyü idi, müdafiə mexanizmi, qaçış
yolu idi. İndi mən burdan ümidini bir gün də olsun itirməyənləri
alqışlayıram, bu
sızıltının itməsinə
imkan verməyən bəlkə, elə o mahnılar, o hava proqnozları indi həqiqətə çevrilmiş
o vaxtki xəyali arzulardı.
Vətən müharibəsi boyu
çox qarışıq
hisslər keçirdik,
dəfələrlə duyğular
burulğanına düşdük,
sevincin qəhərə
qarışıb boğazımızda
qaldığı çox
oldu.
Amma mən qan donduran xəbərlərin,
şəkillərin, videoların
fonunda iki video haqda yazmaq istəyirəm.
Birincisi, Xudafərin körpüsündəki Azərbaycan
bayrağına Arazın
o tayından baxıb əllərini dizinə döyərək "Allah, sənə
çox şükür"
- deyib hönkürən
orta yaşlı kişiydi ki, onun səsi hələ qulağımdan
getməyib. Əslində,
o səs ağlamaqdan çox hayqırmağa, ulamağa oxşayırdı,
ona baxdıqca mən də eynən hönkürməyimin
fərqinə bir neçə an sonra varıb öz səsimə diksinmişdim.
Biz o itirdiyimiz torpaqları
illərdi görmürdük,
bədənimizin olmayan
hissəsinin yerində
sadəcə sızıltı
vardı. İndi anlayırdım
ki, o itirilmiş torpaqlar cənublu soydaşlarımız üçün
göz dağıymış.
Və mən bir əks cinsin
dizlərinə döyə-döyə
o cür hönkürməsini
ilk dəfə görürdüm.
Özü də sevincdən...
İkinci videonu Şuşa
azad olunan günün səhəri gördüm. "Tarqovı"da
ağsaçlı, yaşlı
bir qadın kürəyinə Türkiyənin
bayrağını atmış,
sağ əlində Azərbaycan bayrağı,
sol əlində telefon
tutmuşdu, telefonda
"Şuşanın dağları"
mahnısı çalınırdı
və qadın oynayırdı. Arazın
o tayındakı kişinin
hönkürtüsü nə
qədər adi ağlamaq deyildisə, bu taydakı qadının oynaması
da o qədər adi rəqs deyildi. Qadın musiqiyə uyğun ağır-ağır,
ritmik şəkildə
yellənirdi və bayraqların, mahnının,
"Tarqovı"nın fonunda
onun üz ifadəsi dəhşətli
dərəcədə adamın
iliyinə işləyirdi.
Bu üzdə bir məğrurluq oxunurdu, məğrurluğun sonrakı
qatında sevinc, daha sonrakı qatında hüzn vardı. Səhifə-səhifə
oxumaq olurdu bu üz ifadəsini.
Çox şey danışırdı bu oynamaq, özü də xronoloji ardıcıllıqla. Birincisi,
Qarabağ savaşı
vardı bu rəqsdə, atəşkəs
dövrü, Aprel döyüşləri, Vətən
müharibəsi, qaçqınlar,
itkinlər, əsirlikdə
olanlar, qazilər, şəhidlər, neçə
ilin Qarabağdakı hava durumu, vətənpərvərlik
mahnıları, işğal
tarixləri, torpaqların
alınma xəbərini
eşitmədən bu
dünyadan köç
edən soydaşlarımız,
və nəhayət, qələbə vardı.
Mən Arazın o tayındakı kişinin hönkürtüsünə eyni
cavabı verdiyim kimi, indi də
bu ağbirçəyin
üzündəki ifadəyə
uyğun şəkildə
sakitcə ağlayırdım.
Mənim göz yaşlarımın tərkibi
də qarışıq
idi, burda da hər şey vardı və adamı sakitləşdirirdi,
eynən deşilən
bir çibandan axan irin qarışıq
qan yaranı sağaltmağa xidmət etdiyi kimi.
Yadıma uşaq vaxtı
olan bir söhbət düşürdü.
Kəndimizdə ortayaşlı
kimsəsiz bir qadın vardı. Bir dəfə atam demişdi ki, o qadın toyda oynayanda ağlamağım gəlir.
O vaxt mən təəccüblənmişdim. Bir adamın oynamasına niyə ağlayasan ki?! İndi anlayırdım, bəzən
insanlar öz hayqırtılarını hönkürməklə,
oynamaqla, hətta qəhqəhə atmaqla da
ifadə edə bilərmiş. Nəinki şəxsi dərdlərini,
bir millətin başına gələn bütün haqsızlıqları
belə.
...Şuşanın
dağları başı
dumanlı...
Və qadın ağır-ağır
oynayırdı.
Və mən səssiz-səssiz
ağlayırdım.
Və Şuşada narın-narın
yağış yağırdı.
Və uzun illərdən
sonra ilk dəfəydi
ki, Şuşaya yağan yağış Bakıya, Şəkiyə
yağan yağış
qədər bizim idi. İlk dəfəydi ki, bu hava
haqqındakı məlumat
olmayan ayağın sızıltısı effektini
vermirdi.
Səhər ƏHMƏD
Ədəbiyyat qəzeti.-2020.-12
dekabr.- S.23