Qalibiyyət və Ədəbiyyatın dərsləri
(Zəfər günü tezisləri)
1. Otuz ildir ədəbiyyatımız
dekadans, mənəvi
ağrı-böhran-çöküş ovqatından qurtula
bilmirdi. Otuz ildir müstəqilliyimizdən, müstəqil
dövlət-cəmiyyət-millət olmağımızdan
güc alıb da, dadını-ləzzətini axıracan duya,
başacan çıxara bilməmişik. Otuz ildən də
çoxdur ki, ədəbiyyatımız Qarabağ dərdini
canında daşıyan bir xalqın ədəbiyyatı olaraq
qalırdı...
Otuz ildən bu yana
Azərbaycan ədəbiyyatının bir mövzusu olubdur –
Qarabağ müharibəsi. Və onu da axıracan yaza, mətlubini
sonacan yoza bilməmişik. Çün məğlubiyyət
qorxusu olubdu; bu ana gələndə qələm dayanıb,
susubdur. Atəşkəs, I Qarabağ savaşının
acıları ilə barışmamışdıq yox!, elə olsaydı, Ali Baş
Komandanımız bircə kərə: “Qarabağ Azərbaycandır!” hayqıranda
tüm millət bir olub ayağa duramaz, qafilən bu qədər
güc, enerji, vulkan püskürəmməzdi.
Barışmazlıq ruhu içəridən içimizi
yaxıbdı, əlacsızlıq zənciri bayırdan tənimizi
sarıbdı. Fəryad poeziyası, haray ədəbiyyatı,
Xocalı... qələm dirənməz yerlərə dirənibdi;
nədən, niyə, necə yazmışıqsa, haralara
çəkmişiksə də gəlib Qarabağda
dayanmışıq. Bəzən iç senzurası
qoymayıbdır. Acizlik durumu, yaşadığımız əskiklik
kompleksi, yarımçıqlıq sindromu psixoloji baryerlər
yaradıbdı. Poeziyanın səsi boğuq
çıxıbdı. Roman qəhrəmanları içində
boğulubdu, hekayə süjetləri çıxmaza
düşüb də qurtula bilməyibdi. Çarəsizlikdən
taq-taraq-tararaq, poema- dastan yaradıcılığı vərdişlərimizi
alıbdı... Bəzən də çöl senzura; dərinlərə
enməyin hədləri, cəmiyyət qadağaları. Ədəbiyyatın
səbəb axtarışları dolanıb-dolaşıb
sosial qatlarda bitibdi, maarifçi aldanışlarda, didaktik təskinliklərdə
təsəlli tapıbdı, intizar düşüncələrindən
uzağa getməyibdi. Atəşkəs marafonu, barış
sevdası hətta hardasa uzaq humanist illüziyalara – pasifist
Sülh çağırışlarına çəkib
aparıbdı...
Uzun illərdir Azərbaycan
ədəbiyyatına idrak, ədəbiyyatımız idraka gəlməyibdir.
2. O gün gəldi!
Ən nəhayət yetişdi! Qalibiyyət dəmi.
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər
bir-birinə qarışdı. Qalibiyyət dəmini Zaman gətirdi.
Tarixin təkəri diyirlənib qarşımıza
çıxardı. Qalibiyyət dastanını 44 gecə-gündüz
durmadan Azərbaycan Ordusu, Azərbaycan əskəri yazdı.
44 gün fasiləsiz bir olan, Ali Baş Komandan, Respublika
Prezidenti İlham Əliyevin təbirincə: bir dəmir
yumruğa dönən Azərbaycan xalqı yazdı. Prezident
yozumudur: Birincisi, dəmir yumruğumuz düşmənlərimizin
başını əzdi, dünyaya kimin Kim olduğunu göstərdi;
ikincisi, birliyimizi, bir olanda yenilməzliyimizi nümayiş
etdirdi. Ey türk!, kəndinə gəl,
özün olanda sən böyük olursan!
Prezident hər bir
cəmiyyətin sifəti, Dövlətin simvoludur; xalqın
istəyini, iradəsini, seçimini ifadə edir. 44 gün sərasər
Ali Baş Komandanımız millətin baş tacı,
ucalığı, qadir gücü, Prezident danışan
dilimiz oldu. Prezidentin çıxışları, xalqa müraciətləri,
hakim dünyanın hər yerindən
tökülüşüb üstümüzə gələn
yad həmlələri dürüst, sərrast atəşlərlə
susduran müsahibələri yazdı bu Zəfəri. Vay o
gündən ki, 44 gün gur-gur Dünyanın ən güc mərkəzlərində
gurlayan Səsimiz hardasa qısıla, qısıq
çıxa. Görməzikmi-ya üstümüzə necə
yeriyirlər... Hər an, yerində, tərəddüd etmədən
səslənən Prezident bəyanatları Dünya gücləri
arasında Müstəqilliyimizi, onun bunun sözü ilə
oturub-durmadığımızı göstərdi,
nümayiş etdirdi. Az qala 300 ildir Tarixin
üçbucağı üzərinə (son olaraq Anarın
“Ağ qoç- qara qoç”unda bu, daha səhihdir:
İran-Rusiya-Qərb) Ədəbiyyatın baş
sındırdığı “Bəs mənim ölkəmin
varlığı hanı?” müəmmasına qələbə
Nidaları cavab verdi! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
İdrak dəmi Ədəbiyyata,
Ədəbiyyat idrakına qayıtdı...
3. Prezident
çıxışları da Ədəbiyyatdır.
Sözün gur səsləndiyi, özü olduğu Ədəbiyyat.
İctimai şüuru bir nöqtəyə cəmləyən,
səfərbər və ifadə edən Ədəbiyyat. Bir
analogiya. Diqqət etsək, Amerikan xalqı Öz ədəbiyyat
tarixini “Müstəqillik bəyannaməsi”ndən
başlayır, B.Franklinin, T.Ceffersonun adı Ədəbiyyata
düşür. Daha bir analojini “Şiirle konuşan adam” –
çağdaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
haqqında filmdən fəhm etdim: “Bu ölkəni tüm
hücrələrinə və sinir uclarına qədər
anlamanın tək bir yolu vardır – şeirini bilmək. Bu
ölkənin ruhunu qavramaq istəyirsizsə, ilk və son
durağınız şeir olacaqdır...”. Ani yadımıza
salsaq, Əbülfəz Elçibəyin qısa Prezidentlik
sürəcinin hansı diskursiv sevinc üzərində gəlib-getdiyini
də duya bilərik: “Demişdim ki, bu quruluş
dağılacaq...” (Söhbət sovet hakimiyyətindən
gedirdi) O da ibrətamiz ki: az qala otuz ildir ədəbiyyatımız
Ulu Öndər Heydər Əliyevin 1993-cü il sentyabrın
20-də Akademiya binasında ziyalılarla
görüşündə və daha sonra 1997-ci ilin
oktyabrında Azərbaycan yazıçılarının X
qurultayı günlərindəki sıra
çıxışlarında cızdığı mənzərələrdən
bircə addım da irəli getməyibdir: “Baxmayaraq ki, indi
respublika dağılmış vəziyyətdədir. Təəssüf
ki, dənizdə qasırğanın
dağıtdığı gəmini dalğalar sahilə
atmışdır. Həmin gəmini yenidən tikmək, elə
vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə
çıxa bilsin. Bəlkə də mən səhv edirəm,
lakin Azərbaycan indi təxminən belə vəziyyətdədir...”
Yeni diskursu Ali
Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev dilə
gətirdi; Vətən müharibəsinin 44 günü ərzində
topluma, millətə və dünyaya! – səslənən
çıxışları ilə əyan və bəyan
etdi. Prezident çıxışları diskursivdir; son otuz ildə
gələn-gəlişən prosesləri özündə
toplayır, qarmaşıq məsələləri, məqamları,
nüansları cəmləyir, ehtiva və izah edir.
İntertektstualdır, illərlə söylədiklərini, yəmin
etdiklərini, əzəlki çıxışlarını
bir-bir birləşdirir, bir edir, vahid mətnə çevirir.
İqtisadi, ictimai, siyasi, mədəni, mənəvi sahələrdə
gəlişən Gücü nümayiş etdirir. 30 ilin
Müstəqilliyinə məna-məzmun verir; onu durduğu
yerdən tərpətməyə, irəlilətməyə
nail olur.
Prezident
çıxışları perseptivdir; bəyan etdiyini əyan
edir. İllərlə heç də birmənalı
qarşılanmayan “Lazım gəlsə...” ritorikası burda
çönüb “Demişdim ki...” məqamına
açılır. “Lazım gəlsə...” gəlir,
özünü tanıdır və təsdiqlənir.
“Demişdim ki...” – nəyi, nə vaxt, necə? əslini
tapır, “deyilməyənlər”ə də
işıq saçır, yola çıxır... “Nə
oldu?!” məqamının təntənələrinə meydan
verir.
Prezident
çıxışları yeni reallıqlar yaradır,
perspektivlər cızır, sabahlara ayna salır. “Bu
reallığı biz yaratdıq. Bu reallığı Azərbaycan
xalqı yaratdı...” Dəyişən diskurs yerini alır:
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Prezident
çıxışları Sözə, Ədəbiyyata
mötəbərlik qazandırdı.
4. Bəzən elə
bilsək də əksinədir, amma yox, Sözün, Ədəbiyyatın
necə vardırsa, o cür olmağa qadirsən.
İlin əvvəlində
(mart, 2020) şair Arzu Əsədin “Və Nida!” adlı bir
kitabı çıxdı (Bakı, Elm və təhsil, 2020).
Kitab, adından da göründüyü kimi, Ali Baş
Komandanımız Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan
baş naziri bədnam Paşinyana cavab Nitqinin ruhundan
yaranmışdı:
Eşitdinmi,
duydunmu – püskürmədə o vulkan,
Bir an
qulaqlarından əskilməsin o səda.
Bu xalqın nifrətinə,
qəzəbinə sıxılan
Əsrlərin
bağrından qopub gəldi o “Nida”!
O ruh ki, 44 gün
durmadan bizi Qələbəyə qaldırdı,
qanadlandırdı, apardı:
Milyonlar
ayaqdadır, milyonlar hazır durub,
Milyonlar qurban gedir
o günün gəlməsinə.
Azərbaycan –
çırpınan əlli milyon NİDADIR
Ali Baş
Komandanın bir “Hücum” kəlməsinə!
O ruh ki, xəbis
düşməni beşiyindəcə məzara gömür,
aqibətini xəbər verirdi:
Bu yaralı torpaqda
yallımı oynayırsan,
Qorxmursanmı
ahlardan, ey əsrin zavallısı?!
Başının
üzərində oynanacaq bir azdan
Uçuşan mərmilərin,
raketlərin yallısı!
O ruh ki, yumruq kimi
birikən, bir olan Millətin poeziya salnaməsini
yazırdı:
Nəsillər
gömüləcək, nəsillər doğulacaq,
Keçmiş, bu
gün, gələcək – bir nöqtəyə dolacaq.
Ya mənim məzar
daşım, ya bayrağım olacaq –
Qarabağın
bağrına o Nida qoyulacaq!
Hələ nə
iyul hadisələri vardı, nə avqust, nə də 27
sentyabr – Qələbə marşının ilk yaylım atəşi...
Kitabdakı şeirlər 44 günlük Zəfər
yürüşünün altyapısını əvvəlcədən
heyrətamiz ardıcıllıqla cızırdı: “Və
Nida!”, “Mən səni sındırdım Lələtəpədə”,
“Lələtəpə dastanı”, “Azərbaycan dəyişir”,
“Ölkəm əmin əllərdədir”, “Azərbaycanlılar”,
“O gecə”, “Didərgin bayatıları”, “Ver, ver bizə zəfəri”,
“Dalğalan, bayrağım, dalğalan!”, “Qələbə”...
Kitabda Ali Baş
Komandanın təkrarsız obrazı var:
Yaşın o
yaşa çatır, damarlarında o qan –
Dönüb
keçən yüzilin yetmişlərinə baxsan.
Bundan sonra sən
böyük tarix yaradacaqsan!
QƏLƏBƏ –
bu möhtəşəm tarixin şah əsəri!
Ver, ver bizə zəfəri!
Ali Baş
Komandanın obrazı az qala bütün şeirlərdən,
kitabın tüm fəsillərindən keçir. Xalqına
xitabən, Dünya kürsülərində(n) Nidalar söylədiyi
kimi, Prezident görəvində, tarixi missiyasında, əməllərində
görünür:
Elə bil hər tərəfə
bir sehirli əl dəyir,
Bu yurdu, bu vətəni
başdan-başa süsləyir.
Millətimin
haqqıdır bolluq, bərəkət, xeyir,
İl-ildən rəvan
gəlir, gün-güzəran dəyişir,
Azərbaycan dəyişir!
Harda Qələbə
varsa, məhz ora mübarək imzasını qoyur:
Gəldi o müqəddəs
an,
sən Ali Baş
Komandan!
Əmrindədir bu
yurdun,
bu torpağın
ərləri,
Ver, ver bizə zəfəri!
44 günlük Zəfər
yürüşündə (“bircə dəfə də geri
çəkilmədən”!) biz buna əmin olduq!
Bütün
dünya od içində,
ölkəm əmin
əllərdədir,
Kim yaşadıb,
kim ucaldıb
yenə həmin
əllərdədir...
Biz onu – Ali Baş
Komandanı Xalqı ilə birgə, Sabaha açılan nəzərlərində(n)
görürük:
Biz aqilik, biz zərgərik,
meyarları
dəyişirik,
Ürəkləri
əridirik –
əyarları
dəyişirik.
Yüz illərlə
daş kəsilmiş
qəlibləri
dağıdırıq.
Şərqdən
Qərbə, Qərbdən Şərqə
nur selləri
axıdırıq...
Kitabda
çağdaş Azərbaycan toplumunun, xalqın obrazı
var; Xalq obrazı kitabın tüm fəsillərindən,
bütün şeirlərdən keçir.
Qəzəbinə,
nifrətinə yığılan xalq,
Bir sevdaya
düyümlənən,
bir yumruğa
sıxılan xalq
-Dayan! – dedi...
Özünə,
keçmişinə, dünəninə sığmayan,
artıb-böyüyüb Günə açılan Xalq
obrazı:
Cəsarəti,
idrakı
nəsillərdən
irs alıb,
Səadəti əlində
bir götürüb,
bir salıb,
Yıxılıb,
qalxıb, durub,
dünənindən
dərs alıb,
Addım-addım dəyişir,
insan-insan dəyişir,
Azərbaycan dəyişir!
Dövlətçiliyi
ilə qürur duyan, müstəqilliyinə aşina Xalq
obrazı:
Bu dövlət bu
vətənin,
bu xalqın
varlığıdır,
O mənim göz bəbəyim,
düşmənə
göz dağıdır.
İndi qeyrət dəmidir,
indi hünər
çağıdır –
Dərk edir bu tələbi
qoca, cavan dəyişir,
Azərbaycan dəyişir!
Kitabda milli
xarakterin dərki, dərinliyi, əvəzsiz imkanları
açılır:
Siz ki, hamıdan
gözəl, hamıdan məğrursunuz,
Bədənlərə
bürünən bir ilahi nursunuz.
Qəlblərə,
ağıllara işıq sovurursunuz,
Azərbaycanlılar,
azərbaycanlılar...
Kitabda Xaliqdən gələn
bu Xalqın əbədi-əzəli torpaq, Vətən, yurd
obrazı var:
Sanırdılar
kiçilərsən,
kəsilərsən,
bölünərsən,
Əriyərsən,
qarışarsan,
Yer üzündən
silinərsən,
Bilmədilər sən
başqasan,
sən tilsimsən, sən
sehirsən,
Zərrə qalsan
yenə dönüb
bir dünyaya
çevrilərsən...
Kitabda bu
dünyanın bitib-tükənməz, əsrarəngiz Azərbaycan
nağılı var:
Yığılın,
ey zərrələr,
bir işığa
yığılın,
Bir ürəyə
boşalın,
bir yumruğa
sıxılın.
Bitməsin bu
dünyanın
Azərbyaycan
nağılı,
Azərbaycanlılar,
azərbaycanlılar!
Elə də oldu;
yığılıb-yığılıb bir yumruğa
sıxılan Azərbaycan varlığı 2016-nın Aprelini
və 2020-nin 27 Sentyabrını başlatdı...
Aprel
döyüşləri kitabda ümdə yer tutur. Bu, yeni
Poeziya salnaməmizin düyün nöqtəsidir:
Lələtəpə
– tariximin
sınan, dönən
nöqtəsidir,
Azərbaycan
varlığının
Yer üzünə
diktəsidir!
Lələtəpə
– sevdamızı
süsləyəcək
zəfər tacı,
Lələtəpə
– qalibiyyət
eramızın
başlanğıcı!
Ardıyca
bütöv bir Aprel ədəbiyyatını gətirir, “28
aprel ədəbiyyatı”na ən nəhayət nöqtə
qoya bilmiş Ədəbiyyata ayaq verir:
300 illik
zülmün, qəsbin
son saatı, dəqiqəsi,
saniyəsi
Lələtəpə
zirvəsində
bitdi getdi!
300 illik xəyanətin,
cinayətin təntənəsi
Lələtəpə
kölgəsində
itdi getdi!
Bundan sonra düz
300 il
Zaman bizə
işləyəcək,
Tarix bizə
çalışacaq!
Dünya buna
alışacaq...
Kitabda modern
müharibə necə olur və Azərbaycan Ordusunun obrazı
var:
Zireh dələn,
beton dələn,
Məsafədən
məsafəyə
Hədəfi tam
birdəfəyə
Vuran raket mərmiləri
Silkələyir
göyü-yeri.
Modern ölüm
dühaları –
Dronları –
İHA-ları,
Göy
üzünün qorxuları –
Yeni zenit
qurğuları,
Uçaqsavar,
raketsavar –
Ən modern, son
silahlar...
“Lələtəpə
dastanı”nı yazan da odur – 4 gün və
44 gün Tarix yazmış müzəffər Ordumuz!
Addımından
yer titrəyən,
nərəsindən
göy sallanan,
İnsan oğlu
idrakının
son
gücüylə silahlanan,
Vətən, torpaq
sevdalısı
bir müəzzəm,
modern ordu
“Bilsin dünya,
varlığımla
qoruyacam mən
bu yurdu...”
Sonra Günnüt gəldi, İyul gəldi,
Sentyabr ədəbiyyatı gəldi. 44 gün sərasər Ədəbiyyat
da, “Ədəbiyyat qəzeti” də bir müqəddəs
şüara tapındı: “Qarabağ Azərbaycandır və
Nida!” Bütöv bir Zəfər ədəbiyyatı
yarandı.
Kitabda bayatı nisgili
var. Qəsidə, müxəmməs pafosu var. Ağı, mərsiyə
acısı da var, Əruz ruhu, Qoşma təntənəsi də
var. Kitabda Şəhriyar, Bəxtiyar, Sabir, Hadi, Cavid, Cavad,
Müşfiq, S.Rüstəm, R.Rza, X.Rza,
M.Araz, Z.Yaqub, Qabil, C.Novruz, R.Rövşən... - hər birindən
bir pay, bir not, ahəng, çalar, iz... Kitabda başdan-başa
Səməd Vurğun ruhu, nəfəsi yaşayır:
Tarix nələr
görmədi,
nə simalar, nə
canlar,
Bəşərə
güzgü oldu
gəlib keçən
zamanlar.
Adam kimi adamlar,
insan oğlu insanlar –
Azərbaycanlılar,
azərbaycanlılar...
Ədəbiyyatımız
bu notu tarix boyu yazıbdır; nədən uzaq
düşmüşük bəs:
Müharibə
aşkardadır,
müharibə
gizlindədir,
Kəlmələrin
çölündədir,
cümlələrin
içindədir.
Sözlər məsum,
sözlər dustaq
mənaların
girovunda,
Ağla, zamana dirənən
ehtiraslar
buxovunda...
Yadlığa,
yabançılığa, “modernizmin sədləri”, “qlobalist
təfəkkür”, “metafizik sancılardan doğulan absurd dünya”ya Şair etirazı, üsyanı var
kitabda:
Dəyərlər
necə saxlansın
altında bir
mütləq yoxsa,
İnsan nəyə
can atsın ki,
üstündə
bir Allah yoxsa,
Dünya Xaos
girdabında,
içə,
dışa bax, görünməz,
Bu tozda, bu tozanaqda,
əlbəttə,
Allah görünməz...
1990-nın 20 yanvarından, otuz ilin
müstəqillik dərslərindən keçib-gəlir “Və
Nida!”:
Qan içində boğulurdu o gecə,
Azadlığım
doğulurdu o gecə!
Ədəbiyyatın
nədirsə, necədirsə – o cür olmağa qadirsən.
“O gecə”dən “Didərgin bayatılar”a,
“Lələtəpə dastanı”na və “Qələbə”yə
– ağrılardan, səbrlərdən, arzulardan, inamlardan, istəm
və (ilahi) əmrlərdən doğmuş “Və Nida!” hələ
neçə il öncədən bugünün Zəfərini
də necə dürüst ehtizazla xəbər verir:
Ey ulu qələbə,
ey ulu zəfər,
ey göz
yaşlarını donduran qəhər!
Ey üfüqlərdə
gülən istiqbal,
qəlbləri
yandıran atəşli xəyal!
İllərdir həsrətindəyəm!
Gəl!
Nə canlar getdilər
uğruna,
nə qanlar
tökdülər umruna,
yoluna şəhidlər
döşədim,
bir ömür
gözlədim,
gəl,
çiçəklə,
güllə də olsan,
sinəmə
sancılan güllə də olsan.
Gəl, şəhid
ruhları çağırım,
sonunda mən də
bir köküs
dolusu bağırım:
-Qələbə!
Qələbə!
Arzu Əsədin
“Və Nida!”sı idrak poeziyası əyarıdır.
Kitabın rəyçiləri Xalq şairləri Nəriman Həsənzadə,
Fikrət Qoca və akademik Nizami Cəfərovdur. Akademik kitaba
dəyərli Son söz yazmışdır: “Azərbaycan –
çırpınan əlli milyon Nidadır!”
5. Qayıdaq prozaya. Prezident
çıxışlarından israrla keçən bir məqam
da var – Kürəkçay. Aktuallığını bitirmək
bilmir. Kürəkçay dünümüzdə, Kürəkçay
Günümüzdə, Kürəkçay 300 sənəmizdə.
Şair də deyir: “300 ildir zülmün yaşı!/
300 ildir haqq savaşı!/ 300 ildi gözləri kor, / dili
laldı həqiqətin,/ Buxovunda
çırpınırdıq/ kor düyümlü bir lənətin./
Şaxələnib xəyanətin, / cinayətin budaqları,/
Parçalanıb, qəsb edilib / Azərbaycan torpaqları./
Sarayları, məscidləri, / qəbirləri
darmadağın/ Ana yurdum İrəvanın,/ Zəngəzurun,
Qarabağın./ 300 ildir ölüm, zindan, / sürgün,
talan, qırğın, qada;/ Başımıza
açılmayan/ nə qaldı ki, bu dünyada?!.”
Bəlkə innən
belə ədəbiyyatımızın baş mövzusu elə
bu olasıdır – Kürəkçay.
Kürəkçay
ədəbiyyatımızda həmişə olubdur. İlyas Əfəndiyevin
“Hökmdar və qızı”nda da var,
Elçinin “Baş” romanında da... Hətta ilk əsərləri
Yusif Vəzirin “İki od arasında” olubdu.
Sabir Rüstəmxanlının
“Ölüm zirvəsi” romanında da bir yer var: Son
döyüşdə fürsət bulub çar zabiti
Lisaneviç Cavad xanı pusqudan tüfənglə qətlə
yetirir. Həmən “...Qatil Lisaneviç ki, bir neçə il
sonra Qarabağda İbrahimxəlil xana da beləcə namərdcəsinə
əl qaldıracaq, arvad-uşaq demədən vəhşiliklə
böyük bir nəsli məhv edəcəkdi...”
Kürəkçay
- Sisianovun, Lisaneviçin, yüz il ötəsinə, hər
cür “yan”lar – Şaumyanlar, Mikoyanlar,
Mirzoyanlar, Makaryanlar, Köçəryanlar əlilə kürəyimə
sancılan xəncər. Kürəkçay - düyün
düşdüyümüz yer: “300 ildir davam edir / bu xəyanət,
bu cinayət...”
Prezident
çıxışında Kürəkçay məqamını
bir neçə dəfə və net xatırlatdı.
Aktuallığını itirmək bilmir. İnnən belə
də Ədəbiyyatımızda bir mövzu varsa, varsa,
güman, elə bu olasıdır. Çün belə
görünür ki, kürəyində Kürəkçayı
daşıyan Milləti hələ də, hələ də
yaza bilməmişik...
Bəlkə otuz
ildir ağlayıb-sısqamaqlıq bəsdir?! 44 günə
Tarix yazan Millətin ədəbiyyatı bizə nə deyir?
İçinə qısılıb özünü,
düzünü, tükənişini ağlayan – indi ya zəlzələdən,
ya da sosialdan, – qəhrəmanı yazanda bir gör nələri
yazmamışıq! Şahid milləti yazmışıq,
söz yox. 44 gün başına mərmilər yağsa da,
evindən, elindən dönməyən o İnsanı, bu yanda
mərmilər yağır, o yanda allaha təvəkkül,
torpağını becərən o kəndlini yaza
bilmişikmi? Azərbaycanlılar, azərbaycanlılar... - o
sadə, sadəcə insanoğlunun İçindəki
gücü görə bilməmişik. Səhidlər tarix
yazmış; I Qarabağ savaşından, ardlarınça
Tarixi neçə-neçə Şəhid kitablarına
köçürmüşük. Sənədli-bioqrafik
janrın önəmini heç danmadan, axı Şəhid necə
olurlar yazammamışıq. 44 günün tamamında
gördük, görə bildik o görünməz Ruh
birliyini, Can birliyini, Tən birliyini. Şəhid milləti
yazmamışıq. Sənədli janrın ən əvəzsiz
nümunələrini nəfəs dərmədən, isti-isti,
acı qəhər və sevinc yaşları içrə,
böyük qürur və heyrət dolu, öz dillərindən
bugün YouTube-da oxuyuruq, onu Azərbaycan əskəri, Vətən
müharibəsinin əskər Şəhadəti
yazmış. Qələbəni və yenə qələbəni,
böyük Qələbənin sirrini yazmaq durur Ədəbiyyatımızın
qarşısında...
Dalğalan, bayrağım,
dalğalan!
Üstünə
ay-ulduz əks edən,
Qoynunda ürəklər
rəqs edən
ey sonsuz okean, dalğalan!
Parla, yan!
Köksündə
şəhadət nurları parlayan,
cənnətdən bir
parçam, dalğalan!
Ruhumun libası,
Bu dünyada geyinəcəyim
kəfənim – son parçam,
Dalğalan!
Ən nəhayət,
deyə bilirik: müstəqilliyimizin 30-cu ilində Millət
olaraq XXI yüzilə çıxdıq. Dünyanın
tüm təlatümləri içrə bunu biz edə bildik.
Bunu biz etdik! Nə vaxtdır ədəbiyyatımızın
heç kimə rahatlıq verməyən bircəcik dərdinə
şayandıq: necə etməli ki, Dünyaya
çıxmalı. Azərbaycan Prezidenti az bir zamanda ingilis, ərəb,
fransız, alman, ispan, italyan, türk və rus dillərində
çıxışlarında, Dünya və Millət dilində
bunu etdi.
Milləti yazmaq
zamanı gəldi. Milləti yazmalı!
6. Qalxdı,
köç eylədi türkman elləri...
T.Mustafayi “Ədəbiyyat
söhbəti”ndə hələ Müstəqillik dövrü
Ədəbiyyatımızın başlanğıcında,
1990-cı illərdə görünən tendensiyalara,
inkişaf perspektivlərinə diqqət çəkir:
post-millilik, post-tarix, post-modernlə yanaşı, kökləri
dərin, amma irəlisi görünməz daha bir yön –
Ümumtürk istiqamətini də müşahidə edirdi
(bax: press-Fakt, 15-28 mart 1996; Bakı, Alatoran, 2020, s. 109-111)...
Üstündən otuz il ötmüş, otuz ilin
ansızın, avanqard, irəliçi de-sentralizə, de-struktiv,
de-konstruksion modernizə cəhdlərindən sonra baxıb
görürük ki, yerində nə qalmış; Ən
ümdəsi, davamlısı, tavanlısı Ən dərində
gizlənəni imiş...
Nədən
olmasın?! Hələ 1930-cu illər repressiyalarına qədər
də ən köklüsü, davamlısı
Ümüm-türk olanı olmuş. Hətta marksist bildiyimiz Ə.Nazim, Ə.Abid və digər ədəbiyyatşünas-tənqidçilər
də S.Vurğunu, R.Rzanı, M.Rəfilini Nazim Hikmətdən,
bilmərrə Qorqudu Qorquddan ayırmırdılar. Bir Millət,
iki Dövlət. Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir. Tüm türk və Türkiyə ədəbiyyatı
da bu müqavimətdən sıyrılmış. Ən irəlisi,
yanımızda olan(ı) İçdə(n) olan(ı)
imiş.
O daha tək
deyildir
meydanların
içində,
Torpağına
göz dikən
şeytanların içində.
Bir inam, bir yüksəliş
insanların
içində,
Qoca tarix oyanır,
bütün
Turan dəyişir.
Azərbaycan dəyişir!
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.-2020.-12
dekabr.- S.14-15