Müharibə və
ədəbiyyat davası
İstənilən
müharibə bitəndən
sonra əvvəldə
insanların sinəsini
qabardan həyəcan
bəzən
guya, ya həqiqətən
bilmədiyimiz hansısa
faktların ortaya
çıxması və bunun
fonunda o həyəcanın
soyuması ilə əvəzlənir.
İndiki dünyada bu sərsəmliklər
heç istisna edilmir, əksinə, haqlı olan şeyləri
də məkrli niyyətlərinə tabe tutub min bir oyun
çıxaran insanlar nə qədər desən... Həqiqətsə
birdir: vətənin hər qarış torpağı
uğrunda qanını tökən əsgərin şəhid
olması, qolunu, qıçını itirib evinə dönməsi,
güllə yarasıyla, canından heç zaman
çıxmayan qəlpələrlə...
Qalib əsgərin,
bu yaralı, şəhid əsgərin zəfərinə min
türlü nəğmələr qoşulur, alqışlar
edilir, insanlar qəhərdən ağlayır, göz
yaşı axıdır. Bu göz yaşı və qəhəri
indi tez-tələsik qoşulan misralarda, onların
arasındakı həyəcanlı boşluqlarda görmək
olurmu? Dinc dövrlərdə kimsə plakat formatlı
şeiri oxumaz, yalandı, deyər, düz də eləyər,
amma indi bizim bundan başqa sözümüz yoxdur,
çünki... Ən dəhşətli həqiqət bəlkə
də budur: insanlar bayraq yürüşünə
çıxır, küçələrdən
özümüz də, sevincimiz, həyəcanımız da
çay kimi, sel kimi axır, amma vurulduğu,
yaralandığı yerdən əsgərlərimiz bir-bir
qalxır, dərindən ah çəkib (şükür
Tanrıya...) yoluna düzəlir, onlar bizim qədər, bizim
kimi sevinə, gülə, bu coşquya qoşula bilmirlər.
Niyə? Çünki biz onların hər qarış torpaq
uğrunda çəkdiklərindən xəbərsizik,
güllə yarası alıb da, yenidən dikəlib
döyüş dostunu tək qoymamaq inadından heç xəbərimiz
yoxdur; biz sadəcə bu isti xatirələri dinləyib, o əsgərlərin
danışdıqlarına qulaq asıb gövrəlirik,
başqa heç nə... ədəbiyyat bu sərhədi vurub
keçməlidir, özünü həmin yaraların
içinə atmalı və bizə hər şeyi o şəhid
olmuş, yaralanıb, qolunu-qıçını, gözlərini
itirmiş əsgər kimi danışmalıdır. O əsgərin
döyüş meydanında hər bir hərəkəti əslində,
çəkilməkdə, yazılmaqda, qoşulmaqda olan sənət
əsərinin bir cizgisi, bir misrası və ürəklərin
başına sancılan dərdin sözsüz fəryadıdır.
Bunları oxuduğunu, gördüyünü, dinlədiyini zənn
edirsən, ancaq bu nəsnələri bir hovurla, bir nəfəs
və bir gözlə oxumaq, görmək mümkün deyildir.
Çünki,
Gecənin matəm
bayrağına dönüb
cəsədlər
üstündən pərdə-pərdə qalxırdı gecə...
Bu misralar unudulmaz
şair, ustad Ələkbər Salahzadənin "Xocalı xəcilləri"
poemasındandır. Məsələ təkcə bu bir
baxışla sinirə bilmədiyimiz təşbeh məsələsi
deyildir, yuxarıda qeyd etdiyimiz kimi, döyüş
meydanında yaranan cizgilərin sənin yaddaşına
qoşulması, orada ağrıyla bərabər dəhşətli
həqiqətləri oyatmasıdır.
Müharibə
bitdi, bu gün zəfər günüdür, bu zəfər
günü ona qədər çəkilən
ağrıların, olay və dəhşətlərin
tüstüsündən ayrı deyil və olmayacaq da. Və
Ələkbər Salahzadə də adı keçən
poemasında təkcə hər kəsin gözlərini yumsa
belə, apaydın gördüyü dəhşətli mənzərədən
bəhs etməyib, əsas mövzu və xətlərdən
biri sivil dünyanın ayrı-ayrı ölkələrində
baş verən qanlı cinayətlərə biganə
qalması və bunun sonucunda göydən daş kimi
düşən bəlaların bir-birinə bənzəməsi,
bir-birinin davamı olmasıdır (Əli Kərimin
"Daş" şeirini xatırlayın:
Yarıçılpaq qədim insan // düşməninə
bir daş atdı // Qana batdı. // Daş düşmədi
// Amma yerə // Uçub getdi //
Üfüqlərdən
üfüqlərə...). Bu dəhşətlər, bu acı
və çəkilməz dərdlər Qarabağ müharibəsini
Vətən müharibəsinə döndərdi.
Fransızların "Köhnə tüfəng" filmi var,
hamı bəlkə də dəfələrlə baxıb bu
filmə. Köhnə tüfəng nə zaman
açılır və bir daha susmur? Başqa sözlə, Vətən
müharibəsi sənin üçün vazkeçilməz
olan dəyərləri daim əl altında saxlamaq, onları
qorumaq hissindən keçir və təkcə
döyüş meydanlarında getmir... Belçikanın
humanitar təşkilatında bir fransızla işləyirdim,
onun vətənimizə gəldiyi ilk həftələr
aramızda bir elə şəxsi söhbətlər olmurdu.
Birdən dili açıldı: mən elə bilirdim bura bir
Afrika ölkəsidir. Burda insanlar nə qədər
istiqanlı, qonaqpərvər, nə qədər gözəldilər,
deyirdi. Amma onun nəzərdə tutduğu Afrikanın "vəhşi
siması" da elə özünü hamıdan mədəni,
sivil sayan toplumların əməlidir.
...Matəm
bayrağına dönüb cəsədlər üstündən
pərdə-pərdə qalxırdı gecə..
misrası ilə baş verən dəhşətin fokus
nöqtəsinə gətirilməsi və sonra pərdələrin
arasından ağıların eşidilməsi, bunların bir
kontekstdə kəsişməsi "gizli mənaların"
ifadəsinə yol açır.
Ana ayrı,
bala ayrı,
bala yarı,
ana yarı
yarı ana,
yarı bala,
yarı qoca,
yarı qarı.
Bu təkcə
"dil oyunu" deyil, sözlərin, onların mənalarının
bir məqamda kəsişib sözün dərinliyini, mətndə
məna səviyyəsi və beləliklə dəruni (gizli) mənaların
sırasının çıxaldılması üsuludur.
Poetik mətndə "gizli məna" ontoloji xarakterli
kateqoriyadır. Mətndə gizli məna plastlarının
mövcudluğu verbal olaraq ifadə olunması mümkün
olmayan informasiya anlamına gəlir. Yuxarıda ilk
baxışdan dil oyunu effekti yaradan fraqment də verbal ifadə
əlacsızlığının doğurduğu hadisədir.
Belə ki, gizli məna sözün daxili forması olmaqla (A.A.Potebnya) bədii mətnində onun bədiiliyini
şərtləndirən amildir. Bir tədqiqatçının
fikrincə, "lirikanın gücü təkcə ikiqat
deyil, eyni zamanda çoxcərgəli məna effektlərini
yaratmasında, oxucunun təxəyyülündə
aşırı gərginlik yaradan "qəfildən
sözü yaradı kəsmək "üsulundadır"
(B.A.Larin). Yuxarıdakı mətndə
şair, ənənəvi poetik diskursdan fərqli olaraq, təşbehin
(Matəm bayrağına dönüb cəsədlər
üstündən pərdə-pərdə qalxırdı gecə...)
"kölgəsini" poema boyu davam etdirir (pərdə yerlə
sürünərək məkanın bütün nöqtələrini
"örtür"...), mənanın məzmunu genişləndirməsi
və eyni zamanda onunla bəzi məqamlarda əkslik təşkil
etməsi Xocalı haqqında həqiqətlərin
bütün dünya, bütün gerçəklik müstəvisində
anlaşılmasına (həm də
araşdırılmasına-!) səbəb olur. Bədii mətndə
gizli, başqa sözlə, implisit mənaların (bədii mətnin
dərinlik səviyyəsi) mövcudluğu onun fərqləndirici
xüsusiyyətidir. Bu məqamda Ələkbər Salahzadənin
şeirində poetik dilin özümlülüyündən bəhs
etmək lazımdır.
Müharibə
bitdikdən sonra TV kanallarında şəhid və qazi olan əsgər
və zabitlərin döyüş, həyat tarixçəsi
danışılır, bu hekayətlər hansı məqamdasa
bir-birinə calanıb insanları diri saxlayan dəyərlərin
mənəvi xəritəsinə çevrilir. Bu əhvalat və
hekayələri sakit şəkildə dinləmək
mümkün deyildir. Bu insanlar nələrisə deyir, nələrisə
sadəcə ifadə edə bilmirlər. Hər bir əsgərin
hekayəsində sözlə ifadə edilməsi çətin
və mümkünsüz olan fraqmentlər hansı məqamdasa
ixtiyari şəkildə qovuşur, sözlə ifadə
olunmamağın ən mükəmməl formasını
yaradır, hansı məqamlardasa bu hekayələrdən vətənin,
elə bizim də keçmiş və gələcəyimizə
körpü salınır və bu körpü bir göz
qırpımında üstündən min illər boyu bir kimsənin
keçmədiyi yola dönür, bu yolda bitən
çiçəklərin təzə-tərliyi ilə xəşəm
olmuş halı bir qəl(i)bin içində, bir duyğunun
açılıb sönmə məqamındadır. Lap
Kafkanın miniatür hekayəsində olduğu kimi. O hekayədə
ixtiyar bir kişi təsvir edilir, həmin o min illər boyu
üzərindən kimsənin keçmədiyi
körpünü keçməlidir. Körpü adicə səsdən,
ixtiyar kişinin əlindəki əsanın taqqıltısından
dağıla, çökə bilər. Sözlə ifadəsi
mümkün olmayan mənalar həmin körpüyə bənzəyir,
bunu hər bir şair, nasir... yaza bilər, ancaq məsələ
o körpünü səssiz-səmirsiz keçməkdədir...
Ədəbiyyat bu
insanların hər birinin hekayəsini öz təhkiyəsinə
çevirib müharibə və insan haqqında məhz bu
davanın kəşf etdiyi mənaları ortaya
qoymalıdır. İnsanların hazırcavablığı,
onların diliylə müəyyən və əsas (-!) həqiqətlərin
sərrast şəkildə deyilməsi heç də təsadüfi
deyildir, bu deyiliş "açıq səma altında"
baş verən hadisələrin müəyyən bucaq
altında kəsişməsi, sonsuzluğa axan proseslərin
içdən qıvrılıb insanın yaddaşında
düyünlər yaratması və bu düyünlərin də
ömrün, həyatın hər döngəsində kəsişməsi...
bahasına hardasa öz-özünə yaranır. Məşhur
ispan əsilli rəssam Pablo Pikassonun həyatıyla
bağlı bu kimi nə qədər "təsadüflər"
var. Dünyaya gəldikdə mamaça onun ölü
doğulduğunu zənn edib, ancaq Pikasso bir təsadüf -
dayısının çəkdiyi siqaret tüstüsünə
oyanaraq ağlayıb və həyatının sonrakı məşəqqətlərini,
eyni zamanda XX əsrin ən müdhiş olaylarını
dahiyanə şəkildə obrazlara çevrimək fürsəti
qazanıb. Hadisələrin müəyyən "təsadüflərdə"
kəsişib məna yaratması onu ömrü boyu təqib
edib. Parisdə yaşadığı ilk illərdə
kasıblıq və yoxsulluğun lap dibində olduğundan
ilk günlər nə edəcəyini bilməyib. Bəzən
bəzi tablolarını yandıraraq qızınmalı olub.
Müharibə illərində rəsm ləvazimatları
tapılmadığından, tapılsa da onları əldə
etmək üçün vəsaiti olmadığından
köhnə əsərlərinin arxa tərəfini işləməli
olub - köhnə ilə yeninin bir kətan üzərində
bu formada "görüşməsi" də təsadüfi
deyildi. Onlar bir kətanın iki üzü (maksimum dərəcədə
yaxın və maksimum dərəcədə uzaq məsafədə)
olsa da, ikisinin sonsuzluq və əbədiyyətdə kəsişməsi
mənaların çoxalmasına təkan verib. O mənalar bu
gün də sönmür, davam edir. Ən nəhayət,
"Hernika" əsəri. Alman zabitinin bu dəhşətə
baxıb "bunu sizmi yaratdınız?" sualına "yox,
siz yaratdınız" cavabını verməsi alman zabitinin
susmasıyla bərabər bir anlığa bütün
dünya İspaniyada törədilən fəlakətin
sükutun diliylə dillənməsinə, dünyanın
bütün dillərində deyilən ağıların elə
o əsərdəki kimi bir-birinə qarışmasına səbəb
olur.
Körpələrin
o gecə çəkdiyini,
nə çəkdiyini,
necə çəkdiyini,
nə demək istədiyini,
son nəfəsdə
nə çığırdığını,
kimdən imdad dilədiyini,
kimi haya
çağırdığını,
kimlərə
qarğıdığını
fələk də
bilə bilməzdi.
Hələ də
o haraylar,
Fəryadlar,
qışqırıqlar
Yerdən əli
üzülmüş
Yaradanı
soraqlar...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.-2020.-12 dekabr.-S.13.