“Azərbaycan şəhidlərinin
sərdarı - Mübariz İbrahimov”
27
sentyabr 2020-ci il
tarixi bütün
dünyada əks-səda
doğurdu. Şanlı ordumuz, şirbiləkli
oğullarımız, Azərbaycan əsgəri vandal Ermənistan
ordusuna qarşı əks-hücama keçərək 28 il həsrətində
olduğumuz doğma torpaqlarımızı azad etməyə
başladı. Azərbaycan xalqı bu mərhələdə
sanki yenidən doğulur, döyüş meydanlarında yeni
tarixini yazırdı... 2020-ci ilin 8 noyabr günü isə
tariximizin yeni mərhələsinin zirvəsidir, çünki
bu gün dünyanı heyrətdə qoyan mərdlik nümunəsi-əlbəyaxa
döyüş örnəyi göstərən igidlərimiz-xüsusi
təyinatlılarımız Qarabağın
tacını-Şuşanı erməni neofaşistlərindən
azad etdi və qədim şəhərin mərkəzinə
üçrəngli, ay-ulduqlu bayrağımızı əslən
şuşalı olan qəhrəman Səbuhi Abdullayev
sancdı. "Qarabağ - Azərbaycandır! Şuşa
bizimdir!" səsləri ucaldı Azərbaycanın hər
yerindən, on milyonluq xalqın dilindən...
Qırxqız
dağları, Topxana meşəsi, Cıdır düzü,
Kirs zirvəsi, Bağrıqan dağı, Cıdır
düzündən Daşaltı çayına enən
Qırxpilləkən, İbrahim xanın
sığnağı, Ağ qaya, Ərimgəldi yamacı,
tayı-bərabəri olmayan Xarıbülbül gülü,
kəklikotu, qantəpər, çobanyastığı,
quzuqulağı və sarı çiçəkdən dəmlənən
can dərmanı - ətirli çayı, gecələr səs-səsə
verən İsaq-musaq quşları, Natavan bağı, "tez
yağıb tez kəsən çobanaldadan yağışları,
dərələr boyu dizin-dizin sürünüb qalxan, sonra da
ehmalla çəkilən süd rəngli dumanlar, İsa
bulağı, Cıdır düzü yüksələn
canlı avazlar-Şuşa!" erməni quldurlarının lənətli
tapdağından qurtulub azad nəfəs almağa
başladı...
Şuşanın
və işğaldan azad edilən digər
rayonlarımızın bugünkü duruma gəlməsində,
azad nəfəs alışında düşmən səngərinə
atılıb təkbaşına 77 nəfər erməni
döyüşçüsünü qətlə yetirən
Mübariz İbrahimovun, I Qarabağ müharibəsində,
Aprel döyüşlərində erməni faşistlərinə
qarşı mərdliklə vuruşan igidlərimizin də əvəzsiz
rolu olub. Yazıçı və şairlərimiz ədəbiyyatda
bu qəhrəmanların parlaq obrazını yaradır, əbədiləşdirirlər...
Nəriman Həsənzadənin
qəhrəman Azərbaycan oğluna həsr etdiyi
"İstiqlal əsgəri" poemasında Mübarizin
örnək olası ömür kitabı vərəqlənir.
Bu kitabı oxuyarkən istər-istəməz Q.Q.Markesin
diktatorlarla bağlı fikri xatırlanır:
"Gücünüz artdıqca kimin yalan, kimin doğru
dediyini anlamaq çətinləşir. Sərhədsiz gücə
çatdıqda həqiqətlə heç bir əlaqəniz
qalmır və bu, tənhalığın ən pis halıdır.
Diktator nəticədə onu həqiqətdən təcrid etmək
məqsədi daşıyan insanlar və öz mənfəətləri
arasında ilişib qalır, hər şey onu təcrid etmək
üçün harmoniya halında olur..." Yalanlar
içində başını itirən Nikol Paşinyan və
uydurduqları mifə inanan cahil erməni xalqı kimi...
Əslində, bu
fikir diktatorların başında durduqları rejimin də
ağalıq iddiasını və
hegemonluğun-imperiyaların təklənərək sonucda
süquta-diktatorlar üçün fəlakətə
çevrilən devrilməyə məhkum olduqları
gerçəyini anladır... Eyni zamanda bu mövzuda yazılan
poemalarda ermənilərin xəyanətkar xisləti də bir
daha ədəbi müstəviyə gətirilir.
"İstiqlal əsgəri" poemasının baş qəhrəmanı
Mübariz İbrahimov çağdaş dövrün
müharibə bəlasının, Ermənistanın Azərbaycana
qarşı yürütdüyü haqsız torpaq iddiaları
sonucunda başlanmış ədalətsiz savaşın,
düşmən qüvvələrin cidd-cəhdlə
aşağılamağa çalışdığı
sülhsevər, haqsevər bir xalqın düşdüyü
dözülməz, fəci durumun yetirdiyi xalq qəhrəmanıdır.
Düşmən səngərinə atılaraq təkbaşına
apardığı qeyri-bərabər savaşda 77 nəfər
erməni vandalını qətlə yetirən bir igid, məğrur
türk oğludur. N.Həsənzadənin
Mübarizi əski şumer dastanının mifik qəhrəmanına
- Gilqamış-Bilqamısa bənzətməsi təsadüfi
xarakter daşımır. Poemadan öyrənirik ki, şair
arayıb-axtarıb və nəhayət görüb ki, Şumerlərin
əfsanəvi qəhrəmanına qohumluğu çatan, min
illər bundan öncə "türkün qitəsində təzə
türk toxumundan cücərən, qılınc-qalxanla ədaləti,
yaşadığı məmləkəti qoruyan, heç bir kəsin
xətrinə dəyməyən, boyun vuran, ancaq boyun əyməyən",
elin kədərli və sevincli günlərində onun
yanında olan, ər oğlu ər Gilqamışın
oxşarıdı Mübariz... Tay-tuşundan, yerişindən-duruşundan
seçilən bu igidi şair nağıl təhkiyəsi ilə
aşıqların, ozanlarımızın boy boylayıb, sav
söyləməsinin davamı olaraq
nağıllarımızın qəhrəmanı kimi təqdim
edir:
Altdan-üstdən
qıfıllandı,
yerlər-göylər
ufuldandı.
Ləngi! - dedi bu səfərə
böyüdüyü təpə-dərə.
Suyundan içdiyi
bulaq,
yüyrəyi asılan
budaq.
Öz içindən
gələn bir səs dedi:
"Yubanma, get, tələs!"
Neçə şəhid
məzarından
səslər gəldi:
"Get, qəhrəman!"
Gilqamış
uzaqdan gəldi,
dedi artıq zaman gəldi.
Əsirlikdə
çürüyənlər,
çəlik tapıb yeriyənlər.
ona
"Xilaskar" dedilər.
Get! - açıq-aşkar
dedilər.
Bir səs də gəldi,
rəsmi səs,
aydın səma, isti nəfəs.
Ümid dolu,
qürur dolu,
Haqdan gələn bir haqq
yolu.
- İgid dönməz!
- dedi o səs.
- Bizimkidi o
torpaqlar,
azad olsun gərək onlar.
Gərək erməni
əsgəri,
tərk eləsin bu səngəri.
İlk
misrasındanca görünür ki, bu səpkili deyim tərzi
xalqın düşüncələr aləmindən,
"Kitabi-Dədə Qorqud", "Koroğlu",
"Qaçaq Nəbi", "Aşıq Qərib" kimi
dastanlarımızdan, "Məlik Məmməd" kimi
nağıllarımızdan - folklor düşüncəsindən
süzülüb gələn və ruha qida verən təqimatdır.
Folklor təhkiyəsi ilə şair poemada yalnız öz
mövqeyini, hadisələrə fərdi yanaşmasını
sərgiləmir, həm də Mübarizi yetirən, onu ana
yurdun və doğma xalqın qisasını almaq
üçün azğın düşmən üzərinə
atılmağa kökləyən ulu xalqın adından
çıxış edir. Bu məqamın ən dəqiq,
qapsamlı şərhi tanınmış tənqidçi, ədəbiyyatşünas
Rüstəm Kamalın "Türk qəhrəmanına
şair duası..." adlı lirik resenziyasının sətirləri
arasındadır: "Bir xalqın (etnosun) varlığı,
ölüm-dirim məsələsi həll olunanda epos ortaya
çıxır. Qəhrəmanlıq eposu
"dünyanın epik durumunu" (Hegel) əks etdirir. Epos
üçün mütləq savaş lazımdır. Müqəddəs
Vətən savaşı olmalıdır. 90-cı illərin
epik durumu - Qarabağ müharibəsi, qanlı Xocalı və
20 Yanvar faciələri, müstəqillik mücadiləsi,
Azadlıq meydanında ehtirasların coşğusu epik
janrı - dastanı, poemanı tələb edirdi. Ona görə
də şair qəhrəmanın təqdimatını epos
sözünün enerjisi ilə başlayır.
"İstiqlal əsgəri" poemasının epik
miqyası ölkənin, millətin taleyini dərketmə dərəcəsi
ilə müəyyən edilməlidir. Nəriman Həsənzadə
sanki klassik Azərbaycan romantizminin möhtəşəm janr
layihəsini XXI əsrdə davam etdirir. Fikrimcə, lirik epos
yalnız romantizm məfkurəsində gerçəkləşə
bilər". "İstiqlal əsgəri" poeması Azərbaycan
həqiqətlərini özündə ayna tək əks etdirən
və məhz tarixi faktlarla danışan önəmli əsərdir,
xalqın ictimai-estetik təfəkkürünü əhatə
edən epik və lirik mündəricəli eposdur.
"İstiqlal əsgəri" lirizmlə romantikanın cəlbedici
bədii gözəlliyində süslənmiş bir qəhrəmannamədir.
Şairin amacı oxucuların həm də idealları,
arzuları ilə real aləm, dünya arasında ziddiyyətlər,
konfliktlər yaşayan baş qəhrəmanın - XXI əsrin
Bilqamısı - Mübariz İbrahimovun vətən sevgisi
coşub-daşan iç dünyasının, zəngin mənəviyyatının
dərk olunmasıdır. "Poemanın məntiqi mənalar
strukturu qarşıdurmalar üstündə qurulur: xeyir-şər,
həqiqət-yalan, ölüm-həyat, yerli-gəlmə,
dost-düşmən, doğma-yad... Mübariz İbrahimov
Xeyiri, Həqiqəti təmsil edirsə, erməni yalanın,
şərin təcəssümü",
"aşına-aşına ocaq başına
çıxan" və yavaş-yavaş dədə-baba
torpaqlarına sahiblənən gəlmələrin, əliçomaqlı
yersizlərin obrazıdır...
Nəriman Həsənzadə
yaradıcılığında poema janrının
üfüqləri çox geniş və əhatəlidir. Bu
üfüqlərdə aydın görünür ki, şair
üçün poema bədii təfəkkür və təxəyyülünün
ifadə vasitəsi, coşğun ilham qaynağı, bitib
tükənməyən yaradıcılıq metodu, daim
inkişaf edən ədəbi prosesdir. "İstiqlal əsgəri"ndə
"çiyələk bitən, kəkliklər ötən,
havası loğman, bulaqlar axan yerlərimizi, meşələrin
ətəyini, arıların pətəyini, təzə qalxan
biçənəyi, gülün üstə kəpənəyi,
yaylaq yerimizi, yaz çağı əfsanəvi gözəlliklər
məskəni - dağ yerlərimizi" seçib qonşuya
verənlərin - ermənilərin daxili və xarici
havadarlarına bağışlayanların xəyanətkar əməlini
"sənəyin suya verilməsi..." kimi mənalandıran
şairin amacı bütün bunlardan, xəyanətlərdən
dərs almağın, olanlardan ibrət götürməyin gərəkliliyini
oxucuya anlatmaqdır. Torpaq ələ keçirənə qədər
"fağır" görünən ermənini:
Dedik ki, insan insandı:
taxılbiçən,
otçalandı,
Çərçivəyə
ayna salan,
çəkmə tikən,
zurna çalan,
Rəsm çəkən...
- kimi sadə əmək
adamı bilib o cür də qəbul edən sadəlövh
böyüklərimizin düşmənə inanıb qucaq
açmaqla necə böyük yanlışa yol verdiklərini,
həmin yanlışların bu günkü fəlakətlərə
gətirib çıxardığını yana-yana qələmə
alan şair inanır və oxucularını da inandırır
ki, "millətin güclü sərkərdəsi və igid əsgəri
bir olarsa, vətən gəlmələrdən, düşmənlərdən
xilas olar - poemanın bir ideyası da budur. Əsərin
kompozisiyası Milli Qəhrəmanla ölkə rəhbərinin
- Ali Baş Komandanın birliyini ifadə edir. Lirik eposda
üç obrazın - tarixi keçmişimizin, xalqın və
qəhrəmanın obrazı ustalıqla Ali Baş Komandan
obrazı ilə birləşdirilir. Son misralardakı Ali
Baş Komandanla qəhrəman obrazının vəhdəti isə
xalqın mənəvi bütövlüyünə işarədir,
istiqlalın təntənəsinə inamın ifadəsidir.
Şəhid ruhlarının qayıdışına
inancın təcəssümüdür.
Göydə
ağ-ağ göyərçinlər
uçuşurdu səhər-səhər.
Mübarizin o
ruhuymuş,
bütün gecə
yuxuluymuş.
Sərhəd boyu ər
oğlu ər
dolaşırdı səngər-səngər
Şəhidlərin
varisiydi,
amma gəlib öz
adından, -
Sizə raport verəsiydi,
Cənab Ali Baş Komandan!
Fil.e.d. Elnarə
Akimovanın "Nəriman Həsənzadənin Milli qəhrəmanımız
Mübariz İbrahimova həsr etdiyi "İstiqlal əsgəri"
lirik poeması janrın, xüsusilə tarixi mövzunun poetika
axtarışlarının istiqamətini ifadə etməyə
imkan yaradır. Yaxın
keçmişimizin miyqaslı hadisələrinə yenidən
qayıdır, tarixi şəxsiyyətlərimizin
obrazını, şanlı türk epoxasını yaradan sərkərdələrin
daxili güc və əzəmətini lirik-epik janrın
sınağında təcəssümə
çalışır", - qənaəti bu və digər
örnəklərin timsalında öz təsdiqini tapır.
Bu
gün işğal altında olan yurd yerlərimiz igidlərimizin
ölüm-dirim savaşı ilə geri qaytarılıb... və
əsirlikdən qurtulan əzəli türk torpaqları
intizarla öz sahiblərinin yolunu gözləyir... Hələliksə
daşı daş üstündə qalmayan, erməni cəlladları
tərəfindən dağıdılıb xarabazara
çevrilən torpaqlar minalardan təmizlənir, yeni quruculuq
işlərinə ba.lanır, yol
infrastrukturu qurulur... Və təbii, Mübariz İbrahimovun və
Vətən uğrunda gözünü qırpmadan
ölümə qucaq açan şəhidlərimizin də
ruhu şaddır...
Esmira Fuad
Ədəbiyyat qəzeti.-2020.-12
dekabr.-S.12.