VARİSLƏR

 

Məleykə Məmmədzadə: 2783 ÜRƏKDƏN BİRİ...

 

Bir an əymə belini, əymə, şəhid vermiş ana,

Sənin oğlundu verir ruh canı çıxmış cahana,

Sözünü söyləyir ordum, yetişir qanla qana,

Neçə gündür yazılır qanla yeni tariximiz!

Ordumuz - baş tacımız, can bağımız, and yerimiz!

                            

 Qi Or El    

 

Həmişə 19 yaşında qalacaq qəhrəman...

 

Artıq bir ilə yaxındır, "Varislər" layihəsi davam edir və bu çərçivədə onlarca məşhurumuzun övladı ilə görüşüb söhbət etmişəm. Övlad üçün çətin olur sevimli insanlar, doğmalar haqqında xatirə söyləmək. Həmsöhbətimin kövrəldiyinə, gözlərinin yaşardığına, qəhərdən boğulduğuna şahid olmuşam. Hətta bəzən onlarla birgə mənim də kövrəldiyim anlar olub...

 

Fərqli gündür. İlk dəfə bu layihə çərçivəsində övlad valideyni haqqında yox, ana öz övladı haqqında danışacaq. Qəhrəmanımı bu məmləkətdə hamı tanıyır. Hamı onunla qürur duyur və hamı onun yarıda qalan ömrünə görə sarsılır.

 

Onun cəmi 19 yaşı var və o, həmişə bu yaşda qalacaq. O, gülüşləri, səsi, həyat eşqi 2020-ci ilin 28 sentyabr günü əbədi donub qalan şücaətli əsgər, öz andına sadiq olan qəhrəman hərbçi, haqqında əfsanələr dolaşan igid, Vətənə sevgisini bütün sevgilərdən üstün tutan Vətən oğludur. O, İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olmuş Cəbrayıl Dövlətzadədir.

 

Yolum Keşləyədir. Paytaxt küçələrinin müəyyən hissəsi bağlıdır, dekabr ayının 10-da keçiriləcək hərbi parada hazırlıq gedir. Bir qədər dayanıb qəhrəman əsgərlərimizin hazırlıq prosesini izləyirəm. Məhz bu əsgərlərin qətiyyətli addımları bizi Qarabağa apardı. Addımların daima zəfərlərə vəsilə olsun, Azərbaycan əsgəri.

 

Şəkili taksi sürücüsü və qonşular

 

Taksini Keşlə qəsəbəsinin girişində saxlayıb, yaxınlıqdakı bərbərxanadan nur üzlü şəhidimin ünvanını xəbər alıram. Gənc bərbər köks ötürür.

 

- Onlara gedirsiniz? - soruşur. Başımla təsdiq edirəm. - Yol sizi birbaşa onlara apacaq, - deyir. Qəribədir. Mistik cavabdır. Bəli, bu günlərdə bütün yollar şəhidlərimizin doğma ocağına doğru gedir. - Cəbrayıl hamının sevimlisidir. - Gənc indiki zamanda danışır. O an hiss edirəm ki, qəhrəmanımı yaxından tanıyıb. - Əsgərliyə getdiyi günü heç vaxt unutmaram. Saçını qırxdırmağa gəlmişdi, gülərək dedi ki, onsiz da əsgər gedirəm, qoy köməkçin qırxsın. - Gözləri dolur. - Yaxşı oğlan idi, Cəbrayıl. Sakit, mərd, qorxmaz. Gözəl də ailələri var. Burada hamı o ailənin tərbiyəsindən danışır.

 

Həmsöhbətimdən ayrılıb, yola davam edirəm. Düz deyir, labirint kimi əyri-üyrü küçələr bizi birbaşa şəhidimizin təxminən bir il əvvəl orduya yollandığı qapıya aparır. Bayır divarında qəhrəman şəhimizin işıq saçan, gül çələngləri ilə süslənmiş şəkli asılıb. General Polad Həşimovun tanış, təbəssümü üzündə donub qalmış şəkli ilə bir yerdə. Bunun səbəbi var. Bir qədər sonra bu şəklə aydınlıq gətirəcəyik.

 

Şəkili taksi sürücüsü şəhid evinə getdiyimi görəndə məndən pul almaq istəmir. Bir qədər dartışırıq.

 

- Mən şəhid evinə gələn adamdan pul götürə bilmərəm, - deyir.

 

- Sən iş başındasan, mən də öz işimi görməyə gəlmişəm! - Pulu zorla oturacağa qoyub, qapını bağlayıram. Əks tərəfə keçəndə adam maşından düşüb, mənə yaxınlaşır.

 

- Ağsaqqal, - deyir, - mən o pulu götürə bilmərəm! Biz onlar üçün nə qədər eləsək də azdır. - Təxminən yaşıd olarıq, yəqin, saqqalımın ağlığını görüb, belə müraciət edir.

 

- Səni başa düşürəm, sən də məni başa düş. Sağ ol, - deyib, qapıya doğru gedirəm. Adam asta səslə, arxamca dillənir:

 

- Nə qədər eləsək, azdır!

 

Bir anlıq yerimdə donub qalıram: "Bəli, azdır!". Əminəm, taksi sürücüsü səsimi eşitməsə də, onlar - 2783 əbədi ürək məni eşidir.

 

Bura şəhid Cəbrayıl Dövlətzadənin ailəsinin son illər kirayə yaşadığı ünvandır. Həyət cənnət qoyuxur, sanki. Sakitcə mənzilin qapısını döyürəm... Bir qədər əvvəl telefonla danışmışam, evdə məni gözləyirlər.

 

Hədiyyə olunmuş şəkil albomu

 

Şəhidimizin anası Məleykə Məmmədzadə ilə üz-üzə oturub Cəbrayılın şəkil albomuna baxırıq. Bu albomu Cəbrayıldan sonra hazırlayıb ailəyə bağışlayıblar. Bir-birindən xoşbəxt anlar, həyat dolu görüntülər. Bu şəkillərdə Cəbrayıla doğma olan hər kəs var: ana, bacı, qardaş, xala...

 

- Mən onları asan böyütmədim. Tale elə gətirdi 16 yaşım olanda ailə qurdum. İlk övladım qızdır, Məryəm, 22 yaşı var. Üç yaş böyükdür Cəbrayıldan. Cəbrayıl isə 2001-ci il sentyabrın 11-də Sumqayıtda dünyaya gəlib. Balacası da oğlandır, 12 yaşı var, adı Sahibdir. Bəzən yazırlar ki, Cəbrayıl Coratda anadan olub. Xeyr, elə deyil, Coratda Cəbrayılın atasının valideynləri yaşayıb. Doğrudur, ana övladlar arasında heç vaxt seçim etmir, amma Cəbrayıl evimin dirəyi idi. Bütün ümidim ona idi. İnanırdım ki, o bu ailəni ayaqda saxlayacaq, bacısına, qardaşına, mənə dayaq olacaq.

 

Övladarı üçün yaşayan qadın

 

Həyat yoldaşımdan ayrılanda Cəbrayılın 9 yaşı tamam olmamışdı. Cəbrayıl yanımda idi, elə bilirdim evimdə kişi var. Bir müddət Sumqayıtda yaşamışıq, o evi uşaqların ata babası vermişdi bizə. Kişi dünyasını dəyişən kimi uşaqların atası həmin evi satdı. Məhkəmə həmişə mənim xeyrimə qərar çıxarırdı, amma elə oldu ki, ayağım sındı, bir müddət xəstəxanada qaldım, gəzə bilmirdim, yatağa düşdüm, uşaqların atası bundan istifadə elədi, təkrar məhkəmə oldu və bu dəfə hakim onun xeyrinə qərar verdi. Həmin qərardan sonra gəlib uşaqlarımla bərabər məni evdən çıxartdılar. Valideynlərim olmasaydı, küçədə qalacaqdıq. İndi qulağıma çatır, orda-burda sinəsini irəli verib özünü ata kimi təqdim edir. Onun bu uşaqların heç birinin üstündə haqqı yoxdur. Cəbrayıl uşaqlıqda ağır xəstələnmişdi, ata olan adam bir dəfə də gəlib xəstə uşağına, yoldaşına baş çəkmədi. Axırda dəfələrlə zəng vurduqdan sonra, ayaqüstü gəlib bizə dəydi. Heç dərmanlarını almağa da kömək eləmədi. Ailəyə qarşı, uşaqlarına qarşı çox qəddar idi. Elə bil zorla evlədirmişdilər onu. Biz evlənəndə qardaşımın yaxşı imkanları vardı, sonra o rəhmətə getdi, ailəmiz düşdü. Bunun da münasibəti dəyişdi. Axırda da xəyanət elədi. Nə deyim ey... Arı şirəyə cuman kimi o da harada pul, imkan varsa ora cumur. Uşaqlarıma görə hər şeyə qatlaşırdım, amma axırda səbrim daşdı. Allaha şükür edirəm ki, uşaqlardan heç biri ona oxşamadı. Mən bu uşaqları necə böyütmüşəm, bir Allah bilir. Böyük qızımın 12, Sahibimin 2 yaşı vardı onda.

 

Uşaqları böyütməliydim

 

Uşaqları böyütməliydim. Ali təhsilli olmağıma baxmayaraq özümə iş tapa bilmirdim. Valideynlərim çox dəstək oldu mənə o illərdə, amma bu belə davam edə bilməzdi. İxtisasca hüquqşünasam, məcbur olub təmizlikçi işlədim. Ayağım sınandan sonra ailə ümumiyyətlə, çətinlik çəkməyə başladı. Allah Cəbrayılımı qorusun! - Gözlərimin içinə baxır. Mənim də gözlərim dolur. Bəli, bu ana üçün oğlu həmişə sağdır! - Cəbrayıl həm orta məktəbdə oxuyurdu, həm də şadlıq evində süfrəçi işləyirdi. Nə yaşı vardı ki?! Amma evə kömək üçün əlindən gələni edirdi. Bir müddət uşaqları da götürüb İstanbula köçdüm. Atamın yaxınları vardı, mənə iş tapmağa kömək etdilər. Tekstil fabrikində işə düzəldim. Qızım mənimlə bir yerdə işləyirdi, Cəbrayıl isə pide evində çalışırdı. Cəbrayıl orta məktəbdə həmişə yaxşı oxuyub, müəllimləri başına and içirdi. Tərbiyəsi də gözəl idi. Amma ailəyə baxmaq üçün IX sinifdən məktəbi atdı, işlədi. Başa düşürdü ki, təkbaşına ailəni dolandırmağa çətinlik çəkirəm.

 

İstanbulda ona ortaqlıq təklif etdilər

 

İstanbulda işləyəndə Cəbrayıl qısa müddət ərzində özünə hörmət qazandı, hamı başına and içirdi. Müdirin etibarını qazanmışdı, seyfin açarına qədər bütün işi ona etibar edirdi. Bəzən günlərlə özü gəlmirdi işə, bilirdi Cəbrayıl oradadırsa, heç bir problem ola bilməz. Dəfələrlə Cəbrayıla ortaq olmağı təklif etmişdi. Bizdə harada idi o imkan ortaq olmağa. Müdir deyirdi ki, səndən heç nə lazım deyil, sadəcə, işin başında ol, yetər. Cəbrayıl əsgərliyi bəhanə gətirirdi, çünki mütləq orduda xidmət etmək istəyirdi. Bu gün də Cəbrayılın, mənim Türkiyədəki iş yoldaşlarımız əlaqə saxlayırlar. Cəbrayılla bir yerdə işləyən oğlan vardı, Onur. İstanbuldan zəng vurmuşdi, hönkür-hönkür ağlayırdı. Mənə yazırlar, danışırlar. Hamı pis olub, bu xəbər hamını sarsıdıb. İndiki zəmanədə atasız uşaq böyütmək, özü də oğlan uşağı böyütmək çətindir. Cəbrayıl heç vaxt məni çətinə salmayıb. Yaşından tez böyüdü o. Nə vaxt böyüdü, nə vaxt kişi oldu bilmədim ki...

 

Həmişə istəmişəm uşaqlarım xeyirli övlad olsunlar! Razıyam onlardan. Mən onlara sevgidən, tərbiyədən başqa heç nə verə bilmədim. Ən ağır günlərimizdə bir yerdə olduq, dayaq olduq bir-birimizə. Əslində, elə ailə budur. Həmişə uşaqlarımın yaxşı yaşamasını arzulamışam, onlar üçün hər əzaba qatlaşmışam. Heç kəsə bildirmirdim ailəmdən ayrıldığımı. Heç kəs uşaqları atasız böyütdüyümü bilmirdi. Uşaqlar da demirdi. Üstəlik, Cəbrayıl da yaşının az olmasına baxmayaraq, qısqanc idi. Məni, bacısını çox qısqanırdı. Heç əsgərlikdə olanda da bildirməmişdi atasından ayrı olduğumuzu.

 

O, bu sirri gizlədirdi

 

Həmişə mən gedirdim onun yanına. Əsgər dostları "niyə atan gəlmir?" - soruşurdular. Deyirdi atamın işi elədir ki, çıxa bilmir. Əsgər dostlarına "atam var" göstərmək üçün bir neçə dəfə özü zəng vurub, deyəsən, atasına. O ata elə uşaqların, Cəbrayıl kimi oğlunun qədrini bilmədi. Hələ indi onun dostları xəbər tutub ki, Cəbrayıl atasızdır.

 

14 yaşı olanda bir dəfə qəfildən mənə dedi: "Ana, əgər sən təzədən ailə qursan, mən səninlə qalmayacağam!". Hələ də onun bu sözləri yadımdan çıxmayıb. Min ailə qurban olsun Cəbrayıl kimi oğula. Nə ailə qurmaq? O söhbət birdəfəlik bağlandı o vaxt. 

 

Cəbrayıl çox qoçaq uşaq olub həmişə. Kimin onun köməyinə ehtiyacı olubsa, canla-başla qəbul edib. Yaxşı dostları vardı və o uşaqlar bu gün də mənim yanımdadırlar.

 

Bayaq dedim, bizim Türkiyədən qayıtmağımızın əsas səbəbkarı Cəbrayıl oldu. Mütləq orduda xidmət etmək istəyirdi. Məndən soruşdu: "Əsgər anası olmaq istəmirsən?!". Nə cavab verə bilərdim. Qəribə uşaq idi, məni heç vaxt əsəbiləşdirməzdi. Bir şey də olsa könlümü almağın yolunu bilirdi. Baxırdı üzümə, qəribə gülüşü vardı. Heç kəs onun kimi gülə bilməz. Sonra da bir kəlmə - "ömrüm" deyirdi mənə, hər şey qurtarırdı. Biz dost idik, sirdaş idik. Sahib balacadır hələ, amma böyüklərin ikisi ilə də dost olmuşam.

 

Həyat eşqi ilə aşıb-daşan şəhidim

 

- Bəzən ən yaxınımızda olan qəhrəmanı tanımaq üçün hər hansısa tarixi şərait yetişməli olur. Təxminən iki ay yarım əvvəl Cəbrayılı ancaq ailəsi, dostları, tanışları tanıyırdı, bu gün bütün Azərbaycan ondan danışır. Rəsmlər çəkir, musiqi yazır, rep oxuyur, rəqs edir... Həyat eşqi ilə dolu bir gənc. Gələcəklə bağlı nəsə bir plan qurmuşdu? Bəlkə də incəsənət sahəsində böyük uğur qazana bilərdi...

 

- Oğlum altı yaşından Sumqayıtda idmanla məşğul olub, doqquz il "cü-do"ya gedib. Adil müəllimin onun üzərində böyük əməyi var. Adil müəllim bacarığına, istedadına, həvəsinə qarşılıq olaraq bəzi fəndlər öyrətmişdi Cəbrayıla. Oğlum deyirdi ki, müəllim bu fəndləri ancaq mənə öyrədib və deyəsən, gün gəldi Cəbrayıl həmin fəndlərdən döyüşdə istifadə elədi, erməni generalını yalın əllə boğdu. Bircə peşəkar idmanla məşğul olub. Rəssamlıq da, musiqi də həvəs idi onda. Özü də solaxay idi. Şəkilləri də sol əllə çəkirdi, yazını da solla yazırdı. Bir şəkil çəkmişdi, indi bilmişəm həmin şəkli özünün çəkdiyini, dostları dedi mənə. Onların yanında çəkib. Öz portretidir, yaxasında kəpənəklə... Altında yazı da var: "Səni sevirəm". O vaxt demişdi ki, qız çəkib. Açığını deyim də, onunla maraqlanan qızlar çox idi, xətrini istəyənlər də, könlünü verənlər də, amma hələ heç kəsə ümid verməmişdi. Deyirdi əsgərlikdən qayıdaram, sonra baxarıq o işlərə. Belə mövzulardan danışanda o dəqiqə yanaqları qızarırdı. Yaxşı gitara çalırdı. Replərin sözlərini də özü yazıb. "YouTube"a qoyublar. Məşhur olmaq istəyirdi. Yəqin, ürəyindən keçirdi incəsənət sahəsinə getmək, amma hər şeyi əsgərlikdən sonraya planlaşdırmışdı. Əsgərliyə gedəndən sonra isə fikrini dəyişdi.

 

Əsgərlikdə olanda fikrini dəyişdi

 

Yəni əsgərlikdə xüsusi təyinatlı kimi xidmət edirdi, xidmətdən sonra da orduda qalmaq fikrindəydi. O uşağın əlindən gəlməyən iş yox idi. Tapşır evi təmir eləsin. Döşəmə vursun. Elə bil Allah ona bütün qabiliyyətləri vermişdi. Şadlıq evində az müddət süfrəçi işlədi, sonra onu baş süfrəçi keçirtdilər. O yaşda... Bir yaxşı xasiyyəti də vardı: bir işi başladısa, heç vaxt yarıda qoymazdı, sona qədər gedərdi.

 

- Bəs bacısı ilə, qardaşı ilə münasibəti necə idi? Onlara necə dayaq olurdu, onlarla bağlı hansı arzuları vardı?

 

- Qardaşına ata idi. Sahibim həmişə ona hörmət edirdi, hər çətinliyini onunla bölüşürdü. Aralarında heç vaxt narazılıq olmayıb. Həmişə böyük kimi ona yol göstərib. Dedim də sizə, bu uşaq yaşından əvvəl böyüdü. Yeri gələndə ağsaqqal kimi aparırdı özünü. Əsgərliyə gedəndə qardaşına dedi ki, evin kişisi sənsən daha, ananın, bacının sözünə bax. Bacısını çox istəyirdi. Yaşda Məryəm ondan böyük də olsa, Cəbrayılı həmişə özündən böyük kimi qəbul edib. Evin kişisi idi bir sözlə. Böyük-kiçik yeri bilən. Mən xəstəxanada yatanda hər gün yanıma gəlirdi. O gələndə palatadakı xəstələr bütün ağrılarını unudurdular. Birinin yastığını düzəldirdi, birinə çay süzüb verirdi. Birinə xoş sözlər deyib kefini qaldırırdı. Özünü hamıya istətmişdi. Xəstəxana yoldaşlarım xəbəri eşidib zəng vururlar mənə. Deyirlər, o uşaq mələk kimi gəldi dünyaya, Allah mələk kimi apardı öz yanına.  

 

Hamının sevimlisi

 

Cəbrayıl çox güclü uşaq idi. Dalaşqan, cığal deyildi, amma dostlarına kömək lazım oldusa, tez özünü çatdırırdı. Cavandırlar da, bir də gördün kiminsə söhbəti çəp düşdü. Özünün heç vaxt problemi olmayıb, dostlarına görə dava-dalaşa düşüb. Sonra dalaşdığı uşaqlarla dostlaşırdı. Xəbər tutanda danlayırdım onu, deyirdim, niyə bizi düşünmürsən, sənə bir şey olsa, bıçaqlayıb eləsələr biz neylərik?! Deyirdi, filankəsin atası yoxdur, ya da anası yoxdur... Oturub-durduğu uşaqların çoxu elə idi. Deyirdi, dostum kömək istəyir, mən onu tək qoya bilmərəm. 

 

- Dörd gündən sonra əsgərlikdə olmasının bir ili tamam olacaqdı, planları barədə soruşdum, məlum oldu ki, orududa qalıb xidməti davam etdirmək fikrində olub. Niyə birdən-birə fikrini dəyişdi ki?

 

- Bəlkə də kimsə xidmətdən yorulur, bezir, canını qurtarmaq istəyir, amma mənim oğlum elə deyildi. Çox bağlanmışdı orduya. İlk günlərdən hamının hörmətini qazanmışdı orada da. Komandiri vardı, leytenant İbrahim Abdullayev, Cəbrayıldan sonra o da şəhid oldu. Əsgərlikdə ən yaxın dostu Nurlan Qurbanlı idi, o da şəhid oldu. Nurlandan da sonra atası dözmədi, rəhmətə getdi. Elə bil bu uşaqlar bir-birlərindən ayrı yaşamağı sığışdırmadılar özlərinə.

 

Şəhid olan dostlar

 

Artıq hamı bilir, xüsusi təyinatlılarımız düşmənin canına od qoyub. Bu uşaqları xüsusi seçmişdilər. Hər biri qəhrəman idi. Əvvəl komandirləri Cəbrayıla deyib ki, xüsusi təyinatlılarda xidmət etmək çətindir, xidməti bitir get evə, bir işlə məşğul ol, fikrindən döndərə bilməyib. Ən çətin tapşırıqları da canla-başla yerinə yetirirmiş. Onlar günün çox hissəsini məşq edirlər, hazırlaşırlar. Çətindir, doğrudan da. Yeni ildən sonra artıq onu MAXE kimi işə götürəcəkdilər. Şərəf lövhəsində nümunəvi əsgər kimi şəkli asılmışdı. Komandirləri deyir, silahlarla çox sərbəst davranırmış. Asanlıqla söküb-yığırmış hamısını.

 

Hamı deyir, ordumuz indi çox dəyişib. Əsgərlər xidmət zamanı komandirlərdən ailə sevgisi görürlər. Məncə, elə qələbəmizin əsasını bu sevgi, bu birlik qoydu. Orada hamı bir-birinə etibar edirdi. Hamı doğma idi.

 

- Şəhid olandan sonra belə bir söhbət yayıldı ki, Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun şəhid olması Cəbrayıla pis təsir edib və generalın qisasını alacağına and içib.

 

- Dostu Amidlə danışanda deyib bunu. İyul hadisələri zamanı generalımız şəhid oldu, xəbər Cəbrayıla pis təsir eləmişdi. Səhv etmirəmsə, generalla şəxsən tanış olub. Axı o, milli ordudan öz xahişi ilə ərizə yazıb xüsusi təyinatlı hissəyə keçirilmişdi. Onlara hər şey çatır. Generalın çox yaxşı adam olduğunu, əsgərlərini çox istədiyini deyirdi. Mənə deməmişdi, amma sonradan eşitdim, Tovuz döyüşlərində Cəbrayıl da iştirak edib. Bir müddət telefonuna zəng çatmadı, sonra danışanda dedi ki, bu tarixi yadında saxla, qayıdaram, söhbət edərik.

 

Gecikməyən qisas

 

Ümumiyyətlə, əsgərlikdən çox danışmazdı. Amma əgər o general doğrudan da, deyildiyi qədər olubsa, elə bir insanın qisasını necə almayasan? Əlbəttə, anayam, çox ağır itkidir, əvəzi olmayan itkidir mənim üçün. Kaş o da qazi olaydı, iki ayağını itirəydi, ömrüm boyu qulluğunda duraydım... (Göz yaşlarını silir). Bilirəm ki, yanımdadır. Məni heç vaxt tək qoymaz oğlum. Ruhu burdadır, eşidir məni... Yuxuda da çox canlı görürəm. Ətrini hiss edirəm. Əsgərliyə yanına getmişdim. Yay idi, tərləmişdi, çox qəribə tər qoxusu gəlirdi ondan, dünyanın heç bir ətri onu əvəz edə bilməzdi. Yanından qayıdandan sonra anama da dedim, Cəbrayıldan cənnət qoxusu gəlirdi elə bil.

 

- Bəzən söz tapa bilmirəm təskinlik verməyə. Sözün bitdiyi yer deyirlər ha, bax o, buradır mənim üçün. Sizin həyətə girəndə çox gözəl ətir hiss etdim. Ətrafa baxdım, çiçək, ağac görmədim, amma hiss etdim həmin ətri. İndi danışırsınız, tüklərim tikan-tikan olur.

 

Hər adam sözünü tuta bilmir. Bəzən emosional bir məqamda adam nəsə deyir və sonra unudur. Müharibə Cəbrayıla verdiyi sözü tutmağa şans verdi və o, çox kişidən fərqli olaraq sözünün üstündə durdu. Bu gün hamı Cəbrayılla fəxr edir və onun adı, qəhrəmanlığı haqqında hələ çox danışılacaq.

 

O acı xəbər ildırım sürətilə yayıldı bütün Azərbaycana. Gözlərimizdə yaşla qardaşımızın qəhrəmanlığını eşitdik. Hamımız şəhidlərimizlə bir yerdə öldük, qələbələrimizlə dirildik.

 

Anama deyərsən ki...

 

- Son dəfə dostu Amidlə danışıb. Hadisədən 5 gün əvvəl, deyib anama demə, biz gedirik. Haqqını halal elə, anama da deyərsən haqqını halal eləsin. Bilirəm, bizdən narahat getdi, amma görünür, nə etdiyini bilirdi mənim oğlum. Haqqında danışırlar, hiss edirəm ki, o, Vətəni məndən, bizdən üstün tutub. Amma and olsun Allaha, hiss edirəm ki, bax bu dəqiqə yanımdadır. Düz deyirlər, şəhidlər ölmür ki... O, nəsə başqa bir məkandır, başqa bir şeydir. Sözlə izah eləmək olmur. Hər dəfə yuxuda mənə deyir ki, ana ağlama. Sən ağlayanda mən burda narahat oluram. İnanmazdım bu qədər güclü olduğuma, dözə biləcəyimə, amma dözürəm hələ ki... Doğrudur, əsəblərim pozuldu, indi müalicə alıram, amma dözürəm də... Bəlkə də oğluma evdə bir şey olsaydı, mənim yanımdan getsəydi, dözə bilməzdim. Sağ olsun xalqımız, bir an bizi tək qoymadılar. Kimlər zəng vurmadı, kimlər gəlmədi... Düz bir ay əvvəl, avqustun 28-də son dəfə görüşmüşdüm onunla, sentyabrın 28-də balam şəhid oldu. Şəhidlik də hər adama nəsib olmur. Mənim balam ən uca, ən gözəl məqamdadır.

 

- O hadisə ilə bağlı ağla sığmayan söhbətlər gəzir. Mənə elə gəlir ki, ən doğru məlumatı sizə deyiblər. Necə olub, Cəbrayıl ermənilərlə təkbətək qalıb?

 

 

 

Film kimi şəhadət

          

- Cəbrayıl üç silah gəzdirirmiş, qumbaraatan, avtomat və tapança. Bilirdim oğlum qəhrəmandır, qoçaqdır, amma belə ad qazanacağını bilməzdim. Müharibənin ilk günləri olub hadisə. Murov silsiləsi uğrunda döyüşdə. Komandirləri indi də yazırlar ki, bu müharibədə sayseçmə uşaqları itirdik, amma Cəbrayılın yeri başqa idi.

 

Hadisənin axşamı xəbər tutdum oğlumun şəhid olmasını. Əməliyyat olub, əvvəl kəşfiyyata gedib, qayıdıb. Sonra da xüsusi təyinatlılar. Zabitlərlə bir yerdə Cəbrayıl da gedib. Nə qədər eləsələr də onu saxlaya bilməyiblər. Deyib dostlarımla bir yerdə gedəcəyəm. Qumbaraatanla erməni generalın getdiyi maşını partladıb, generalın papağı maşında imiş, özü olmayıb. Sonra döyüş yoldaşlarına deyib ki, siz gözləyin, mən posta girəcəyəm. Zabitlər onu tək buraxmaq istəməyiblər, deyiblər, gözlə bir yerdə gedək, sözə qulaq asmayıb. Deyib, mən subay oğlanam və gedib. Təkbaşına qaçaraq özünü posta çatdırıb. O, şəhid olandan sonra görüblər, getdiyi yolda altı dənə mina olub, amma Allah saxlayıb onu. Postda ona yaxın erməni əsgərini silahla vurub öldürüb, sonra gülləsi qurtarıb, xüsusi təyinatlıların bıçağı da olur. İki erməni polkovnikini də əlləri ilə öldürüb. Generalla təkbətək qalıb, onu da boğaraq öldürüb.

 

Sonuncu təbəssüm

 

Yəni işini bitirib, sağ-salamat qayıdırımış geriyə, özü də gülə-gülə qayıdırmış, baş barmağını qaldırıb ki, hər şey əladır. Bu vaxt minomyotla gülləyə tutublar ermənilər onu. Allah cəzalarını versin! Ağır yaralanıb, ermənilər onu əsir götürmək istəyiblər, dostları balamı döyüş zonasından çıxarıb, xüsusi təyinatlılarda ölmək var, yaralanmaq var, əsir düşmək yoxdur. Onu götürən uşaqlardan biri də yaralanıb o vaxt. Minomyot Cəbrayılın ayağının şah damarını parçalayıb, qanaxmadan həyatını xilas eləmək olmayıb... 

 

Söhbətləşdi Əyyub Qiyas

 

Ədəbiyyat qəzeti.-2020.-12 dekabr.- S.16-17.