AZƏRBAYCAN VƏTƏN ŞƏRQİSİ

 

Azərbaycan torpağıdır türk yurdunun ürəyi,

Hifz etməli o ölkəni nasıl gözün bəbəyi.

Tarixə bax, unutma sən ulu baba, dədəyi,

Qan tökmüşlər bu Vətənçün, həp çəkmişlər əməyi.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Könüllü get sən yazıl o mübarək səfərə.

 

Qatarı sal, atını min, tüfəngi al əlinə,

Babalardan irs qalan qılıncı tax belinə,

Bir yabançı qədəm qoymaq istər isə elinə.

Bəhri-Xəzər coşub-daşar, tab gətirməz selinə.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Könüllü get sən yazıl o mübarək səfərə.

 

Bir hüdudun İsgəndərin səddiqarlı Dağıstan,

Hər daşının dalısında yatmış yüzlərlə aslan,

Bir hüdudun Şiri- Xurşid- qədim tarixli İran,

Bir hüdudun cənnət bağı, o qönçəli Gürcüstan.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Könüllü get əsgər yazıl o mübarək səfərə.

 

Hisar fələk Gəncə dağı Koroğlunun yatağı,

Qayasına çıxıb tikmiş tərlan kimi otağı,

Şərur, Ordubad, Naxçıvan Azərbaycan budağı,

Qoyma girsin o mübarək yerə düşmən ayağı.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Könüllü get sən yazıl o mübarək səfərə.

 

Cənab Allah tapşırmışdır bu yerləri əmanət,

Vəzifəmiz qoruq çəkmək, saxlamaqdır səlamət,

Çalışayım, yurdumuza göstərəyim sədaqət,

Hər müşkülü asan edər çalışmaqla mətanət.

Vətən üçün, millət üçün gənclər getdi əsgərə,

Şəhid olsan adın düşər tarix ilə dəftərə.

 

 

Məhəmməd ƏLİ

 

Ədəbiyyat qəzeti.-2020.-12 dekabr.- S.9