Ali Baş Komandanım!

 

Qırx dörd günlük Vətən müharibəsində poladdan da sərt iradə, vətənpərvərliklə yoğrulmuş əzmkarlıq, mənfur düşmənlə mərdanə döyüş aparmaq nümunəsi, ağılasığmaz qəhrəmanlıq örnəyi,

 

dünyanı heyrətə salan qeyri-adi sərkərdəlik və siyasətçi etalonu nümayiş etdirən, halal torpaqlarımızı yağı tapdağından qurtaran, xalqımızın təhqir edilmiş qeyrətini cənnətməkan şəhidlərimizin müqəddəs qanı ilə arındırıb paklandıran, millətimizin aşağılanmış heysiyyətini xilas edən, Azərbaycanımızın yeni şanlı tarixini yaradan, bu misilsiz qələbələrlə yanaşı, özünün və atasının - ustadının mübarək adlarını əbədi olaraq tarixin silinməz səhifələrinə qızıl hərflərlə həkk edən dəmir yumruqlu, ulu öndər yadigarı, xalqımızın güvənc ünvanı, pənah yeri, istəkli lideri, sərkərdəmiz, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin, həmçinin vahid bir yumruq kimi onun ətrafında birləşən müdrik millətimizin və Vətən yolunda varlığını əsirgəməyən Qalib Ordumuzun şəninə min-min alqışlar və səcdələrlə Moskvadan, xalq ruhunda qələmə alınmış qırx dörd bəndlik kiçik bir Zəfər nəğməsi.

 

 

Otuz il yasa batdıq,

Qəm alıb, qüssə satdıq,

Gecələr sərsəm yatdıq,

Sayəndə kama çatdıq,

Ali Baş Komandanım.

 

Nikol lap ağ eylədi,

Bizə hədyan söylədi,

Xox gəldi, bərk küylədi,

Gör yağıya neylədi,

Ali Baş Komandanım.

 

Əsgərinə "Vur!" dedi,

Xalqa "Ayıl! Dur!" dedi,

Düşməni "Öldür!" dedi,

Sözünü çox gur dedi,

Ali Baş Komandanım!

 

Əmr verdi nər əsgərə,

Al qan oldu dağ-dərə,

Leşlə doldu bənd-bərə,

Mərmi yağdı hər yerə,

Ali Baş Komandanım!

 

Yumruğu dəmir olan,

Qatilə verməz aman,

Mane olmaz çən-duman,

Uca dağda qar-boran,

Ali Baş Komandanım!

 

Alçaqlar öz xoşuna,

Çıxıb getməz boşuna,

Mindirsinlər "toşuna",

Haray çəkin qoşuna,

Ali Baş Komandanım!

 

Ordumuz hərbə hazır,

Düşmənə qəbir qazır,

Mərə kafir yol azır,

Əbədi tarix yazır,

Ali Baş Komandanım!

 

Uğur Sənlə əkizdir,

Düşmənə qan əmizdir,

Adın xalqa əzizdir,

Soyun safdır, təmizdir,

Ali Baş Komandanım!

 

Ulu öndər balası,

Elin qeyrət qalası,

Yağıdan öc alası,

Tarixə ad salası,

Ali Baş Komandanım!

 

Xalqımın gözü səndə,

Qorqudun sözü səndə,

Əməlin düzü səndə,

Zəfərin özü səndə,

Ali Baş Komandanım!

 

Silahı zağlı saxla,

Tankları yağlı saxla,

Sərhədi bağlı saxla,

Ölkəni tağlı saxla,

Ali Baş Komandanım!

 

İttək qovdun yağını,

Dağladın dırnağını,

Çıxartdın cızdağını,

Dağıtdın yığnağını,

Ali Baş Komandanım!

 

Alçaqdır Nikol tula,

Satılıb "yaşıl" pula,

Çevirdin onu qula,

Qoy getsin çala-çala,

Ali Baş Komandanım!

 

"Yallı" gedən heyvana,

Bambılı Paşinyana

Dərs verdin ağayana,

Di qalsın yana-yana,

Ali Baş Komandanım!

 

Haylar nələr yapdılar,

Çıxış yolu tapdılar,

Unitazı qapdılar,

İrəvana çapdılar,

Ali Baş Komandanım!

 

Paşinyanın küt başı,

Özünə çaxdı daşı,

Satqındı yar-yoldaşı,

Zəhərə döndü aşı,

Ali Baş Komandanım!

 

Əsgər qorxmaz heç nədən,

Hərəsi bir tuncbədən,

Zabitlər çıxmaz əmrdən,

Yumruğun var dəmirdən,

Ali Baş Komandanım!

 

Müxalifət, iqtidar,

Xalq yolunda xidmətkar,

Daha bircə şüar var:

"Millət olsun bəxtiyar!"

Ali Baş Komandanım!

 

Şəhidlərə min rəhmət,

Məqam uca, məkan cənnət,

Qazilərə məhəbbət,

Şəfqət, diqqət, səxavət,

Ali Baş Komandanım!

 

Xudam bizə yar olsun,

Şuşamızda bar olsun,

Xarıbülbül var olsun,

Düşmənlərə ar olsun,

Ali Baş Komandanım!

 

Millətin ruhu sazdır,

Muğamat xoş avazdır,

Üzümüzə gülən yazdır,

Qarabağ bizə azdır,

Ali Baş Komandanım!

 

Alqışlar, igid əsgər,

Mübarəkdir bu Zəfər!

Qurban olum, qalx, dikəl,

Göyçəni al bu səfər,

Ali Baş Komandanım!

 

İrəvansız nə Vətən?!

Tənə vurur hər ötən.

Yatmaz torpağı itən,

Şadlanar haqqa yetən,

Ali Baş Komandanım.

 

Zəngəzur zarın ağlar,

Sinəsi yara bağlar,

İmdad umar bu dağlar,

Arzulayar xoş çağlar,

Ali Baş Komandanım.

 

Güney ilə işim yox,

Dəmir Qapı gözə ox,

Bu ilmədə kürmək çox,

Yol arayaq könlü tox,

Ali Baş Komandanım!

 

Borçalıda müşkül var,

Yar olsun pərvərdigar,

Seyrəlsin mərdimazar,

Tez sağalsın bu azar,

Ali Baş Komandanım!

 

Ayılıb yatan "dayı",

Qapacaq müftə payı,

Dəyyusun çoxdu sayı,

Amandı sıxma yayı,

Ali Baş Komandanım!

 

Çar Nikolay gorbagor

Haydan bizə hörüb tor,

Qudurub quduz nankor,

Bas kökünə yanar qor,

Ali Baş Komandanım!

 

Xalq düşmüşdü zillətə,

Çarə tapdı illətə,

Haylar döndü lal itə,

Qürur verdi millətə,

Ali Baş Komandanım!

 

Baş açır hər sahədən,

Kəlamı bədahətən,

Güc gəlir İlahidən,

Dərs alıbdı Dahidən,

Ali Baş Komandanım!

 

Var olsun nər Ərdoğan,

Yüz yaşasın Xan İmran,

Birləşib, qurun Turan,

Türk yurdu olsun şadman,

Ali Baş Komandanım!

 

Savaşa şəkk edənlər,

Rişxənd ilə gülənlər,

Hər an fürsət güdənlər

Geysinlər ağ kəfənlər,

Ali Baş Komandanım!

 

İlantək sürüşkənlər,

Harın, laxa gödənlər,

Sənə qarşı gedənlər,

Ölüb yerə girsinlər,

Ali Baş Komandanım!

 

Şahrızlanan bağça, bağ,

Diriltdiyin Qarabağ,

Hayqırır ki, dağsan, dağ!

Sal qayasan, sağ ol, sağ!

Ali Baş Komandanım!

 

Düşmənləri teyləyən,

Haqlı sitəm eyləyən,

"Can Vətən! Can!" söyləyən,

Alp ərlərə söykənən,

Ali Baş Komandanım!

 

Xankəndi, Laçın yolu,

İgidlərlə olsun dolu,

Möhkəmlət sağı-solu,

Düşmənin sınsın qolu,

Ali Baş Komandanım!

 

Haylar ağır şələdi,

Satqın ona lələdi,

Allahdan bir bəladı,

Dörd yanımız tələdi,

Ali Baş Komandanım!

 

Cavanlıqdan tanışıq,

Ciddi, müdrik, xoşqılıq,

Şakəridi yaxşılıq,

Xalqa paylar muştuluq,

Ali Baş Komandanım!

 

Siyasəti yüzdəyüz,

Poliqlotdu düppədüz,

Müsahiblə üzbəüz,

Cavab verər sözbəsöz,

Ali Baş Komandanım!

 

Zəkana dünya heyran,

Fəxr edir Azərbaycan,

Ağ atlı Qalib oğlan,

Boyuna aləm qurban,

Ali Baş Komandanım!

 

Torpağı tam alasan,

Heydərabad salasan,

Daim başda qalasan,

Xalqa çarə qılasan,

Ali Baş Komandanım!

 

Palıd kök üstə bitər,

Səndən dərs alar Heydər,

Vaxt gələr, vədə yetər,

Ölkəyə olar rəhbər,

Ali Baş Komandanım!

 

Yar olsun Yaradanım!

Mədət, şahi-mərdanım!

Möhkəm dur, gözüm, canım!

Ey Türk oğlu, İlhamım!

Ali Baş Komandanım!

 

Şəninə yazdı dastan

Coşub Abuzər Turan,

Ey aslan oğlu aslan!

Qarabağ - Azərbaycan!

Ali Baş Komandanım!

 

Moskva, 30 sentyabr-5 dekabr, 2020-ci il

 

 Abuzər TURAN

 

Ədəbiyyat qəzeti.-2020.-24 dekabr.-S.6.