Türkcədən türkcələrə

 

Türkcənin türkcələrə bölünməsi (diferensiasiyası) tarixini düzgün metodoloji əsaslarla öyrənməyin üç yolu var: onlardan birincisi ilk orta əsrlərdən başlayaraq mövcud zəngin türkdilli yazılı abidələrin xronoloji qaydada, yəni prospektiv olaraq müqayisəli araşdırılmasıdır; ikinci yol müasir canlı türk dillərindən retrospektiv olaraq addım-addım daha əvvəlki, hər dəfə daha çox ortaqlıq nümayiş etdirən dövrlərə gedilməsidir; üçüncüsü isə Mahmud Kaşğari "Divan"ından bu günə qədər tərtib edilmiş dilçilik əsərlərinin sözügedən bölünmə prosesinə münasibətinin ardıcıllıqla izlənilməsidir.

 

Əlbəttə, yalnız bundan sonra hər üç istiqamətdə alınmış nəticələr qarşılaşdırıla, türk dili, yaxud dilləri tarixinin, bəlkə də, ən fundamental məsələsi heç bir ciddi mübahisəyə yer qalmadan həll oluna bilər.

 

Hər üç yola bu və ya digər dərəcədə baş vurulsa da, etiraf etmək lazımdır ki, əldə edilmiş nəticələr son dərəcə pərakəndə, fraqmental olmaqla yanaşı, çox hallarda ümumi bir elmi təsəvvür yaratmayacaq qədər ziddiyyətlidir.

 

Əlbəttə, birinci halda yazılı, ikinci halda isə əsasən şifahi dil materialının müvafiq olaraq prospektiv və retrospektiv tədqiqi tamamilə fərqli metodoloji üsullar tələb edir. Üçüncü hal isə ilk növbədə onu nəzərdə tutur ki, türkcənin türkcələrə çevrilmə proseslərinə elmi dilçilik əsərlərinin münasibəti analitik təfərrüatı ilə təsvir edilsin.

 

***

 

Türkcənin türkcələrə bölünməsini yazılı abidələr vasitəsilə öyrənərkən qarşımıza çıxan ilk mənbələr, heç şübhəsiz, qədim türk (run) mətnləridir ki, onların kifayət qədər müfəssəl təsvir olunmuş dili qədim türkcənin fonetik, leksik və qrammatik mənzərəsi, eləcə də üslub xüsusiyyətləri barədə aydın təsəvvür yaradır. Doğrudur, bu dilin zamanca pratürkcəyə yaxın olub onun əsas əlamətlərini nümayiş etdirdiyini inkar eləmək çətindir, ancaq bilavasitə pratürkcə olduğunu demək mümkün deyil. Hər şeydən əvvəl ona görə ki, yazılı abidələrin dili nə qədər qədim dövrlərə aid olsa da ümumən dilin yox, məhz ədəbi dilin keyfiyyətlərini daşıdığından normalaşma prosesinin bu və ya digər dərəcədə yekunu kimi çox-çox sonrakı dövrləri səciyyələndirir.

 

Qədim türk (run) yazılı abidələrindən sonra uyğur (soqd) və ərəb əlifbası ilə yazılmış abidələr gəlir ki, hər üç dil hadisələri təxminən beş yüz ilik bir dövrü (VII-XII əsrlər) əhatə etməklə, bir tərəfədən, ümumən türkcəni, digər tərəfdən, onun a) oğuz, b) karluq və c) qıpçaq təmayüllərinin təşəkkülünü əks etdirir. XIII əsrdən XVIII əsrə qədər türkdilli yazılı abidələrin həm yaranma coğrafiyası genişlənir, həm müxtəlif regionlara yayılmış türk ədəbi dillərində həmin regionlara məxsus "dialekt" xüsusiyyətləri meydana çıxır, həm də diferensiasiya meylləri güclənir ki, biri digəri ilə sıx əlaqədə olan bu proseslər, əslində, orta əsrlərin sonu, yeni dövrün əvvəllərindən etibarən türkdilli yazılı abidələrə formalaşmaqda olan müxtəlif türk xalqları mədəniyyətlərinin özünəməxsus hadisələri kimi baxmağı tələb edir. Məsələn, Nəvainin özbək dilində, Füzulinin Azərbaycan, Baqinin Türkiyə türkcələrində yazması, bütün ortaq cəhətlərilə birlikdə, filoloji baxımdan elə bir mübahisə doğurmur. Və nəticə etibarilə, get-gedə dərinləşən fərqlər XIX əsrin sonlarına doğru türkdilli mətbuatın, kitab nəşrinin, teatr sənətinin, XX əsrdə əvvəl radio, sonra isə televiziyanın fəaliyyəti ilə daha da kütləviləşir. Heç zaman arası kəsilməyən dialekt-şivə bölünmələri istər yazılı, istərsə də şifahi ədəbi dil normalarının stabilləşməsi (və cəmiyyətdə mədəni amil olaraq nüfuz qazanması) ilə elə maneələrlə qarşılaşır ki, dil yaranandan start almış həmin təbii bölünmə stixiyası tədricən sosial kontingentin çox az hissəsinin nitq enerjisilə kifayətlənməli olur.

 

Əlbəttə, ədəbi dilin tarixini əks etdirən yazılı abidələr mövcud xronoloji gedişilə yalnız türkcənin dialekt diferensiasiyasında normativləşdirici impulslar olaraq qalmır, eyni zamanda hər bir dövrün beynəlxalq dillərinin ədəbiləşdirici - intellektual təsirlərinə də xüsusi həssaslığı ilə seçilir. Və ona görə də türkcənin türkcələrə bölünməsində dialekt diferensiasiyası ilə yanaşı, beynəlxalq dillərin təsirindəki ümumiliklə fərqliliyin nisbəti heç cür əhəmiyyətsiz ola bilməz.

 

***

 

Türkcənin türkcələrə bölünməsi tarixinin öyrənilməsində müasir canlı türk dillərindən keçmişə doğru hərəkət, yəqin ki, yazılı abidələrin xronoloji tədqiqi qədər inandırıcı görünmür. Ancaq bu, daxili əsasları olan məsələyə zahiri münasibətin ifadəsindən başqa bir şey deyil. Və əslində, türkcənin türkcələrə bölünməsinin nə qədər sxematik də olsa, daha məntiqi üsulu "bu gün"dən "keçmiş"in dərinliklərinə doğru gedən retrospektiv yolun ayrı-ayrı mərhələlərini aşkarlamaqdan ibarətdir.

 

Deyək ki, biz XVII, XV, yaxud XIII əsrlərdə türkcənin türkcələrə bölünməsinin ümumi mənzərəsini yazılı abidələrin köməyi ilə az-çox aydın təsəvvür etmək imkanlarına malik deyilik. Bunula yanaşı, heç bir şübhə yoxdur ki, müasir türk dilləri yaxzılı (ədəbi) tarixlərinin nə zamandan başlamasından asılı olmayaraq ən geci XIX əsrin sonu, XX əsrin əvvəllərindən mövcuddur. Əgər çuvaş, yakut (Saxa), Altay, xakas, balkar, qumuk və s. dillərin yazılı abidələrinə XVIII əsrə qədər, demək olar ki, heç yerdə təsadüf etmiriksə, bu, o demək deyil ki, onlar həmin əsrdən sonra təşəkkül tapmışdır. Əks halda "yazısı olmayan dillərin tarixi də yoxdur" kimi qeyri-elmi müddəaya haqq qazandırmalı olardıq.

 

Protürkcənin sxematik mənzərəsini məhz müasir türkcələrin müqayisəsilə rekonstruksiya etmək mümkündür. Hər şeydən əvvəl ona görə ki, burada "müasirlik" anlayışı tamamilə şərti olub bu və ya digər türkcənin stabil xarakterindən çıxış edir. Yəni hər hansı bir türkcə əsrindən asılı olmayaraq artıq formalaşmışdırsa, onun tarixi məhz müasirliyinin tarixini təşkil edir. Çünki biz türkcələrin müqayisəsində ayrı-ayrı fonem, leksem, yaxud qrammemlərə deyil, həmin türkcələrin məhz sisteminə əsaslanmağa məhkumuq.

 

Əlbəttə, yazılı abidələrin xronoloji araşdırılması müxtəlif türk dil coğrafiyalarında qərarlaşan norma fərqlərini ortaya çıxarır, türkcələrin retrospektiv tədqiqi isə ədəbi norma üçün şərt olmuş təbii nitq texnikası təzahürlərinin istinad etdiyi dil mexanizmlərini (sxemlərini) bərpa edir.

 

Metodoloji əsaslılıq baxımından bu cür fundamental əkslikləri necə uyğunlaşdırmaq, yaxud bir araya gətirmək olar? Məsələ burasındadır ki, yazılı abidələrin verdiyi (prospektiv) dil materialına münasibətdə biz "nitq"i, türkcələrdən türkcəyə retrospektiv hərəkətdə isə "dil"i araşdırırıq. Lakin yenə də məhz həmin metodoloji əsaslılıq naminə belə bir suala cavab vermək tələb olunur: türkcəni bir dil hadisəsi kimi qəbul edib, müxtəlif türkcələri onun nitq təzahürləri olaraq izah etmək mümkündürmü? Zahirən az məntiqli görünməyən bu suala "dil"lə "nitq"i ən mükəmməl bir səviyyədə fərqləndirmiş Ferdinand de Sössür təliminə müvafiq olaraq mənfi cavab verməli olacağıq. Ona görə ki ayrı-ayrı türkcələrdən fərqli olaraq türkcənin "sərbəst işarələr sistemi" ümumi ictimai sazişi qəbul etmir. Yəni türkmənlərin bir, tatarların başqa bir, uyğurların isə hər ikisindən fərqli verbal ünsiyyət texnologiyaları təşəkkül tapmışdır ki, həmin texnologiyaları daha əvvəlki dövrlərə, xüsusilə "ortaq dövrə" - şərti olaraq "qədim türk" dili adlandırdığımız dövrə yalnız kəmiyyət əməliyyatları ilə aparıb çıxarmaq mümkün olmazdı.

 

***

 

Türkcənin türkcələrə bölünməsi prosesi, çox böyük dilçilik mədəniyyəti faktıdır ki, onu türk dilçiləri də vaxtlı-vaxtında izləmişlər. Həmin prosesin "gündoğan"ını təsvir etmək qisməti dahi Mahmud Kaşğarinin taleyinə yazılmışdı. Əlbəttə, Mahmud Kaşğarini müqayisəli-tarixi dilçiliyin banisi saymaq qədər əzəmətli bir metaforanın altına girmək çətindir. Lakin heç bir şübhə yoxdur ki, o, türkcənin türkcələrə bölünməsini ilk dəfə (və elə bir tarixi müfəssəlliklə) təqdim etmişdir ki, heyran olmamaq mümkün deyil. Və bu heyranlıq, tamamilə təbii olaraq, ona gətirib çıxarmışdır ki, "Divani-lüğat-it türk" müəllifinin türkcənin türkcələrə bölünməsinin "perspektivlər"ini guya öncədən görməsi barədə olduqca maraqlı bir mülahizə (Əbdüləzəl Dəmirçizadə) də meydana çıxmışdır.

 

Əlbəttə, biz dahi dilçinin hamıya məlum olan bölgü təşəbbüsünün detallarını burada bir daha yada salmaq istəmirik, lakin qeyd etmək lazımdır ki, bu detallar türkcənin a) oğuz, b) qıpçaq və c) karluq fərqlənmələrini ilkin vəziyyətində təqdim edən ilk peşəkar müşahidələrdir.

 

Orta əsrlərin istər sonrakı mərhələlərində,istərsə də yeni dövrdə bir sıra türk dilçiləri türkcənin bölünməsi barədəki mülahizələrini "Divan" müəllifi qədər təfsilatlı olmasa da hər halda söyləmişlər. Bununla belə etiraf etmək lazımdır ki, Mirzə Kazımbəyin yeri o baxımdan müstəsnadır ki, o, türk dillərinin XIX əsrdəki mənzərəsini mövcud diferensial keyfiyyətində təsbit etməyin klassik nümunəsini vermişdir. Və həmin klassik təqdimatı XIX əsrin sonu, XX əsrin əvvəllərinə məxsus "ləhcə"-"dil" tərəddüdləri kontekstində təkmilləşdirən ən böyük dilçi isə professor Bəkir Çobanzadə olmuşdur ki, həmin tərəddüdlər məhz dövrün ideoloji tendensiyalarının diqtə etdiyi "diferensiasiya" - "inteqrasiya" maraqlarından irəli gəlirdi.

 

Müasir dövrdə isə həmin maraq bir sıra hallarda özünü hiss etdirsə də, əminliklə demək olar ki, dilçilikdə artıq çoxdandır ki "türk ləhcələri" yox,"türk dilləri" anlayışı hakimdir. Söhbət yalnız müstəqil türk dillərinin ədəbi təzahürləri ilə yanaşı, müxtəlif ləhcələrindən gedə bilər.

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.-2020.-24 dekabr.-S.7.