İrəvanın yolları
Roman
Əvvəli
49,51,52,56-cı saylarımızda
***
...Komandiri onu
görəndə yanında xəcalətli iş
görmüş adam kimi pörtdü. Ayağa durub irəli
yeridi. Şahinə tərəf asta addımlarla yeriyib onunla
necə görüşmək barədə fikirləşirdi
ki, əsgəri onu qabaqladı: - Xoş gördük.
Komandir doluxsundu:
- Biz o zaman qərara
gəldik ki, hadisəni həm səndən gizlədək, həm
də səni evə göndərək. Çünki səni
görüb ailənin toxdayacağını
düşünürdük.
Şahin təfərrüatlara
varmağı lazım bilmədi, komandirini başa düşürdü.
Onsuz da olan olmuşdu. Ruhinin ağır
yaralandığını hamı bilirdi. Həkimlər qəlpələri
çıxartmışdılarsa da, əsas bədən
üzvləri ciddi şəkildə zədələnmişdi.
Gecə-gündüz başının üstündən əskik
olmadılar... amma xilas edə bilmədilər...
- Gəlmişəm
deyim ki, daha mən ömürlük hərbçi
olmağı qərara aldım.
Komandir bir daha
Şahini qucaqladı. Kövrəldi. Elə bircə: - Təbrik
edirəm, - dedi. Artıq sözə ehtiyac yox idi. Bəzi sənədləri
imzalatdırıb şad xəbər verirmiş kimi dilləndi:
- Yeni
çağırışçılar gəlib. Belədirsə,
gedək səni bölüyünlə tanış edim.
- Əvvəlcə
gedim döyüş yerlərimizə baş çəkim,
yarım saata qayıdıram.
- Yaxşı...
Burda gözləyirəm.
Şahin qərargahdan
çıxdı. Üzüaşağı düşə-düşə
tanış əsgər yoldaşlarının salamlarına, əhval-pürsanlıqlarına
cavab verirdi.
Xeylaq
aralandı. Gözdən-nəzərdən bir az uzaq idi.
Ehmalca dönüb arxaya baxdı. Deyəsən, gözlərini
zilləyib ona diqqətlə baxan yox idi.
Düşünürdülər ki, qardaşının
döyüş yerlərini bir daha ziyarət edir, nələri
isə xatırlayır. Əlbəttə, yara təzə və
amansız idi. Belə tez ötürə bilməzdi, hələ
çox göynədəcəkdi - onu görənlər belə
düşünürdülər.
Cibindəki
bıçağı çıxarıb çəməni
kvadrat şəklində kəsməyə başladı. Səliqəli
işləyirdi. Bir az əlləşdi. Əlini altdan
salıb kəsdiyi torpaq parçasını ehtiyatla
götürdü. Gülnarənin məktubunu
qazdığı yerə qoydu. Titrəyən barmaqları ilə
yan-yörəsini diqqət çəkməsin deyə,
hamarladı. Gözlərindən düşən
damcılardan üşəndi. Axı, o ağlamırdı.
İçinin
necə yandığını bir özü bilirdi. Son
gücünü toparlamağa çalışırdı,
amma bacarmırdı. İçindəki göynərti
göz yaşına dönüb düz ürəyinin
içindən axıb gəlirdi. Qəlbi elə
çırpınırdı ki, birdən-birə qorxmağa
başladı. "Ayə, ölərəm ey qəfildən".
Yan-yörəsinə baxdı. Cürbəcür həşəratlardan,
rəngbərəng çiçəklərdən başqa
heç nə yox idi. Əsgərlər də yuxarıda - təpənin
başında hərə öz işi ilə məşğul
idi. Ürəyi sancırdı, elə bil havası
çatmırdı. Amma əsl bol, təmiz hava elə məhz
burda idi. Bəs noolmuşdu?
Dikəldi.
Yavaş-yavaş yuxarı qalxmağa başladı. Dik qalxmaq,
əlbəttə, olmazdı. Ona görə köndələn
yeriyirdi, yoxsa daha bərk tövşüyərdi və
halsızlaşardı. Çox pis olmuşdu.
Əsgərləri
gördükcə özünə gəlirdi. Tanış mənzərələr,
məlum mühit onu sakitləşdirirdi... İndi öz
qabındaydı.
Komandiri Lələtəpənin
zirvəsinə sancılmış bayrağın altında
onu gözləyirdi.
***
Ölkə
başdan-başa Aprel zəfərini yaşayırdı.
Ayın ortaları idi. İnsanların üzündə
görünməmiş bir sevinc, şadyanalıq vardı.
Hamı bir-birini təbrik edir, şəhidlər ən uca
sözlərlə, ehtiramla yad olunurdu. Millətin qəddi
düzəlmişdi. İnsanlarda inanılmaz ruh yüksəkliyi
vardı. Lələtəpənin o biri üzündəki yerlərdə
düşmənin hərbi texnikaları darmadağın
olmuş vəziyyətdə atılıb qalmışdı.
Meyitlər də var idi. Hərdən külək həmin
meyitlərin qoxusunu Lələtəpənin zirvəsinə də
aparırdı. Erməni tərəf meyitləri gəlib
aparasıydılar. Hansısa nüanslar dəqiqləşdirilməliydi.
Azərbaycan əsgərləri
bayrağımızın altında fəxrlə gəzir,
uzaqda tüstülənən düşmən obyektlərinin
qalıqlarına baxırdılar. İçlərini göynədən
təəssüflə "Necə əlimizi soyutdular e!
İndi Xankəndidə oturmuşduq. Şuşaya hücuma
keçirdik. Ax, namərdlər!" - deyə göynəyirdilər.
Rauf da onların
içindəydi. Əsgərlərdən bir az aralanıb irəli
yeridi. Həsrətlə qarşıdakı təpəlikləri,
ermənilərin tez-tələsik toparlanıb özlərinə
Nüzgar kəndinin hündür təpəsində yeni qərargah,
yeraltı qazmalar düzəltmələrinə
baxırdılar. Çiyninə qoyulan əlin məhrəmliyindən
bildi ki, komandir müavini, mayor Cəfərovdur. Heç kim belə
ərkyanalıqla ona yaxınlaşmazdı.
- Hara
baxırsan?
Rauf heç nə
deməyib əlini irəli uzadıb işarəylə
qarşı tərəfi göstərdi.
- Nə
görürsən?
- Nə görəcəm?
Dağılmış evlərimiz, tüstülənən
ocaqlarımız, bizi gözləyən vətən
torpaqları...
- Daha nə
görürsən?
- Heç nə...
elə dağılmış evlər, adamsız yollar...
- O yollar bilirsən
hara gedir?
- ...?
- O yollar İrəvana
gedir, qədim dədə-baba torpaqlarımıza. Rauf, səni
əmin edirəm ki, biz bir vaxt o yollarla gedib qədim ellərimizə
sahib çıxacağıq. Sabah, birisi gün, bir aydan, bir
ildən, beş ildən sonra - onu dəqiq deyə bilmirəm.
Amma adıma əmin olduğum kimi, səni də əmin edirəm
ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən
əlində qoymayacağıq. Həmin vaxt heç kim
qabağımızı kəsə bilməyəcək. Kimsə
bizdən döyüşü dayandırmaq barədə
xahiş etməyəcək. Etsə də, heç kimi
eşitməyəcəyik. Mütləq
torpaqlarımızı azad edəcəyik. Sən buna qəlbin
kimi əmin ol!
- Haçan bə,
komandir? Haçan bə?!.
Belə deyib Rauf
Cəfər müəllimin yaxasını əlində elə
xışmaladı ki, müavinin ayaqları yerdən
üzüldü. Bayaqdan onları müşahidə edən hərbi
rəhbərliyin içindən iki nəfər o tərəfə
yeriyəndə mayor Həmidov işarə etdi.
- İşiniz
olmasın. Yenə Raufun şairliyi tutub. Heç nə olmaz.
Amma gözünüzü çəkməyin.
Raufa pələng
gücü gəlmişdi. Cəfər müəllim asta səslə
ehtiyatla deyirdi:
- Bizə
baxırlar. Sən nə edirsən? Hərbi qaydanı pozursan.
Belə olmaz axı.
Rauf
yavaş-yavaş qollarını boşaltdı. Cəfər
müəllim üst-başını səliqəyə
salıb ətrafa baxdı. Həmidovun işarəsini
yaxşı anlamışdılar. Deyəsən, onlara tərəf
baxan heç yoxuydu. Hər kəs öz işindəydi.
Rauf
çökdü. Əlləri ilə başını tutdu.
Sonra yoğun barmaqları xırda diş-diş çalov kimi
torpağın dərinliklərinə işlədi. Gicitkən,
cəmirtkən, tikan qarışıq torpağı
xışmaladı. Sonra o biri əlini işə saldı.
Barmaqları qanaq-qanaq olmuşdu. Dırnağı ilə
mayası bir-birindən ayrılmışdı.
Barmaqlarının ucundan qan axırdı. Ancaq ağrı hiss
eləmirdi. Yana-yana deyirdi:
- Gör necə
bir fürsəti əldən verdik. İndi Xankəndini, o biri
rayonlarımızın da hamısını
almışdıq. "Millət millət olur öz hünərilə".
Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadəyə!
Gör bizi necə aldatdılar. Onlar o zamankı
dolaşıq, başsız vəziyyətimizdən istifadə
edib rayonlarımızı bir-birinin ardınca zəbt edəndə,
onlara deyən olmadı ki, dayanın. Onda BMT-nin qərarları,
ATƏT-matət, Helsinki Bəyannaməsi heç kimin
yadına düşmədi. Adam yanıb tökülür.
Cəfər
müəllim üst-başını qaydaya salırdı. Amma
qulağı Raufda idi.
- Sevinirik ki, Lələtəpəni
aldıq. Sevinc çox nisbi ifadədir... Hal-hazırda indiki
şəraitdə bizim üçün. Ona görə ki, məqsədimizə
tam çatmadıq. Düşmənin əfsanələşdirdiyi
Ohanyan səddini darmadağın etdik. Erməni
dığalarına gücümüzü göstərdik. Bir
neçə rayonumuz daimi hədəfdən azad oldu. Amma
Şuşa qalıb axı... Xankəndi, Xocalı, qədim
şəhərimiz İrəvan qalıb axı...
İşğal olunmuş rayonlarımız heç
insafdır ki, bir addımlığımızda ola-ola, yenə
düşmən əlində qalsın? Vurub düz İrəvana
qədər gedərdik. Belə, ən azı
işğaldakı rayonlarımızı azad edib
bayrağımızı Xankəndinə taxardıq. Həmişə
millətin vətən eşqi, cəsurluğu fontan vuranda bir
namərd zəngi, bir dövlət
başçısının yersiz və həyasız
müdaxiləsi qabağımızı kəsir. Həmişə
bizi yarıyolda qoyur. Qələbəmizi başa
çatdırmağa imkan vermir. O vaxt ağdamlılar
yürüş edib erməniləri Xankəndidən iti qovan
kimi qovub məsələni həll edəcəkdi. Xuraman
xalanın yaylığı aşıb-daşan qəzəbimizi
içimizdə boğdu. Mirzə Ələkbər Sabir
demişkən, "öz tığımız öz rişəmizi
kəsdi sərəpa!". Düşmən nəfəs dərdi,
güc topladı, dünyanı ayağa qaldırıb özlərinə
nə qədər qahmar tapdılar. İçimizdəki namərdlərin
də əli ilə neçə-neçə itkilər
verdik. Xocalının başı üzərində oyun
getdiyini nə qədər desələr də, hamı kor
oldu, kar oldu, lal oldu, milləti heç nədən
qırğına verdilər. Yenə də zərbə
özümüzə dəydi. Yenə də geri düşən
biz olduq.
Raufun
çiyninin atılıb düşməsi elə gennən də
bilinirdi. Yenə hansısa ağrının ürəyinə
toxunduğunu hamı anlayırdı. Dostları
yumruqlarını sıxıb, ürəklərinin iniltisini
birtəhər ötüşdürürdülər. Təsəllilərini
ermənilərin atıb getdikləri texnikalara, puleymotlara, Lələtəpənin
ətəklərinə səpələnmiş düşmən
meyitlərinə baxmaqla sakitləşdirirdilər.
- Deyirsiz ki,
böyük dövlətin başçısı zəng elədi,
hücumu dayandırdı. Ermənistanın ikinci prezidenti
Koçaryan kopoyoğlunun Moskvada bir kitabı
çıxıb - "Həyat və azadlıq". Orda
deyir ki, biz artıq Ağdama girmişdik. Yerevandan zəng edib
dedilər ki, biz burda otura bilmirik, Moskvadan, BMT-dən, ATƏT-dən,
müxtəlif ölkələrdən gələn təhdidedici
zənglərin əlindən. Bütün xəbər
agentlikləri, hətta Azərbaycan mətbuatı da yazır
ki, ermənilər Ağdamı işğal ediblər. Bu,
doğrudurmu? Siz orda nə edirsiniz. Mən cavab verdim ki,
heç nə, biz təpələrin üstündə
oturmuşuq. - Təpələrdə nə gəzirsiniz? Dedim:
- Orda onların artilleriyası vardı, bizi vururdular. Məcbur
olduq onları bir az hərəkətləndirək. Deyir, səhərisi
Ağdamın boşalmış küçələrinin
şəkillərini çəkib onlara göndərdim ki, biz
boşalmış şəhərə girməyə məcbur
olduq... İndi biz vurub gedib Ağdamı, Füzulini, Xankəndini
götürüb deyə bilməzdik ki,
qoşunlarımızı saxlayana qədər o əraziləri
Azərbaycan qoşunları tutmuşdular. Niyə yenə xətir
üçün xəstə yatan biz olduq?..
Cəfər
müəllim ehtiyatla gah sağ, gah da sol əlini Raufun
çiyninə qoyub nə isə deyirdi. Uzaqdan eşitmək
mümkün olmasa da, sakitləşdirici, ümidverici sözlər
dediyi duyulurdu...
"Sən hələ
bir az gözlə..."
"Sən bir
az gözlə... hələ...".
Bakı-2019
Səyyad Aran
Ədəbiyyat qəzeti.-2020.-24
dekabr.-S.9.