Bilsən,
dünyada hər gün nə qədər gözəllik məhv
olur...
M.Paviçin "Məbəd
şəkilli ağ Tunis qəfəsi" hekayəsi əsasında
Bilsən,
dünyada hər gün
nə qədər gözəllik
məhv olur...
Yaxşı
qurulmuş cümləyə qulaq asmaq - gözəl
otaqların və zalların arasıyla addımlamağa bənzəyir.
Milorad Paviç
Qəribədir,
hamının xof və qorxu içində olduğu bu günlər,
şübhəsiz, az və ya çox zərərlə bitəcək,
ağırdı, nə qədər üzücü olsa da, əsas
bu deyil, tarix belə şeyləri çox görüb, əsas
olan odur ki... bir də ayılıb görərik ki, həyatın,
taleyimizin bizə bəxş etdiyi adamlar yoxdu, bu günlərdə
"yoxdur" sözü dibsiz boşluq yaradıb, faciə o
adamları gəzib tapmayanda başlayacaq...
Həyatda itirdiyini
xəyalında qurmağa çalış, bir gün görərsən
ki, itmiş hesab etdiyin nəsnə, əslində, daim sənin
içindəymiş, olduğu yerdən bir qarış belə
aralanmayıb.
Qərbdə
"XXI əsrin ilk yazıçısı"
adlandırılan Milorad Paviçin "Məbəd şəkilli
ağ Tunis qəfəsi" hekayəsi metamarfozalar
üstündə qurulub. Əvvəl hansısa qəzetə
verdiyi müsahibəsini, sonra hekayəsini oxumuşdum.
Paviç barokko üslubunun tamamilə yansıdığı
və İntibahdan gələn özəl cizgilərlə
(gizli və sirli-!) zənginləşdiyi romanların müəllifidir.
Bu mətnlərdə hər şey qeyri-adidir, eynən
yazıçının dünya və ədəbiyyata
baxışı kimi. Bəzən bu barokko üslubunun dərinliyində
İntibah estetikasının ştrixlərinin yer
aldığını görərsən, bu da təbiidir, -
adıkeçən hekayəsində bir məqamda, yəni hər
şeyin realdan real təsvir edildiyi pasajda qarşında cilvələnən
gözəlliyi gördüyün zaman, "əslində, bu
şeylər yoxdur" qənaəti səsləndirilir, yəni
canlı şəkildə, gözlərinlə
gördüyün nəsnələrin "yoxluğu" elə
təsvir edilir ki, yoxluqla varlıq arasında zamanla əbədiyyətin
kəsişdiyi nöqtənin hərəkətini hiss edirsən.
Bu hərəkət bir anlıqdır, sayrışıb
keçir, sonra görüb-görmədiyini kəsdirə
bilmirsən, amma şüurunda, daha önəmlisi, təxəyyülündə
elə şırım açır ki, daim ağrı gəlirmiş
kimi hiss edilir və "lövhədə" yeni sualların
yazıldığını görürsən. Paviçin
müsahibəsində dediyi sözdür: bu dünyada
cavabların sayı suallardan qat-qat çoxdur, səhvi
düzünə qarışıb, onlar hər an, sənin
hissiyyatının ən güclü, ən dərinə
işlədiyi anda belə bir-birlərindən ayrı deyillər,
ona görə nəyin düz, nəyin düz
olmadığını bilsən də
qarışdırırsan, sonsuz kainatın içində hər
şeyin, ən kiçik toz zərrəsinin yeri əvvəlcədən
bəlli olsa da... Buna görə də ən gözəl
şey həyatda yox, xəyalında canlandıra bildiyindir.
Bəzən yerlə
göy arasında dolaşan bütün qoxular canından
keçər, onları hiss edərsən, yaddaşına kod
kimi yazılar və bir gün onların yox
olacağını heç unamazsan, ancaq gün gələr
bu, baş verər. Ancaq ən dəhşətlisi, bunun əksi
olan hal - Patrik Züskindin "Parfümer" romanında
göstərdiyi səhnədir. Toplumun içində "ala
qarğa" olduğunu anlayan kimi insan dünyanın
künc-bucağında tökülüb qalmış
gücü canına yığıb hücuma keçir. Və
bu onun gündəlik işidir. Başqa heç nə. O,
nişan alıb hədəfə götürdüyü
insanları faktiki olaraq "yeyir", ancaq bir gün
özü də vəhşicəsinə tikə-parça
edilib həzm-rabedən keçilir. Sanki heç yoxmuş. Hər
şey belədir - həm var, dəhşətlidir, həm də
yox, izi-tozu bilinmir. Hər belə hadisə işarətlərə
marağı kəskin şəkildə artırır. Hər
gün ilkdi, həm də son. Vaxtilə Çeslav Miloş
yazmışdı bunu:
Göylərdən
əlamət və işarə gözləyənlər
Hər şeyin
başlandığına hələ də inanmırlar.
Hələ ki
günəş və ay göydədir
Hələ ki
eşşəkarıları qızılgülün
qonağıdı
Hələ ki
gül kimi balalar doğulur
Hər şeyin
başlandığına necə inanasan.
Yalnız
çalsaçlı qoca, bəlkə elə peyğəmbər
Ancaq o deyil, deyil,
oxşatmışıq sadəcə,
Pomidorları bir
yerə yığır, dodaqaltı deyinir:
Dünyanın
başqa sonu olmayacaq, - deyir.
***
Hekayənin qəhrəmanı
sevdiyi qadını xəyalından diri şəkildə həyata
qaytarmaq istəyir. O, yuxusuzluqdan əziyyət çəkir. Məqsədini
gerçəkləşdirmək üçün Belqradın
gözəl yerlərindən birində özü
üçün bir ev seçir, sənəti dizayner
olduğundan bu evdə əşyaları elə yerləşdirir
ki (əlbəttə, xəyalında...), bu ona M.Y.-ni
canlandırmağa kömək etsin. Bəzən insanın xəyalında
qurduğu nəsnələri başqa bir insan gerçəkləşdirir,
informasiya axını, enerji keçidi baş verdimi, hər
şey çox qəribə şəkil alır, bu mənada
hekayə başqa təhkiyələrdən
quraşdırılmış, mərtəbə-mərtəbə
ucalan, inşa edilən mətni xatırladır. Bir kitab ondan
min verstlik uzaqda yerləşən başqa bir kitabdan
"yığılanda", məhz o zaman orijinal olur.
Çünki Paviçin fikrincə, "...Kitablar arasında
süd və qan qohumluğunu dil yaradır. Dil isə şərti
başa düşülməlidir. Axı dilin kökündə,
onun ritmini və səslənməsini dəyişə bilən
və onlarla bərabər özü də dəyişən
məna dayanır". Hekayədə sevdiyi qadını
canlı görə bilmək niyyətinin gerçəkləşməsi
üçün bircə ümid yeri var: hərəkətlərin
xəyalda cəmlənmiş materiyasını kimsə
hökmən hiss etməlidir. "...Axı mən evə
yalnız yuxusuzluğumu məğlub etmək
üçün tərtibat vermirdim. Bunun üçün daha
vacib... başqa bir səbəb də var idi: Evə daxil
olduğum andan yuxuya gedənə qədər hərəkətlərini
xəyalımda canlandırmaq kimi axmaq bir üsulla da olsa, mən
Y.M.-ni yenidən həyatıma qaytarmaq istəyirdim. Evə
yerləşdirdiyim əşyalar Y.M.-nin hərəkətlərini
xəyalımda canlandırmağa kömək edirdi. O, mənim
tanıdığım ən qıvraq qadın idi. O, ən
birinci görməyi, birinci əlini uzatmağı, sapanddan
daş atarcasına cavab verməyi bacarırdı. Məhz bu qədər
cəld olduğu üçün düşünürdüm
ki, Y.M. hərəkətlərinin xəyallarımda cəmlənmiş
materiyasını hiss edə və nə qədər ki, gec
deyil onlara cavab verə bilər. Bəlkə də o, bir gecə
həqiqətən addımlarının və rəqslərinin
inikas etdiyi bu evə baxmağa gələcəkdi".
Hər şey hekayədə
yazıldığı, qəsd edildiyi kimi baş verir. Qəhrəmanın
xəyalında qurduqları inanılmaz şəkildə
reallaşır, xəyalında tərtibat verdiyi evə gedir,
Y.M.-nin adındakı hərflərin sayı qədər on
yeddi otağın hər birində günlərlə
düşündüklərini seyr edir, düşüncələrindəki
otaqlardan çıxıb real həyatdakı evə
düşür və heyrətdən donub qalır. Ancaq əsl
heyrət qığılcımı sonra qopacaqdı. Məsələ
nədir? Niyə hər şey saxta sonsuzluq və bir anlıq əbədiyyətin
içindədir? Onun dəhşətli heyrətinin
qarşısını almaq üçün qız deyir ki, əslində,
gördüyün heç nə həqiqət deyil. İzah
da axtarma. Məgər sevgini izah etmək lazımdı?
Giriş qapısındakı taxta tutacaqdan tutmuş
şüşə tavana qədər, heç nə, əslində,
mövcud deyil. Mən də yoxam, həqiqət deyiləm. Sənin
inanmamağının da bir mənası yoxdu, çünki sən
də yoxsan. İkimiz də bir kompüter oyununun içindəyik.
Bizi bura əsl Y.M. yükləyib. Bu cür oyunlar, əlbəttə,
saxta sonsuzluq effekti yarada bilir və bu, onların irəli məziyyətlərindəndir.
Ancaq bu olayı
Paviçin müsahibəsindəki gözəlliklə
bağlı dedikləriylə tutuşdurduqda başqa mənalar
yaranır. Daha doğrusu, hekayənin içindəki məna
zolağı genişlənir və haçalanır. "Hər
gün dünyada tonlarla gözəllik ölür, bunu heç
kim hiss eləmir. Ona görə də hiss eləyənlər
gözəllikləri xilas etməyə
çalışmalıdır. Bacardıqca çox gözəllik
xilas etmək. Sənətkarın vəzifəsi budu. O,
gözəlliyin xilaskarıdı".
Başqa bir mətləb
də var. Bir şeyi o qədər ürəkdən,
bütün varlığınla istərsən ki, o nəsnə
doğrudan gerçəkləşər. Bu kimi şeylər
sadəcə görünmür, ancaq bütün real şeylərdən
daha diri və daha gerçək olurlar. Bu mənada "Ağ
Tunis qəfəsi" ifadəsi də yerinə
düşür...
Yazının
başında Paviçdən gətirilən sitatı onun
yazıyla, yazıçı mətni ilə bağlı
konsepsiyasının düsturu hesab eləmək olar. Bədii
mətn, bu hörgünün hər bir vahidi - söz, cümlə
və sair, oxunmazdan öncə eşidilməlidir ("mən
oxucu üçün deyil, dinləyici üçün
yazıram..."), buna görə də yazıçı
üçün şifahi ədəbiyyat, deyimin verbal keyfiyyəti
hər şeydən önəmlidir. Bəzən, yox elə
tez-tez "ədəbi əsərlər oxunmur" deyirlər,
zənnimizcə, bu fikir Paviçin həmin konsepsiyasında
işarə edilən boşluqlarla əlaqəlidir. Oxucu
qulağına çatmayan, ürəyinə yayılmayan
şeyi oxumaz, yəni iy, qoxu... bilmədən var olmayan nəsnəyə
yaxınlaşmaz və onunla ünsiyyətə girməz. Bu mənada
poeziya ilə müqayisədə (şairlər
yazdıqları parçaları daim oxumaq, kimlərəsə
çatdırmaq üçün bir az da əldən-ayaqdan
gedərlər...) nəsr daha çox eşidilməyə
möhtacdır və sözlərin arasındakı cazibəni,
sətirlər arasında yuva quran sirli ətirləri
çatdırmaq həm çətindir, həm də bəlkə
də gözəlliyi duymaq yolunda ən məşəqqətli
iş. Tolstoy, Dostoyevski, Çexov, Mirzə Cəlil, Axundov,
Flober, Kamü, Folkner bu işi bacardıqlarına görə
hər oxucunun ürəyinin, bəlkə də dünyada
mövcudluğunun ritminə uyğun şəkildə zənn
edildiklərindən çoxdular, onlarla bağlı mübahisə
də bu ritmlər, bu mənalar arasında gedir.
Son
məqam. Epiqrafdakı deyim: yaxşı qurulmuş cümləyə
qulaq asmaq... Paviç nəsr əsərini, xüsusən
romanı ucsuz-bucaqsız bir ərazi kimi təsəvvür
edir. Deyir ki, mən oxucuya, romana, istədiyi cümlədən
daxil olub, istədiyi vaxt çıxmaq azadlığı vermək
istəyirəm. Əslində, bu, dil qatındakı
şifahiliklə bağlı bir məsələdir,
dastanları yada salın, onların içindəki bu
"giriş-çıxış azadlığı"
yazılı ədəbiyyatda, demək olar ki, yoxdur,
Paviçin buna can atması romanı sövq-təbii,
yazıçı intuisiyası ilə kökünə
qaytarmaq ehtirasından doğur. Homerlə bağlı dedikləri
buna nümunədir. "Homer sizin üçün kimdir?"
sualına cavab verir: "...Mən, həmişə Homer kimi,
qədim epik şairlərə bənzəməyə
çalışmışam. Homer "İliada" və
"Odissey" kimi şah əsərlərinin
başlanğıcını və sonunu müəyyən etsə
də, Yunanıstan və Serbiyadakı qədim epik şairlər
(Homer daxil olmaqla) hər dəfə yeni nəğmə oxuyurdular.
Onlar istədikləri nöqtədən başlayır və
yeni əhavalata keçmək lazım gələndə
dayanırdılar. Mənim üçün bu, ədəbiyyat
tarixinin ən qədim dərsidi". Zənnimizcə, ədəbiyyat
tarixi yazan ədəbiyyatşünaslar bunu nəzərə
almalıdırlar və bu barədə ayrıca
danışmağa dəyər.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.-2020.-24
dekabr.-S.8.