"Allahın yanındayam, Ana"

 

Salam Ana!

Nigaran qalma məndən,

Allaha əmanət etdiyindən

Onun yanındayam...

Üfüq ağappaq,

Günəş süd rəngindədir burda...

Şəfqətli əllərini düşünüb

sağaltmışam yaramı.

Evim çiçəklərdən,

libasım dualardan tikilib.

Yurdun dağlarına

sancıb gəldiyim

bayraq dalğalandıqca

çiçəkdən evimə rahatlıq gətirir...

Ana, Şəhidlik

Tanrı mükafatıymış,

çoxu sənin payına düşmüş.

Sən göstərdiyin yol

gətirdi məni bura.

“Cənnət anaların ayağı altda” deyincə,

ayaqlarına əyilib yığdığım öyüdlərdən

mələklər başıma tac qoyublar indi...

Ana demə, sənə bir gəlin gətirmədim,

zümrüd gözlü,

qara telli Qarabağı sevdiyimdən,

Könlümdə heç bir qıza yer vermədim.

Leyladan başqa,

Məcnunun kimsəni

sevə bilmədiyi kimi...

Allahın yanındayam, Ana!

Dualarımın qanadları var burda...

Bir ağız duam yetişincə,

Bir damla qanım tökülən torpaqdan,

çinar boylu,

dəli-dolu,

Vətən sevdalı,

min-min oğul göyərəcək.

Allahın yanındayam, Ana!

Vətən üçün döyüş,

Tanrıdan buyruqmuş,

Haqq yolunda savaşmış,

Vətən qurban diləyəndə

Demə, Allah ən çox sevdiyini

yanına çağırarmış...

Dostlarım Şuşaya bayrağı,

adımı anıb sancdığı gün

adım Vətən olacaq!

Cənnətdən, ağappaq

Üfüq görünən məkandan,

şanlı bayraqlı elimə

və sənə yazıram,

Nigaran qalma, Ana!

Allahın yanındayam!

 

 

Şəhid məktubu

 

Naxçıvan şəhidlərini analar

qırmızı xonça bəzəyərək qarşılayıblar.

Sərhəd analarından düşmənə bir də

ölümcül atəş belə açıldı...

 

 

Xonça xoş xəbər müjdəsi,

Şükür anam, mən qayıtdım

Ruhum yurdun eşq dastanı,

Mən torpağa qayıtdım.

 

Sən sərhəd anasısan,

Düşmən ağlar görməsin.

Mən bayraqla qayıtdım ki,

Yurd üstə bayraq yüksəlsin.

 

Qurşun, güllə yağışında

Duan zəfər çətrim idi,

Hər qarış alınan torpaq,

Ay ana cənnət ətridir.

 

Sinəmdə açılan güllə,

Məndən zəfər müjdəsidir.

O qıza de, yas tutmasın

Sevgim, eşqim əbədidir.

 

Xilaskar kimi gələrəm,

O gözəlin yuxusuna

Kədəri yığsın üzündən,

Baxsın dağın duruşuna.

 

Qoy savaş bitdiyi yerdə

Şum başlasın, ev tikilsin.

Toylar sərhəddə çalınsın,

Düşmənin gözü tökülsün.

 

İndi sənə çox yaxınam,

Torpağam, çinaram, göyəm

Hər gün duanda haqq səsi,

La İlləllah kəlməsiyəm.

 

Xonça müjdəli ömrün,

Davamı zəfərdən başlar.

Sərhəd qalasına dönən

Oğuldan yurdu güc alar.

 

Darıxanda göylərə bax,

Səməndər quşuyam indi

Qanadım yer, göy arası,

Nəğməm Vətən sevgisidir.

 

Əsgər xanımına

 

Göz yaşını sil, ay gözəl,

Duyuq düşər ayrılıqlar.

Ala gözlərin yaşını

Göylərə çəkər yağışlar.

 

Bu payız, döyüş günündə,

Bil, cəbhə də, ev də səngər

Sən yollara ümid səpsən,

Dualardan yol göyərər.

 

Əli qoynunda durma ki,

Gedənin küsər səndən.

Belə hönkürüb ağlama

Ömrüm düşər əllərimdən.

 

Otuz ildir səbr üzmüşdü,

Bir də sən üzmə qəlbimi

Gedənin zəfərlə dönər,

Sevinc udar dərdlərini.

 

Evin qala bilir əsgər,

Ağlama, nigaran qalar.

Payızdı, durnalar köçür,

Səndən xəbər apararlar.

 

Sil gözün yaşını, bil ki,

Bayraq ucalığı sevgin.

Dur süfrə aç, sevinc payla,

Qayıdır qalib əsgərin.

 

Sona Vəliyeva

 

Ədəbiyyat qəzeti.-2020.-24 dekabr.-S.13.