Kamal Abdulla haqqında
SÖZ
yubiley qutlaması
70 yaş söhbətinə
inanmağım gəlmir; işarəyə inansam da, ruhən
inanmağım gəlmir. Çün mənimcə, Kamal
Abdulla qocaman dünyamızda daim cavan olmağı, cavan
qalmağı bilmiş, bacarmış bir hünər sahibi,
qeyri-ordinar Simadır. "Yarımçıq əlyazma"nı
xatırlasaq: "-Dünya, qoca dünyadır, həşəmətli
xan / -Qorqud, oğul, qoca deyil, dünya cavan
dünyadır..." Gərək ki, bu keyfiyyətə
modernite deyirlər...
Cavan
qalmağının Sirrini də çox axtarmaq lazım gəlmir.
Çün son yarım əsrdə Kamal Abdullanın
yaratdığı bir Ədəbiyyat vardır; bu ədəbiyyatın
sakinləri: qəhrəmanları, tüm personajları, şəxsiyyətləri,
agentləri, müəllif və oxucuları elə bunuca
axtarmağa məşğuldurlar. "Sirri-zəmanə"
hekayəsini yada salsaq, hardasa sirrə çatırlar da:
"Hər əsrin, hər dövrün, hər ölkənin,
hər kimsənin belə öz zəmanəsi var... Sirri-zəmanə
öz dövründə, öz zəmanəsində üzə
çıxdı. Üzə çıxan kimi də onu
tapdılar. Məsələ bitdi. O, bir şəxsin qisməti
oldu. O biri zəmanələrdə sirri-zəmanənin
özü yox idi, adı var idi. Axtaranlar onun özünü
deyil, adını axtarıblar, sən daxil... Xoşbəxtliyin
sirri, əgər tapılıbsa, o biri zəmanəyə
keçə bilmir, elə öz zəmanəsində
qalır..." Kamal Abdulla hər yerdə və həmişə
öz zəmanəsini ümdə, əzəlkilərə man
bilmiş ədib və alimdir; gərək ki, buna da elə
modernite deyirlər...
Kamal Abdulla ədəbiyyat
və mədəniyyətimizə elə bir çağda
addımlar(ını) atıbdı ki, bütün sabiq Sovetlər
miqyasında bircə "sirri-zəmanə" hakim idi:
İnkar mübarəkdir! Biz çağdaşları da onu elə
bu səmtdən - tənqidi məqalələrindən, esselərindən,
əzəlki zəmanələrə növbənöv protestolar
edən "Qoşma", "Sözün sirri" kimi
TV-verilişlərindən, ən nəhayət dünyadan
alıb gündəmə, elmdən ədəbiyyata gətirdiyi
"Müəllif-əsər-oxucu"
üçbağından tanımağa başladıq,
tanıdıq, sevdik: "Kimdir sual verən və kimdir cavab
verən? Sual verən İndidir, suala cavab verən
Keçmişdir. Sual verən naşılıqdır, suala
cavab verən təcrübədir. Sual verən
yayğınlıqdır, suala cavab verən normadır,
tarazlıqdır. Bir sözlə, sual verən gənc, yenicə
həyata atılan Yazıdır, suala cavab verən qocaman, təcrübəli
Mifdir..."
Trendlərə
həssaslıq hər zaman Kamal Abdulla
yaradıcılığının generatoru olubdur, gərək
ki, elə bu keyfiyyət də modernite-yə yozulur... Və ol
zamanlarda bizdə belə bir postulatın: - ki, Ədəbiyyata
ya nasir kimi gəlmək olarmış, ya Şair kimi, ya da
uzaqbaşı tənqidçi; ikisi birində,
üçü birində guya mümkünsüz... - tabusunu
götürənlərdən birisi də məhz Kamal Abdulla oldu: - bəs janrın nə
dəxaləti, ortada yaradıcılıq varsa. Alim, həm
yazıçı, ikisi birində... - əbəs yerə
çaşıb ona: "Azərbaycanın Ekosu" deməmişlər
ki; dünyada bu trend yeriyirdi, Kamal Abdulla zamanında
"sirri" tutmuş və bir daha onu heç vəch əldən
verməmişdir...
Belə bir deyim
var: dramaturq olmurlar, dramnəvis doğulurlar. 1990-cı illərdə
Azərbaycan səhnəsində klassika bitib-tükənəndə
Kamal Abdulla bu "boşluğ"a öz modern teatrı ilə
girdi; doğrudur, köhnə və təzə "absurd"
yanında hələ bir qədər kölgədə qalsa
da, bir qədər özgə, naşı, öyrəşmədiyimiz,
mistik-ruhsal səciyyəsi, poetikası ilə tədricən vərdişlərimizi
alacaqdı. Etiraf edim ki, tamaşaçı olaraq zəmanəmizdə
modern səhnəni mən ilkin "Yuğ"da, Kamal
Abdullanın "Bir-iki - bizimki"si ilə
tanımışam, elə "Yuğ"u da "bizimki"
olaraq... Kamal Abdulla "gümüş dövrün şairləri"ni
çevirə-çevirə, paralel şeir də
yazıbdır; bizdə "magik realizm"i gəlişdirə-gəlişdirə
ilkin hekayələrini də. Amma nədirsə, ötən əsrin
lap sonlarınacan bizdə modernite ədəbiyyatı deyəndə
ilk yada düşən Ramiz Rövşən idi, Vaqif Səmədoğlu,
Vaqif Bayatlı idi, nəsrdə Anar, Elçin, Afaq Məsud, hətta
Mövlud Süleymanlı olurdu. Kamal Abdullanın adı bu
sırada daha çox esseist, "əvvəl-axır
yazılanlar"la, "kədərli seçmələr"də
xatırlanırdı. Çün axı Kamal Abdulla həm də
"300 Azərbaycanlı"nı yazmış,
"sirri"nə nüfuz etmiş qüdrətli bir ədibdi;
"o nə sirdi açılacaq sirdisə"!, "yolun əvvəli"
kimi, "axırı" da hələ qabaqdaydı...
Zəmanəmiz
Kamal Abdullanı XXI yüzildə tanıdı; həm də
"modernite"ni arxada qoyub bizdə post-modernin banisi kimi:
"Yarımçıq əlyazması" ilə,
"Sehrbazlar dərəsi" ilə, "Unutmağa kimsə
yox"la... Elə bir "Bermud üçbucağı"
ilə (Kamal Abdullanın öz təyinidir) ki, cəsarətlə:
"Mən, Mollla Nəsrəddinin sözü olmasın,
ayağımı "üç dəfə"
cızıqdan kənara çıxardım və deyilən
bütün hədyanları öz üzərimə qəbul
etdim. O birilər üçün, inşallah asan olar..." -
deyə bildi. Və bu dəm baxıb gördük ki, Kamal Abdullanın
tüm modernite axtarışlarında hardasa elə əzəldən
bir ironiya da yatırmış; Kamal Abdulla
yaradıcılığında klassik dəyərlərin tədqiqi,
klassikaya pənah və böyük sayğı ilə
yanaşı, günün gizli bir istehzası da yer
alırmış. Baxıb gördük ki, Kamal Abdullanın Qərb
axtarıcılığında Şərq, elm
axtarışlarında ədəbiyyat, ədəbiyyatda elm,
kainat nizamında sərhədsizlik-xaos, harmoniyada disharmoniya
ehtirası, antik mövzularında modern, müasirliyində
antika, tarix ölçülərində bugün,
ötüb-ötüşən günümüzdə tarix,
paralel dünyaların məntiqi və məntiq
axtarışlarının a-logikliyi... baxışır,
çulğaşır, biri-birisinə təbəssüm
göstərirmiş. Yəni başdan-binadan dekonstruksiya,
post-modernite dediyimiz bir sirr...
Kamal Abdulla ədəbiyyatımıza
Dünyalar gətirdi: Sirr içində dastan, Günortac,
Sehrbazlar dərəsi, İnsasanlar ölkəsi, yaxın-uzaq
Ellada, Dansökülən, Mənim Füzulim... Obrazlar-qəhrəmanlar
kəşf etdi: tənha Dədə Qorqud, oğul Qorqud, Təkgöz, xanlar xanı Bayındır xan,
Xızr-Xətai... Oxucunu Xorxe Luis Borxesin "ədəbiyyat
yuxusu" ilə sehrlədi, Umberto Eko ilə
görüşdürdü, Düma ilə Coys arasında gəlişdirdi
və qayıdıb Hacı Mir Həsən ağa Səyyahın
bitib-tükənməz dolambacları, dərinləri ilə
içərik, iç-içə qoydu onu...
Kamal Abdulla ədəbiyyatımızda
elə bir "Labirint" (həm də hekayələr
toplusunun adıdır) açdı ki, nəinki modernite gəzib-pusanlar,
hər kəs hər cürə "sirr"
axtarıcılığına girdi bura, - mən elmi və ədəbi-tənqidi
prosesi müntəzəm izləyənlərdənəm,
- son onbeş ildə humanitar
elmin və tənqidin işığına gələnlər
yazıçının mətnlərinə olduğu qədər
ədəbiyyatda heç bir sorağa belə can
atmamış, həvəskar olmamışlar; hər gələn
həm baxıb-gedibdi...
Kamal Abdulla sərgüzəştlər
gətirdi ədəbiyyatımıza. "Sirlərin sərgüzəşti"...
Bu ki, Mirzə Fətəlinin "Təmsilat"ından beləsinə
"tilsimi"nə düşüb də alternativini axtaran
yox idi. Kamal Abdulla klassikasından qopa bilməyən ədəbiyyatımızla
yanakı, paralel Ədəbiyyat ortaya qoya bildi. Bir-iki -
bizimki... Doqquz-on - qırmızı don...
Kamal Abdulla N qədər
modern anlayışlar-mənalar-ölçülər yeridə
bildi ictimai altyapımıza: paralel dünyalar çoxluğu,
sirrədost varlıqlar, möhtəşəm ahəng, hadisələrin
üfüqü, dünyanın tarazlıq günü, ədəbiyyatın
"qara dəliyi", Yer üzünün mərkəzi və
meyarı... Eynən heyrətamiz paralelliklə klassik
ölçülər-mənalar-adları, ənənəvi
institusiyanı da qoruyub-saxlaya bildi, vaz keçmədi
kültür-pozisionunda: doktor, professor, Elm-təhsil-mədəniyyət
xadimi, Şöhrət ordeni, akademik, Xalq
yazıçısı...
Bir
çoxlarını arxada qoyub, Kamal Abdulla haqqında mən də
çox yazmışam. Miflə dünya arasında çox
dolaşmışam. Metafizik Labirintlərində çox
azıb qalmışam; tıpqı təpki aldığım
da olubdu, sirri-Zəmanəyə vaqif olduğum da.
Borxessayağı Kamal Abdulla da olub, Vakxanaliya
mövsümündə qədim mayyaların axirət təqviminə
ulaşdığım da. Gəl Korneliusun ölümü qədəri
ləzzət verəni olmayıbdı: "Korneliusu son mənzilə
aparmağa - basdırmağa gələnlər"in "gəlişindən
bir az əvvəl evdən bir adam çıxıb yağan
qar lopalarının arasıyla qəribə bir yerişlə,
dövrə vura-vura uzaqlaşır və gözdən itir.
Bu, Səyyahdır"... Yadımızdasa: "sərgərdan
kimi dünya ölkələrinin birindən o birinə gedən,
öz ölkəsinə dönməyin yolunu axtara-axtara tapa
bilməyən" Səyyah...
Bir gün Kamal
Abdulla haqqında kitab bağlamaq istədim. İstəmədi.
Ədəbiyyatda öz yerimi hamıdan yaxşı bilirəm
dedi.
Bu ki, nə
söz, bircə qutlamaqlığım qalır.
Yubiley
yaşın mübarək, Kamal Abdulla!
Tehran
Əlişanoğlu
Ədəbiyyat qəzeti.-2020.-24
dekabr.-S.12.