Sona Vəliyevanın
Almaniyanın Köln şəhərində
"Bu yağış mənə
bənzəyir" (Dieser
Regen Gleicht mir) adlı şeirlər kitabı nəşr edilib. Kitab "Pem (Epubli)"
nəşriyyatda çap
olunub. Şeirlər
kitabı haqqında tanınmış alman ədəbiyyatşünası, türkoloq K.Hermann Kielin məqaləsini təqdim edirik.
Ənənədən gələcəyə
Almaniyanın görkəmli jurnalistlərindən
biri Fretz F.Pletiqen 2017-ci ildə nəşr olunan "Durch den wilden Kaukasus" ("Qafqaza səyahət") kitabında
həm özünün
təəssüratlarını yazmış, həm də ondan əvvəl
Qafqaza səyahət etmiş Avropa yazıçısı və
şairlərindən Aleksandr
Düma, Fridrix Bodenştedt, Hamsun, Zetkin və Nansenin xatirələrindən sitatlar
gətirmişdir. Pletiqen kitabında
isə rus yazıçı və şairlərinə də
yer vermişdir. Yazır ki, onlardan biri
olan rus şairi Andrey Belıyın Qafqaza dair sözləri onun da Qafqaza
olan marağını
artırdı. Şair
Belıy Qafqaz haqqında belə danışır: "Dünyanın
ən qədim yaşayış məskəni
Qafqazdır. Buraları gördükdə Nuh peyğəmbərin niyə burada məskunlaşdığını, Arqonatesin qızıl gizlətmək üçün
niyə buraya gəldiyini, Prometeyin zəncirlərini qıraraq
müqəddəs odu
necə oğurladığını
başa düşdüm".
Həqiqətən, Qafqazda müxtəlif xalqlar, dillər və adətlər yaşayır. Qafqaz dağlarından Xəzər dənizinə
qədər uzanan bölgədə yaşayan
azərbaycanlılar Nizami,
Füzuli və Nəsimi kimi böyük şairlər
yetişdirmişlər. Bundan əlavə bu bölgənin xalqları musiqi və memarlıqda yaşadıqları
coğrafiyanın bütün
ölkələrinə təsir
göstərmişlər. Şairlərin xalq dilində
oxuduqları şifahi
nümunələr bölgə-bölgə,
dağ-dağ yayılmış
və ənənəyə
çevrilmişdir.
Alman oxucularının
qarşısına ilk dəfə
"Bu yağış mənə
bənzəyir" kitabı
ilə çıxan şairə Sona Vəliyeva da rəngarəng və hər kəsin diqqətini çəkən
bu bölgədə yaşayır. Bir şairə kimi
şeirlərində qədim
kökləri olan şeir ənənəsini
təmsil edir. Doğulduğu Naxçıvan bölgəsi
həm tarixi xüsusiyyətləri, həm
də yetişdirdiyi sənət adamları ilə Şərqdə həmişə nəzərə
çarpmışdır. Bundan əlavə, Azərbaycanda
qadın sənətkarların
keçmişi, avropalıların
dediyinin əksinə,
çox qədimdir.
Məhsəti Gəncəvi (1089), Gülşad (XVI-XVII əsr),
Natəvan (1832) kimi qadın şairlər Azərbaycanda öz poetik hisslərini cəsarətlə ifadə
etdilər. 1780-1832 illər
arasında yaşayan qadın şairlərdən
biri olan Ağabəyim Ağa Ağabacı həm fransızcanı bilir, həm də çox cəsarətli şeirlər yazırdı:
Əfsus
ki, yarım gecə gəldi, gecə getdi,
Heç
bilmədim ömrüm
necə gəldi, necə getdi...
Bugünkü şairələrdən olan
Sona Vəliyeva keçmişdən aldığı
mirası qorumaqla vətən, ayrılıq,
həsrət, sevgi ağrısı, tənhalıq
və təbiət haqqında lirik şeirlər yazır. Bəzən
tənhalığa sarılarkən
özünü payızın
xəzanı ilə müqayisə edir:
İçimdə göy üzü
tutulub,
Boğuluram yarpaq-yarpaq.
Ağacam
yerdən göyədək,
Doğuluram yarpaq-yarpaq.
Bəzən ayrılıqları dadarkən yaşadığı
şəhərdən qaçmaq
istəyir:
Ruhum da ayrılıqdan
Saralıbdır elə bil.
Gəl gedək bu şəhərdən
Bu payız mənlik
deyil.
Bu torpağın kədəri
Başından çıxan duman.
Payız
qəmli qadıntək
Yorulmur ağlamaqdan.
Ancaq demək
olar ki, bütün şeirlərində
özünü ya ağacla, ya da bir çiçəklə,
ya da solmuş
sarı yarpaqla təsəlli edir. Yazda deyil, payızda çiçək açan
alma ağacından bəhs edir:
Bu nə eşq sevdası, necə möcüzə,
Fəslinmi yubanıb, ağlınmı
çaşıb?
Şirin
sözə möhtac qadın kimisən,
İçin çiçəkləyib çölünə
çıxıb.
Düşünürəm ki, şair Sona
Vəliyevanın şeirləri
alman oxucusu üçün başqa cür, fərqli bir rəng olacaqdır.
K.Hermann Kiel
Ədəbiyyat qəzeti.- 2020.- 24
dekabr.- S.13.