Gerçək ədəbiyyatın
özünütəsdiqi
İsa
HƏBİBBƏYLİ
Azərbaycan ədəbiyyatı XX əsrin
əvvəllərində sovet hakimiyyətinin qurulması ilə
tədricən ideologiyalaşdırma prosesləri
yaşamalı olmuş, bu ədəbi-tarixi proses tədricən
özünəməxsus ədəbiyyatını
yaratmışdır. Doğrudur, sovet ədəbiyyatı
çərçivəsində, nə qədər çətin
olsa da, əsl böyük ədəbiyyat nümunələri
də meydana çıxmışdır. Böyük
istedad sahibi olmuş Səməd Vurğun, Mikayıl
Müşfiq, Mirzə İbrahimov, Rəsul Rza, Mir Cəlal,
Mehdi Hüseyn, İlyas Əfəndiyev və başqaları
kimi yazıçı və şairlər sovet
ideologiyasının əleyhinə çıxmadan, gerçək
həyat və əsl insan haqqında ciddi ədəbiyyat
yaratmağın yollarını tapmış, xalqın
ictimai-mənəvi inkişafına kömək edən bədii
əsərlər yaradaraq, yeni nəsillərin
formalaşmasına xidmət göstərmişlər. Ana dilinin qorunub saxlanılmasında, milli adət-ənənələrin
yaşadılmasında sovet dövrü Azərbaycan ədəbiyyatının
xüsusi rolunu ayrıca qeyd etmək lazımdır. Bu mənada XX əsrdə sosializm dövrünün
ideoloji meyillərə üstünlük verən Azərbaycan
sovet ədəbiyyatı ilə yanaşı, mənsub
olduğu xalqa və vətənin tərəqqisinə xidmət
edən sovet dövrü Azərbaycan ədəbiyyatı da
yaranmış və inkişaf etmişdir.
Sovetlər İttifaqının həyatında
mühüm rol oynayan 14 fevral 1956-cı ildə
çağırılmış partiyanın XX qurultayı
sovet ədəbiyyatı və incəsənətinin yeniləşdirilməsində
həlledici əhəmiyyətə malik olan "Xruşov
istiləşməsi"ni meydana gətirməklə
bütün sahələrində olduğu kimi, bədii
yaradıcılıq istiqamətində də əsaslı dəyişikliklərin
hərəkətverici qüvvəsinə çevrilmişdir.
İlya Erinburqun böyük ustalıqla elan
etdiyi "Mülayimləşmə" prosesi Sovetlər
İttifaqının hər yerində, o cümlədən də
Azərbaycan ədəbiyyatında gerçək həyata və
real insana doğru əhəmiyyətli bir prosesin yaranmasına
ciddi təkan vermişdir. Bu zəmində meydana
çıxan Azərbaycan ədəbiyyatının əllincilər
nəsli: Bəxtiyar Vahabzadə, İsmayıl
Şıxlı, İsa Hüseynov, Məmməd Araz, Xəlil
Rza Ulutürk, İslam Səfərli, Əlfi Qasımov və
başqaları ədəbiyyatda sovet ideologiyasından
ayrılma proseslərinin başlanması yolunda ilk ciddi
addımlarını atmışlar. Bununla belə,
geniş mənada sovet ədəbiyyatında, o cümlədən
də Azərbaycan ədəbiyyatında sosialist realizmi
yaradıcılıq metodunun tilsiminin
sındırılması və təsir dairəsinin aradan
qaldırılmasında, "altmışıncılar" ədəbi
nəsli həlledici rol oynamışdır. Yaxşı mənada Sovetlər
İttifaqının ayrı-ayrı müttəfiq
respublikalarında "peyda olan" bu yeni ədəbi nəsil
ədəbiyyatın inkişafında xüsusi bir mərhələnin
açılmasını qaçılmaz bir hala gətirmişdir.
Sovet ədəbiyyatının yeni nəsli kimi bədii
yaradıcılıq meydanına qədəm qoymuş Aleksandr
Qaliç, Vladimir Vısotski, Yevgeni Yevtuşenko, Andrey
Voznesenski, Bella Axmadulina, İosif Brodski, Bulat Okucava, Boris
Slutski, Fazil İskəndər, Valentin Rasputin, Vasili
Şukşin və onlarca başqalarının çap
etdirdikləri əsərlərlə ədəbiyyatda kommunist
ideologiyasının təbliğinə birdəfəlik fatihə
oxunmuşdur. Azərbaycanda ədəbi fikrin sovet
ideologiyasından ayrılması üzərində tam və qəti
qələbəni qazanmaq missiyasını bizim ölkənin
altmışıncıları - Anar, Elçin, Əli Kərim,
Fikrət Qoca, Sabir Əhmədli, Yusif Səmədoğlu,
İsi Məlikzadə, Fikrət Sadıq və
başqaları həyata keçirdilər. Azərbaycan
altmışıncıları - ölkəmizdə azərbaycançı
və gerçəkçi ədəbiyyatın yeni tarixi mərhələsini
yaratmağa nail oldular. Bu ədəbi nəslin
nümayəndələrindən hər birinin Azərbaycan ədəbiyyatının
və ictimai fikrinin inkişafında mühüm xidmətləri
vardır.
Xalq yazıçısı Anarın
1960-cı ildə "Azərbaycan" jurnalının on
ikinci sayında çap olunmuş iki hekayəsi - "Bayram həsrətində"
və "Keçən ilin son gecəsi" hekayələri
ilə Azərbaycanda altmışıncılığın
ilk təməlləri atılmış oldu. Bu
hekayələr 1960-cı ilin dekabr ayında jurnalın Moskvada
çap olunan "Yunost" on ikinci sayında Stanislav Rassadin
adlı Moskva Dövlət Universitetinin məzunu olan bir müəllifin
"Altmışıncılar. Gənc
müasirimiz haqqında kitab" adlı məqaləsi ilə
eyni vaxtda baş vermiş yeni ədəbi hadisə idi. "Altmışıncılar"
sözünün ilk dəfə mətbuatda elan olunduğu
anlarda Azərbaycan ədəbiyyatı Anarın hekayələri
vasitəsilə yeni ədəbi nəslin artıq meydanda
olmasının parolunu vermişdir.
"Azərbaycan"
jurnalının təqdim etdiyi "Bayram həsrətində"
və "Keçən ilin son gecəsi" hekayələri
gerçək həyatın və sadə insanların adi həyatını
və mənəvi dünyasını oxuculara
çatdırmaqla "altmışıncılar" ədəbi
nəslinin yeni tipli ədəbiyyatının anonsunu
vermişdir. "Bayram həsrətində" hekayəsi Azərbaycan
ədəbiyyatında ideoloji sxemlərdən uzaq olan,
"kiçik adam"lara aid sadə əhvalatlar
vasitəsilə gerçək mətləbləri təsvir
edən yeni tipli ədəbiyyatın yaranması həsrətinə
son qoyan yaddaqalan bədii nümunə oldu. Azərbaycan
oxucuları Anarın "Bayram həsrətində" hekayəsi
ilə oxucuların həsrətlə gözlədikləri
sadə dildə yazılmış gerçək bir həyat
hekayəsi ilə tanış ola bildilər.
"Keçən ilin son gecəsi" hekayəsi
də, obrazlı şəkildə desək, sosialist realizmi ədəbiyyatının
özünün sonuncu gecəsini yaşamaqda olduğunu nəzərə
çarpdırdı.
Məlum olduğu kimi,
"Keçən ilin son gecəsi" hekayəsinin adı və
motivi Anarın yaradıcılığında xüsusi yer
tutur. Bu hekayə ideoloji ədəbiyyat dövrünün
son gecəsi və yeni ədəbiyyat mərhələsinin
başlanğıcı idi. Hekayədə
tənqid olunan meşşanlıq, ələbaxımlıq
zahirən sovet ədəbiyyatında da satira mövzusu kimi
gündəmdə müəyyən yer tuturdu. Lakin fərq onda idi ki, sovet ədəbiyyatında
deklorativ xarakter daşıyan bu mövzunu Anar real həyat
hadisələri və insanların mənəvi
dünyasındakı ziddiyyətlərin fonunda təsvir etməklə
ədəbiyyatın şüarçılıq yolu ilə
deyil, gerçəkliyə sədaqətlə xidmət etmək
üsulu ilə inkişaf etdirilməsinin nümunəsini
göstərmişdir. Bu yolla ədəbiyyat
həm də birtərəfli qaydada siyasi mövqeyə malik
sosial təbəqənin həyatını təsvir etməkdən
xilas olub, cəmiyyətin ayrı-ayrı sahələrində
təmsil edilən sadə insanların gündəlik təbii
həyatı və məişətinin, mənəvi aləminin
təqdim olunmasına doğru böyük bir dönüş
etmişdir. Bu mənada "Bayram həsrətində"
hekayəsi ədəbiyyatda özünün real
dünyasını görmək istəyən oxucunun həsrətinə
son qoyduğu kimi, "Keçən ilin son gecəsi" hekayəsi
də əslində, yeni ədəbiyyatın ilk
başlanğıcı funksiyasını yerinə
yetirmişdir. Yazıçı bu
mövzuya zaman-zaman fərqli janrlarda yenidən qayıtmaqla
sosializm cəmiyyətində və sovet ədəbiyyatında
keçmişlə yeniləşmə arasındakı
uçurumu diqqət mərkəzinə çəkmiş, bu
zəruri prosesin yaşanmasına olan ehtiyacın
reallıqlarını nəzərə
çarpdırmışdır. Anarın
"Keçən ilin son gecəsi" silsiləsi sonrakı
proseslərdə də və bu gün də cəmiyyətdəki
mənəvi aşınma və təkamül proseslərini əks
etdirməklə, oxucunu və tamaşaçını
düşünməyə və irəli baxmağa vadar edən
əsər kimi özünəməxsus aktuallığa
malikdir. Uzun illər ərzində Azərbaycan
televiziyasının köhnə ilin yola salınması və
yeni ilin qarşılanması ərəfəsində
Anarın "Keçən ilin son gecəsi"
tamaşasını göstərməsi təsadüfi
olmayıb, altmış il əvvəl yazılmış bu əsərdə
bütün dövrlər üçün gərəkli və
ibrətamiz olan mətləblərin
canlandırıldığını diqtə edir.
Keçən altmış il ərzində Xalq yazıçısı
Anar Azərbaycan hekayəsinin mükəmməl örnəklərini
yaratmışdır. Heç tərəddüd
etmədən bu hekayələrdən bir çoxunu və əslində,
onların mütləq əksəriyyətini ümumiyyətlə
Azərbaycan və dünya hekayəçiliyinin mükəmməl
örnəkləri kimi qiymətləndirmək olar. Anarın "Yaxşı padşahın nağılı"
hekayəsi (1970) keçmiş sovet cəmiyyətinin
alleqoriyası kimi meydana çıxmış ciddi tənqidi
realist əsərdir. Böyük cəsarətlə
və uzaqgörənliklə yaradılmış bu hekayədə
sovet cəmiyyətinin mənəvi-siyasi
çöküşü və iflasının
reallıqları məharətlə əks etdirilmişdir.
Türk ədəbiyyatı
vəqfinin "Yaxşı padşahın
nağılı" hekayəsini 2018-ci ildə İstanbulda
türk, rus, özbək, qazax, türkmən,
qırğız, tatar, başqırd, qaqauz dillərində
ayrıca kitab kimi nəşr edib geniş dairədə
yayması, heç şübhəsiz, bu hekayədə
qaldırılan problemlərin aktuallığı və
müasirliyinə verilmiş yüksək qiymətin ifadəsidir. Həqiqətən
də "Yaxşı padşahın nağılı"
bir hekayədə ciddi bir roman mövzusunu əks etdirən
mükəmməl bədii əsərdir.
Anarın XX əsrin
altmış-yetmişinci illərində çap olunmuş
digər hekayələri də dərin ictimai məzmununa və
özünəməxsus sənətkarlıq xüsusiyyətlərinə
görə böyük ənənələri olan Azərbaycan
hekayəçiliyinin qızıl fonduna vəsiqə
almış kamil sənət örnəkləridir. "Mən, sən,
o və telefon" hekayəsi cəmiyyətdəki tənhalaşma
və eyniləşmə proseslərinin zahirən adi
görünən düşündürücü hadisələr
vasitəsilə təqdim olunmasının təkrarsız-bənzərsiz
nümunəsidir. "Asılqanda işləyən
qadın" hekayəsi də adında
göründüyü kimi, mənalı həyat sadə
adamların hekayəti kimi yaradılmışdır. Bu
hekayələrlə Anar sonralar yazdığı bir pyesin
adında ifadə olunduğu kimi, "şəhərin yay
günləri"nin qızmar ictimai-mənəvi
mühitinin obrazını canlandırmışdır. Məşhur "Gürcü familiyası" hekayəsi
yeni dövr Azərbaycan hekayəsinin soyadı kimi ümumiləşdirilməyə
layiq olan yaddaqalan, təsirli nəsr əsəridir. Anarın "Molla Nəsrəddin - 66" satirik
hekayələr silsiləsi ilə başlanan tənqidi realist
hekayəçiliyin orijinal təzahürləri olan kiçik
janrın böyük örnəkləri Azərbaycan hekayəsinin
tarixində yeni hadisədir.
"Molla Nəsrəddin -
66" hekayələr silsiləsi ilə Anar təsvir etdiyi cəmiyyət
hadisələrinin dərk olunmuş satirik-yumoristik təzahürlərini
diqqət mərkəzinə çəkmişdir. Anarın təqdim
etdiyi Cuvar Cəfər obrazı XX əsrin
altmışıncı illərinin fərqli bir Novruzəlisidir.
Anar "Molla Nəsrəddin - 66" satirik hekayələr
silsiləsi ilə böyük Azərbaycan
yazıçısı Cəlil Məmmədquluzadənin
hekayəçilik ənənələrinin yeni tarixi şəraitdə
təzədən dirçəldilməsini və daha da
müasirləşdirilməsini ədəbi prosesin gündəminə
gətirmişdir. Cəlil Məmmədquluzadənin
"Molla Nəsrəddin"indən Anarın "Molla Nəsrəddin
- 66"sına keçid Azərbaycan ədəbiyyatının
özünəqayıdışının və yeni
çalarlarla inkişaf etdirilməsinin
mümkünlüyünün isbatı idi. Anarın
"Zarafatsız" adlandırdığı hekayədə
təsvir edilən ciddi hadisələri o zaman zarafatyana şəkildə
də demək risk tələb edirdi. Anar isə
sadə və dönməz bir ədəbi təmkinlə
"Gülməşəkər kəndinin
sabahı"ndakı xalqdan uzaq planları - filanları,
"Biz tənqid edəndən sonra" hekayəsi ilə
açılan yalanları cəmiyyətə
çatdırmaqda davam etdirmişdir. Anarın hekayə
kimi təqdim etdiyi "Bildiriş", "Elanlar",
"Düzəliş", "Bizim müsahibə",
"Biz tənqid edəndən sonra" əslində, həm
də yeni tarixi mərhələnin satirik ədəbiyyatının
janrları olaraq nəzərə
çarpdırılmışdır. Beləliklə,
Anar Azərbaycan ədəbiyyatını ideya-məzmunca
olduğu kimi, sənətkarlıq baxımından da yeniləşdirilməsinə
nail olmuşdur.
"Molla Nəsrəddin - 86"
satirik hekayələr silsiləsi təkcə Anarın
yaradıcılığında deyil, geniş mənada Azərbaycan
cəmiyyəti və ədəbiyyatının həyatında
mühüm bir hadisə kimi qarşılanmışdır.
Belə ki, "Molla Nəsrəddin - 66"da mövcud cəmiyyətin
"təmiri" məsələlərini qələmə alan yazıçı "Molla Nəsrəddin
- 86" ilə siyasi sistemin öz oxu ətrafından
çıxarılması məsələlərini yüksək
vətəndaşlıq mövqeyindən təsvir
etmişdir. "Molla Nəsrəddin - 86"dakı
aşağıdakı sözlər dövlət müstəqilliyi
ərəfəsində cəmiyyətin dəyişdirilməsinə
xidmət edən yüksək vətəndaşlıq ruhunda əsərlərin
yazılması zamanının gəlib
çatdığını ədəbi-siyasi mühitin
gündəminə gətirir. "Salam, Molla Nəsrəddin
balam. Bu dəm - əsrin qurtara-qurtaranda
papağımızı qabağımıza qoyub fikirləşəndə,
götür-qoy edəndə, ...
Görürük ki, sənsiz işimiz aşmayacaq.
Çünki gülmüşük də, sevinmişik də,
fərəhlənmişik də... Amma bəzən
nəyə güldüyümüzü əməlli-başlı
başa düşməmişik. ...Hələ baxaq,
gözləyək, görək axırı necə olur? Nə deyirəm, babam, baxaq, görək, amma gözləməyək.
Bu yolda iş gərəkdir, qurmalını qurmalıyıq,
vurmalını vurmalıyıq, gülməliyə gülməliyik.
Qolumuzu çırmalayıb işi dəyişməsək,
doğrudan da, heç nə dəyişməyəcək -
köhnə hamam, köhnə tas...".
Bu fonda mövcud quruluşdan
"çətin keçmişimizdən" gülə-gülə
ayrılmağın zəruriliyini vacib sayan Anarın sovet
sisteminin çökməsini "qəmli məsxərə"
adlandırması məsələyə mollanəsrəddinçi
baxışın əməli ifadəsidir. Müstəqil
dövlətçiliyin başlanğıc illərində yazılmış
"Muhakkak görüşürüz" ("Mütləq
görüşərik"), "İlin fəsilləri,
yaxud qovluğun içindəkilər" (1993) hekayələri
hadisələri qrotesk səviyyəsində kəskin tənqidi
şəkildə meydana qoyan və mühiti silkələyən
bədii əsərlər kimi meydana
çıxmışdır. Bu əsərlər
Azərbaycanda dövlət müstəqilliyi idealları
uğrunda mübarizənin ədəbi hadisələridir.
Anarın "Cənab Jirinovski Bakıda"
(2000), "Kim Dali və yaxud yaşasın söz
azadlığı" (2001), "Nə yemisən turşulu
aş" (2003) hekayələri isə ölkəmizdə
dövlət müstəqilliyinin qorunub saxlanılmasına,
daha da möhkəmləndirilməsinə mane olan bütün
hallara qarşı dönməz yazıçı mövqeyini
əks etdirən diqqətəlayiq əsərlərdir. Anar həm milli-azadlıq düşüncəsini, həm
də dövlət müstəqilliyinin möhkəmləndirilməsi
qayğılarını sadə, yaddaqalan, düşündürücü,
cəlbedici, hadisələrin təbii əks-sədası kimi
təqdim edir. Daha doğrusu, həmin
ictimai-mənəvi qənaətləri Anarın hekayələrindən
oxucunun özü çıxarmalı olur.
Əlbəttə, Anarın
yaradıcılığında ilk ən böyük hadisə
"Ağ liman" povesti olmuşdur. "Ağ liman" povesti
- ədəbiyyatda adi əhvalatlara və sadə insanlara
doğru dönüşün manifesti idi. "Ağ
liman" - Azərbaycan ədəbiyyatının və
Anarın Təhminə və Zaur seriyasının start
nöqtəsidir. "Ağ liman" - Məmməd
Nəsirin hekayəsi, Nemətin povesti, Təhminə ilə
Zaurun romanıdır. "Ağ liman"
- cavan bir yazıçı kimi Anarın ilk böyük həcmə
malik uğurlu debütü idi. Əslində,
"Ağ liman" Azərbaycan ədəbiyyatının
mövcud epoxada yan aldığı yeni və fərqli bir
"liman" idi. Nəhayət,
"Ağ liman" - Anarın fərqli bir yazıçı
kimi özünütəsdiqinin möhürüdür. Qarşıda isə həm Anarı, həm də Azərbaycan
ədəbiyyatını neçə-neçə
"ağ limanlar və qırmızı gəmilər"
gözləyirdi.
Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" romanı ilə Azərbaycan
ədəbiyyatı öz inkişaf yolunda yeni bir "mərtəbə"
qazanmış oldu. Doğrudur, "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" əslində,
"Ağ liman"ın üzərində
ucaldılmış bir mərtəbədir. Anar bu çoxmərtəbəli mühitə
Spartak, Zivər xanım, rejissor Muxtar, restoran müdiri Nadir və
başqaları kimi yeni obrazları da daxil etməklə, dairəni
xeyli dərəcədə genişləndirmişdir. Bakıda Beşmərtəbə adı ilə
tanınan və adi bir bina bu romanda darıxan, tənha, mənəvi
çırpıntılar içərisində yaşayan
insanların gündəlik qayğılarının,
narahatlıqlarının geniş planda hekayəti, lakin
yazıçının estetik idealının
romanıdır. Təhminə və Zaur
yalnız Azərbaycan altmışıncılarının
deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının
"kiçik adamlar" seriyasından olan silsiləsinin bənzərsiz
sıra nəfərləridir. Azərbaycan
ədəbiyyatı Mirzə Cəlilin Novruzəlisindən
başlayaraq, Mir Cəlalın Baharını yaşayaraq,
İlyas Əfəndiyevin Səriyyəsindən keçərək
Təhminə və Zaura gəlib çatmışdır.
Təhminə və Zaur Azərbaycan ədəbiyyatında
ideoloji mühitin qəhrəmanları ilə ümummilli
ideyaların daşıyıcıları arasında olan
boşluğu aydınlaşdıran və dolduran, özünəqədərki
"ənənəni" yıxıb dağıdan,
sonrakı ədəbi mərhələ üçün zəmin
hazırlayan obrazlardır. Fikrimcə, Azərbaycan
ədəbiyyatı məhz Təhminə və Zaur mərhələsindən
keçərək, yeni tarixi dövrə qədəm
qoymuşdur. Bu roman həm də Anarın
timsalında Azərbaycan altmışıncılarının
ədəbiyyatdakı missiyasının bünövrə və
təməl dövrünü yekunlaşdıran bədii əsər
kimi də mühüm əhəmiyyət kəsb edir. Burası da eyni dərəcədə əhəmiyyətlidir
ki, "Beşmərtəbəli evin altıncı mərtəbəsi"
romanı Azərbaycan ədəbiyyatının
qarşısında yeni çoxmərtəbəli
gedişatın daha geniş üfüqlərini
açmışdır. "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ndən sonra ədəbiyyatın
nəinki geriyə qayıtmaq, irəliyə getməkdən
başqa çıxış yolu qalmamışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi"
modern Azərbaycan romanının obrazıdır.
Xalq yazıçısı
Anarın yaradıcılığındakı hər bədii
əsərin öz həyat fəlsəfəsi və ədəbi-elmi
dəyəri vardır. Vahid bir məcrada bir-birini tamamlayan bu əsərlərdən
hər biri həyatın fərqli bir səhifəsi, cəmiyyətin
dərinliklərinə doğru proseslərin açılmamış
qatlarıdır. Anar janrından
asılı olmayaraq, bütün əsərlərində
özünü təkrar etmədən insan mənəviyyatının
və cəmiyyətin mənəvi həyatının
görünən və görünməyən qatlarına
gur işıq salmaqla şəxsiyyətin özünüdərkinin,
mühitin sağlamlaşdırılmasının növbəti
dərslərini təqdim edir. Dərin həyatı
müşahidələri özünəməxsus bənzərsiz
bir sənətkarlıqla əks etdirən Anar sözün əsl
mənasında cəmiyyətin barometri olan əsərləri
və obrazları meydana qoymuşdur. Onun əsərlərindən
hər biri yaşadığımız cəmiyyətin
ayrı-ayrı mərhələlərinin mahiyyətinin daha dərindən
dərk olunmasına və inkişaf mərhələləri
arasındakı keçid proseslərinin tənzimlənməsinə
şərait yaradır. Bu əsərləri
mütaliə edən hər yeni nəsil üçün
Anarın deyiləcək sözü və bələdçilik
edə biləcək işıqforu vardır. Bu mənada Anarın yaradıcılığı cəmiyyətin
bütün rəng çalarlarını, təzadlarını
və uğurlarını canlandıran mənalı həyat
kitabıdır.
"Dantenin yubileyi" -
şəxsiyyətin mənəvi iflasının timsalında
cəmiyyətin çöküntüsünün povestidir. Feyzulla Kəbirlinskinin
aqibəti onun təmsil etdiyi ziyalı mühitinin və həmin
mühiti formalaşdırmış cəmiyyətin faciəsidir.
Əsərdə Feyzulla Kəbirlinskinin metroya
minməkdə tərəddüd etməsinin təsvir edilməsi
onun "yeni əsrin ibtidasında"kı bitmiş-tükənmiş
imkanlarının bədii ifadəsidir. Oxucu bu əsəri
diqqətlə oxuyarkən aydın surətdə görür
ki, Feyzulla Kəbirlinskinin qatarı
artıq çoxdan keçib getmişdir...
"Şəhərin yay
günləri" - sadə adamların dramı, ziyalı
mühitinin faciəvi səhnələridir.
"Macal" povesti - şəxsiyyətin
daxili narahatlığının, ikili düşüncənin
yaratdığı təzadların ədəbiyyatıdır.
"Ağ qoç, qara
qoç" romanı dünya hadisələrinin fonunda Azərbaycan
cəmiyyətinin keçid dövründəki nicat yolu
axtarışlarının ibrətamiz romanıdır.
"Otel otağı" -
yeni epoxanın doğurduğu təzadlı səhifələrin
hekayətləridir.
"Kərəm kimi"
böyük bədii söz ustadı Nazim Hikmətin sənət
qüdrətini və şəxsiyyətinin əzəmətini
açmağın və ədəbiyyata yalnız Anar kimi əsl
yazıçı - vətəndaş olmağın nümunəsidir. "Kərəm
kimi" sənədli romanı Anar kimi, Anar səviyyəsində
düşünə və yaza bilməyin rəsmiləşdirilməsidir.
"Kərəm kimi" romanı bədii
qavrayışla idrakın qoşa qanad kimi bir yaradıcı
şəxsiyyətdə təzahürünün təntənəsidir.
"Sizsiz" sənədli
romanı Azərbaycan ədəbiyyatının birinci "Kərəm
kimi"sidir.
Bu, Xalq şairləri Rəsul Rzanın və
Nigar Rəfibəylinin "Kərəm kimi"sidir.
"Əbədi Mirzə Cəlil", "Anlamaq dərdi",
"Sübhün şəfəqi", "Üzeyir
ömrü", "Cavid əbədiyyəti" silsiləsindən
hər biri Anarın mənalı və qiymətli
"Sizsiz"lər serialıdır.
"Göz muncuğu"
romanı - dövlət müstəqilliyini qoruyub möhkəmləndirmək
niyyətinin ədəbiyyat dərsidir. "Göz
muncuğu" romanı Anarın Azərbaycan sevdasının
nəzər duasıdır.
"Yaşamaq haqqı"
- Anarın Böyük Azərbaycan epopeyasıdır. Məşhur
"Dədə Qorqud" filmi XX əsrin möhtəşəm
Azərbaycançılıq abidəsidir. "Dədə Qorqud dünyası" - Azərbaycan
qorqudşünaslığının mükəmməl ədəbi-elmi
traktatıdır.
"Sizi deyib gəlmişəm"
- Xalq yazıçı Anarın böyük demokrat
yazıçı Mirzə Cəlil Məmmədquluzadədən
qəbul etdiyi estafeti yeniləşdirərək müasir səviyyədə
davam etdirməsinin və sonrakı nəsillərə
çatdırmasının xitabıdır. Bu, həm də
Anarın da Azərbaycan cəmiyyətinin hər mərhələsində
ondan təzə əsərlər gözləyən oxucusuna
növbəti müraciətidir.
Xalq yazıçısı
Anar XX əsrin altmışıncı illərindən
başlanan yaradıcılıq yolunu cəmiyyətin və ədəbiyyatın
inkişafına xidmət göstərən ədəbi hərəkata
çevirmək vəzifəsini icra etməklə davam edən,
həmişə müasir səslənən əsərlərin
müəllifi olan görkəmli mütəfəkkir
yazıçıdır. Xalq
yazıçısı Elçinin doğru olaraq
yazdığı kimi, "Anar öz doğma xalqının
tarixi və taleyi kontekstində yaradıcılığı
yüksək qiymətə malik olan görkəmli ədibdir.
Anar milli ədəbiyyatın, milli mədəniyyətin
maraqları ilə yaşayan və həmin maraqları ən
yüksək tribunalardan müdafiə etməyə qadir bir
intellektual kimi həmin milli ədəbiyyata, mədəniyyətə
nəinki səriştəli qiymət verməyi bacaran, eyni
zamanda, həmin mənəvi dəyərlərlə fəxr
edən görkəmli ədəbiyyat, mədəniyyət
xadimidir". Anarın və
bütövlükdə
"altmışıncıların"
başladıqları ədəbi hərəkat Azərbaycanın
sovet əsarətindən xilas olub, müstəqil dövlət
qurmaq və onu daha da inkişaf etdirmək yollarındakı
çətinliklərinin, xalqımızın inam və
ümidlərinin gerçəkləşdirilməsinin real
gedişatının əks-sədasıdır. Anarın və altmışıncıların
yaşadığı yaradıcılıq taleyi xalqın və
ölkənin ayrı-ayrı inkişaf mərhələlərinin,
təkamül proseslərinin güzgüsüdür.
"Bayram həsrətində"
və "Keçən ilin son gecəsi"ndən
başlanan sənət yolu artıq yeni əsrin və yeni ədəbi
nəslin böyük ədəbiyyatının
yaradılmasına və inkişaf etdirilməsinədək
şərəfli olan bir məsafəni qət etmiş milli ədəbiyyatın
geniş magistrallara çıxarılmasına gur işıq
salmışdır.
Xalq yazıçısı
Anarın simasında Azərbaycan altmışıncılarının
yaratdıqları altmış illik ədəbiyyat
xalqımızın əbədi mirasına çevrilmiş əsl
ədəbiyyatın canlı nümunəsidir. Anarın və
altmışıncıların çoxcəhətli və zəngin
yaradıcılığı bu ədəbi nəslin ədəbiyyatı
ideoloji buxovlardan xilas etmək və ədəbiyyatda əbədi
yaşamaq haqqının bədii möhürü və
gerçək azərbaycançı ədəbiyyatın qəti
özünütəsdiqidir.
Altmış ildən sonra
Xalq yazıçısı Anar bu gün müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının
sükanı başında möhkəm dayanaraq Zəfər
bayramının işığında xalqımızı daha
geniş üfüqlərə doğru yollarda bələdçilik
edə biləcək əsərlər yazmaq əzmi ilə
müqəddəs sənət andına uğurla və məsuliyyətlə
xidmət edir.
İsa HƏBİBBƏYLİ
Ədəbiyyat
qəzeti 2020.- 30 dekabr.- S.2-3.