Həmrəylik

 

Milli ideyanın özülüdür

 

 Sabir Rüstəmxanlı

 

"El bir olsa...". Məşhur ozanımızın dilindən yayılan bu ifadənin bəlli bir yaşı olsa da, xalqın ürəyindəki birlik istəyinin yaşını təyin etmək mümkün deyil; bu istək elə xalqın özü ilə birgə, bütün müşküllərin həlli, bütün hədəflərə çatmaq yolu kimi doğulub.

 

Bütün faciələr, məğlubiyyətlər bölünmələrdən, qardaşı qardaşa yad edən xəyanətlərdən, mənasız iddialardan, mənəm-mənəmliklərdən başlanıb. El birliyi, əl birliyi, fikir, söz və əməl birliyinin həsrətini də daha çox parçalanmış xalqlar çəkiblər. Azərbaycan folklorunun və ədəbiyyatının dərd və ağrı qatı da bu bir ola bilməmək faciəsi ilə, dünyada yaşayan azərbaycanlıların milli həmrəylik, özünüdərk, dövlət müstəqilliyi arzuları və bu ideallara qovuşmaq yolunda aparılan mübarizələrin uzun tarixi ilə bağlıdır.

 

Ümumxalq idealı olan həmrəyliyin güclü bir siyası xəttə çevrildiyini mən ilk dəfə 1980-ci illərin ortalarında Polşada görmüşdüm. Varşavada Şərqi Avropa ölkələri gənc yazıçılarının konfransı keçirilirdi; konfransda SSRİ-ni üç nəfər, iki rus yazıçısı və mən təmsil edirdik. Moskvalı yoldaşlarımdan biri sonralar "Literaturnaya qazeta"nın baş redaktoru olmuç Yuri Polyakov idi. Ev sahiblərinin moskvalılarla mənə münasibətləri tamamilə fərqli idi; onları dinləmək istəmirdilər, amma mənə doğma adamları kimi baxırdılar. 1830-cu ildə Polşadan sürgün edilən ziyalıların Azərbaycan "macəralarını" bilirdilər. Bir yandan da mənim böyük polyak şairi Adam Mitskeviçin tərcüməçisi olmağım və azərbaycanca yenicə nəşr etdirdiyim "Krım sonetləri" mənə konfransda xüsusi bir status qazandırmışdı. Həmin günlərdə Polşada bir "solidarnost" havası dolaşırdı və anladım ki, bu hava həm Sosialist düşərgəsinin, həm də SSRİ-nin sonunu gətirəcək...

 

Azərbaycanlıların bir araya gəlməsinin zərurət kimi ortaya çıxmasının və bayram kimi qeyd olunmasının kökü də ümumxalq arzu və ideallarına bağlıdır.

 

Ermənistanın Azərbaycana qarşı 1988-ci ildə başlanan torpaq iddiası  Dağlıq Qarabağda bölücülük hərəkatı, Moskvanın ermənipərəst mövqeyi, Azərbaycanın haqq səsinin boğulması xalqı bir daha inandırdı ki, öz gücünə güvənməkdən, öz qüvvələrini səfərbər etməkdən başqa yol yoxdur.

 

Dünyada yaşayan bütün soydaşlarımızın diqqətini bu məsələyə cəlb etmək, bölünmüş, öz ata-baba torpaqlarından deportasiya edilmiş repressiya və soyqırıma məruz qalmış xalq üçün milli müqavimətin, birlik və dayanışmanın əhəmiyyətini göstərmək başlıca vəzifələrdən birinə çevrildi.

 

Yeni faciələrə aparan xəyanətkar planların qarşısını almaq üçün ilk dəfə 1988-ci ilin noyabr-dekabr aylarında 18 günlük Meydan hərəkatında xalqımız öz birliyini və gücünü göstərdi. Etiraz mitinqləri böyüyüb milli azadlıq hərəkatına çevrildi. Meydan millətin ürəyində on illərlə yığılıb qalmış dərdləri üzə çıxartdı və nəticədə milli fəallar ilk dəfə həmin ilin dekabr ayının 31-də Naxçıvanda Cənub qonşumuz olan İranla SSRİ arasındakı sərhədləri, Güney və Quzey Azərbaycanı ayrı salmasına etiraz olaraq söküb atdılar və yandırdılar. Cəlilabad rayonu da bu hərəkata qoşuldu.

 

 

O vaxt Moskva mətbuatı bu işin böyük siyasi və milli məqsədini pərdələmək üçün gülməli məqalələr çap edirdi. Güya naxçıvanlılar  məftillərin arasında qalmış Gülüstan türbəsini ziyarət etmək üçün söküblər sərhədləri. O vaxt mən belə uydurmalara cavab verərək "Gülüstan türbəsi yox, Gülüstan müqaviləsi" adlı məqalə də yazmışdım.

 

1989-cu ilin ilk şənbə günü Azərbaycan EA-nın iclas salonunda AXC-nin III konfransı keçirilirdi... Qatar gecikdiyinə görə konfransa günortaya yaxın gəlib çatan Naxçıvan nümayəndələri mənə qəribə bir hədiyyə gətirmişdilər: tikanlı məftillər! Bu, mənim üçün dünyanın bütün gül dəstələrindən daha qiymətli bir bəxşiş idi: qırılan sərhədlərdən qoparılıb gətirilmiş tikan dəstəsi, tikan gülləri, tikan çiçəkləri... Yeri gəlmişkən deyim ki, bu günlərdə sabiq millət vəkili, dostum Əlövsət Ağalarov mənə bir qab Kəlbəcər suyu göndərəndə də təxminən bənzər duyğular yaşamışdım...

 

Azərbaycan milli azadlıq hərəkatının mövzusuna çevrilən Sərhəd hərəkatı 1989-cu ildə Naxçıvanda bir sıra tədbirlərin keçirilməsi ilə siyasi gündəmə gətirildi. Sərhəd hərəkatına nə qədər ləkə vurmaq cəhdləri olsa və Moskvanın təhlükəsizlik orqanları bu faktdan Azərbaycana qoşun yeritmək üçün istifadə etsələr də, bu tarixi hadisənin milli-siyasi anlamı getdikcə böyüdü.

 

Rəsmi orqanların təzyiqlərinə baxmayaraq parçalanmış bir millətin birləşmək arzusu dünyada geniş əks-səda doğurdu və nəticə etibarilə Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunması zərurəti ortaya çıxdı.

 

1990-cı ildə Qanlı Yanvar hadisəsindən sonra dünyanın diqqəti Azərbaycana çevrildi. Müxtəlif ölkələrdə yaşayan yurddaşlarımız Bakı qırğınlarına etiraz yürüşləri və mitinqlər keçirməyə başladılar.

 

1990-cı ilin 25 may və 5 iyun tarixləri arasında Türkiyədə, Kayseri şəhərində keçirilən I Uluslararası Böyük Azərbaycan Konqresi və həmin ilin noyabrında İstanbulda Dünya Azərbaycan Türk kültür dərnəklərinin I qurultayında yenə Azərbaycanın müstəqillik hərəkatı dəstəklənməklə, müxtəlif ölkələrə səpələnmiş soydaşlarımızın arasında əlaqələrin gücləndirilməsi, vətənimizin mənafeyi naminə birgə mübarizə və həmrəylik məsələləri müzakirə olundu.

 

Noyabr qurultayında Azərbaycan xalq hərəkatını mərhum Dilarə Əliyeva ilə mən təmsil edirdim və ilk dəfə orda dekabrın sonunda Azərbaycanlıların Həmrəylik Gününün dünya miqyasında qeyd olunması haqqında təklifimizi bəyan edib, bu barədə qurultaya məktub verdik.

 

Qurultaydakı çıxışımda qardaş və bacılarımıza xalqımızın nə qədər ağır durum olduğunu çatdırmağa çalışmışdım:

 

"Bu son bahar günündə biz İstanbula nəhəng bir çinar ağacının acı tarix və tale rüzgarları ilə dünyaya səpələnmiş sarı yarpaqları kimi gəlmişik... Tarix bizim böyük, məğrur millətimizi çox çətin sınaqlardan keçirib. Şimalda rus, cənubda fars şovinizmi bizi parça-tikə edib, vətəndən didərgin salıb. Elinin azadlığı yolunda yanan, mübarizə aparan yüz minlərlə ayıq başlı cəsur yurddaşlarımızı zaman-zaman Azərbaycandan qopararaq dünyanın uzaq-uzaq guşələrinə atıb. Bu gün Filippin adalarından, Avstraliyadan tutmuş Cənubi Amerikayadək - Yer kürəsində elə bir yer yoxdur ki, pənah aparanlarımızın ayağı ora dəyməsin... Dünyada ara vermədən bir Azərbaycan fəryadı dolanır: Hanı mənim övladlarım? Bu səs ana fəryadı bizim sakit ruhumuzu silkələməli və bizi bir araya gətirməlidir".

 

Müzakirələrdən sonra ayın 5-də Naxçıvandan Bakıya, Bakıdan İstanbula gələn təklif qəbul edildi və bu fikir ordakı yurddaşlarımızla birgə bütün dünyaya yayıldı.

 

Nəhayət, 1991-ci il dekabrın 16-da Naxçıvan Ali Məslisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə bu məsələ Məclisdə müzakirəyə çıxarıldı və hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilməsi haqqında 6 bənddən ibarət qərar qəbul edildi. Bu barədə Azərbaycan Respublikasının Ali Sovetinə təklif verildi. Bu təklif mənim də komissiya sədri və Rəyasət Heyətinin üzvü olduğum Ali Sovet tərəfindən bəyənildi və rəsmiləşdirildi.

 

Naxçıvan sənədinin ən maraqlı bəndlərindən biri sərhəd çəpərlərinin bərpasının qanunsuz elan edilməsi idi.

 

Beləliklə, 1991-ci ildə öncə Naxçıvanda, sonra Bakıda 50 milyonluq bir xalqın bu günü və gələcəyi üçün son dərəcə əhəmiyyəti olan bir bayram gününün əsası qoyuldu.

 

Belə bir təsəvvür yarana bilərdi ki, azərbaycanlıların həmrəylik bayramı köhnə ilin son gününə düşdüyünə görə Yeni il bayramının gur havasında solğunlaşacaq, diqqətdən kənarda qalacaq. Lakin belə olmadı. Əksinə, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq yurddaşlarımız ildən-ilə bu bayramı daha coşqun, daha təntənəli keçirməyə başladılar və bir çox hallarda milli bayramımız Yeni il qutlamalarını da öz içində əritdi.

 

Bundan sonra həm parlamentdə, həm mətbuatda Dünya Azərbaycanlılarının səsləndi. Lakin 2001-ci ilə qədər bu mümkün olmamışdır. Yalnız 2001- ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 23 may tarixli Sərəncamı ilə Dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi qərara alındı və həmin ilin noyabrın 9-10-da I qurultay keçirildi. Qurultayda qətnamə, dünyada yaşayan bütün azərbaycanlılara, Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara və dünya ölkələrinin başçılarına, parlamentlərə müraciətlər və başqa sənədlər qəbul edildi. Heydər Əliyevin rəhbərliyi ilə Əlaqələndirmə Şurası yaradıldı. Dünyada yaşayan azərbaycanlıları bir-birinə tanıtmaq, diasporla Azərbaycanın müxtəlif qurumları arasında əlaqələr yaratmaq, onları Azərbaycan dövlətinin ümumi durumu, dövlət siyasəti və hədəfləri ilə tanış etmək, dövlətin diaspora, diasporun dövlətə yardım etmək perspektivlərini müəyyənləşdirmək baxımından qurultay böyük önəm daşıyırdı. O zamandan başlayaraq Diasporla iş Müstəqil Azərbaycanın milli siyasətinin tərkib hissəsinə çevrildi.

 

Bundan sonra Dünya Azərbaycanlılarının II (2006-cı il, mart ayı), III (2011-ci il, iyul ayı) və nəhayət, IV (2016-cı il, iyun ayı) qurultayları keçirildi.

 

2006-cı ildə keçirilən II qurultayda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçildi.

 

2016-cı ildə keçirilən IV qurultayda dünyanın 49 olkəsindən 500-dən çox nümayəndə və xarici qonaq iştirak edirdi.

 

Diasporla işin mahiyyəti və önəmini nəzərə alaraq 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. (İndi Diasporla İş üzrə Dövlət Komitəsi).

 

Diasporla əlaqələnin möhkəmlənməsinə, diasporun təşkilatlanma işinə yardım etmək niyyəti ilə yaradılmış qeyri-hökumət təşkilatları, dərnəklər çoxdur və onların şəbəkəsi ildən-ilə genişlənir. Dünyanın azərbaycanlılar yaşayan bütün ölkələrində Azərbaycan Türk Kültür dənəkləri, Azərbaycan mədəniyyət mərkəzləri, Azərbaycan ocaqları fəaliyyət göstərir. Bu təşkilatlar Azərbaycan xalqının tanıtım mərkəzləri olmaqla yanaşı, öz aralarında əlaqələr qurur, soydaşlarımız arasında həmrəyliyin güclənməsinə kömək edirlər. Mənim həmsədri olduğum Dünya Azərbaycanlıları Konqresi 2007-ci ildə yaradılıb və bu sahədə ardıcıl fəaliyyət göstərən ən böyük, ən nüfuzlu qurumlardan biridir...

 

Ermənistan 44 günlük müharibədə, daha doğrusu, işğalçı qonşularımızın yeni hücum planlarının qarşısını almaq üçün aparılmış əks-hücum əməliyyatında ölkəmizin qazandığı parlaq qələbə təkcə ölkəmizdə yox, bütün dünyada azərbaycanlıların ürəyini qürur və sevinclə doldurmuşdur. O müharibəyə qədər aparılan iqtisadi, mədəni, hərbi siyasət, diplomatiya fəaliyyəti ölkəmizin haqlı mövqeyini bütün dünyaya nümayiş etdirmişdir. Bu işdə Azərbaycan diasporunun da müəyyən rolu olmuşdur.

 

Qələbənin qazanılmasında ciddi rol oynayan amillərdən biri də ölkə daxilində bütün siyasi partiyaların eyni mövqedən çıxış etməsi və müharibənin getdiyi günlərdə birmənalı şəkildə Azərbaycanın rəsmi mövqeyini dəstəkləməsi oldu. Azərbaycan xalqının dövlətlə və silahlı qüvvələrimizlə birliyi orduya güc verdi.

 

Bütün bunlar keçən əsrin 90-cı illərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması haqqında qəbul edilən qərarın nə qədər müdrik və tarixi bir addım olduğunu göstərir.

 

Bu gün Azərbaycan Respublikası Milli Məclisində Yeni Azərbaycan Partiyasından sonra ən çox millət vəkili ilə təmsil edilən Vətəndaş Həmrəyliyi Partiyası 1992-ci ildə yaradılıb və artıq 28 ildir siyasət meydanındadır. Sevinirəm ki, partiyamızın əsas fəaliyyət yönünü təşkil edən vətəndaş həmrəyliyi bu gün ümummilli ideyamızın tərkib hissəsi kimi ölkəmizdə və bütün dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsinə yardım edir.

 

Sabir Rüstəmxanlı

 

Ədəbiyyat qəzeti  2020.- 30 dekabr.- S.6.