Son 60 il... Türkiyə və Anar...

 

PƏRVİN

 

İnsan taleyini yönləndirən səbəblərin sayı-hesabı yoxdur. Dünya öz oxu və günəş ətrafında qaçaqaçdaykən elm də yerində durmur. Elmin də, sənətin də diqqət mərkəzi insandı. Və elə onların ikisinin də dediyi budur ki, şəxsiyyəti yetişdirən sadəcə, ailədə verilən tərbiyə, böyüdüyün mühit və aldığın təhsil deyil, həm də dörd ünsürdü - hava, od, su, torpaq. Bir az dərinə gedəndə bu dörd ünsürü birləşdirib sadəcə Vətən demək olmazmı...

 

Müxtəlif insan talelərinə, xüsusən də dünya tarixində iz buraxmış şəxsiyyətlərin keçdiyi yola nəzər salanda hər hansı reseptin, yol xəritəsinin, üsulun, kriterilərin olmadığını görürük. Kiminçünsə uşaqlıq kompleksinə çevriləcək hadisə başqasının yetişməsinə səbəb olur, yaxud birinin əzab saydığı digərindən ötrü dərs hesab edilir.

 

60 il bundan öncə ilk əsərləri işıq üzü görən yazıçı Anarın haqqında apardığım ardıcıl araşdırmalar həm də bu istiqamətdə düşünməyə vadar edir. Onun ədəbiyyata gəlməsində doğulduğu ailənin, böyüdüyü mühitin heç şübhəsiz, xidməti var. Kitab pasajının üstündə, kitabların arasında, kitab yaradan valideynlərin yanında, yazıçıların, şairlərin, dövrün ən maraqlı simalarının arasında yaşayan yeniyetmə Anarın yazmaq həvəsi o qədər təbiidir ki. Amma bu çətin yolun məsuliyyətini erkən yaşından anlamaq və başladığını davam etdirmək, ömrün əsas işinə, missiyaya çevirmək istedad, bacarıq və zəhmətə bağlıdır.

 

Yazıçı Anar ölümdən » Azərbaycanın xəbər portalı - NEWS24.AZ

 

Elə bu nizamsız fikirlərlə Ustad yazıçımın 60 illik sənət mücadiləsinə nəzər salıb onun taleyinə və yaradıcılığına bütöv bir əsər kimi baxmağa çalışdım və məhz dörd ünsürün - havanın, odun, suyun, torpağın, yerini müəyyənləşdirmək üçün bir azacıq dərinə gedəndə daha əvvəl dediyim Vətən anlayışının formulunu tapdım... Anar üçün vətən ailəsinin içindən başlanır; körpəykən anasından eşitdiyi şeirlərdən, atasının oxuduğu kitablardan, küçələrini addımları ilə ölçdüyü Bakıdan, ilk əsərini qələmə aldığı Şuşadan, hər qarışını gəzib görüb yazdığı Azərbaycandan ibarətdi bu Vətən. Və məhz vətənini hərtərəfli görmək, dinləmək, anlamaq bacarığı Anar varlığının təməlidir. Mən bu feilləri təsadüfən işlətmirəm... Axı Vətən həm də adamlardı... Anarın 60 ildir ki, durmadan yazdığı, tanıtdığı, anlatdığı adamlar; Üzeyir bəy, Mirzə Cəlil, Mirzə Fətəli, Hüseyn Cavid, Qara Qarayev, Rəsul Rza... Bu siyahını xeyli davam etdirmək olar. Anar məhz Vətənin parçası hesab etdiyi bu dahi şəxsiyyətlərin yaşayıb-yaratdıqlarını anlatmaqla sevdiyi Azərbaycanı, görmək istədiyi ucalığı qurub... Söz-söz, cümlə-cümlə, kitab-kitab... Əslində, bu mövzu, Anarın vətəni və onu necə təqdim etməsi, ondan ötrü nələrə hazır olması, mübarizəsi bir böyük elmi araşdırmanın obyektidir. Ki bu mövzular kifayət qədər yazılıb. Amma bu günlərdə səhifələrinə daldığım bir kitab dediyim böyük vətənin əvvəlcə gizlin, sonra aşkar nəhəngliyindən, zirvəsindən, sevgisindən yazmağa vadar etdi məni... Türkiyəni deyirəm! Nəhəng Türkiyəni, Zirvə Türkiyəni, başdan-başa eşq Türkiyəni!

 

Amma bir vaxt Türkiyə haqqında bu sözləri işlətmək, ona sevgidən danışmaq bir yana, heç adını da çəkmək olmazdı. Göndərərdilər uzaqlara, sopsoyuq yerlərə, gedər-gəlməzlərə, basardılar dama, adını vətən xaini qoyardılar, edam da oluna bilərdin... Ustadın 60 illiyində qorxulu və xoşagəlməz mövzulara toxunmaq istəmədiyim üçün belə mücərrəd danışıram. Amma əslində, bu uşaq sadəlövhlüyü ilə öz aləmimdə eyhamla dediyim məsələlər hər kəsə bəllidir. Ona görə sadəcə elə "Otel otağı"nın qəhrəmanı Kərim Əsgəroğlunun bir uşaqlıq xatirəsini yada salmağım kifayətdir. Atası gecələr gizlincə Türkiyə radiosunu qurub türkülər dinləyərmiş, sonra da cihazı söndürməzdən əvvəl dalğanı dəyişərmiş, evə yad adam gəlsə və təsadüfən bu sirrin üstü açılsa, acı nəticə qaçılmaz olardı... Bir dəfə dalğanı dəyişmək unudulanda balaca Kərim bunu edir və atası onun başını şirin-şirin sığallayıb - Mənim ağıllı balam, sən nə tez böyüdün?! - deyir... Türkiyənin Əskişəhərində Anarla parkda gəzişib "Benefis" layihəm üçün müsahibə alırdım və onda öyrəndim ki, Rəsul Rza da belə edirmiş... O tez böyüyən, Türkiyə sevgisini qəlbin dərinliyində, yaxud dəyişdirilmiş dalğada mübhəm saxlamağın vacibliyini bilən balaca da Anar özü imiş! Bəli, Sovetlər dönəmində hamının bu sevgini gizlətməyə səbəbi vardı, amma Nigar Rəfibəylinin atası Xudadat bəyin aqibəti, qardaşı Kamilin Türkiyədə yaşaması çox ciddi məsələlər idi. Hətta bu faktları toplayıb, çeşidləyib repressiya üçün qovluq hazırlayanlar da vardı... Və hansısa möcüzəylə ara-sıra bu ailənin başının üstünü alan qara buludlar çəkilib getmişdi. Amma Türkiyə sevdası, Türk ədəbiyyatına maraq, Türkiyə haqqında gizli söhbətlər heç vaxt azalmamışdı. Çünki gerçək sevgi qorxuya boyun əyməz və hər zaman qalib olar.

 

Elə bu günlərdə oxuyub bitirdiyim kitab da Anarın Türkiyə sevgisinin qələbəsi haqqındadır! İLESAM təşkilatının və onun rəhbəri Mehmet Nuri Barmaqsızın təşəbbüsü ilə Berikan nəşriyyatında çapdan çıxan "Uzağı yaxın edən yazıçı Anar" (Azərbaycan yazıçısı Anar Türkiyə mətbuatında; esselər, məqalələr, müsahibələr) adlı kitab Anarın Türkiyə və bütövlükdə Türk dünyasına bağlılığının, sevgisinin qarşılıqlı olması, öz millətinin ziyalı, yazıçı, mütəfəkkir siması kimi tanınması barəsindədir. Kitaba giriş sözü yazan Məhmət Nuri bəy Anarı bütöv Türk dünyasını bağlayan, birləşdirən söz adamı hesab etdiyini dilə gətirir... Və elə ilk səhifədən son sətirlərə qədər məhz bu ideya Anarın şəxsiyyəti və əsərləri haqqında dərin fikirlərlə ifadə olunur.

 

"Otel otağı"ndan kiçik bir fraqmenti yada salıb Anarın Türkiyə sevgisinin ilk toxumlarından danışdım. Amma ümumilikdə onun Türk Ədəbiyyatı və Türk yazarlarıyla tanışlığının tarixi çox maraqlıdır. Çeşidli müsahibələrində Rəsul Rza və Nigar Rəfibəylinin sayəsində hələ uşaq yaşlarından Türk ədəbiyyatının önəmli şəxsiyyətlərini tanıdığını, evlərində Tofiq Fikrət, Nazim Hikmət, Namiq Kamal, Əbdülhaq Hamid kimi şairlərin şeirlərinin oxunduğunu söyləyib. Həm də artıq dediyim kimi - dayısının Stalin zülmündən qaçaraq "uzaq yaşıl adaya" sığınması onun Türkiyə düşüncələrinin yaralı yanıdır. Hətta buna görə anasının yanında Nazim Hikmətin "mühacirlik ölümdən betər" misrasını dilə gətirdiyini bu günəcən ağrıyla xatırlayır, yazılarında bu təsirli məqamı etiraf edir...

 

Böyük Türk şairi Nazim Hikmət ilə Rəsul Rzanın dostluqları sayəsində şairi yaxından tanımaq nəsib olub ona. Nazim haqda qələmə aldığı "Kərəm Kimi" romanında şairin Bakıya səfərləri və evlərində keçirilən görüşlər, söhbətlər haqqında xeyli təsirli məqamlar var. Həmçinin Sovet rejiminin "izin verdiyi", dövrün tanınmış simaları və Nazim Hikmətin yaxın dostları Zəkəriyyə Sərtəl, Səbihə Sərtəl, Fazil Hüsnü Dağlarca, Əziz Nesin kimi sol görüşlü yazar və şairlərlə də tanış olmaq çətin deyildi o zaman. Elə o vaxtlarda Türkiyəyə səfər edən Rəsul Rza və Nigar Rəfibəylinin düşüncələrini də gənc Anar qarışıq hisslər içində dinləmişdi. Nigar xanım haqqında yazdığı "Durna taleyi" adlı essesində bu kövrək məqamı belə ifadə edir:

 

"İlk dəfə Türkiyəyə 1956-cı ilin 26 oktyabrında Rəsulla birgə "Pobeda" gəmisiylə Avropa səyahətinə çıxdıqları zaman gəlir. Məktublaşmaları 1936-cı ildə birdəfəlik kəsilmiş Kamil haqqında heç bir məlumatı yox idi. Heç bilmirdi, sağdırmı, bircə tibb təhsili alıb həkim işlədiyindən xəbəri vardı. Mənə danışırdı ki, bircə gün İstanbulda olduqları zaman küçələri dolaşdıqca həkimlərin lövhələrinə baxırdı, bəlkə birdən Kamil Rəfibəylinin adına rast gəldi. Təbii ki, Kamilin İstanbuldamı, Türkiyənin başqa şəhərindəmi yaşadığını da bilmirdi. Onu da bilmirdi ki, böyük qardaşı Bakıdakı qohumlarını qorumaq üçün soyadını dəyişmiş, Kamil Arran olmuşdu. O biri Rəfibəyli əqrəbaları da eyni səbəbdən Sayqın və Əsgəran soyadlarını qəbul etmişdilər.

 

...İstanbulla bağlı dörd sətirlik şeirini bizə oxumuşdu, sağlığında çap etdirmədi. Ölümündən sonra biz nəşr etdik:

 

 

 

İstanbul duman içində,

 

Ürəyim güman içində;

 

Ümidlərim puça çıxdı,

 

Dağıldı bir an içində.

 

 

 

"Güman" - həkim lövhələrinin birində qardaşının adına rast gələcəyilə bağlıydı. "Ümidlərin puça çıxması" isə elə həmin gün İstanbuldan uzaqlaşan gəmidə keçirdiyi hisslərin ifadəsi idi - bir də heç vaxt qardaşını görə bilməyəcəyinin ovunmaz ağrısı...".

 

Sonralar Nigar xanım qardaşı ilə görüşür, hətta Anar da dayısı ilə tanış olur, ailəsi ilə dostlaşır, bu haqda yazır da... Amma hələ 20 yaşı tamam olmamış gəncin qəlbində anasının duyğuları silinməz iz buraxır, Türkiyə həm də doğmalığın simvoluna çevrilir bununla. Elə ona görə də artıq "Qobustan" toplusunun baş redaktoru kimi Türkiyəyə getmək üçün çaba göstərir, müəyyən çətinliklərlə rastlaşsa da, buna nail ola bilir. Rus şairi Konstantin Simonovun başçılıq etdiyi qrupla ilk dəfə Türkiyəyə gedir, Nigar xanımın səfərdən əvvəl dediyi kimi, "bu ölkədən sərxoş olur". Çingiz Bektaş öz maşınıyla Türkiyənin müxtəlif şəhərlərini gəzdirir onu, burda yenə də rejimin izn verdiyi adamlarla - Yaşar Kamal, Fakir Baykurt, Ataol Bəhramoğlu kimi solçu yazarlarla görüşə bilir. Hətta sonralar "Dədə Qorqud" araşdırmaçısı olan Orxan Şaiq Gökyay ilə görüşmək istəməsi sol camiədə yumşaq desək "qəribə" qarşılanır. Hə, bu elə zamandı ki, Türkiyənin özündə də sənətə yanaşmada əsas kriteri siyasi əqidədi...

 

Lakin Anarın Azərbaycan müstəqilliyinə qovuşunca, sərhədlərin açılması ilə Türkiyədəki fərqli camiələrdə müxtəlif ideoloji görüşlərə malik qələm adamları ilə, həmçinin Azərbaycana gələn siyasətçilərlə, ədəbiyyat və elm xadimləri ilə dostluq münasibətləri yaranır; Türkiyənin Mədəniyyət naziri Namiq Kamal Zeybək, elm adamları - Əli Yavuz Akpınar, Turan Yazqan, şairlər - Əli Ağbaş, Yəhya Akengin, Yavuz Bülənd Bakülər, Ataol Bəhramoğlu və b. Həmçinin Türkiyədə keçirilən bir çox ədəbi tədbirlərə və kitab yarmarkalarına fəxri qonaq kimi qatılan yazıçı başda Sərhad Qabaqlı, Şənər Bulud, Yaqub Öməroğlu, M.Nuri Barmaqsız olmaqla ədəbiyyat və sənət qurumlarının sədrləri ilə və Mustafa Kutlu, Bəşir Ayvazoğlu, İrfan Ülkü, İsa Qayacan, Fikrət Türkmən, İldəniz Qurtulan, Fatma Özkan, Yasəmin Bayer, İmdat Avşar kimi Azərbaycan ədəbiyyatına ciddi xidmət edən yazar, şair, tərcüməçi və elm adamları ilə tanış olur. Beləliklə uşaq qəlbinə səpilmiş Türkiyə sevgisinin toxumları daha da cücərir, boy göstərir və qısa müddətdə əsərləri də çevrilən, oxunan, sevilən Anar Türkiyə üçün Azərbaycanın ziyalı, yazıçı simvoluna çevrilir.

 

Yavuz Bülənd Bakilər "Azərbaycan ürəyimdə bir Şah damardır" adlı şeirində       

 

 

 

"Bir Dastan yazar kimi yaz məni, Anar.

 

Duy məni, Bəxtiyar, duy məni, Şahmar"

 

 

 

- misralarıyla ona xitab edərkən, Əli Ağbaş da "Göygöl" şeirində:

 

 

 

"Çinar pıçıldaşır pınara söylər,

 

Pınar da ustadım Anara söylər"

 

 

 

- misralarıyla onu yada salır.

 

Anarın Türkiyədəki siyasi və ədəbi görüşləri bir-birindən olduqca fərqli təşkilatlarla, yazar və şairlərlə yaradıcı əlaqələr qurması, bütün camiələrdə böyük sayğıyla qarşılanması şübhəsiz ki, ilk növbədə onun ideologiyaların fövqündə duran şəxsiyyəti və hər camiədə heyranlıq yaradan əsərləri və ədəbi yaradıcılığından irəli gəlir.

 

Elə buna görə də əsərləri Türkiyə universitetləri, Türkiyə Radio, Televiziya Qurumu (TRT) TÜRKSOY, Türk Ədəbiyyatı Vaqfı, İLESAM, TÜRKSAV, Türk Dünyası Araşdırmaları Vaqfı, Türkiyə Yazarlar Birliyi, Avrasiya Yazarlar Birliyi kimi qurumlar tərəfindən yüksək qiymətləndirilib. Türkiyənin bir çox universitetlərində konfranslara dəvət edilən yazıçı, 90-cı illərdə 8 ay Memar Sinan Universitetində dərs deyib. Həmçinin bəzi universitetlər tərəfindən "Fəxri Doktor" adına layiq görülüb, onlarca başqa ödüllər alıb. Bunlardan Avrasiya Yazarlar Birliyinin Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi tərəfindən "2012-ci ildə Türk Dünyasında İlin Ədəbiyyat Adamı" seçilməsini, Türk Ədəbiyyatı Vaqfı tərəfindən "Yaşayan Dədə Qorqud" (2018), TÜRKSAVın "Türk Dünyasına Hizmet" ödülüylə təltif edilməsini xüsusi vurğulamaq istərdim. Qeyd etdiyim və sadalamadığım bütün ödüllərin, mükafatların əsas səbəbi yazıçının ümumtürk mədəniyyətinə xidmətidir. Əsas meyar isə heç şübhəsiz, yazdığı əsərlərdir. 90-cı illərdə Türkiyədə kitab mağazalarında Azərbaycan ədəbiyyatı nümunələrini tapa bilməyən yazıçının az qala bütün əsərləri ən nüfuzlu nəşriyyatlar olan Ötüken, Everest, Akçağ, Bengü, Türk Ədəbiyyatı Vaqfı və TÜRKSOY təşkilatlarının yayım evlərində işıq üzü görüb.

 

Əsər haqqında müxtəlif rəylərin olması mənə xoşdur - Yazıçı Anar (MÜSAHİBƏ)

 

75 illik yubileyi münasibətilə yazıçı-tərcüməçi İmdat Avşarın redaktorluğu ilə "Qardaş Qələmlər", 80 illiyində isə "Türk Ədəbiyyatı" dərgisinin "Anar Özəl" sayları çapdan çıxıb. Bütün bu, sadəcə, informativ olaraq, fakt kimi sadaladıqlarım Anarın Türkiyə sevdasının qarşılıqlı olmasının, qardaş ölkədə solçu, milliyyətçi, islamçı əqidəyə malik bir çox yazarların, şair və elm adamlarının bu görüşlərdən asılı olmayaraq Anarın ədəbi şəxsiyyətinə və əsərlərinə obyektiv qiymət vermələrinin sübutudur. Elə haqqında söz açdığım "Uzağı yaxın edən Anar" kitabı həm də bu fərqli əqidələrə, müxtəlif yanaşmalara malik müəlliflərin yazıçı haqqında esselərini, məqalələrini, müsahibələrini bir yerə toplaması ilə maraqlıdır. Məqalədən məqaləyə kitabı oxuduqca iki portret canlanır göz önündə... Nəhəng türk dünyası və Anar... Və yazıları bu kitabda yer alan hər kəs üçün bu iki portret biri digərinin davamıdır, tərkibidir, parçasıdır. Prof. Fikrət Türkmən Anarın təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütöv türk dünyası üçün böyük işlər gördüyünü vurğulayaraq yazır: "Anar Azərbaycan və türk dünyası üçün özəldir. Onsuz türk dünyasının intellektual sistemində böyük əskiklik yaranardı. Azərbaycanın bu çətin keçid dövründə Anara böyük ehtiyac vardır. Onun "mənə yox, millətə lazımdır" sözü Azərbaycanın birlik və bərabərliyi üçün ən önəmli düsturdur. Türk dünyasında ona böyük bir güvən vardır. Gələcəkdə də türk dünyasının zirvəsində Anar mütləq olacaqdır...".

 

Yazıçının sonrakı fəaliyyətləri, yuxarıda sadaladığım faktlar, həmçinin TÜRKSOY tərəfindən 80 illik yubileyinin qeyd olunması, Türkiyədə yaradılan Türk Dünyası Yazarlar Birliyinin sədri seçilməsi Fikrət Türkmənin sözlərini bir daha təsdiq edir.

 

Anarın ümumtürk ədəbiyyatının, mədəniyyətinin bütöv qavranması, tanıdılması üçün gördüyü işlərin sayı-hesabı yoxdur. Həm yazıçı-esseist kimi - "Kitabi-Dədəm Qorqud"u özümüzə və dünyaya anlatmaq üçün yazıları, ssenariləri, filmi, həm də ictimai xadim kimi - türk UNESCOsunun, yəni TÜRKSOYun - türkdilli ölkələrin mədəni təşkilatının yaradılması təşəbbüsünü irəli sürməsi və s. kimi faktları sadalaya bilərik. Amma mənə görə bu haqda ən maraqlı fikir məşhur türk şairi Atilla İlhana məxsusdur. Anar tərtib etdiyi "Min beş yüz ilin oğuz şeiri" antologiyasını ona hədiyyə edəndən sonra şair həyəcanını və hisslərini gizlətmir: "Önəmli və dəyərli Azərbaycan aydını Anar mənə bir kitab vermişdi: "Min beş yüz ilin oğuz şeiri". Diqqət edin, sadəcə, Türk və Azəri şairlərinin deyil, yer üzündəki bütün Türk şairlərinin antologiyası. Bizdə belə bir əsər yoxdur. Qəlbimdə bir həyəcan duydum, düşündüklərimi açıqca söylədim: "Siz bizdən daha artıq Türksünüz!".

 

Yazıçının yaxın dostu, məşhur türk şairi Ataol Bəhramoğlu da onun vətənə bağlılığına xüsusi qiymət verir, onunla münasibətini dostluqdan daha çox bir qardaşlıq olduğunu vurğulayır: "Anar ilə bizi birləşdirən çox şey var. O, hər şeydən öncə bir yurd sevərdir. O, yalnız öz əsərini önə çıxaran məncillərdən, MƏN mərkəzli düşünənlərdən deyildir. Tam tərsinə! Çıxardığı dərgilər, yayımladığı əsərlər, illərdir ki, rəhbərlik etdiyi Yazarlar Birliyi... hər şey, amma hər şey Azərbaycan ulusunun mutluluğu, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünya səviyyəsində tanınması üçündür. Belə insanlar azdır... Nazim Hikmət, şübhəsiz, belə insanlardan biriydi. Getdiyi hər yerdə Türkiyənin, türkcənin bayrağını dalğalandırırdı. Çox yaxından tanıdığım Əziz Nesin də beləydi. Anar bu soydan, bu nadir və mənim üçün mübarək yazarlardandır...".

 

Ataol Bəhramoğlunun nümunə gətirdiyim bu cümlələri Anarın yazıçı, aydın məsuliyyəti; millətinə, dövlətinə, mədəniyyətinə olan bağlılığı və bu yolda  mücadiləsi haqqında düşündürür. Bu məqamda onun Türkiyədə dediyi tarixi fikir yadıma düşür... Azərbaycan mədəniyyətinin, teatr və kinosunun müzakirə olunduğu bir ortamda Anarın unudulmaz cavabı: "Azərbaycan Məşədi İbadların deyil, Məşədi İbadları yaradan Üzeyir Hacıbəylilərin yurdudur!".

 

Mənə görə Fikrət Türkmənin söylədiyi kod-düstur məhz budur; Vətəni Üzeyir Hacıbəyli səviyyəsində, zirvəsində təqdim etmək, tanıtmaq, sevdirmək... Bu mənada 70 il qapıları bağlı qalan Azərbaycanı türk aydınları həm də Anarın əsərləri vasitəsilə daha yaxşı tanımağa çalışıblar. Sovet sisteminin qaydaları, qadağaları və bütün bunları qıran, çərçivələr içərisində yaşamaq istəməyən, Rəsul Rza söylədiyi kimi, "darısqallıqdan yorulan", öz milli mənsubiyyətini dilə gətirməkdən çəkinən Azərbaycan türkü ilə həm də Anarın qəhrəmanları vasitəsilə tanış oldu Türkiyə...

 

Hələ 90-cı ildə Azərbaycana gələn yazıçı-publisist Oktay Akbal Anarın küçəylə gedərkən adi adamlar tərəfindən tanınmasına, xalq arasında böyük bir sevgi və sayqıya malik olmasına yaxşı mənada təəccüblənir və yazır: "Əgər yazdıqları latın əlifbasıyla Türkiyədə yayımlanarsa, şübhəsiz, ölkəmizin ən çox oxunan, sevilən yazarlarından biri olacaqdır". Oktay Akbalın bu nikbin proqnozu həqiqətən özünü doğrultdu və qısa zamanda, sadəcə, oxucular deyil, türk ədəbiyyatşünaslığı Anarı ümumbəşəri problemləri türk insanının simasında, nümunəsində ifadə edən yazıçı kimi qəbul etdilər. Bu mənada prof. Əli Yavuz Akpınarın məqaləsi son dərəcə maraqlıdır. O, Anarı həm milli, həm də dünyəvi hesab edir və onun gerçək bir intellektual olmasının əsərlərindən də duyulduğunu dilə gətirir: "Anar çoxyönlü bir yazar olaraq diqqət çəkir. Geniş bilgiləri və dərin mədəniyyəti onun insan problemi üzərində işləməsinə imkan verir. Anar mövzularını və qəhrəmanlarını çağdaş Azərbaycan həyatından almasına rəğmən bu sərhədlər içərisində millidən bəşəri olana yüksələ bilib, həm çağdaş Azərbaycan insanını, həm də zamanımızı anlatmağı, canlandırmağı çoxyönlü bir şəkildə ifadə etməyi bacarmışdır".

 

Yazıçının yaxın dostu və tərcüməçisi İldəniz Qurtulan bu tezisə başqa bir yöndən yanaşıb. O, hesab edir ki, məhz bu bəşəri ideyalarına görə Anarı və onun qəhrəmanlarını əhatə edən sosial çevrə bu əsərləri qəbul etməkdə, anlamaqda çətinlik çəkirlər. Bu mənada Anarın bir tərəfdən rejimə, digər tərəfdən də Sovet ədəbiyyatı şablonlarına alışmış çoxluğa müqavimət göstərərək tutduğu yola davam etməsi Qurtulana görə əsl ziyalı işidir: "Anar ənənəvi sərhədləri qırmağa "Ağ liman" (1970) romanıyla başladı və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanıyla bu cizgisini davam etdirdi. Mühitin və yuxarıların təpkilərinə rəğmən yazar məsuliyyətini yerinə yetirdi...".

 

Yazıçı Mustafa Kutlu da İldəniz bəylə həmfikirdir, o, "Ağ liman" barəsində yazısında bu əsəri sənətin qollarını qandallayan Sovet rejiminə kiçik bir üsyan kimi dəyərləndirir və 1967-ci ildə bunu çap etdirməyi cəsarət sayır: "Anarın bu romanı bürokratik toplum qaydalarının eyniləşdirdiyi insan həyatındakı sıxıntıları bir ağ liman xəyalıyla süsləyir. Bu ağ limanda lövbər atmış gəmilər Qərbin sərbəst türkülər söyləyən dənizlərinə doğru üzüb gedə biləcəklərmi?".

 

İldəniz bəyin qısaca olaraq - "yazıçı məsuliyyəti", Mustafa Kutlunun "üsyan" adlandırdığı xarakter özəlliyi, sadəcə, Anarın yenilikçiliyini, heç bir təzyiqlərə, qərəzli tənqidlərə baxmayaraq öz yoluna, ideyalarına, deməli, vətəninə sədaqətini ifadə edir. Bu mənada elə söylədiyimiz yola, üsluba, vətən təəssübkeşliyi xarakterinə sadiqliyinin ən bariz nümunələrindən biri də yazıçının "Ağ qoç, qara qoç" əsəridir. Xalqı üçün yarana biləcək təhlükələrə biganə qala bilməyən Anar bu əsərlə bir həyəcan təbili çalırdı. Və bu təbilin səsi-sədası Türkiyəyə, bütün türk dünyasına gedib çıxmışdı. Əsər Arif Acaloğlunun türkcəyə çevirməsindən və yayımlanmasından sonra bir çox ədəbi tənqidçilər tərəfindən təhlil edilib.

 

İrfan Ülkü bu əsərin nağıldan başlanğıc götürməsini çox qeyri-adi üslubda yazılışını xüsusi qeyd edir: "Anar bu romanıyla yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının gələcəyinə işıq tutur, bizləri ayıldır. Bu məzmunu ilə "Ağ qoç, qara qoç" diqqətlə, üzərində düşünülərək oxunması lazım olan çağdaş bir Türk nağılıdır və ulusumuzun gələcəyinə doğru başarılı bir yol xəritəsidir".

 

Həqiqətən bütün türk dünyasına məxsus dəyərlərə utopik nağılda bir məkanın, şəhərin - Bakının təsviriylə diqqət çəkən müəllif bu əsəri böyük bir mesaj kimi qələmə alıb. Anarın ədəbi yaradıcılığı mövzusunda magistr dissertasiyası yazan Ayşə Atay da "Ağ qoç, qara qoç" barəsində məqaləsində ziyalının gələcəyə aid qayğılarını çox incə bir üslubla qələmə aldığını deyir: "Ölkəsinin gələcəyinə biganə qalmayan bir Azəri aydınının qələmindən çıxan və millətinə həyəcan təbili  olan bu əsərdə Anarın millətinə və bir cümlədə Türk Dünyasına verdiyi mesaj, ağ qoçun belində varılacak işıqlı dünyada olduğu kimi, öz mədəniyyəti və tarixindən güc alan bir millət olaraq qardaşcasına, sülh dolu bir dünyada öz yerimizi almamız gərəktiyidir".

 

Bütün bu yazıların və təhlillərin toplandığı "Uzağı yaxın edən Anar" kitabının əsas üstünlüyü məhz 60 illik yaradıcılıq dövründə bütöv türk dünyasına verilən mesajların qəbul edildiyini göstərməsidir. Azərbaycan da, Türkiyə də dəyişir, inkişaf edir, nəsillər bir-birini əvəz edir, amma bu yeni dünyada və təzə kompüter əsrinin övladları arasında Anarın öz yeri var. Azərbaycan ədəbiyyatının fədakar dostu, təkcə etdiyi tərcümələrlə deyil, həm də yüksək təşkilatçılığı və fədakarlığı ilə düzənlədiyi tədbirlərlə bizlər üçün böyük işlər görmüş yazıçı-tərcüməçi İmdat Avşar "Məgər yanılmışam..." adlı məqaləsində Anarla söhbətlərinin təəssüratını bölüşür: "Heyranı olduğum böyük bir yazıçının adı ilə yanaşı mənim də adımın olması böyük bir xoşbəxtlikdi... Sənətin bütün sahələrinə əsərlər bəxş edən, Azərbaycan ədəbiyyatında müstəsna rol oynayan Anar ilə aramızdakı onlarca yaş fərqinə baxmayaraq, yaxın bir dost olduq. Bakıda, Göyçayda, Brüsseldə, Amsterdamda, Ankarada, İstanbulda, Kayseridə ... eyni kürsüdən "gecənin susqun nəğməsi"ni Rəsul Rzanı anlatdıq, onun şeirlərindən örnəklər gətirdik. Onun həyatı necə dərindən qavradığına, milli məsələlərdəki ziyalı mövqeyinə, dil və ədəbiyyat dünyamızdakı problemlərə yanaşmalarına şahid oldum...".

 

Anar müəllimin "Kərəm kimi" və "Çağdaşlarım" kitablarını çevirən, onun 80 illik yubiley tədbirlərinin İstanbulda və Ankarada Türk Ədəbiyyatı Vaqfının və TÜRKSOYun rəhbərliyi ilə ən yüksək səviyyədə keçirilməsi üçün ciddi təşkilati işlər görən İmdat bəyin yazısından gətirdiyim nümunədə xüsusi məqam məhz dostluqdur. Məncə, elə bu kitabda da TÜRKSOY sədri Düsen Kaseinovun, qırğız yazıçısı Çingiz Aytmatovun, qazax yazarı Oljas Süleymenovun, Türkmən şairi Oraz Yağmurun, Anarı Axıskalı türklərin yazıçısı adlandıran Minarə Əliyevanın məqalələrinin qəhrəmanı məhz dostluğa, qardaşlığa inamı, sədaqətiylə türk oxucusunun qəlbində taxt qurub.

 

Bir anlıq yazımın əvvəlinə nəzər salıb düşünürəm. Axı Sovet dövründə bu sevgi ayıb idi, tərcümeyi-hallarda - "xaricdə yaşayan qohumum yoxdu" - yazmaq da könül rahatlığı sayılırdı. Bunların əksini yaşayan Anar xaricdə - Türkiyədə qohumu olan gənc kompleks keçirmədi... Əksinə, bu "ayıbdan", bu əskiklikdən böyük bir ideya, dünya yaratdı. Və elə bu günlərdə gəlib çıxdığımız məqam, ümumtürk tarixinə şərəflə yazdığımız hadisələr - Vətən müharibəmiz, Qarabağ savaşımız və torpaqlarımızı düşməndən azad etməyimiz həm də Anarın 60 illik mücadiləsinin, ideyalarının qələbəsidir. Hər addımımızda Türk qardaşlarımızın dəstəyini, böyük sevgisini, birliyimizi hiss etdiyimiz üçün bu yolda heç büdrəmədik. Zənnimcə, məhz bu, uzun ömrün, böyük mücadilənin, 60 il yazmağın, yaratmağın, böyük dünyanın - Türk dünyasının parçası olduğumuzu anlatmanın ən böyük cavabı, mükafatıdır!

 

 

Ədəbiyyat qəzeti  2020.- 30 dekabr.- S.10-11.