Yolunuz açıq olsun, cənab
İlham Əliyev
10 dekabr 2020-də
Bakıda, Xəzər dənizinin sahilində böyük Xəzərlərin
torunları zəfər paradı keçirdilər. Həmin
gün Azərbaycan xalqının taleyində yeni bir dönəmin
başlanğıcı oldu. Son II-III əsr ərzində
savaş zəfərinin badəsindən uğur sevinci
tamsınmayan bir xalqın əsgərləri Ali Baş Komandanları
İlham Əliyevlə birgə qələbə marşı
törəni düzənləyirdilər. Çox duyğulu
anlar idi, genlərinin künclərində yatan zəfər
hissini bir anda qəhrəmanlıq coşqusuna çevirən
insanlar keçmiş əzəmətin həzzini
yaşayır və onlara bu həzzi bəxş edən
Prezident İlham Əliyevə alqışlar söyləyirdilər,
çünki Bakıda, Xəzər dənizinin sahilində,
böyük Xəzərlərin torunları üçün
inşa edilən "Zəfər tağı"nın əsas
memarı o idi. Bu böyük, tarixi gündə, o, Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı
dayanmışdı və bu iki lider bir yerdə yeni bir
intibahın dirçəliş anlarını seyr edirdilər.
Azərbaycan Cümhuriyyəti yaranışından bu yana bəlkə
də ən sevincli anlarını yaşayırdı,
çünki Sovetlər Birliyi dağılandan sonra
Cümhuriyyətin ikinci dirçəlişi böyük ərazi
itkiləri ilə müşayiət olunmuşdu,
Qarabağın böyük bir hissəsi düşmən pəncəsinə
keçmişdi. Əlbəttə, dünyada çox xalqlar
var ki, bunu təbii qarşılayardı, axı Azərbaycan
Respublikası bugünkü dünyada iqtisadi inkişafda olan
bir ölkədir və bütün düşüncələr
bir çox ölkələrdə olduğu kimi yalnız rifah
məsələlərinə yönələ bilərdi. Amma
burası Azərbaycandır, türk ölkəsidir və onun
rəhbəri də ərəb şeyxlərindən fərqli
dəyərlərin daşıyıcısıdır. Xaqan
Metedən bəri 2200 il ərzində heç bir türk
hökmdarı üçün vətən torpağı məsələsi
alver predmeti olmadı və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də bu sırada həmişə
bu şərəfli ideyanın daşıyıcısı
oldu. Onun zamanında ölkə böyük iqtisadi, siyasi və
mədəni uğurlar əldə etdi, imzalar içində
imza qazandı, lakin heç bir zaman o, bir an da əsir
torpaqların geri qaytarılması cəhdlərindən yan
durmadı. Qarabağ məsələsi hər gün onun
masasının üstündə dayandı. Bununla
yanaşı, əsir olan digər Azərbaycan ərazilərini
də öz könül dəftərinə möhür elədi.
Bir dəfə o, çıxışında İrəvanın
Azərbaycan şəhəri olduğunu söyləyəndə dünyanın bütün diri
canları bir-birinə dəydi. Çünki dünya bundan xəbərsizdi.
Elə Azərbaycanda da çoxları dumanlı şəkildə
xatırlamağa başladı ki, İrəvan bir zamanlar Azərbaycan
türklərinin şəhəri olub. O bunu zəfər
paradı zamanı etdiyi çıxışında da təkrar
etdi, İrəvan, Zəngəzur,
Göyçə Azərbaycan torpağıdır! - dedi.
Prezident bunu elə-belə, Azərbaycan əhalisinə xoş
gəlsin deyə söyləmədi. Bu, öz xitabından gələcəyə
nəzər salan bir rəhbərin xalqa, fikir və qələm
adamlarına göndərdiyi ismarış idi.
Hər millətin
cızılmış fiziki sərhədlərindən
başqa, könül sərhədləri də var.
Könül sərhədləri
insanların yaddaş arxivində yaşatdıqları sərhədlərdir.
Sözün
düzü, bu sərhədi də, bir dəfə
çıxışı zamanı Başqan İlham
Əliyev cızdı. O dedi ki, mən təkcə Azərbaycan
Respublikasının deyil, dünyada yaşayan 50 milyon azərbaycanlının
prezidentiyəm. Və nöqtə. Ariflərə bir işarə
də kifayətdir... Azərbaycan türkünün
könül sərhədləri cızıldı, qalanı qələm
və fikir adamlarının işidir.
Sözün
düzü, biz bunu gördük, Vətən savaşı
zamanı gördük, azərbaycanlılar dünya boyu bir
bütöv kimi qeyrət göstərdi, dünyanın
çeşidli şəhərlərində Vətən
savaşına qalxdılar, dövlətləri ilə,
prezidentləri ilə birlik nümayiş etdirdilər. Və
İlham Əliyev böyük bir xalqın başında
böyük işlər üçün gəldiyini bir daha
anladı, onun çıxışlarındakı qələbə
notları yüksəlməyə başladı və bu
gün də davam edir. Zəfər paradında onun gələcəyə
xitab etdiyini gördük. O, azərbaycanlıların
könül sərhədlərinin yaxın hədəflərini
göstərdi, ah deyən əsir ellərin adlarını
sadaladı...
Qədim türk
dilində gözəl bir ifadə var - eltəriş. Bu
adı səpələnmiş yurdları bir mərkəz ətrafında
birləşdirib dövlət quran xaqanlara verərdilər. Qədim
türk dilində mənası Eli, dövləti dərləmək,
bir yerə yığmaqdır. Didilib-dağılmış Azərbaycan
yurdlarını bir dəfə dərləyib dövlət
qurmaq missiyası Şah İsmayılın üzərinə
düşmüşdü. O bunu elədi, missiyasını
yerinə yetirdi. Mən həmişə belə hesab eləmişəm
ki, 50 milyon azərbaycanlının lideri İlham Əliyev də
belə bir missiya ilə görəvlidir. Savaş və siyasət
meydanında qazanılan zəfərlərlə o göstərdi
ki, o bunları etmək iqtidarındadır. Mən bunu illər
öncə "Türk əsrinin türküləri"ndə
deyilməmiş kəlmələri soyluyanda söyləmişəm:
Bu məmləkət
ilhamlıdır tanrıdan,
İçimizdə
Şah İsmayıl qutu var.
Qızıl əsrin
sabahına gedirik,
Bizi dəfnə
çələngləri gözləyir.
Qəhrəmanlıq
göydən gələr Qurd ilən,
Pozulmayan
ülkümüz var yurd ilən.
Zaman-zaman əzilmişik-əzməyə,
Qarabağı
qaytarmağa vermişik.
Yemək
vaxtı gəlir fateh iştahı,
İçimizə
imperiyalar sığışmaz.
Qəhrəmanlıq
göydən gələr Qurd ilən,
Pozulmayan
ülkümüz var yurd ilən.
Bizim İlham
xaqanımız eltəriş, *
Türk elini
toplamağa gəlmişik.
Qızıl alma
Bakıdadır, bunu bil,
Tanrı eli
ülkümüzdən doğacaq.
Qəhrəmanlıq
göydən gələr Qurd ilən,
Pozulmayan
ülkümüz var yurd ilən.
Mən deyirəm,
müqəddəsdi bu torpaq,
Azərbaycan
davası var, önə dur!
Savaşdan
savaşa heydərləşmişik,
Qolumuzda Şah
İsmayıl gücü var.
Qəhrəmanlıq
göydən gələr Qurd ilən,
Pozulmayan
ülkümüz var yurd ilən.
* eltəriş - eli bir yerə
toplayan.
Didilib-dağılmış
torpaqları bir bayraq altına toplayan, türk dilini dövlət
məqamına gətirən Heydər oğlu İsmayıl,
bilərəkdən, ya bilməzlikdən türk
qövmünün də, İslam ümmətinin də
içində qarşıdurma
ovqatı yaratdı. Prinsipcə Qızılbaşlılıq
da, Osmanlılıq da çox qədim türk
ülküsünün İslam qayələri ilə təzədən
doğulan təzahürləri idilər. Bir ağacın iki
budağı yollaşmadı, qayələr toqquşdu Allah
adından. Allaha yol gedən türk torunları, Allahın
adıyla düşmən oldular. Əhməd Yasəvilərin,
Hacı Bektaşların ürəklərdə bəsləyib
böyütdükləri böyük duyğuların yüyəni
sasani dəllallarının, Həsən Sabbah xələflərinin
əlinə keçdi. Azərbaycan və Anadolu türklərinin
könül sərhədləri bir-birindən aralı
düşdülər. Yüz illər boyu...
Və gün gəldi.
Heydər oğlu İlham Əliyev və Rəcəb Tayyib
Ərdoğan türk törəsinin və ümmət qayəsinin
Sultan Səlim və Şah İsmayıldan başlayan
pozğunluğuna son qoydular. Qəflət yuxusunda yağı
pəncəsi altında inləyən İslam ümmətinə
örnək göstərdilər, sünni-şiə yoxdur,
İslam vahiddir, dedilər. Mən inanıram ki, onların bu
xidməti başlanğıc mərhələsindədir, onun
bəhrəsini gələcək nəsillər daha aydın
duyacaq. Çünki "göy çökməsə, yer
batmasa türk törəsi pozulmaz". Bu ər
oğlanların sinəsindəki "Gil kitab"lara
yazılıb, türk milləti törəlidir, Törə
isə əbədi. Türk törəsi var isə, Məhəmməd
ümməti də var olcaq. Bu törə də bir zamanlar
Allah dərgahından gəlib axı...
Tarixdə
heç bir hadisə yeni deyil və cənabi Allahın
yaratdığı bu sistemdə hər şey bir ayrı
formada təkrar olunur. 1500 il öncə, daha doğrusu, 24
haziran 552-ci ildə, Ötükən ormanında Aşina
boyundan olan Bumın xan "Elxan" titulu ilə ağ
keçə üstünə qaldırıldı və
Böyük Türk kağanlığı
(hakanlığı) adlı əzəmətli bir dövlət
tarix səhnəsinə bərqərar oldu. Bundan sonra bu
böyük dövlətin buraxdığı miras neçə-neçə
böyük səltənətin ilham qaynağına
çevrildi. Cəddimiz Kaşqarlı Mahmud bu barədə
mübarək misralar miras qoydu bizə. "Tanrının inayəti
ilə günəş türk bürclərində doğdu və
göylərin bütün dairələri onların mülkləri
üzərində döndü. Tanrı onlara türk
adını verdi və onları yer üzünə hakim
qıldı. Dövrümüzün xaqanlarını onlardan
çıxardı, dünya millətlərinin idarə
cilovunu onların əlinə tapşırdı, onları
hamıdan üstün elədi, onları haqq üzrə
qüvvətləndirdi. Türklərlə əlbir
olanları və tərəfdarlarını əziz tutdu,
türklərin sayəsində bütün arzularına
çatdırdı, pislərin, qaragüruhun şərindən
qorudu. Türklərin oxlarından qoruna bilmək
üçün onların yolunu tutmaq hər bir
ağıllı adama layiq və münasibdir".
İndiki
Türkiyə Cümhuriyyəti bu böyük əzəmətinin
sonuncu daşıyıcısı Osmanlı imperiyasının
xələfidir və özündə Göy Türk, Xəzər,
Qaraxanlı, Səlcuq, Osmanlı ənənələrini
yaşadan bir dövlətdir. Azərbaycan Respublikası da,
şübhəsiz, bu böyük ənənələrin
daşıyıcısıdır, Türkiyə və
Türküstan arasında əbədi bir
körpüdür... Sarı dəniz sahillərindən Qara dəniz
sahillərinə qədər uzanan ərazilərə nəzarət
edən Böyük Türk hakanatının ən
böyük tarıxi missiyası bir-birindən az xəbərsiz
olan iki böyük sivilizasiyanın, Uzaq Şərq və
Aralıq dənizi hövzəsi sivilizasiyaları arasında
kommunikasiya yaratması oldu. Şərti olaraq "İpək
yolu" adlandırılan bu kommunikasiya xətti onların xələfləri
tərəfindən bu gün də inkişaf etdirilir. Sadəcə,
qədim dövrlərin əsas valyutası olan ipəyi bu
gün ayrı vasitələr əvəz ediblər. Bu prosesdə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və
Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir.
Mən deyərdim ki, bu iki liderin həyatında bir tale
yaxınlığı da var. Mən təsadüflərə
inanmıram, onların hər ikisinin tarixi bir missiya
daşıyıcıları olduqları qənaətindəyəm.
Onların hər ikisi demək olar ki, eyni vaxtda hakimiyyət
başına gəliblər (R.T.Ərdoğan 2002-ci ildə,
İlham Əliyev 2003-cü ildə) və sələfləri
tərəfindən başladılan böyük projelərini
tamamlamaq görəvi onların boynuna düşüb.
Xüsusilə qeyd etmək istəyirəm ki, məhz son 17 ildə
Azərbaycan - Türkiyə əlaqələri
özünün bütün tarixi ərzində ən üst
səviyyəyə qalxıb. Şübhəsiz ki, bunda bizim
qardaş xalq olmağımızla bərabər, liderlərin
şəxsi dostluğu da, tale ortaqlıqları da
mühüm rol oynayır. Bunun ən bariz nümunəsi
dövlət başçılarının sammitlərinin
birində Türkiyə nümayəndəsinin orada iştirak
etməməsindən istifadə edib Türkiyəyə hədyan
yağdırmaq istəyən Ermənistan prezidenti Serj
Sarkisyana cavab olaraq "Türkiyənin rəhbəri burada
yoxdur, mən burdayam" söyləyən Azərbaycan
Prezidenti İlham Əliyev bu qardaşlığın hansı
səviyyədə olduğunu göstərdi. Onların
dostluğu, qardaşlığı hər iki ölkənin
insanları arasında bağların möhkəmlənməsinə
böyük təkan verdi. Heydər Əliyevin "Bir millət,
iki dövlət" konsepsiyası bax belə həyata
keçirilir. Tarix boyu türk qövmünün bütün
fəlakətləri lidersizlik zamanlarına təsadüf edib.
Elə indinin özündə də hər iki ölkədə
elə rəhbərlər ola bilərdi ki, hər iki xalqı
düşmən edərdilər. Biz bunu tarix boyu çox
görmüşük və şükürlər olsun ki,
indi tamam ayrı tarix yazılır. İndi
qutladığımız Qarabağ Zəfəri də Azərbaycan
və Türkiyə prezidentlərinin birgə ürətdikləri
bir məhsulun bəhrəsi oldu və onlar postsovet məkanında
kimsənin xəyal edə bilməyəcəyini bacardılar.
Azərbaycanın ərazi bütövlüyünü bərpa
etməklə bərabər, Naxçıvana koridor
açıb min illərlə türklərin nəzarətində
olan qədim kommunikasiya xəttini bərpa elədilər. Buna
qədər də onların birgə inşa etdikləri boru xətləri,
dəmir yolları və s. bu böyük məqsədə
xidmət edib...
İndi mən Xəzər
dənizinin sahilində düzənlənən Qələbə
paradını seyr edə-edə düşünürəm
ki, Vətən savaşının sonunu simvolizə edən bu
mərasim həm də gələcəyə yönələn
yeni bir yolun başlanğıcıdır. Cəmiyyət
üçün yeni iz açmaq tarix boyu insan
qarşısında duran ən çətin vəzifələrdən
olub. Mən Prezident İlham Əliyevin bu çətin yolda
yeni uğurlar əldə edəcəyinə çox əminəm,
çünki onun içindəki qalib ruhunu görürəm.
O, təkcə Vətən savaşını qazanan bir
xalqın rəhbəri deyil, həm də şərti Soros
adlandırılan böyük beynəlxalq qaraguruha qalib gələn
çox az çağdaş dövlət
başçılarından biridir.
Yolunuz
açıq olsun, cənab İlham Əliyev!
Elxan Zal
Qaraxanlı
Ədəbiyyat qəzeti.-2020.-24
dekabr.-S.19.