BÖYÜK
QAYIDIŞ
2013-cü ilin dekabr ayının 13-də Bakı şəhərində əlamətdar bir hadisə baş vermişdi. "Kitabi-Dədə Qorqud" abidəsinin açılışı olmuşdu. Həmin tədbir məni o qədər əfsunlamışdı ki, "Azərbaycanın milli kimliyi: "Kitabi-Dədə Qorqud" abidəsi" adlı məqalə yazıb qəzetdə çap etdirmişdim. Həm marağıma, həm sevincimə səbəb olub məni düşündürən hadisə daha çox burada böyük bir ağ çadırın qurulmasıydı. Mənə elə gəlirdi ki, ağ çadır qarşıdakı ağ günlərin müjdəsini verirdi.
Çadırda yaxından tanıdığım çox böyük elm, sənət, mədəniyyət və ədəbiyyat adamları oturmuşdu. Bir anlığa xəyalımda "Kitabi-Dədə Qorqud" dastanının "Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım, hey!"... boyundakı səhnə canlanmışdı. Dastandan məlumdur ki, Bayındır xan ağ çadıra oğlu olan, qızıl çadıra qızı olan, qara çadıra övladı olmayan say-seçmə Oğuz bəylərini dəvət etmişdi. Amma Bayındır xandan fərqli olaraq, o gün Respublikanın rəhbəri bir çadır qurdurmuşdu, rəngi də ağ idi. Deməli, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada fərqliliyi aradan qaldırmaq, ayrı-seçkilik salmadan oğuz elinin dərdini-odunu, sevincini-kədərini oğuz övladlarının hamısı ilə bölüşmək istəyirdi. Bu məkanda dövlətimizin başçısı yüksək əxlaqı, mənəviyyatı və sadə təbiəti ilə Oğuz övladlarının arasında idi. Bu çadırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ruhu başımızın üzərində dayanmışdı. O gün ulu öndərin arzularından biri də reallığa çevrilirdi. O gün Azərbaycan xalqının çoxdan, lap çoxdan arzusunda olduğu gün idi. O gün tarixi bir gündü. O gün "Böyük Qayıdış"ın ilk günü idi.
Yenə də xəyalıma Bayındır xan və Oğuz bəyləri gəlirdi. Bayındır xan üç çadır qurmaq ilə bir parçalanma yaratmışdı, o parçalanmanın ağrı-acısını hələ də hiss edirik. Cənab prezident bir çadır qurdurmuşdu və bu çadırda milli birliyə çağırırdı. Bu çadır milli dəyərlərimizin önə çəkilməsində, milli birliyimizin daha da yüksək mərhələsinə qədəm qoymağımızda ilk çadır olaraq tarixə keçirdi. Bu çadır - Dədə Qorqud çadırı simvolik olaraq Oğuz yurdlarının birləşdiyi məkan - Azərbaycan idi.
O Azərbaycan ki, dəfələrlə yadelli qəsbkarların hücumlarına məruz qalmış, torpaqları param-parça olub ilhaq edilmiş, dövləti dağılmış, övladları bir-birindən aralı düşmüş, sərgərdan-sərgərdan qaçqın, köçkün həyatı yaşamışdı. O Azərbaycan ki, 270 ildir "Böyük Qayıdış"ı gözləyirdi. Mən "Böyük Qayıdış" sözünü elə-belə demirəm, bu hissi yaşayaraq, duyaraq deyirəm. Əfsanəvi Azərbaycan hökmdarı Nadir Şah Əfşarın xaincəsinə qətlindən sonra məmləkətimiz yadelli işğalçıların tapdağına dönmüşdü. 270 il ərzində Azərbaycanın müstəqilliyi, azadlığı, bütövlüyü uğrunda çox mübarizələr aparılıbdır. Bu gün o böyük tarixi şəxsiyyətləri: Ağa Məhəmməd Şah Qacarı, Vəliəhd Abbas Mirzəni, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucuları: Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Müstəqil Azərbaycan Respublikasının qurucularını: Əbülfəz Elçibəyi, bu yolda qanı ilə tarix yazmış şəhidlərimizi, qazilərimizi, əməyi keçən hər kəsi, xüsusilə ulu öndər Heydər Əliyevi dərin minnətdarlıq hissi ilə yad edirik. "Böyük Qayıdış" da bu nəhəng şəxsiyyətlərin apardıqları mübarizənin təməli əsasında ortaya çıxıbdır. Amma onu da etiraf etmək lazımdır ki, bu xoşbəxtlik öz cəsarəti, əzmi, qüdrəti və siyasi-hüquqi baxışlarının uzaqgörənliyi ilə müasirlərindən seçilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə nəsib olubdur. 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə "Böyük Qayıdış" yolunda ilk bəhrəsini verərək Cocuq Mərcanlı kəndinin və bir neçə yüksəkliyin həqiqi sahiblərinin əlinə keçməsi oldu.
...Bu günlər Azərbaycan xalqının öz kimliyini dünyaya bir daha bəyan etdiyi zaman kəsimi kimi tarixdə şərəfli yer tutur. Təqribən otuz ildən bəri erməni neofaşizminin işğalı və təcavüzünə məruz qalmış Azərbaycan Respublikasının Qarabağ ərazisi və yeddi rayonun taleyüklü məsələsinin həlli istiqamətində böyük işlər görüldü. Azərbaycan xalqının hər bir
üzvünün çoxdan gözlədiyi bu
çözüm məsələsinin reallaşmasının
konkret olaraq səbəbləri gözlərimiz
qarşısındadır. Belə ki, Respublika Prezidenti cənab
İlham Əliyevin fəaliyyətinin ilk dövrlərindən
bu günə qədər apardığı incə və
düzgün siyasətin nəticəsi kimi, Azərbaycan
dövlətinin dünya arenasında siyasi-iqtisadi yerinin
möhkəmlənməsi ilə öz müstəqilliyi və
ərazi bütövlüyünü qorumaq bazası yaranıbdı.
Məhz bu dövrdə artıq erməni
işğalçılarına nəinki "dur" demək,
bizim torpaqlardan "rədd olub gedin" demək
missiyasını tam məsuliyyəti ilə ölkə
başçısı həyata keçirdi. Bu missiyanı
dünya dövlətlərinin, xüsusilə də erməni
havadarlarının gözləri qarşısında həyata
keçirmək o qədər də asan məsələ
deyil. Lakin Respublika Prezidentinin əzmi, qardaş, dost ölkələrin,
xüsusən Türkiyə və Pakistanın Azərbaycanın
yanında olması faktı da bu amilin gerçəkləşməsində
mühüm əhəmiyyət kəsb etdi. Azərbaycanın
haqq işini müdafiə edən dövlətlərin mənəvi
dəstəyi Azərbaycan ordusunun gücünü, mübarizə
əzmini artırdı.
Azərbaycan gəncləri ruh yüksəkliyi
ilə bu mübarizəyə könüllü olaraq
qoşuldular. Minlərlə gənc könüllü olaraq cəbhəyə
getmək, erməni işğalçılarına
qarşı mübarizə aparmaq məqsədilə hərbi
komissarlıqlara müraciət etdilər. Bu gün cənab
prezidentimiz İlham Əliyevin beynəlxalq təşkilatların
bu sahədə gördüyü işlərin səmərəsiz
olduğunun, birtərəfli xarakter
daşıdığının, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin
acı nəticələrini onların üzünə
detallarıyla çatdırması sülhsevər xalqları
da sevindirir və mütərəqqi bəşəriyyət
bunu alqışlayır.
Qardaş Türkiyə Cümhuriyyətinin
Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəfələrlə
ifadə etdiyi "qardaşım İlham Əliyev",
"qardaş Azərbaycan" sözləri xalqımız tərəfindən
məmnunluqla qarşılandı, gücümüzə
güc qatdı. Bizim mübarizəmiz haqdır, bu yolda hər
zaman dövlətimizin, prezidentimizin yanında olduq. Eyni zamanda
qeyd etməyi vacib sanıram ki, ölkədə mövcud olan
51 siyasi partiyadan əllisi Respublika Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin ətrafında sıx birləşərək
birlik, bütövlük, Vətən naminə, müqəddəs
torpaqlarımızın qurtuluşu naminə əzmkarlıq
nümayiş etdirdilər. Qarabağın və yeddi rayonun
işğaldan azad olunması yolunda mübarizədə
xalqımız sona qədər əzmlə mübarizə
apardı.
Sentyabr
ayının 27-də başlamış Vətən
uğrunda savaşın hər günü 30 ildən bəri
erməni işğalı altında qalan
torpaqlarımızın, yurd yerlərimizin bir-bir azad
olunması ilə müşayiət olunurdu. Şanlı Azərbaycan
ordusunun xilaskarlıq missiyasını, taktiki döyüş
bacarıqlarını, əsgərlərimizin mənəvi və
fiziki hazırlığını dünya diqqətlə izləyirdi.
Ordumuzun, Ali Baş Komandanımızın qazandığı
qələbələrə sevinən də, ona hər vasitə
ilə maneə törətməyə çalışanlar
da vardı və bu gün də onlar fəaliyyətdədirlər.
Lakin Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev qətiyyəti,
dünyanın informasiya vasitələrinə verdiyi müsahibələrdəki
məntiqli cavabları ilə ağlı başında olan, hətta
məkrli teleaparıcıları da mat halına salaraq
neytrallaşdıra bildi. Azərbaycan öz
hüquqlarını həm döyüş sahəsində, həm
informasiya müharibəsində müdafiə edə-edə irəliləyir.
Xüsusən güc tətbiqi sahəsində müasir
elektron vasitələri ilə aparılan savaş dünya
tarixində görünməmiş yenilikləri ilə ortaya
çıxdı. Qardaş Türkiyə Respublikasından
alınmış "Bayrakdar" insansız hava aracları,
yerli istehsal olan "İti qovan" puaları, İsrailin yeni
texnoloji silahları ilə düşmənin silah arsenalı məhv
edildi, Azərbaycan ordusu müharibə meydanında yeni-yeni qələbələr
qazandı.
Bir ziyalı kimi xalqımızın bu
gün böyük ruh yüksəkliyini hər yerdə hiss
edirəm. Vətən uğrunda qanları, canları ilə
vuruşan əsgərlərimizin qürur mənbəyi Ali
Baş Komandanın çıxışları, dəfələrlə
xalqımıza müraciətləri milli birliyin təzahürüdür.
Xalq və Hakimiyyət, Hakimiyyət və Xalq Birliyi
yaranıbdır. Məhz bu birliyin nəticəsində
"Böyük Qayıdış"ın ilk mərhələsini
geridə qoyduq. Şuşa şəhərinin işğaldan
azad edilməsi sevinci Vətən müharibəsində qələbənin
rəmzinə çevrildi.
Yaşadığımız bu günlərdə
"Böyük Qayıdış"ı bizə bəxş
edən Ali Baş Komandanımız İlham Əliyevin adı
Azərbaycan tarixinə qızıl hərflərlə
yazıldı. Amma mübarizəmiz bitmədi,
"Böyük Qayıdış" hələ davam edəcəkdir.
Arazın lil suları axıb-axıb durulacaqdır.
Azad
nəfəs alır torpaqlarımız,
Göylərə
ucalır bayraqlarımız!
Öndə
yol göstərən Baş Komandandır,
Qarabağ
bizimdir - Azərbaycandır!
Nizami MURADOĞLU
Ədəbiyyat
qəzeti.-2020.-24 dekabr.-S.23.