Böyük Azərbaycan
yazıçısı
Yusif Səmədoğlu - 85
Vaqif YUSİFLİ
Hardan başlayım?
Son kitabındakı şəklindən...
Yusif Səmədoğlunun əksi
olan bir çox fotolar görmüşəm.
Amma son kitabındakı
fotosu Yusifin körpəliyini də,
uşaqlığını da, gəncliyini də
ahıllığını da özündə əks etdirir. Yusifin
bütün dünyası - həm daxili, həm də zahiri
gözəlliyi, müdrikliyi və alicənablığı,
bəy ləyərəli - Vəkilovlardan gələn ləyaqəti,
böyük ziyalılığı, məhz Yusif Səmədoğluya
məxsus təbəssümü həmin fotoda əks olunub.
Bu foto Yusif Səmədoğlunun
son kitabının ("Deyilənlər gəldi başa")
üz qabığındadır. Bu kitab isə XX əsr
Azərbaycan nəsrinin ən zəngin seriyalarından biridir.
Mirzə Cəlil, Haqverdiyev, Çəmənzəminli,
Ordubadi, Süleyman Rəhimov, İsa Hüseynov nəsri ilə
yanaşı duran bir kitab - zəngin Azərbaycan nəsri
seriyasının bir davamı.
Həyatdan gələn səslər
- Vaqif YUSİFLİ yazır | <a href=Edebiyyatqazeti.az"
src="https://img.edebiyyatqazeti.az/news/2018/12/photo_2862.jpg"
/>
"Dərd də azar kimi gələndə
batmanla gəlir". "Qətl günü" romanı bu
fraza ilə başlayır. "Dünya
duracaq yer deyil, ey can səfər eylə" (Nəsimi) - Yusif
Səmədoğlunun bu məşhur romanı dünya və
insan haqqındadır. Dünyada isə əsrlərdir
ki, lokal və qlobal müharibələr, hakimiyyət
uğrunda amansız çarpışmalar, ölüm-dirim
savaşları baş verir - "Dünya yaşıyor hərb
ilə qovğalar içində" (M.Hadi). Tanrının yaratdığı insanlar bir-birinə
qənim kəsilirlər - "Yalnız deyil insanlara, vəhşilərə
sorsan, Onlar belə insandakı vəhşiliyə heyran"
(H.Cavid). Bəşəriyyət tərəqqiyə,
sivilizasiyaya doğru irəliləyir, insan zəkasının
yaratdığı nəsnələr çox şeyi dəyişdirir,
ancaq isandakı əzəli-əbədi xasiyyətlərin bir
çoxu hələ də yaşayır. "Qətl
günü" romanı bu mənada bir
çağırış-haray təsiri
bağışlayır. İnsan həyatındakı
ahəngdarlıq, ritm və harmoniya polzulanda o, nəfsin,
tamahın və qəbahətin qulu olur. Şərqin
böyük mütəfəkkiri Cəlaləddin Rumi
(1207-1272) yazmışdı: "Nəfs
üçküclü bir tikandır, nə vəziyyətdə
qoyursan qoy, yenə sənə batacaqdır".
Romanda əbədi Xeyir-Şər
mübarizəsi ortaya qoyulub. Bu mübarizə bəlkə
elə Dünyanın yaranışından üzü bəri
gələ-gələ bitmək bilmir. İctimai
quruluşlar, cəmiyyətlər və saysız-hesabsız
insan nəsilləri bir-birini əvəz edir, amma mübarizə
davam edir. Hər dövrün, hər
epoxanın, bəlkə də hər günün öz
Hörmüzü və Əhriməni olmuşdur. Bu əbədi döyüşdə Şər həmişə
güclü olmuş, amma bəşəriyyət Xeyirə,
İşığa inam bəsləmişdir. "Qətl günü" də bu mənada istisna
deyil və bu mövzu - Xeyir-Şər mübarizəsi onun da
başlıca konflikti kimi müəyyənləşə bilər.
Ancaq romanın mahiyyətini
yalnız bu istiqamətdə aramaq doğru olmazdı.
Doğrudur, romanda şər həmişə aparcı
qüvvədir - yazıçı, sanki bir-birini təkrar edən
üç dövrdən söz açır - hər dəfə
məmləkətin ən gözəl insanları məhv
olur, şairlər edam olunur, kütləvi insan
qırğınları baş verir, şər meydan
sulayır - sanki Dünyanın Xeyir-Şər mübarizəsi
elə bu model üzərində qurulubmuş. Ancaq
Şərin törədiciləri olan qüvvələr bircə-bircə
tarixin yaddaşından silinir, gözəl insanlar isə tarixə,
yaddaşa köçürlər. Yusif Səmədoğlunun
"Qətl günü"ndə eyni model təkrar olunur.
Bəs əgər təkrar olunursa,
onda bu əsər
hansı bədii özəlliyilə seçilir? Həmin əbədi mövzuya Y.Səmədoğlu
orijinal tərzdə yanaşmışmı? Dünyanın əbədi modelində yeni olan nədir?
Xalq yazıçısı Anarın
bu fikri ilə tam razıyam ki: "Mənim fikrimcə, bu
romanın meydana çıxması ədəbi fakt çərçivəsindən
qat-qat böyük əhəmiyyətə malikdir. "Qətl günü" - müasir ədəbiyyatımızın
həqiqət günüdür".
Bu fikirdə mənim demək
istədiyim həqiqətin özəyi var. "Qətl
günü" doğrudan da, ədəbi fakt çərçivəsindən
qat-qat əhəmiyyətlidir. Y.Səmədoğlu
yeni tipli Azərbaycan romanı yaratmışdır. Burada Qərb epik romanına məxsus monumentallıqla
Qərb romanlarına xas olan polifonizm vəhdətdir.
"İncə dərəsində
yaz çağı" hekayəsinin sonluğunu
xatırlayıram: "Sayalı arvad... elə bu vaxt
başı üzərində səhərki uğultunu
eşitdi. Başını yuxarı
qaldırıb seyrək buludlardan aşağıda uçan səhərki
vertolyotu gördü. Əgər Qara
dağ yerindən qopub Sayalı arvadın üstünə gəlsəydi
belə qorxmazdı. İçi-içalatı,
sümükləri birdən don tutub, onu qara
qızdırmalılar kimi titrəməyə saldı. Əlini qoynuna salıb pulları
çıxartdı. Vertolyotun yönəldiyi
səmtə sarı qaçmağa başladı.
Sayalı arvadın müsibətli səsi vertolyotun
uğultusuna qarışdı:
- Əylə, başına
dönüm, əylə, ay doxtur! İncəli
Çərkəz ölüm ayağındadır. Başına dönüm, ay doxtur. O da hökumət
adamıdır, kolxoz qurub, ğandit tutub! Əylə!..
Sayalı arvad çox
qaçdı, amma vertolyota çata bilmədi. Üzüquylu
çəmənliyə yıxıldı".
Bu səhnə mənim
fikrimcə, analoqu olmayan bir səhnədir.
Hekayə yetmişinci illərin
sonlarında dərc edilib. Elə bir vaxtda ki,
sovet quruluşu hələ ən böhranlı
çağına gəlib çatmamışdı. Doğrudur, daha Xuruşşov dövründə
olduğu kimi kommunizm illüziyaları, ideal cəmiyyət
arzuları insanları məşğul eləmirdi, amma sosializm
deyilən quruluşa inam hələ
sarsılmamışdı. Sosializmin gec-tez
dağılacağına, hətta yerlə-yeksan
olacağına inananlardan və bunu gözləyənlərdən
biri də Yusif Səmədoğlu idi. "Böyük
kommunizmin sabahına mən, Sadə xatirətək gəlməcəyəm"
deyən Səməd Vurğunun oğlu Yusif Səmədoğlu...
Yusif Səmədoğlu cəmiyyətdəki
hərcmərcliyi, xaosu, təbəqələşməni və
bütün bunların doğurduğu fəlakətləri
bir yazıçı kimi hiss edir və görürdü. O, "işıqlı
ideallardan" yaza bilmirdi və yazmadı da...
"İncə dərəsində
yaz çağı" , "Bayatı-Şiraz",
"Astana"... Bu üç hekayə "Qətl
günü" romanından öncə yazılıb və əgər
belə demək mümkünsə, onlar "Qətl
günü"nün çox yaxşı məşqləridir.
Hətta mənə elə gəlir, bu hekayələrin
hər birinin romanın yazılmasında müəyyən
rolu olmuşdur. Onların hər biri müstəqil hekayədir, amma bu hekayələrin
üçünün də bir-birilə bu və ya digər dərəcədə
bağlılığı var.
Yusif Səmədoğluya məxsus
təhkiyə tərzi, təsvir ustalığı, nəsr ahəngi
həm hekayələrdə, həm də romanda davam etdirilir. İdeya-məzmun
planında yanaşıldıqda isə bu bağlılıq
daha çox hiss olunur. İnsan faciələri: ləyaqətin
alçaldılması, mənəviyyat böhranı,
ölüm və qətllərin labüdlüyə
çevrilməsi romanda da, hekayələrdə də diqqəti
cəlb edir.
Yusif Səmədoğlunun
"Astana" hekayəsi belə bir proloqla başlayır:
"Ölüm var ölümdü, ölüm də var
zülümdü". Bu fikrin
yazıçının əsərlərində tez-tez təsadüf
olunan ölümlərə, qətllərə bilavasitə dəxli
var.
Ümumiyyətlə,
Ölüm faktoru insan həyatının danılmaz və
qaçılmaz məqamıdır. Bütün yollar ölümə
aparır, amma bu yollar da müxtəlifdir və sonu şərəfli, ya şərəfsiz
şəkildə başa çatır. "Astana"dakı
ölüm labüd və qaçılmazdır (intihar olsa da
başqa çıxış yolu yox idi), "Qətl
günü"ndəki ölümlərin də bir çoxu
məntiqi sonluqla başa çatır.
"O, çamadanı açdı.
Ordaydı: səkkiz dənə gülləsi, biri də
ayaqda. Tapançanı çıxarıb ucadan, lap ucadan dedi:
- Ay apardınız ha!
Soyuq lüləni
ağzına soxdu və tətiyi çəkdi.
Həmin anda - gecəydimi, səhərdimi,
gündüzdümü, bilmirdi - həmin anda gözlərinin
işartısından irəli düşən işıq dairəsində
öz növbəsini gözləyən nizə
vıyıltı ilə havanı yarıb harasa uzağa
süzdü, həmin anda Bakının müsəlman qəbiristanında
qara torpaq altında kəfənə bürünmüş bir
qarı elə ufuldadı ki, o biri meyitlər də
eşitdi" ("Astana").
"Başları üzərində
mis qabdanda yanan zəif çırağın
işığında divarlardakı buz qatı da, dizdən
yuxarı iki bədəni örtmüş sal buz da
qırmızımtıl rəngə çalırdı və
qırmızımtıl buz bədən boyu, su kimi yuxarı
axıb hülqumlarına çatanda, hökmdar daha heç
bir şey görmədi.
Dedi:
- Ölümün xeyir, Ənvər!
Xacə Ənvərin gözləri
açıq qalmışdı:
- Ölümə qənşər,
hökmdar...
Lap axırda, zirzəmidə, buza
dönmüş mis qabdanda şölələnən
çırağın alovu söndü: qırmızı buz
parçası kökündən qırılıb sal buzun
üstünə düşdü və çilik-çilik
oldu" ("Qətl günü").
Bu misalları gətirməyə
də bilərdik. Ancaq diqqət yetirsək, hər iki
ölüm faktında təbiət qüvvələrinin
iştirakını görürük. Sanki
Təbiət də özünün saflığını, təbiiliyini
qorumaq naminə bu cür ölümlərə rəvac verməklə
yenidən özünə gəlir və naqislikdən, şər
qüvvələrdən xilas olur.
"Qətl
günü"ndə Baba Kaha simvolik obrazını
xatırlamaq yerinə düşərdi. Baba Kaha
dünyada ən bəd əməllərin, pislik və
murdarlıqların ərşə qalxdığı zaman
qoynundan alov püskürür, zəlzələ yaradır.
"Baba Kahanın hənirtisindən
milyon-milyon işıq illəri mənzilində yerləşən
nəhəng ulduzların şöləsi ilğım kimi
sayrışırdı, gözü yolda qalanların
ümidini qırıb, birini mərd edirdi, o birisini namərd. Baba Kahanın dibsizliyində
bir külək yatağından baş qaldırırdı, məğribdə
başlayan hənirtisindən məşriqdə tufan qopurdu:
köklü-budaqlı ağacları kökündən
qoparırdı, dünyanı barmağına dolayıb sapand
kimi oynadanların bağrı çatlayırdı, canı
ağzından çıxanların gözlərinə
ümid gəlirdi". Və Baba Kaha hər dəfə
insanlar arasında haqq-nahaq tərəzisinin gözü əyiləndə,
insaniliyə zidd əməllər baş qaldıranda,
ikiayaqlı bəndələrin allahsızlığı
başlayanda dəhşətli küləyi ilə
insanları cəzalandırır.
Yusif Səmədoğlu nəsrində
zamanlar arasında əlaqə və keçidlər çox
məharətlə bir-birilə qovuşur, sanki bir zamana
çevrilir.
Bu retrospektiv üsul obrazın tam və
bütöv qavranılmasına xidmət edir. Əməllərinə
görə ən müthiş təsir bağışlayan
insanın içində də hələ öləziməyən
işıq boylanır:
"Əgər indi o vaxtlar
olsaydı - ötən günə gün çatmaz,
günü günə calasan da - Mustafa kişinin ayda bir dəfə,
iki dəfə dağlardan enib çiynində xurcun, çal
saqqalını qaşıya-qaşıya, "dağlardan gəlirəm,
a bala" deyə-deyə onlara sovqat gətirən vaxtlar ki,
gecələr havası ağır balaca otaqda, yerdən
salınmış yorğan-döşəkdə bir-birinə
sığınıb-qısılıb, təzə qovutun
dadı dodaqlarında yatışan bir bacı, iki qardaş
dünyanın bütün qorxulu nağıllarını
dünyanın ən şirin şərbəti kimi
içirdilər. Əgər indi o vaxtlar
olsaydı, anasıyla bir yerdə Allaha, Peyğəmbərə
yalvarıb vaxtı dayandırardı, ikicə günün səadətini
bir insan ömrü qədər uzadardı".
"Qətl
günü"ndə işğalçı, müstəbid,
sifəti də qəlbi kimi daş təki soyuq və
cansız hökmdarın da hansı bir məqamdasa
anasını xatırlaması yada düşür. Və bir də onun sərbazlarından
birini yoldan çıxaran gavur qızına baxanda hökmdar
yox, insan görürsən: "Gavur qızını gətirdilər.
Qızın bəyaz saçları vardı, bu saçlar o qədər
bəyaz və təmiz idi ki, ətrafda heç bir şeylə
uyuşmurdu... Görəsən, bu saçlardan
nə qoxusu gəlir, İlahi? Allah
bunları niyə yaradıb? Hökmdarın sağ
gözündən bir damla yaş yuvarlanıb yanağının
qırışlarına ilişdi və uzun müddət bir
nöqtədə qalıb qurumadı".
Yusif Səmədoğlu nəsrində
etiraf və tövbə ilə; insanın öz bəd əməllərinə
görə vicdan əzabı çəkməsi,
peşmançılıq içində qovrulması ilə
tez-tez rastlaşırıq. Xüsusilə, keçmiş
kommunist Zülfüqar kişi 20-ci illərdə
Peykanlının uryadniki Sarıca oğlu Məhəmmədi
qətlə yetirməsini dönə-dönə
xatırlayır. Bu, "Qətl
günü"nün ən sarsıdıcı səhnələrindən
biridir.
Yusif Səmədoğlu
Xarakter ustasıdır. İstənilən bir nəsr əsərinə,
ya da ssenariləri əsasında çəkilən filmlərə
baxın. Şəksiz ki, istər nəsr əsəri
olsun, istərsə də bədii film - bu əsərlərdə
Yusif Səmədoğlu istedadlı bir sənətkar
olduğunu sübut edir - bütün yazıçı mədəniyyəti,
xüsusilə təsvir üsulunun özünəməxsusluğu
və rəngarəngliyi ilə...
Bu mənada "Qətl
günü" romanını zəngin xarakterlər
qalereyasına bənzətmək olar. Bunları çeşidləmək
də olar: insan obrazları, təbiət obrazları, rəmzi-simvolik
obrazlar və bir də sırf mifik obrazlar. Romanı
oxuyanda isə sanki fərqinə varmırsan - təbiət
obrazlarını da insan obrazları kimi qəbul edirsən.
Yəni obrazların canlımı,
cansızmı, realmı, irrealmı olduğu bir elə əhəmiyyət
kəsb eləmir.
"Qətl
günü"ndə hər bir obrazın təqdimində həm
ictimai-sosial, həm Milli-etnik, həm də fərdi insani
xüsusiyyətlər, əlamətlər qabarıq nəzərə
çarpdırılır. Təbii ki,
üç tarixi dövrdən söhbət açılarsa,
hər bir dövrün öz tarixi koloriti nəzərə
alınır. Bir sıra müəlliflər "Qətl
günü"ndəki hökmdarı Ağa Məhəmməd
şah Qacara, edam olunan şairi Mola Pənah Vaqifə, Sədi
Əfəndini Hüseyn Cavidə bənzədirlər. Bu müqayisəyə səbəb heç
şübhəsiz, təsvir olunan hadisələrlə həmin
tarixi dövrdə baş vermiş hadisələrin müəyyən
oxşarlığıdır. "Qətl
günü"nün tarixi romanlar sırasına
qatılması, ondan məhz tarixi roman kimi söhbət
açılması da bəlkə elə bu oxşar hadisələrlə
bağlıdır. Yeri gəlmişkən
qeyd edim ki, "Qətl günü" doğrudan da, tarixi
romandır, amma bu oxşar hadisələrə görə yox.
Yusif Səmədoğlu tarixi romana xas olan ən
ümdə, ən vacib bir şərtə əməl
etmişdir - romanda konkret tarixi şəxsiyyətlər yox,
tarixi gerçəkliyin özü bədii təhlil hədəfinə
çevrilmişdir.
Yusif Səmədoğlunun
hekayələrində də xarakter yaratmaq
ustalığının şahidi oluruq.
"Gözlər" hekayəsindəki
Şakir Səməd Vurğunun obrazıdır. Bu obrazdakı tanış cizgiləri, böyük sənətkara
məxsus sadəliyi, ovçuluq meylini, şairə məxsus
xəfif yumoru və kövrəkliyi unuda bilmirsən.
"220¹-li otaq"dakı
obrazların adlarını bəlkə indi xatırlamaq
çətin olar, amma həmin hekayədə vətənə,
ocağa yurda bağlı bir insanın kökünü, əslini
danan cavanlara xitabən dediyi sözlər yaddan
çıxmır: "- Gedin, onları axtarın, tapın! Onlar 220¹-li otaqda yaşayırlar. Qorxmayın,
onların üzünə tüpürün!".
"Saat işləyir"
hekayəsində ana məhəbbəti təsvir olunmuşdur. Gülsabah
arvad oğlunun qəfil ölümündən sonra gəlinin ərə
getməsinə dözə bilmir, bu hadisə qəlbinə
dağ çəkir.
"220¹-li otaq"
kitabına toplanan hekayələr Yusif Səmədoğlunun
ilk qələm təcrübələri idi. Bu hekayələrdə,
əgər belə demək mümkünsə, Yusif Səmədoğlu
da, onun təsvir etdiyi qəhrəmanlar da romantik gənclik
dövrünü yaşayırdılar. Ədəbi tənqid
Yusifin bu hekayələri haqqında xoş sözlər dedi.
"Qalaktika"da Yusifə və onun qəhrəmanlarına
xas olan romantik dövrün ötüb keçdiyini hiss elədik.
Artıq bu hekayələrdə romantik xəyal
və arzuların həyatın sərt üzü ilə
qarşılaşdığını görmək çətin
deyildi.
"Qalaktika" hekayəsindəki
professoru və Kərim kişini xatırlayın. Onlar
ömürlərini başa vurmaqdadırlar, gənclik
dövrlərini xatırladıqca məyusluğa
qatılırlar. Səbəb heç də
qocalıq deyil. Əsas səbəb odur ki, onlar məşhurlaşandan
sonra doğulduqları kəndi, eli,
obanı unutmuş, qəfəs bülbülünə
çevrilmişlər.
"Qəfəs
bülbülü" ifadəsi 60-70-ci illərin nəsri
üçün çox səciyyəvi idi. O mənada kı, həmin
illərin nəsrində meşşanlığın tənqidi
çox mühüm bir mövzuya çevrilmişdi. Yusif Səmədoğlunun
"Soyuq daş" hekayəsində də Qızla
Oğlanın sevgisi meşşanlığın soyuq nəfəsinə
tuş gəlir: Qız onlara qonaq gələn şəhərli
oğlanın zahiri görünüşünə, şəhərdən
gətirdiyi "mədəniyyətə" aludə olur və
beləliklə gözəl bir məhəbbət dastanı
sona çatmamış soyuq daşa çevrilir. "Foto-fantaziya" hekayəsi isə cəmiyyətdə
qütbləşmənin doğulduğu mənəvi faciələrdən
söz açır.
"Qalaktika" hekayələr
kitabından sonra Yusif Səmədoğlunun nəsr
kitabında fasilə yaranır. Bu arada o, yalnız bircə
hekayə yazır ("Bayatı-Şiraz"), ancaq onu
çap etdirməyə müvəffəq olmur.
Yalnız 1987-ci il "Ulduz"
jurnalının 2-ci sayında hekayə işıq üzü
görür. O zaman çox az adam Y.Səmədoğlunun
belə bir hekayə yazdığından xəbərdar idi. Bu, o zamana görə çox "xatalı"
hekayə idi. Çünki hekayədə qlavlitin
asanlıqla imtina edə biləcəyi, çapına icazə
verə bilməyəcəyi məqamlar az
deyildi. Həmin hekayədə söhbət
heç də bir cümlə, bir neçə cümlə və
yaxud bir neçə abzas üstündə getmirdi, söhbət
və mübahisə bu hekayənin məzmununda, mahiyyətində
idi. Unutmaq olmaz ki, o zaman ədəbiyyatda
sovet ideologiyası hələ çox güclü idi, sistemin
arzulamadığı ədəbi qəhrəman heç
cür qəbul oluna bilməzdi.
Əsərin qəhrəmanı
Səbzəli dayı nə 30-cu illərin inqilabçı
obrazlarına, nə "kolxoz quran, bandit tutan" personajlara,
nə də zərbəçi əmək qəhrəmanlarına
bənzəyirdi. Səbzəli dayı - bu bədbəxt
insan restoran çalğıçısı idi. Hər
gün tavada bir yumurta qayğanaq edib, öz mənasız
çalğısı ilə (kontrabasda) yeyib-içənləri
əyləndirən, çox zaman gülüş və
ironiya hədəfinə çevrilən bu qoca zavallı
müharibə illərində "Hitleri təriflədiyi
üçün" (bunu zorla onun boynuna qoyurlar)
üç-dörd il qazamatda yatır. Belə
bir zavallı insan ədəbiyyatın qəhrəmanı ola birlərdimi? Təbii ki, sovet ədəbiyyatının
"ənənələri" belə bir qəhrəman
tipini inkar etməli idi. Əgər
"Bayatı-Şiraz" yazıldığı dövrdə
- 60-cı illərin sonlarında - 70-ci illərin əvvəllərində
çap edilsəydi, belə bir möcüzə baş versəydi,
sovet ədəbi tənqidi onu öz artilleriyasının gur
atəşlərinə qərq edəcəkdi.
Ancaq gəlin, həmin
dövrü xatırlamayaq."Bayatı-Şiraz" hekayəsinə
sadəcə olaraq bir ədəbi əsər kimi yanaşaq və
hesab edək ki, elə bu hekayə 80-ci illərin sonlarında
qələmə alınmışdır. Belə olan təqdirdə
də "Bayatı-Şiraz" hekayəsi öz bədii-estetik
dəyərini itirmir, çünki bir hekayə nümunəsi
kimi o, kamil bir əsərdir. Klassik hekayələrə
xas olan "xarakterik bir hadisə, yığcam bir süjet,
ümumiləşdirici bir mətləb, müxtəsər,
şirin, sadə söyləmə, nəqletmə
üsulu" (Mir Cəlal) bu hekayənin də məziyyətlərini
təşkil edir, yəni klassik hekayələrə məxsus
olan bütün komponentlər "Bayatı-Şiraz"da cəmləşmişdir.
Ancaq "Bayatı-Şiraz" sırf
müasir hekayədir. Onu müasir hekayə kimi səciyyələndirən
cəhətlər isə bunlardır: dil materialının
bugünkü ədəbi dilimizin durumunu özündə əks
etdirməsi, psixoloji effektin ön plana çəkilməsi (fərdin
daxili aləminin bütün incəliklərinə baş
vurulması) və əlbəttə, Y.Səmədoğluya məxsus
sənətkarlıq priyomlarının nəzərə çarpması...
"Bayatı-Şiraz"
hekayəsi 60-70-ci illər nəsri üçün çox səciyyəvi
olan bir mövzuda yazılmışdır - bu da adi, sıravi
insanın həyatıdır. Müəllif bu sadə
və zavallı insanın necə təmiz və saf
olmasını bədii tədqiq obyektinə
çevirmişdir.
Hekayənin finalını isə
heç unutmaq olmaz. İki pullu şəxs Səbzəli
dayıdan kontrabasda "Bayatı-Şiraz"
çalmağı xahiş edir və o... canını
dişinə tutub iki əlliliyin xətrinə belə bir
biabırçılığa gedir.
"Yüz manat - iki dənə
şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun
xəyalı gözləri qabağında Səbzəli
dayı yavaş-yavaş yol gedirdi.
Az getdi, üz getdi, sevindiyindən birdən
başını yuxarı qaldırdı. Qaldırdı
ki, baxsın görsün yuxarılarda nə var, nə yox?
Uca binaların zil qara siluetləri
arasından parıltılı ulduzların əhatəsində
süd yolunu gördü. Təəccüb elədi.
Çünki əlli ildən yuxarı idi ki,
süd yolunu görməmişdi.
Dayanıb, əlləri
cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dayını
ağlamaq tutdu, ta ürəyi boşalanacan ağladı...".
Hekayə beləcə
tragikomik bir sonluqla bitir. Və hər sətrində
yazıçının öz qəhrəmanına rəğbəti
duyulan hekayədə yaşadığımız o dövrki cəmiyyətin
bütün eybəcərlikləri böyük ustalıqla
canlandırılmışdır. Daha dəqiq: o cəmiyyətin
bütün gözə görünən və görünməyən
aləmi onun kiçik bir guşəsinə - o balaca restorana
sığışdırılmışdı...
Son söz əvəzi
Yusif Səmədoğlunu ilk dəfə haçan gördüyümü qətiyyən xatırlaya bilmirəm. Bəlkə də "Ulduz" jurnalında baş redaktor işlədiyi ilk günlərdə görmüşəm onu. Redaksiyalarımız yanaşı idi. Amma xatırlayıram ki, ona baxanda istər istəməz- atası Səməd Vurğuna məxsus əlamətlər, cizgilər axtarırdım. Təbii ki, mən Səməd Vurğunu görməmişdim, amma şəkillərinə doyunca tamaşa etmişdim. Günlərin bir günü jurnalımızın makinaçısı Sona xanım Sadıqovadan (Allah rəhmət eləsin) soruşdum: "Sona xala, siz 34-cü ildən bu jurnalda işləyirsiniz, XX əsrin demək olar ki, bütün görkəmli yazıçılarını gömüsünüz, onların ən gözəl əsərlərinin ilk oxucusu siz olmusunuz. Səməd Vurğunu da çox görmüsünüz. Deyə bilərsinizmi, Səməd Vurğuna onun hansı oğlu daha çox oxşayır - Yusif, yoxsa Vaqif?". Sona xala azca xəyala dalıb dedi: "Ən çox Yusif oxşayır. Səməd sədr olanda bir də görürdün Yusifi də (ona Yosqa deyərdik), o biri uşaqlarını da özüynən götürüb gəlib. Qoyurdu mənim yanıma və tapşırırdı ki, Sona bacı, bunlardan göz ol. Yaman dəcəl idilər, koridoru ələk-vələk eləyirdilər... Eh, Səməd ayrı Aləm idi".
1987-ci ildən Y.Səmədoğlu "Azərbaycan" jurnalına baş redaktor təyin olundu. O, düz 10 il baş redaktorumuz oldu.
O illərdə Yusifin kabineti qarşısında həmişə bir canlanma görərdim. Dərdli adamlar, yerindən-yurdundan didərgin düşənlər haqqı tapdalananlar Yusif qağaya üz tuturdular. Fikirləşirdim ki, axı, Yusif Səmədoğlu nə qədər görkəmli yazıçı olsa belə, bu qədər adama necə kömək göstərə biləcək? Amma Yusif Səmədoğlu iynənin ucu boyda bir güman yeri vardısa, köməyini, qayğısını əsirgəmirdi.
O həyəcanlı illərdə Y.Səmədoğlu Azərbaycan Xalq Hərəkatının liderlərindən və ilhamvericilərindən birinə çevrilmişdi. Azərbaycan Xalq Cəbhəsi rəsmi dairədə bir təşkilat kimi qeydiyyatdan keçəndə Y.Səmədoğlu necə də sevinirdi. Onun buna haqqı vardı. Çünki xalq meydana yığılanda Yusif Səmədoğlunu da tribunada görürdü, əslində, Xalq Cəbhəsi Yusif Səmədoğlu kimi xalqın böyük ziyalılarının dəstəyi ilə yaranmışdı. Amma sonralar Y.Səmədoğlu ilə "bəylər" arasında bir anlaşılmazlıq və soyuqluq yarandı. Bu, Yusifin təqsiri deyildi. "Qətl günü"ndə insan psixologiyasının alt qatlarını belə bədii sözün işığına çıxaran Y.Səmədoğlu üçün 5-3 liderin hansı mənsəbə qulluq eləməsi və hansı iddialar ilə yaşaması o qədər də müşkül deyildi. Ancaq Yusif Səmədoğlu siyasət meydanından çəkilmədi, Milli Məclisdə xalqın bir nümayəndəsi kimi öz sözünü deyirdi.
...Yusif Səmədoğlunun vəfatı hamı kimi məni də dərindən sarsıtdı. Yüzlərlə, minlərlə, on minlərlə Azərbaycan oxucusu necə böyük bir insanı və sənətkarı itirdiyini dərk elədi.
Bir uşaq oynayır
Oynayır özü kimi əlvan
Otların, çiçəklərin arasında.
Günəşə baxır göz qırpmadan
Yoxdur qocalıq yer üzündə, yoxdur.
(V.Səmədoğlu)
Ədəbiyyat
qəzeti 2020.- 30 dekabr.- S.18-19.