KÖNÜLLÜ

Şirməmməd Nəzərli

 

Minavər dəhlizdə qarışıq səslər eşitdi, laboratoriyanın qapısını aralayıb boylandı. Yanılmamışdı. Yenə kimisə cəbhəyə yola salırdılar. Deyəsən, bu gənc doktorant yuxarı mərtəbədəki şöbələrin birində çalışırdı. Onun qoluna girən, kürəyinə əl çəkən, təriflər deyən, öyüd və nəsihətlərini əsirgəməyən yaşlı alimlər sabah hərbçi geyimində olacaq gənc könüllünü öz balaları kimi ötürürdülər. Ağ xalatlı yaşlı xanımlardan biri - deyəsən o, nəvəsi artıq cəbhədə döyüşən Şövkət xanım idi - əlindəki su dolu parçı pəncərənin qabağındakı gül dibçəklərinin yanına qoydu, gəlib gəncin üzündən öpdü, sonra parçı götürüb həmkarlarının aralanacağını gözlədi. Qadınlar  son dəfə xeyir-dualarını verib şöbələrinə qayıtdılar, kişi əməkdaşlar isə, deyəsən  gənci institutun həyətinə kimi ötürəcəkdilər. Şövkət xanım dolçanın suyundan bir neçə dəfə ovucuna töküb könüllünün arxasınca atdı, dualar elədi, kövrəldi.

 

Minavər də yola salanlara qatılmaq istəyirdi. Bu cür bir neçə yolasalmalara qatılmışdı. Amma laboratoriyada bu gün ondan başqa əməkdaş yox idi, müdir də işləri ona tapşırıb bir həftəlik ezamiyyətə getmişdi. İndi o, yerinə qayıdıb oturdu, başını əlləri arasına alıb fikrə getdi. Yaxınlarda olmuşları bir daha xatırladı: "Şirvan bir həftə əvvəl çöküntü materialları analizlərinin cavabı üçün gələndə nə deyirdi? Deyirdi ki, könüllülər dəstəsinə yazılıb, növbəsini səbirsizliklə gözləyir. Birinci Qarabağ döyüşlərində kifayət qədər təcrübəsi var, mənfur düşmənlə indi də üz-üzə gəlsə aman verməyəcək ... Sonra mənimlə üzbəüz oturdu, analizin cavablarını yoxladıq, razı qaldı, gülümsədi. Ay Allah, təbəssüm necə yaraşır ona... Gülümsəyəndə narın şabalıdı saqqalı sanki azca genişlənir, ağappaq üz dərisi fonunda qəribə cazibədarlıq yaradır. Bu görünüş ürəyimi titrətdi, davamlı baxmağa utandım, gözlərimi tez kağızlara tərəf yönəltdim. O , laboratoriyanın işindən dönə-dönə  razılıq etdi, analizlərin elmi müdafiə işində ona çox kömək olacağını bir neçə dəfə sevinclə dedi. Mən kağızları vərəqləyəndə o sağ əlini dinməzcə uzadıb məni dayandırdı, yəqin yenə nəsə soruşmaq istəyirdi. Amma mən bu hərəkətini anlamayıb onun əlini havadaca kənara itələdim... Şirvan pərt oldu, amma heç nə demədi. Bir daha minnətdarlıq eləyib ayağa durdu, kağızları götürüb yavaşca getdi...Nahaq belə elədim, kobudluğuma görə sonra heç üzr də istəmədim. Axı, onun xətrini institutda hamı istəyirdi. Rəhbərlik elmi yığıncaqlarda dəfələrlə demişdi ki, Şirvana böyük ümidlər bəsləyir. Gənclərin elm dalınca yox, daha çox gəlirli iş arxasınca gedikləri bir dövrdə Şirvan sevdiyi sahəyə bağlıdır, onun böyük gələcəyi var. Lakin evlənməməyi, vaxtını yalnız elmə həsr etməyi ilə heç cür razılaşmaq olmaz. Şirvan da belə məqamlarda "İnşallah!" deməklə kifayətlənir, sehrli təbəssümünü əsirgəmirdi."

 

Minavər gənc alimin ona təkcə həmkar kimi baxmadığını da duymuşdu. O məsələni ki institutun daxili telefonu ilə zəng edib soruşmaq olardı, Şirvan gəlib şəxsən maraqlanırdı. Digər şöbələrdən zəng vurub işləri ilə maraqlananlar çox olurdu, bu zənglər, suallar,cavablar yorucu idi. İşin sonunda başağrıları ona əziyyət verirdi, lakin Şirvanın zəngini də, özünü də hər an gözləyirdi, bundan məmnun qalırdı. Bu gözləntilər baş tutanda Minavər rahatlıq tapırdı, eyni açılırdı, işini həvəslə davam edirdi.

 

"Yaxşı, bütün bunları bilə-bilə oğlanı bəs niyə pərt elədin? Neylədi ki yazıq? Səni ovuclayıb yemək istəyirdi?"- deyə qız bir neçə gün peşmançılıq hissləri içində qıvrıldı, amma Şirvana zəng vurmağa da üzü gəlmədi, ya da özünə sığışdırmadı. Bu günlər ərzində onu da ayırd edə bilmirdi ki, oğlana zəng vura bilməməsi təkəbbüründəndir, yoxsa qürurlu olmağından.

 

Qızı bu üzüntülü nigarançılıqdan oğlan özü qurtardı. Şirvan bir neçə gün sonra nahar fasiləsində laboratoriyaya gəldi. Bilirdi ki, nahar fasiləsində laboratoriya əməkdaşları iş yerlərində qalmırlar, Minavərdən başqa.

 

O, qapını döydü, icazə istədi, daxil oldu, istirahətinə mane olduğu üçün üzrxahlıq elədi və dedi ki, Minavər istirahət vaxtından 15 dəqiqəsini qoy ona halal eləsin. Qız mehribanlıqla gülümsədi, "buyur, əlbəttə" deyəndə o, qəribə bir əhvalla qızdan soruşdu: "Sənin adın niyə Minavərdi? Bəlkə Münəvvər olmalı imiş, şəhadətnaməni yazan səhv edib?"

 

Minavər də müdrik xanımlar kimi qaşlarını çatıb cavab verdi: "Yox, səhv etməyiblər. Münəvvər bir addır, Minavər başqa ad. Bu ad fərqi tamam  başqa bir mövzudur, sənin müdafiə işinlə də heç bir əlaqəsi yoxdur".

 

"Ah, yenə kobudluq, yenə acıdillik", - deyə qız ürəyində  özünü məzəmmət elədi. Şirvan isə özünü o yerə qoymayıb sakitcə: "Əslində adın  cəbhədə mənə kömək olacaq, ehtiyatlı davranmağa məcbur edəcək ... ".

 

Şirvan qızın təəccüblü baxışlarını görüb onu intizarda saxlamamaq üçün fikrinin izahına çalışdı: "Bu ad cəbhədə mənim talismanım olacaq. Döyüş zamanı "Minavər!" deyib zikr edəndə düşünərəm ki, yanımdasan, göz qoyursan, "bax ha, ehtiyatlı ol, düşmən qarşıda  mina yerləşdirib" deyirsən...".

 

Şirvan laboratoriyadan çıxandan sonra Minavər oğlanın qəfil gəlişinin, dediklərinin təsirindən bir xeyli ayrıla bilmədi. Ondan sonra da hər gün bu deyilənləri götür-qoy edirdi. Oğlanın düstur, mesaj, əhd, sevgi etirafı, nə bilim daha nələrlə yüklənmiş kodlu sözləri onun yuxusunu ərşə çəkmişdi. Axı, bu mus-musların arxasında nə durudu? İstedadlı Şirvan fikrini bir-iki  kəlmə ilə də rahat çatdıra bilərdi. Bəs niyə belə variant seçdi?

 

Qız  son söhbətdən iki gün sonra öyrəndi ki, Şirvanın cəbhəyə çağırılma növbəsi çatdığı üçün o, yaşadığı ünvandan birbaşa hərbi komissarlığa, oradan da cəbhəyə yollanıb. İndi onun qulağı radioya, gözləri televizora tabe idi. Bütün kanallar cəbhədən eyni rəsmi xəbərləri versələr də, Minavər kanalları tez-tez dəyişir, yeni nəsə eşitmək istəyirdi. Aha, deyəsən, xəbərlərin ötürülməsində yeniliklər var. İndi "Qəhrəmanlarımızı tanıyaq" rubrikasında ayrı-ayrı döyüşçülərin şücaətindən qısa görüntülər təqdim olunurdu, amma heç birində Şirvanın nə adı çəkilirdi, nə də özünü göstərirdilər. "Yəni Şirvan döyüşlərdə heç nə ilə fərqlənmir? Ola bilməz. Onun əgər döyüş təcrübəsi, məharəti, çürəti, istəyi olmasaydı, ərizə yazardımı? Cəbhəyə könüllü getdi, ailənin bircə oğlu olduğunu da gözünə almadı".

 

Könüllülər ili”nin könüllü əsgərləri - İki sahil

 

Minavərin ağlına min cür fikir gəlirdi, biri də Şirvanın yaralı ola biləcəyi idi. "Bəs niyə zəng eləmir, mənim zənglərim isə heç yerə çatmır, havadaca itir... Cəbhədən telefonla zəng edən, özləri barədə məlumat verən əsgər o qədər idi ki. Axı sənə nə olub, Şirvan?".

 

Yaxşı deyiblər ki, hisslərin, illah da məhəbbətin sınağı ayrılıqdır. Qız, görəsən, bir müdrikin bu barədə dediklərini oxumuşdumu? "Külək  alov üçün necədirsə, ayrılıq da məhəbbət üçün elədir - kiçik eşqləri söndürür, böyük eşqləri alovlandırır".

 

... Bütün ölkənin çox gərgin dövrü idi. Bayrağına, qeyrətinə, Vətən torpağına sevgiyə bələnmiş Milli Ordu illərlə düşmən nəzarətində qalmış, viran edilmis kəndləri, qəsəbələri, şəhərləri vaxt itirmədən dalbadal azad edir, gözəl bayrağımızı sanca-sanca eyni hünərlə irəli gedirdi. Əlbəttə, qurbanlar da olurdu. Ən ağır döyüşləri şərh edən bitərəf və ya qeyri-dost xarici hərbi ekspertlər də etiraf edirdilər ki, azərbaycanlı döyüşçülər müharibə meydanında hələ ki, bircə dəqiqə, bir addım belə geri çəkilməyiblər, onların işi  yalnız irəli getməkdir! Təkcə bu fərəhli xəbərlər və ordumuzun düşmən mövqelərini göyə sovuran zərbə görüntülərinin telekanallarda  nümayişi Minavərin narahat qəlbinə su səpirdi, təsəlli verirdi, ümidlərini artırırdı.

 

Müharibə 44 gün çəkdi, düşmən və onun ölkəsi rüsvayçılıqla yenildi. Amma qalib hərbçilərin valideynlərinin, qohum-əqrabalarının  nigarançılığı bitmədi. Gözlərdə sevinc yaşları ilə acı damlalar yanaşı gilələnirdi. Millət sanki uzun sürən, ağır xəstəlikdən sonra nicat tapmışdı. İndi başını dik tutur, qələbənin dadını bütün varlığı ilə duyurdu. Məntəqələrdə al-əlvan gül-çiçəklərə qərq olmuş Şəhidlər məzarlığı qəmxanadan daha çox təntənəli bayrama hazırlığı xatırladırdı. Bunlar millətin əqidəsi, iradəsi, düşmənə isə göz dağı idi...

 

Minavər nahar fasiləsində həmişəki kimi laboratoriyada tək qalmışdı. Kompüterində aram musiqi sədaları eşidilirdi. Amma qız öz aləmində idi, dağı arana, aranı dağa daşıyırdı. Sevdiyi klassik musiqi də artıq əsəblərini sakitləşdirmir, qanadlandırmır, xəyallar aləminə aparmırdı...

 

Daxili telefon zəng çaldı.

 

- Bəli.

 

- Mühafizədəndi. Minavər xanım, yerinizdəsiz?

 

- Bəli.

 

- Yanınıza bir nəfər gəlmək istəyir, - mühafizəçi bunu gülümsəyə-gülümsəyə dedi və sağollaşmadan dəstəyi asdı.

 

Qız həyəcandan ürəyinin döyüntüsünü eşidirdi. Güzgünün qabağına keçdi. Rəngi-ruhu ağarmışdı. Əlini ürəyinin üstünə qoydu və ondan... güleyləndi:

 

- Sən də nə "Qıvrağı" oynayırsan?- deyə mızıldandı, dediklərinə özünün də gülməyi tutdu.

 

Qapı döyüldü, sonra ehtiyatla açıldı: "Olar?"

 

Güzgüdən qapıya göz qoyan Minavər Şirvanı səsindən tanıdı, tez dönüb ona tərəf bir-iki addım atdı. Şirvan narın damaları olan qəhvəyi kostyumda idi, fil sümüyü rəngində köynək geymişdi. Çox arıqlamışdı. Sol əlini pencəyinin cibinə salmışdı.

 

Oğlanı bu geyimdə cəmi bircə dəfə görmüşdü, ürəyində  zövqünə əhsən demişdi. İndi də ona fərəhlə nəzər saldı. Həsrətində olan adam öz ayağı ilə, sağ-salamat iş yerinə gəlmişdi. İndi o, neyləməlidir, nə danışmalıdır, nə soruşmalıdır? Kifayət qədər biliyi, dünyagörüşü, insanlarla təmas təcrübəsi olan Minavər çarəsiz qızcığaz kimi vəziyyətin əsiri olmuşdu. Telefon zəngi, foto və ya ekranda adi görüntüsü üçün burnunun ucu göynəyən qız qarşısında duran canlı Şirvanı görüb xoşbəxtlikdən özünü aşkar itirmişdi. Güzgünün qabağında fikirləşdiyi "Qıvrağı" havasının təbəssümü yaxşı ki, hələ də üzündən silinməmişdi.

 

- Salam, xoş gördük. Deyəsən, fikirdən ayırdım səni... gülümsəyirdin...

 

Qız bir an susdu, sonra özünü ələ almağa çalışdı. İndi sanki  döyüşə getməzdən əvvəl Şirvanın "kodlarla" dediklərinə cavab vermək imkanı qazanmışdı:

 

- Bir dəfə göz yaşı təbəssümə dedi: "Sevincinə həsəd aparıram". Təbəssüm belə cavab verdi: "Elə deyil, səhvin var. Mən sənin ağrılarının maskasıyam"...

 

Qız ona oturmaq üçün yer göstərdi. Şirvan əlini pencəyinin cibindən çıxarmadan stula oturdu, gülümsədi:

 

-  Əhsən! Bəs ağrılarımdan necə xəbər tutmuşdun?

 

Minavər yalnız indi onun pencəyinin sol qolunun boşluğuna diqqət elədi. Gözləri qaraldı. "Yenə mərifətsizlik, yenə düşünməmiş hərəkət. Allah, məni niyə saxlayırsan? Bu xasiyyətimlə mən kimə lazımam?"

 

Minavərin gözləri yaşardı.  İndi Şirvanı sanki tutqun pəncərə şüşəsindən görürdü. Şirvan durub qızın stolunun üstündəki şüşədən onun stəkanına su tökdü, qız alıb başı ilə razılıq elədi, bir-iki qurtum içdi. Gözlərinin yaşını qurutdu, Şirvanı diqqətlə süzməyə başladı. Çox arıqlamışdı. Ağappaq üz dərisi qaralmış, üzərində nazik tünd xətlər yaranmışdı. Saqqalının üstündən bir az götürmüşdü. Ağıllı gözləri çuxurdan boylanırdı.

 

Səmimi söhbətə, ürəkaçan ünsiyyətə, mehriban baxışlara ehtiyac duyan Minavər onu da anlayırdı ki, oğlan toy-bayramdan, romantik səyahətdən qayıtmayıb. Ona görə də indi nəsə şad-xürrəm bir söhbətin  alınacağına  ümid eləməsin.

 

- Cəbhə hadisələrindən bəlkə bir az danışasan...

 

- İndi yox, sonra. İndi eşitmək istərdim ki, ordumuzun hər günkü qələbə xəbəri burada necə qarşılanırdı.

 

- Fərəhlə, sevinclə, toy-bayram kimi. Otuz ilin kədərinə hər gün son qoyulurdu. Sevinc göz yaşları leysan kimi... Əsl bayram. Əsl bayram nədir? Hər evdə hiss olunan, hər kəsi sevindirən bayram əsl bayramdır, xalq bayramıdır. Allah kömək oldu, Vətən müharibəsini Xalq bayramı ilə tamamlayan şəxsiyyət, qeyrətli ordumuz xalqımızın başını uca elədilər...

 

- Minavər, rəssam olsaydın, o sevincli izdihamlardan hansı məqamı çəkərdin?

 

- Başa düşmədim, sən döyüşə getmişdin, yoxsa jurnalistika kursuna?- deyə Minavər zarafat eləməyə çalışdı. - Əlbəttə, deyərəm, amma gərək sən də döyüş epizodlarından danışasan.

 

Qız bir az susdu, alt dodağını ehmalca gəmirməyə başladı, bununla kövrəldiyini boğmağa çalışdı.

 

- Gecə-gündüz küçələrdə, meydanlarda maşınların səsi, sevinc şüarları, yellənən bayraqlar... Bu izdiham televiziya kameralarına zorla sığışırdı desəm, inan. "İynə atsan yerə düşməz" deyilməli məqam. Virusun tüğyan etdiyi bir dövrdə belə izdihamların fəsadı məlumdur. Ona görə polisə tapşırılmışdı ki, imkan daxilində sıxlığa yol verməsinlər. Amma bir dəfə  nə görsəm yaxşıdır, polis yallı gedib rəqs edən gənclərə yaxınlaşdı, intizama tabe olmalarını tələb elədi, gənclər isə ona "Şuşa"azaddır e, a kişi, deyib rəqslərinə davam etdilər. Polis baxdı-baxdı, sonra bilirsən neylədi? Özü də qol götürüb onlara qoşuldu, şıdırğı oynamağa başaldılar...

 

Minavər sudan bir-iki qurtum da içdi.

 

- Sonra... Bu izdihamdan kənarda, yarpaqları saralmış iri ağacın gövdəsi arxasında gizlənib xısın-xısın  ağlayan orta yaşlı bir kişinin üzü. Tüklü üzü, nimdaş kepkasının altından boylanan uzun tükləri, yaşla dolu, parıldayan qonur gözləri. Mənim gördüyüm bu mənzərə olduğu kimi çəkilsə, inanmıram ki, portretə vahid bir ad qoymaq mümkün olsun... Bir nəfərin baxışları deyildi ki bu, yox,  orada otuz ilin məşəqqəti,  acı günlər əks olunmuşdu...

 

Araya sükut çökdü.

 

Nəhayət, Minavər dilləndi:

 

-Cəbhədən telefonla zəng etmək olurdu?

 

- Şəraitə baxırdı. Şəxsən mən üç gündən bir anama "hər şey yaxşıdır" mesajı göndərə bilirdim, vəssalam.

 

- Bəs indi necə, döyüşlərdən nəsə danışmaq olar?

 

Şirvan gülümsədi:

 

-Yadıma bilirsən nə düşdü? Belə bir rəsm əsəri də var, balıqçı ovundan danışır və əllərini danışa-danışa bir-birindən aralayır... Yəni onun tutduğu balıq gör nə yekəlikdə imiş... Amma bizim döyüşlər sözlə ifadə olunası deyil, sonralar danışarlar, göstərərlər. Şübhəsiz ki, filmlər də çəkiləcək.

 

Şirvan bunları deməklə kifayətlənmək istəyirdi, amma olmuşlardan məqamlar yavaş-yavaş gözünün önündə canlandı, fikrə getdi: Döyüşlər bir neçə gündən sonra bitəcəkmiş. Ali komandanın əmrinə görə, Şuşa yarasız, sağ-salamat qaytarılmalı idi. Düşmən isə bütün qüvvəsini bu qədim şəhərəimizə gedən yolda toplamışdı. Quşların qanad saldıqları sıldırım qayalar, ağlagəlməz sərt dərələr, düşmənə görə, şəhərə giriş yolu ola bilməzdi. Şeytana belə yaxa verməyən xüsusi təyinatlılar isə xeyli əvvəl şəhərə girə bilmiş, düşmən əhatəsində yerin altında yerləşmişdilər. Bir-birindən aralı arxa-arxaya mövqe tutmuş düşmənlər çiskinli, dumanlı günlərin birində hənirti eşitdilər. "Qızıl köstəbəklərimiz" ermənilərin diqqətini bilərəkdən ehtiyatla, xüsusi fəndlərlə cəlb etdilər. Arxa-arxaya durmuş erməni yaraqlıları tez üz-üzə dayanıb nə baş verdiyini anlamağa çalışırdılar. Bu an dumanı yarıb iti sürətlə hündürboylu erməninin boğazına sancılan bıçaq aləmi bir-birinə qatdı. İndi bir-birinə daha yaxın durmağa çalışan erməni dəstəsindən kimsə rusca qışqırıb dedi: "Türklərdi, bizim formanı geyiblər, ara, vurun!" Hər düşmən dəstəsi qarşıdakının azərbaycanlı olduğunu zənn edib silahlarını işə saldılar. Avtomat silahların ani yanıb-sönən alovu dumanda bir müddət davam elədi, sonra dayandı. Deyəsən, anlamağa başlamışdılar ki, bir-birilərini qırırlar. Bu zaman uzun, dar sahə yarıldı, xəzəllər ətrafa səpildi, pəhləvan cüssəli igidlərimiz üzə çıxdı... Əli uzun illər özgə ətəyində olan ermənilər azərbaycanlılarla təkbətək qalıb onların güc-qüvvəsini hiss etməmişdilər, qarşı tərəfi bir quru toxum hesab edib yerə atmışdılar. Toxum isə bitmiş, kök atmış, qüvvətli palıd-polad ağac kimi  düşmənin nəfəsini kəsməyə hazır olmuşdu. Əmrə əsasən  yalnız soyuq silahlar işləməli idi. Bıcaq-xəncərin "xırç-xırç" səsi düşmənin ah-ufuna, bağırtısına qarışmışdı. Göz açmağa macal tapmayan ermənilərin çoxu  baş verdiyini xeyli sonra anladı.

 

- Səndən olsa, o filmlərə hansı epizodu mütləq salarsan?- Minavərin səsi Şirvanı xəyaldan ayırdı.

 

-Hm... Hansını deyim? Azad edilmiş rayonun məscidində, məscidin yaxınlığındakı fermada günlərlə ac qalmış donuzları.

 

- Fu!

 

- Bu heyvanları açıq havaya buraxanda vəhşi canavar kimi qarşılarına çıxan hər şeyin üstünə atılırdılar.  Hətta əsgərlərimizə də hücum edirdilər. Düşmənin qoyub qaçdığı döyüşçülərin cəsədlərini necə didib yediklərini görsəydin, dünyanın "dəhşətli" filmləri yadından çıxardı. Ətrafın kəsif qoxusundan adamın ödü ağzına gəlirdi...

 

- Məsciddə donuz saxlayanın cəzasını Allah o dünyaya qoymayıb da...

 

- Sonra namaz üstündə olan əsgərimizin snayper gülləsindən şəhid olması epizodunu filmə salardım...

 

- Şirvan, şəxsən sənə aid olan heç bir epizod yoxdur?

 

- Mən silahdaşlarımdan  danışa bilərəm... Onu da vaxtı gələndə, indi yox. Biz məxsusi tapşırıqları icra edirdik. Hətta odlu silahsız döyüşməli idik... Nəticəsi göz qabağındadır-qələbə!

 

Şirvan sonra pencəyinin sol qoltuq cibindən kağız çıxarıb stolun üstünə qoydu. Minavər kağızı görmürmüş kimi:

 

- Evdə yəqin ki, sənin evlənməyin indi gündəliyin birinci məsələsidir, hə? - deyə ehtiyatla soruşdu.

 

- Elədir. Müharibəyə qədər bu məsələ həll edilməyibsə, indi ağlım kəsmir.  Bu sir-sifətdə, təkqol alimciyəzə hansı qız taleyini etibar edər?

 

Minavər başını aşağı salıb gözlərini qarşısındakı kağıza zillədi. Bu, oğlanın əlini üzərindən geri itələdiyi analiz nəticələri idi.

 

- Burada hər şey xırdalığına kimi verilib. - Şirvan  əlini kağızdakı müvafiq bəndi göstərmək üçün irəli uzatdı. -  Amma geoifiziki baxımdan...

 

Qızın qulaqlarında gurultu qopdu, heç nə eşitmirdi. Alnını kağızın üstünə - Şirvanın əlinə yapışdırdı, onun qaralmış cod əlinin təmasını vücuduna çəkməyə çalışdı. "Həyatımın sonuna kimi yanaşı gəzsək, sənin sol qolun tərəfdə durmaqla qürur duyardım. Bir könüllü kimi...".

 

Bu titrək səsdən sonra Şirvanın əlinin üstünə iki damla isti göz yaşı töküldü...

 

 

7-10 dekabr, 2020-ci il

 

Ədəbiyyat qəzeti  2020.- 30 dekabr.- S.20.