"Miloş öz şübhələrini, içindəki tərəddüdləri, belə deyək, qapada, söndürə bilmirdi..."

 

Aqneşka Koşinska ilə söhbət

 

 

2011-ci il Polşada "Çeslav Miloş ili" idi. XX əsrin görkəmli polyak şairi, mütəfəkkiri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Miloşun 100 illik yubileyi eyni zamanda YUNESKO xətti ilə bir çox dünya ölkələrində də qeyd olunurdu.

 

Həmin il biz də "Dünya ədəbiyyatı" dərgisi olaraq Polşanın Azərbaycandakı səfirliyinin  təşəbbüsü və iştirakı ilə "Qəfil görüş"adlı çağdaş polyak şeiri antologiyasını  hazırladıq. Həmkarım Rəfail Tağızadə ilə birgə. Eyni zamanda, Polşa mövzusunda Miloşun 100 illiyinə həsr olunmuş ədəbiyyat müsabiqəsi təşkil elədik. "525-ci qəzet"in xüsusi əlavəsini də nəşr etdik. Azərbaycan Yazıçılar Birliyində antologiyanın və müsabiqənin nəticələrinin təqdimatı kimi iki yaddaqalan tədbirdən sonra 2011-ci ilin sentyabrında Şirvanşahlar sarayında, Polşanın Azərbaycandakı səfiri Mixal Labendanın iştirakı ilə böyük polyak şairinə həsr olunmuş poeziya gecəsi təşkil etdik. Bütün bu işlərdə səfirliyin əməkdaşları mədəniyyət attaşesi  xanım Yoanna Senkeviç,  polşalı filoloq Aqneşka Ronçka, bizim gənc polonistlər - İlahə, Samirə, Raisa, Vüsalə, Katerina, Sonya və başqaları yaxından iştirak etdilər... Tədbirdə böyük şairin ədəbi katibi, köməkçisi, tanınmış polyak tənqidçisi və ədəbiyyatşünası, "Miloş barədə söhbətlər" kitabının müəllifi və nəhayət, şairin ölümündən sonra onun ev- muzeyinin, arxivinin sahibəsi, Miloşun beynəlxalq biblioqrafiyasının müəllifi Aqneşka Koşinska da iştirak edirdi. Biz Aqneşka Koşinska ilə sonra da görüşdük. 2012-ci ilin yanvarında Krakovda. Polşa Xarici İşlər Nazirliyinin təşkilatçılığı və dəvəti ilə "Miloş müsabiqəsi"nin qalibi Əli Şirin Şükürlü ilə bərabər. Miloşun izi ilə Krakovda bir çox yerlərdə olduq. Çay qırağında gəzdik, şairin evinə yaxın kiçik katolik məbədini ziyarət etdik, Miloşun tez-tez sakini olduğu "Kanoniçza" restoranında eyni masada (burda Şimborska, Vaslav Havel də oturmuşdular) yemək yedik. Və nəhayət şairin Krakovda, Boquslavski 6 ünvanındakı evinə yollandıq. Bu sonra oldu. Hələliksə biz Bakıda, Şirvanşahlar sarayındakı tədbirdən çıxıb Polşa səfirliyinin İçərişəhərdəki binasına gəlirik, qonaq otağında polonist Ayla Ağayevanın tərcüməçiliyi ilə Aqneşka Koşinska ilə söhbətə başlayırıq.

 

Çeslav Miloş barədə.

 

Bizə çay verirlər və xanım Koşinska deyir ki, ümid edirəm, məni çox incitməyəcəksiniz. Mən isə deyirəm ki, arxayın olun, çox incitməyəcəm. Yalnız bir az.

 

 - Xanım Koşinska, deyəndə ki, Miloş pul qazanmaq üçün yazmırdı, yazmaq onun üçün həyatının ən vacib işi idi, yazmaq onun üçün həyatın məğzi idi, mən onunla razılaşıram, bu doğrudan da, belə idi. Hərçənd gördüyün işi görə bilməyin üçün minimal nələrəsə sahib olmalısan, həmişə belə olub.

 

- Doğrudur. Öz missiyanı, başlıca vəzifəni hiss edə bilməyin üçün bu lazımdır.

 

- Miloş üçün şeir yazmaq gözəl sözləri yan-yana düzmək deyildi...

 

- "Ziemlia Ulro" ("Ulro torpağı") əsərində o bu barədə yazır. Onun bu fikri Mayakovskiyə yaxındır.

 

- Hə... maraqlıdır?!

 

- Məndə var olan hər bir şey, içimdəki hər bir şey qışqırıqdır. Yazmasaydım, yəqin ki, qışqırardım. Siz onun şeirlərində bunu hiss edirsiniz?

 

- Amma bu, vərdiş olunmuş qışqırıq deyil. Bu, müdrik, sanki sakit bir hayqırtıdır, xəbərdarlıqdır. Bu, xatırlatdığınız Mayakovskinin plakat-bağırtısı deyil. Elədir, Mayakovski qışqırırdı, amma bu, bağırtı idi. Dahiyanə dərəcədə istedadlı, amma bağırtı. Miloşda isə, fikrimcə, elə deyildi, onda daxili hayqırtı vardı, fəryad. Bu, müdrik adamın ağrılı səsi idi, məncə.

 

- Dəri altındakı qışqırıq.

 

- Düppədüz... Xahiş edirəm, deyin, pan Miloşu şeirin forması düşündürürdümü, yoxsa bu onun üçün vacib məsələ deyildi?

 

- O, ilhamla yazan şair idi. Mən səhər işə gəlir və görürdüm ki, o, yazı masasının arxasındadır və nəsə yazır. Onu narahat edən, gecə düşündüklərini, onu rahat buraxmayan şeyləri yazırdı. O gecə nə baş verdiyini anlamırdı, sanki... eləcə düşünürdü. Səhər isə onları yazırdı. Sonra isə yazdıqlarını dincə qoyurdu, unudurdu, sanki özünə vaxt verirdi. Hərçənd, o çox tələskən adam olmasa da, yeməyini qaçaraq yeyirdi, tələsə-tələsə. Bir müddət sonra isə yazdıqlarına düzəliş edirdi.

 

- O, yeməyə çox vaxt həsr etmək istəmirdi, yəqin və aramsız düşüncəsinin sürəti ilə yemək yeyir, prosesi tez bitirib sevdiyi işə dönmək istəyirdi. Çünki ədəbiyyatın gücünə inanırdı. Əsrin yaşıdı idi, insanları yaxşı tanıyırdı, o bayaq danışdığımız fəryad da bu tanımağa görə idi. Digər tərəfdən, öz işinə inanır, poeziyaya, onun insanı və cəmiyyəti dəyişmək gücünə ümid edirdi. Bəzi işlərdə tələsirdi ki, əsas hesab etdiyi fəaliyyətində gecikməsin.

 

- Siz onun yaradıcılığı ilə tanışsınız, əlbəttə. Bu dəri altından olan qışqırıq da bu səbəbdən idi. Formaya qayıdaq. Formalar mənaya xidmət edir. Ona görə də az vacib məsələ deyil. Miloş bunu bilirdi. "Xilas" adlı kitabında belə bir şeiri var: "Pşedmova"...

 

- "Predisloviye", "Giriş"...

 

- Bəli, bəli, "Giriş"... Həmin şeirdə o yazır: "Məndə sözlərin sehri yoxdur...".

 

- Hə... And içirəm, məndə sözlərin sehri yoxdur...

 

- Elə bu sözlər daha əvvəl dediklərimizin də təsdiqidir ki, şeir yazmaq Miloş üçün gözəl sözləri yan-yana düzmək deyildi.

 

- Və sual verirdi: "İnsanları və millətləri xilas etməyən poeziya nədir ki?". Mən indi başqa bir məsələni soruşmaq istəyirəm. Müsahibələrinizin birində Qombroviçin Miloşa həsr etdiyi şeiri sitat edirsiniz: "Mən Miloşam, mən Miloş olmalıyam. / Miloş ola-ola, mən Miloş olmaq istəmirəm./ Mən içimdə Miloşu öldürürəm ki, / daha güclü Miloş ola bilim...". Təxminən belə...

 

- Rusca bir az başqa cür səslənir. Bir az ironiya güclənib elə bil.

 

- Anlayıram. Qombroviçin yaradıcılığının ironikliyi var, amma ümumiyyətlə, tərcümə işinin də ironikliyi var.

 

- Üzr istəyirəm, amma Qombroviçlə Miloşun ironiyaları fərqlidir.

 

- Miloşun ironiyası məndə həmişə ağayana təəssürat yaradıb. Çünki bayaq yuxarıda danışdığımız fəryad və ağrı məsələsi var. Məncə, Qombroviç istənilən hadisəyə özünü ayıraraq, uzaqdan reaksiya verirdi. Hər necəsə... suala qayıdaq... Qombroviç nə demək istəyirdi?

 

- Vitold Qombroviç insan kimi də, yazıçı kimi də Miloşdan büsbütün fərqlənirdi. Məsələn, o, heç cürə anlaya bilmirdi ki, niyə Miloş vaxtını antologiyalar tərtib etməyə, polyak ədəbiyyatı tarixinə xərcləyir, niyə yalnız sevdiyi işlə, şeir yazmaqla məşğul olmur. 1967-ci ildə onlar görüşəndə Miloş ümumiyyətlə, sevinirdi ki, Qombroviç onu özünə yaxın buraxıb. Onunla söhbət eləmək imkanı olub.

 

- Mən həmişə Miloşu polyak ədəbiyyatı üçün daha vacib bir fiqur hesab etmişəm.

 

- Məsələ bunda deyil. Qombroviç başqa adam idi. Qapalı adamdı. Başqaları ilə görüşə, ünsiyyətə vaxt sərf etmirdi. Həm də bu görüş Qombroviçin xəstə dövrünə təsadüf edirdi.

 

- O, xəstə idi?

 

- Astma idi. Bu görüşdən 2 il sonra, 1969-cu ildə pan Vitold vəfat elədi.

 

- Qombroviçin şeirinə qayıdaq...

 

- Hə... O, Miloşa deyirdi ki, sən heç antologiya tərtib edən Nitsşeni təsəvvür edirsən?

 

Bu onun Miloş yaradıcılığına verdiyi yüksək qiymət idi. Həmin o ironik, daha çox zarafatyana şeirilə bəlkə də o, Miloşu necə qiymətləndirdiyini qeyd eləmək istəyirdi.

 

- İndi aydın oldu. Demək, rus tərcüməsində o kəlmələr daha çox ironik, polyakca isə daha çox zarafatyana səslənir, siz bayaq bunu demək istəyirdiniz...

 

- Bəli, bəli. O şeirlə Qombroviç həm də Miloşun ziddiyyətli xarakterini, daimi şübhələrini, onun yaradıcı təbiətinin çoxcəhətliyini və imkanlarını göstərmək istəyirdi. Mifoloji terminlə desək, proteizmini.

 

- Siz Proteyə işarə edirsiniz?

 

- Hə... Protey axı dəyişkən idi. Müxtəlif görkəmlərə düşə bilirdi. Miloş da eləydi. Miloş, eyni zamanda çoxcəhətli, amma maraqları nəzərə alınarsa birtərəfli adam idi.

 

- Yəni maraqlarına sədaqətli idi?

 

- Bəli. Məsələn, Qombroviç ona filosofları oxumağı tövsiyə edirdi. Deyirdi ki, sən fransızca danışanda çox aydın, dəqiq danışırsan, amma polyakca fikirlərin, sanki yayğınlaşır.

 

- Bəlkə bu onunla bağlı idi ki, Miloş öz fəlsəfə ehtiyacını ilk dəfə və ciddi şəkildə dayısı və müəllimi, tanınmış fransız şairi, diplomat Oskar Miloşun təsiri altında məhz Parisdə, fransız dilində ödəməyə başlayıb?! Təbii ki, bilirsiniz, mən Çeslav Miloşun gənclik illərini nəzərdə tuturam.

 

- Ola bilsin. Amma bilirsiniz, axı, Miloş o nəslin nümayəndəsi idi ki, fransız dilini bilmək həmin nəsil üçün norma sayılırdı. Necə ki, ingilis dili bizim nəsillər üçün normaya çevrilib. Eyni zamanda fəlsəfi əsərlərin mütaliəsi də norma idi. Onlar özlərini fəlsəfi traktatları oxumadan təsəvvür etmirdilər. Üstəgəl, Çeslav Miloş 1934-1935-ci illərdə yaradıcı təqaüd alırdı, Parisdə olduğu günləri deyirəm, fransız dili səviyyəsini təkmilləşdirirdi. Məhz həmin illərdə o öz qohumu olan əsilzadə və diplomat, eyni zamanda fransız ədəbi çevrələrində yetərincə tanınan Oskar Miloşla tanış olmuşdu. Əlbəttə, qiyabi olaraq Oskar Miloşu o çoxdan tanıyırdı. Və onların görüşü xüsusən Çeslav üçün əhəmiyyətli və hətta taleyüklü olur. Oskar Miloş Çeslava çox ciddi təsir edir, onun yaradıcılığında və həyatında dərin iz buraxır. Hətta Çeslav Miloş 2000-ci illərdə, ömrünün sonuna yaxın yazdığı bir böyük poetik əsərini Oskar Miloşa ithaf edir, "Pşeladnik"i deyirəm...

 

- Rusca, deyəsən, "Podmasterye" adlanır, "Şagird", yaxud "Usta yanında"...

 

- Bəli, o əsəri deyirəm. Oxumusunuz?

 

- Oxumuşam. Ciddi, dərin, təsirli əsərdir.

 

- Bu əsərdə həmin o təsiri anlamaq olar. Mən bu əsəri əlyazmadan köçürəndə öz-özümə sual etdim: görəsən, bu əsərin əsas qayəsi nədir? Yəqin ki, din. Əlbəttə, din kəlməsi çox ümumidir. Lap dəqiq desəm, məncə, insanın yaradana, Tanrıya münasibəti. Miloş həyatın mənasını axtararkən həmişə dinə müraciət edirdi. Amma həmişə də mübahisə edərək. O, sanki dini sistemlərlə mübarizə edirdi.

 

- Yəni barışqanlıq yoxdu, demək istəyirsiniz...

 

- Bəli. O, sakitləşə bilmirdi. Daim üsyan, təlaş halındaydı, sanki.

 

- Bir şeyi xatırlayıram. Aleksandr Fyutun "Miloşla söhbətlər" kitabında bir məqam var. Ruhani ədəbiyyat, sənətkarın Allaha münasibəti, metafiziki dəyərlərlə bağlı bölümdə pan Miloş Salman Rüşdi mövzusuna toxunur və deyir: "Digər qərbli həmkarlarım kimi, mən də Salman Rüşdini müdafiə etdim, çünki həyatı üçün təhlükə yaranmışdı. Amma çox xoşagəlməz haldı ki, təkcə müsəlmanların deyil, həyatın mənasına inanan bütün insanların hisslərini təhqir edən pis əsər yazmış bir yazıçını müdafiə etməli oldum...". Bunu niyə misal çəkdim. Ona görə ki, son dövrlərdə belə mövqeyə, fikrimcə, doğru, dərin mənəvi və mötəbər ruhani yazıçı mövqeyinə Qərb yazarları, intellektualları arasında çox az rast gəlinir. Sonradan Miloşun digər əsərlərini oxuya-oxuya anladım ki, o, etik və bəzən də estetik məsələlərdə ümumiyyətlə, dəbin, önyarğılı ənənənin əleyhinə olub həmişə. Razısınız mənimlə?

 

- Razıyam, əlbəttə. Oskar Miloşun təsiri də elə bu idi. Məhz Oskar Miloş gənc Çeslava xüsusi olmağı, dəbdə olmağı deyil, xüsusi yazıçı olmağı başa salmışdı. O deyirdi ki, içindəki səsə qulaq as, onun arxasınca get. Hamını oxu, hamıdan öyrən, amma eyni zamanda öz fərdiliyini, içindəki o səsi qoru. Kim ki, həqiqi şairdir, o həmişə köhnədəblidir.

 

- Çox doğru, eynən həqiqətin özü kimi...

 

- Ona görə də Miloş yazmamışdan əvvəl çox götür-qoy edirdi, fikirləşirdi, nəticələr çıxarırdı. Öz iç səsini dinləyirdi. Yəqin, bu səbəbdəndir ki, onun poetik üslubu barədə "bir addım irəli, iki addım geri" deyirdilər. "Xərçəng üsulu".

 

Bu yerdə söhbəti saxlamalı oluruq. Səfir Mixal Labenda xanım Koşinska ilə vidalaşmaq üçün içəri daxil olur, ona bir xeyli təqdir və tərif dolu sözlər deyir. Eyni zamanda səlis Azərbaycan dilində mənə də bugünkü uğurlu gün üçün minnətdarlıq etməyi unutmur.

 

- "Xərçəng üsulu"ndan danışırdınız. Bu ifadə kimə aiddir?

 

- "Xərçəng üsulu?". Papaya.

 

- Yəni?

 

- İohann Pavelə. Yeri gəlmişkən, Miloş bürc etibarilə də xərçəngdi.

 

- Məncə, onlar dost idilər. Gərək ki, Miloş İohann Pavelin şeirlərini də çevirmişdi.

 

- Yox, çevirməmişdi.

 

- Yəqin, qarışdırıram.

 

- Papa Miloşun şeirlərini oxuyub demişdi: "Bir addım irəli, iki addım geri". Miloş isə cavab vermişdi: "Başqa cür şeir yazılırmı?".

 

- Papa nəyi nəzərdə tuturdu? Miloşun Allaha olan sonsuz suallarınımı? Şübhələrinimi?

 

- Bu, əbədi sualdır. Qoy buna oxucu cavab versin. Sivilizasiya öz inkişafında çox uzağa gedib çıxa bilər. Amma sual qalacaq:

 

- Bu sualı Tadeuş Rujeviç də verirdi.

 

- Lap düzü, bu, Miloşla Rujeviç arasındakı məşhur dialoqdandır. Miloş Rujeviçə belə çavab vermişdi: "Şər insandandır. Yalnız və yalnız insandan". Ümumiyyətlə, Miloş yaradıcılığının əsas mövzusu, mövzularından biri "şər" mövzusu idi. O, iblisə inanırdı.

 

- Yəqin, iblisin mövcudluğuna demək istəyirsiniz?

 

- Bəli, bəli, Miloş onu real hesab edirdi.

 

- Anlayıram. Cənab Miloş haqlıydı... (gülürük).

 

- Amma o bu mövzunu özü üçün sonacan həll etmədi. O, ibilsin bu dünya səhnəsində yerini müəyyənləşdirə bilmədi.

 

- Bağışlayın, amma mən sizi yaxşı başa düşmədim. Dəqiqləşdirmək olar?

 

- O anlamırdı ki, Allahın planında iblis necə ola bilərdi. Amma Oskar Miloş anlayırdı. Barışmışdı. Miloş isə təəccüb edirdi, necə ola bilər ki, şər belə güclüdür.

 

- Güclüdür. Amma adamdan, Allahdan deyil.

 

- Əgər biz hesab ediriksə ki, bu dünyanı Allah yaradıb və idarə edir, onda niyə günahsız insanlar əziyyət çəkir, müharibələr baş verir, milyonlar ölür? O, bütün bu sulları durmadan verirdi. Özü də bu suallar onun üçün yalnız sual deyildi, o faciələr ilə şəxsən tanışdı. Onun şəxsi faciəsi də böyükdü. İki arvadının ölümü, oğlunun sağalmaz xəstəliyi...

 

- Hansı oğlunun?

 

- Kiçik oğlunun.

 

- O yaşayır, sağdı?

 

- Hə.

 

- Xəstəliyi nə idi?

 

- Şizofreniya... yazıq... Miloş, ümumiyyətlə, yazıq, kasıb adamların tərəfində olub həmişə. O özünü daxilən, qəribədir ki, çox kasıb biri hesab edirdi. Elə maddi baxımdan da zəngin sayılmamalıydı. Belə bir əsəri də var "Kasıb adamların səsi". Bu əsərində o, kasıblarla həmrəyliyini ifadə edib. Bir əsəri də var, "Pişka pridorojnoye"...

 

- "Yol kənarındakı küçük", hə...

 

- Həmin əsərdə Miloş yazır ki, bu dünyanın güc sahibləri ilə danışsa da, kasıb adamlar, yataq yeri belə olmayan fəqir-füqəra ona daha yaxındır...

 

- Məni bir şey təəccübləndirir. Bilirəm ki, Miloş ömrü boyu, xüsusən yetkin, ahıl çağlarında "Bibliya" ilə, "İncil" ilə məşğul olurdu, tərcümə edirdi, şərh edirdi, mübahisə edirdi, yazırdı. Və onu kimi bir adam necə bilməyə bilərdi ki, Allahın yaradılışında şərin yeri yoxdur, yaxud varsa, hardadır? Axı "İncil" bu sualların cavabını verir. Məncə, "Ksendz Severin", "Ruhani traktat", "Şagird" və başqa dini mündəricəli əsərlərində bu suallar və cavablar var axı, məncə. Hərçənd, mübahisə etmirəm, şübhələri də, tərəddüdləri də yox deyil. Amma cavab cavabdır.

 

- "İncil"də cavablar var? Belə hesab edirsiniz?

 

- Əlbəttə, var. "İncil"də də var. Bütün dini kitablarda var. O cümlədən "Quran"da da var bu sualların cavabı.

 

- Siz cavabları inandığınız üçün tapırsınız. Bu, əsas məqamdır. Amma Miloş öz şübhələrini, içindəki tərəddüdləri, belə deyək, qapada, söndürə bilmirdi.

 

- Bilmirəm nə deyim... Amma içindəki tərəddüdləri söndürə bilmirdi fikri çox yaxşıdır, uğurludur.

 

- Məncə, insan uşaq kimi sadəlövh, inancıl olmalıdır ki, "İncil" onun suallarına cavab versin.

 

- Bilmirəm, ya Miloşun öz fikridir, ya da Odenin, fikir belədir ki, poeziya sənəti həm də tərəddüd sənətidir. Bunu Brodski tez-tez səsləndirirdi. Və hesab edirəm ki, Miloşun mövqeyini ancaq bununla əsaslandırmaq olar, bəlkə də.

 

- Brodski Odenə daha yaxın idi, nəinki Miloşa.

 

- Ola bilsin. Odenin ironiyası sarkazmla qarışmışdı. Miloşun ironiyasında belə həmdərdlilik, müdriklik, təlaş vardı. Mən indi başqa şeyi soruşmaq istəyirəm. "Üç qış" toplusundan "Orfey və Evridika" kitabına qədər yol keçən Miloş poeziyası katastrofizmdən, stoisizmə, realizmə qədər, dini mövzulara, hətta dini traktat üslubuna qədər xassə dəyişmişdi. Dili necə, dəyişmişdimi?

 

- Əlbəttə, birmənalı şəkildə. Başlıca dəyişiklik sadələşmədə idi. Dilin sadələşməsi, məğzin kondensasiyası, arınması. Miloşun katastrofizmi apokalipsisə qədər böyüdü. Apokalipsis o şeydir ki, sən onu bilirsən və susursan. Bu elə bayaq söylədiyimiz məsələdir, dəri altındakı qışqırıq. Örnək olaraq "Jezeli" şeirini göstərmək olar.

 

- Səhv etmirəmsə, onun bu adda iki şeiri var. "Əgər yoxdursa..." və "Əgər". Siz hansı şeiri nəzərdə tutursunuz?

 

- Birincini.

 

- "Əgər Allah yoxdursa, / İnsan hər şey edə bilər./ O öz qardaşını qorumalıdır, / və o, Allahın yoxluğunu təsdiq etməklə / öz qardaşını incitməməlidir...".

 

- Bəli, bəli, bu şeir...

 

- Bu şeiri ilk dəfə oxuyanda qəribə hisslər keçirdim. Hələ də keçməyib bu duyğum. Avropa intellektuallarının inam yolundakı düyünü hesab edirəm bu mövqeni... Qayıdaq pan Miloşun "avropaçılıq" ideyasına... Məndə belə təəssürat yarandı ki, mühacirətdəykən Miloş nəinki özünü və polyak ədəbiyyatını təmsil edir, eyni zamanda bütün Şərqi Avropa ədəbiyyatları və ədiblərini təmsil etməyə çalışırdı. Anlayaraq ki, Avropa ədəbiyyatı Şərqi Avropa ədəbiyyatı nəzərə alınmadan natamam görünərdi. "Kross Karients" jurnalında o, siyasi coğrafi regiondan daha çox mədəni məkan kimi baxdığı bu ərazi ilə bağlı öz nöqteyi-nəzərini yetərincə əhatəli şəkildə ifadə eləmişdi. Sonradan bu ideyanı, bu mövqeni Milan Kindera inkişaf elətdirmiş, dəstəkləmişdi. Əlbəttə, aqressiv şəkildə. Özü də Mərkəzi Avropa ideyasını (yaxud Avropa mərkəzçiliyi) mədəni kontekstdə Rusiyaya qarşı qoymuş, müəyyən mənada Dostoyevskiyə nifrət də ifadə eləmişdi. Sonra isə Kundera və Brodski arasında mübahisə yaranmışdı. Və sair və ilaxır. Bu barədə danışın.

 

- Hər şeyi düz dediniz. Bircə şeyi əlavə etmək qalır. Miloş hesab edirdi ki, Şərqi Avropa ölkələrinin bir ümumi qəhrəmanı var - Tarix. Çexlər bu barədə bir qədər yumorla, polyaklar isə missioner avazıyla danışırlar. Miloş isə sonuncunu sevmirdi.

 

- Elədir. Pan Miloş missioner çıxışları, pozanı sevmirdi, dövlətlər üçün, xalqlar üçün bunu ziyanlı və qorxulu bir iş sayırdı.

 

- Miloşun "Doğma Avropa" əsəri var. İntellektual avtobioqrafiya da saymaq olar, hər halda çoxlarının hesab etdiyi kimi esse deyil. O, həmin əsərdə subyektiv bir üslubla hər şeyi - katolik məktəbinə getməyini, valideynlərinin tərbiyə metodunu, Vilno (Vilnüs) günlərini, bir sözlə, hər şeyi necə varsa elə də yazır. Bu əsər, yeri gəlmişkən, Qombroviçin xoşuna gəlməmişdi, hesab edirdi ki, kulminasiyası yoxdur. Deyirdi ki, bu cürə o, Paranada da üzə bilər.

 

- Parana?

 

- Hə, Argentinada çay adıdır. Miloş Şərqi və Mərkəzi Avropanın bu cürə təqdimatında maraqlıydı. Deməyim odur ki, Brodski də Mərkəzi və Şərqi Avropanın intellektualların təsəvvüründəki bu sayaq təqdimatını, konstruksiyasını mənasız hesab edirdi.

 

- Məncə, onlar bu mövzu ilə bağlı mübahisə də etmişdilər. Səhv edirəm?

 

- Elədir. Rusiyapərəst mövqeyinə baxmayaraq Brodskinin mövqeyini imperialist mövqe hesab etmək olmazdı. O düşünürdü ki, intellektuallar tərəfindən irəli sürülən Mərkəzi-Şərqi Avropa modelinin tarixə, mədəniyyətə yanaşma, yaxınlaşma baxımından heç bir funksionallığı yoxdur, reallıqla əlaqəsi yoxdur.

 

- Bir şeyi soruşum, sizin fikrinizdir, demisiniz ki, Miloşun hansı əsərlərdə özü olduğunu demək çətindir. Və məktubları ilə bağlı da demisiniz ki, əksər məktublarının ünvanı qadınlardır...

 

- Yox, yox, əlbəttə ki, hamısı yox...

 

- Bəs niyə belə fikirləşirsiniz? Yaxud fikirləşmisiz?

 

- Burda iki məqamı dəqiqləşdirmək lazımdır. Əvvəla, bəlkə də bu daha çox oxucu münasibətini ifadə edir, nəinki Miloşun yaradıcılığını. Mən Miloşun şeirlərini sevirəm və onları oxuyarkən onun həm də mənim yerimə danışdığını sezirəm, hiss edirəm. Amma esselərində belə deyil. Mən onları oxuyanda içimdə bir səs qışqırır ki, yox, bu o deyil... Məncə, esselərində o özü deyil, yaxud özünü gizlədir.

 

- Miloş söhbətlərinin birində gənc şairlərdən yalnız öz gündəlik və müəyyən qədər də trivial təcrübələrini yazdıqlarına görə xoşlanmadığını deyir. Bəlkə onun öz təcrübəsini gizlətməsinin səbəbi budur.

 

- Məncə, səbəb bu deyil. Bəzi əsərlərində Miloşa xas olan özgə dərdini anlamanı, o yüksək həmdərdliliyi sezmirsən. Ona xas olan o ali elegiya çaları duyulmur. Esselərdə bu yoxdur.

 

- Aydındır. Çox sağ olun. Miloş mükafat təsis eləmişdi. Öz mükafatını. Səhv etmirəmsə, gənclər üçün nəzərdə tutulmuşdu. Bir neçə dəfə də verildi. Deyəsən, iki dəfə...

 

- Yox, çox verildi, iki nəfər yox, çox adam aldı.

 

- Maraqlı təqdimatla verilir mükafat. Öz doğma kəndin barədə, öz kiçik dünyan barədə ən uğurlu hekayəyə görə.

 

- Bəli, qayə budur ki, dünyanı xilas edə bilməsən də, - bu mümkün deyil, bilirsiniz - öz kiçik dünyanı, qəlbini, yaxın ətrafını qoruya, xilas edə bilərsən.

 

- Miloşun ölümündən sonra mükafat verilirmi?

 

- Yox, təəssüf ki, verilmir. Mükafatı o özü verirdi. Amma indi jüri toplamaq, komissiya yaratmaq lazımdır. Üstəgəl, indi verilərsə bu onun adına mükafat olacaq, onun mükafatı deyil.

 

- Polyak poeziyasının sonrakı, yəni özündən sonrakı generasiyasından daha çox kimi yüksək qiymətləndirirdi pan Miloş? Adlar maraqlıdır...

 

- Bu çətin sualdır. Miloş bu suala, bu cür suallara cavab vermirdi heç vaxt.

 

- Niyə, o, Zaqayevski barədə danışırdı, məncə...

 

- Hə, elədir. Hamı bilir ki, o, Zaqayevskini dəstəkləyirdi və Zaqayevski də bir müddət sonra onu kimi yazmağa başlamışdı.

 

- O, indi də elə yazır, yox?!

 

- Hə. Biz hamımız bilirik ki, o, Miloşun karmasını özünə götürüb (gülürük).

 

- Zaqayevskini pani Şimborska da dəstəkləyir.

 

- Başqa nə edə bilər ki. Amma o, Nobel mükafatı almayacaq.

 

- Niyə belə fikirləşirsiniz?

 

- Çünki hüquqları tapdanan qaradərili qadın deyil... (gülürük)...

 

- Mən Brodskinin yaradıcılığı ilə məşğul olmuşam. Bilirəm ki, Miloş Brodskini dəstəkləyib. Onların qarşılıqlı simpatiyası olub bir-birlərinə. Brodski tərəfdən bu kiçiyin böyüyə hörməti idi bu.

 

- Amma arada məsafə də vardı.

 

- Miloş tərəfindən?..

 

- Yox, Brodski tərəfdən. Onlar fərqli adamlar idilər. İki fərqli qütb kimi, iki böyük şair kimi. Məktublarda bu daha aydın hiss olunur. Miloş ilk məktubu 1972-ci ildə yazır Brodskiyə. Bir az amiranə tərzdə. Onda Brodski İngiltərəyə, ordan da ABŞ-a yeni mühacirət etmişdi. Miloş yazırdı: "Brodski, təlaşlanma. Sənə mühacirətdə çətin olacaq. Hesab edirlər ki, doğma yerlərdən, dil mühitindən ayrılmaq poeziyaya pis təsir edir. Biz mənsub olduğumuz xalqlar şairin torpağa və xalqa bağlılığını xüsusən yüksək qiymətləndirirlər. Sən çoxlu məyusluqlar yaşayacaqsan. Bir şey öldürmürsə, deməli, adamı bərkidir. Bəlkə mənim bir neçə şeirimi tərcümə etmək istəyəcəksən, eləysə yerinə düşdü, sənə bəzi şeirlərimi göndərirəm. Bunları çevirə bilərsən...". Prinsipcə Miloş deyə biləcəyi hər şeyi deyir. Brodski məktuba o saat cavab verir, minnətdarlıq edir və axırda şeirləri məmnuniyyətlə çevirəcəyini söyləyir. Amma sonra Miloşun göndərdikləri şeirləri deyil, öz seçdiyi şeirləri çevirir.

 

- Məncə, doğrudur, o, həmişə olduğu kimi özünəməxsus hərəkət edir.

 

- Böyük şairlər həmişə özünəməxsusdurlar. Brodski kimi, Miloş kimi. Bütün zamanlarda.

 

Söhbətləşdi: Səlim BABULLAOĞLU

 

 

Ədəbiyyat qəzeti.-2020.-24 dekabr.-S.20-22.