Yaddaşın səsi və işığı

 

(Abid Tahirlinin 65 yaşına...)

 

Bu yaz görkəmli alim və publisist Abid Tahirlinin 65 yaşı tamam oldu.

 

Pandemiya elə psixoloji durum yaratdıb ki, sevdiyin, hörmət bəslədiyin insanların obrazını yazmağa köklənə bilmirsən və bunu qətiyyən özümə bəraət qazandırmaq üçün demirəm.

 

Mətbuat tarixi həm də ədəbiyyat və bədii üslubiyyat tariximizin ayrılmaz hissəsidir.  Mühacirətşünaslıq müasir filoloji fikrimizin aktual istiqamətlərindən biridir. Mətbuat tariximizin bilicisi olan prof. Abid Tahirli ilə razılaşıram: "Ədəbi-mədəni dəyərlərimizin daim basqı altında saxlanıldığı, totalitar rejim tərəfindən fasiləsiz təziyqə məruz qaldığı sahələrdən biri, bəlkə də birincisi mühacirət irsi olmuşdur".

 

Azərbaycan humanitar elmlərinin ədəbiyyatşünaslıq mühacirətşünaslıq məhz Abid Tahirli kimi alimlərin araşdırmaları hesabına xüsusən tarix və aktual bir istiqamətinə çevrilməsidir. Burada böyük səbr, tarixi həssaslıq, fədakarlıq, yüksək filoloji mədəniyyət və ən ümdəsi bu millətin şərəfli keçmişinə sevgi vacibdir. Bütün bu cəhətlər dostum Abid Tahirlidə üzvi surətdə birləşibdir. Mənim tanıdığım Abid Tahirli bu sevgini heç vaxt pafosa və spekulyasiyaya çevirmədi. Başını aşağı salıb sanballı və gərəkli araşdırmalarını yazdı. Tam əminliklə bildirirəm ki, XX əsr Azərbaycan mədəniyyət (ədəbiyyat, mətbuat) tarixini Abid Tahirlinin araşdırmalarına istinad etmədən yazmaq olmaz.

 

Alman filosofu Osvald Şpenqlerin bir sözü var: Tarixdə şəxsiyyətlər dövrü və anonim dövr olur. Sovet totalitar - anonim dövrünün anonimləşdirdiyi adları Abid Tahirli kimi alimlər bərpa etməklə tariximizin şəxsiyyət dövrünü bərpa edirlər. Abid Tahirli  XX əsr milli məfkurəmizin arxeoloqlarından biri kimi arxiv materialları, ailə sənədləri, tarixi faktlar, məktublar əsasında böyük şəxsiyyətlərimizin tale və düşüncə obrazını bərpa edir. Yeri gəlmişkən, yazılarının birində epistolyar irsin metodoloji - nəzəri əhəmiyyətini vurğulayır. Çünki məktubların funksional - üslubi palitrası dövrün sosial-tarixi və sosial-mədəni amilləri ilə sıx bağlı olur. Özünün də qeyd etdiyi kimi, "mühacirətşünaslığın həmin dövrlə əlaqədar səhifələrinin daha səhih işləməsi", həm də "tarixi şəxsiyyətin həyatının tədqiqat baxımından mühüm əhəmiyyət kəsb edir".

 

Əlibəy Hüseynzadənin Əhməd bəy Ağaoğluna sevgi, səmimiyyət və sirlərlə dolu bir məktubunu"nu, yaxud Yusif Vəzirin Əhməd bəy Ağaoğluna məktubunu və s. götürək. Abid Tahirli məktublar vasitəsi ilə böyük şəxsiyyətlərin tale dramını açıb göstərə bilir. Bu məktublara müraciət etmədən Azərbaycan ədəbi dilinin tarixini, Ə.Ağaoğlu, C.Hacıbəyli, Ə.Hüseynzadə və b. mütəfəkkirlərin dil və üslubunu öyrənmək və anlamaq mümkün deyil.

 

A.Tahirlinin yazı və düşüncə optikası qəhrəmanlarının obrazını elə böyüdür ki, sanki real həyatda yaxından tanıdığı şəxs haqqında söhbət açır. Bu onun ümumiləşdirilmələrinin səmimiyyətində aydın hiss olunur.

 

O, Ceyhun Hacıbəylini dahi qardaşının kölgəsində saxlamayıb, sənədlər və mətnlər üzərindən onun böyük və şərəfli ömrünün miqyasını müəyyənləşdirir.

 

Ceyhun Hacıbəylinin "Bir il xəyallarda... bütöv bir ömür" əsərini belə səciyyələndirir: Bu əsər "bir istiqlal aşiqinin gündəliyidir, həyat dastanıdır... Bu çoxşaxəli çoxplanlı, ilk baxışda yüzlərlə temanın parakəndə toplusu, lakin dərindən nüfuz etdikcə vahid süjeti, ideya istiqaməti, məqamı olan möhtəşəm əsərdir. Memuarı oxuduqca sanki qəmə, qüssəyə bürünmüş sətirləri arxasından istedadlı və müdrik, zəngin həyat və qələm təcrübəsinə malik, fəqət dalğın və kədərli Ceyhun Hacıbəyli boylanır".

 

Etiraf edirəm ki, Abid Tahirlinin elmi-xronikal araşdırmasını oxuyanda mən də Ceyhun bəyin kədərli baxışlarını gördüm.

 

Qürbətdə mühacirətdə yaşamış insanların həyat-tale dastanını yazan müəlliflərin həmişə fərqli ovqat dalğasında köklənməsini tələb edir. Onu da qeyd edim ki, Abid Tahirlinin bir çox yazılarında gələcək tədqiqatçılar üçün xatırlamalar, ideyalarını, tezislərini paylaşır. Məhz Abid müəllimin qısa, yığcam təqdimatından və Həsən bəy Vəzirovun  ölümü ilə bağlı Ceyhun bəy Hacıbəylinin nekroloqundan sonra mənim bu görkəmli şəxsiyyətimizə marağım bir az da artdı, onun haqqında daha geniş məlumat almaq istəyim gücləndi.

 

Abidin yazılarında etibarlı, cəlbedici sakit bir intonasiya var. Hətta deyərdim ki, intonasiya mədəniyyəti var. Axı, araşdırdığı, şərh etdiyi mövzular, hadisələr və şəxsiyyətlər istər-istəməz mentalitetdən gələn bir patetikanı tələb edir.

 

Lal sənədlərin səsini eşitmək üçün fövqəl eşitmə həssaslığına malik olmalısan. Y.Tinyanovun təbiri ilə desək, yazıçı sənədlərin bitdiyi yerdən başlamalıdır. Məndən ötrü sənədlərdən sonra və əvvəl Abid Tahirlinin düşüncə və yaşantı obrazı maraqlı olub. Təsəvvürümdə hələ də onun bu obrazı Ceyhun Hacıbəyli ilə, Əhməd bəy Ağaoğlu ilə, İsmayıl bəy Qaspıralı ilə... xəyalında dialoqa girən, onların ömrünü yaddaşına hopduran bir yazarın - vətəndaşın obrazını canlandırıram.

 

Abid Tahirlinin özünəməxsus xatirə üslubu var. Bir-iki detalla portreti canlandıra bilir. Onun Fikrət Mursaqulov haqqında xatirələrini nəsr parçası kimi oxudum.  Yazılarında belə təsniləndirmələr və ümumiləşdirmələr edərək, qəhrəmanının (V.Quliyev,  H.Həsənli, M.Qasımlı...) yaradıcılıq dünyasını da səciyyələndirir. Bir sözlə, xatirə ovqatı ilə yığcam elmi təhlil birləşir

 

"İlyas Əfəndiyevin publisistikası" adlı araşdırmasında İlyas Əfəndiyev kimi böyük sənətkarın təkrarsız lirik dilinin və poetik uslubunun publisistikasına necə yansımasını müəyyənləşdirmək, doğrudan da, tədqiqatçıdan adekvat həssaslıq tələb edir...

 

Abid Tahirlinin ömründən və yaradıcılığından xalq yazıçısı Elçinin obrazı da keçir. Elçin müəllimi həm yaxından tanıyan, onu müşahidə etməyə imkanı olan bir şəxs kimi onun yaradıcılığına dönə-dönə müraciət edir. Bir oxucu kimi Abidin yazı təcrübəsinə etibar edirsən, çünki mətnin arxasındakı yazıçı məkanını sənə hiss etdirir...

 

Abidin elmi-publisistik üslubunda diqqətimi çəkən bir cəhət də qəhrəmanlarının tərcümeyi-halında dərin iz buraxmış hadisələri zövqlə seçməsi və yazısının (məsələn, "Molla Nəsrəddin mühacirətdə" məqaləsində)süjetinə daxil etməsidir.

 

Tale elə gətirib ki, onun qəhrəmanları (Ceyhun Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Həsənbəy Zərdabi, İlyas Əfəndiyev, Elçin) əslən Qarabağdandır.  Beləcə Abid Tahirlinin öz "Qarabağnamə"si yaranıb. Burada bəlkə mistik bir qanunauyğunluq var?

 

Qardaşım Abidin 65 yaşının ayağı düşərli oldu: bu il Şuşamız düşmənlərdən azad oldu. Tezliklə Şuşa bərpa olunacaq, orda mütləq Ceyhun bəy Hacıbəyli küçəsi olacaq. Bu küçə Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli küçələri ilə kəsişəcək. Və bu münasibətlə prof. Abid Tahirli gözəl yazılarından birini yazacaq.

 

Buna onun tam haqqı çatır...

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.-2020.-24 dekabr.-S.27.