Yazıçı Sadıq
Elcanlının "Möhlət" kinonovellasıyla
bağlı gəzişmələr
Sadıq
Elcanlı. "Möhlət". "Ədəbiyyat qəzeti",
20 noyabr 2020
Nə
yaxşı Ulu Tanrı bu möhləti bizə verdi. Ölmədik,
qara bağrımız çatlamadı, qara torpaq udmadı
qara-qara başımızı. Yenilməz ordumuzun qüdrəti,
məğrur Ali Baş Komandanımızın cəsarətiylə
qədim-qayım yurdlarımıza qayıda bildik. Doğma
Qarabağımıza qovuşduq. Əli uzalı, nisgilli getmədik
son pənahımız olan müqəddəs torpağa!
Şax yeridik qəza-qədərin üstünə -
qırıldıq, neçəmiz düşmən əsirliyində
canımızı tapşırdıq, neçəmiz də
üz-üzə döyüşdə xəyanət gülləsinin
qurbanı olduq.
Lakin biz tamam
qırılıb tükənmədik, daş olub yerə girmədik,
ruh olub göyə çəkilmədik. Üzümüzə
üz bağlayıb, belimizə təpər qursayıb gəlmişik
ziyarətinə, ulu yurd. Yarımız olduğumuz görkəmdə,
o biri yarımız ruhumuza bükülüb gəlmişik -
"Möhlət" kinonovellasının qəhrəmanı
kimi.
Əslində,
müəllifin kinonovella adlandırdığı əsərin
ana xətti qaranlıqla işığın üz-üzə,
göz-gözə çarpışması üzərində
qurulub. Bir tərəfdə torpaği işğal olunan, dədə-baba
yurdlarından didərgin salınıb "göz yaşı
dəryalarında" batan ümid gəmilərinin dor
ağaclarında çarmıxa çəkilə-çəkilə
çırpınan, çapalayan, çıxış yolu
axtaran məzlum haqlılar... yurd sakinləri... Qarşı tərəfdə
isə beşüzlü dünyanın güc sahiblərinin əlində-ətəyində
bəslədiyi qalib, üfürülmüş şar kimi
qabığına sığmayan şərin - erməni vəhşiliyinin
at oynatdığı, meydan suladığı qanlı cəbhə...
O tərəfdə hər bir olacaq şərin, haqsız
gücün "kobud" əlləriylə icra olunur. O,
şişman gözətçilərin təpkisi altında
"qanı qovrulan qocalar, qəm qalası qarılar, sinəsi
sökülən, səsi sınan igidlər, gözlərinin
dərd dənizində boğulub ayaq üstdə ölən
qız-gəlinlər, böyüklərin xarabaya dönən
ürək sınıqlarında kor kədərlə gizlənpaç
oynayan körpələr" cəllad sallaqxanasında küt
alətlərlə öldürülür, elektrik cərəyanı
buraxılan məftillərdə girovların meyiti parça
kimi deşik-deşik olub qaralır. Gör cinayət
faktının reallığı hansı vəziyyətdədir
ki, vicdanlı Azərbaycan yazıçısı göynəyə-göynəyə
obrazın dilindən deyir ki, - "Məni acizlikdə
qınamayın, namussuzluq ləkəsinə dözə bilmirəm,
bətnimdə çırpınan erməni
küçüyünün zingiltisinə tab gətirə
bilmirəm..." - Belə deyib özünü tikanlı məftillərə
toxudu" azərbaycanlı gəlin obrazı. Nə
yazıqlar ki, həyatda olduğu kimi, kinonovellada da şər
həmişə ayaq üstdə - əli silahlı dayanıb
cənab haqqın yeriyə bilmədiyi, addım ata bilmədiyi
çolaq ayağının üstündə...
Buna sivil
dünya dözürsə, ona lənət! Qoynunda şəri,
haqsızlığı bəsləyirsə, bəşərin
bu ədalətsizliyi gec-tez öz başında çatlayacaq!
Rəhmətlik Hüseyn Cavid demiş, "Elmi təlim eləyir
alçaqlar... rəqsi təlim eləyir axsaqlar. Gorun
catlasın ustad, elə bil dünya düzəninə ən
düzgün ekspert gözüylə nəzər salmısan!
Dünya arxalı "əli kalaşnikovlu şişman gədələrə
qalıb. "Öndə gələn şişman,
saqqallı erməni girovların
pıçıltı-uğultusuna nifrətlə
tüpürüb, Kalaşnikov silahını oynadaraq
qışqırdı:
- Sakit! İt
uşağı, hamınızı qarışqa kimi
qıraram... Bu gecə dostlarım gələcək,
üç qız hazırlayın... İyrənc şəkildə
hırıldadı... Özüm gəlib seçəcəyəm,
- bir qədər susub əcnəbiləri göstərərək
əlavə etdi, - bu cənablar isə xaricdən gəlib, bir
cavan oğlanı azad etmək istəyirlər...".
Lakin indiyə qədər
yüzdən artıq say-seçmə gənc oğlanı,
qızı azad etmək adıyla aparıb, onların daxili
orqanlarını - ürəklərini, böyrəklərini,
başqa bədən üzvlərini xaricə yüksək
qiymətə satıblar.
Bədii-publisistik
ruhla yazılan kinonovella özünün sərt həqiqətiylə
oxucunu inandırır. Təkcə inandırmır, eyni zamanda
dərindən düşündürür. Bütün həqiqət
və gedişləriylə insana, insanlığa üz
qarası gətirən bu topluma oxucu qəlbində qəzəb
oyadır.
...İnsan
yaradılanın alisidir. Onda şüur var, düşüncə
sahibidir. Və əksər canlılardan fərqlənən
ünsiyyət vasitəsinə malikdir. Lakin bu ali varlıq ona
nəzarətçi olan vicdan, ədalət hissini itirəndə
vəhşi heyvandan daha yırtıcı olur. Heç bir
müqəddəs hiss onu mübtəla olduğu
insanlığa nifrət duyğusundan döndərə bilmir.
Başlayır yeri-göyü dalamağa. Heç bir Tanrı
övladını Ulu Yaradan bu mərəzə tuş gətirməsin.
Yoxsa, mərdanəliyin, insansevərliyin bütün damarı
quruyar, ulu bəşər övladı asılı qalar əjdahanın,
əcinnənin əyri dişinin, yırtıcı nəfsinin
əlində.
- "Qoca
türk köpəyi, çox danışdın, üç
saat sonra o söz...
Kim etiraz edir,
artıq söz danışırdısa, üç saatdan
sonra aparıb ölülər yandırılan, gecə-gündüz
külü sovrulan xəndəkdə güllələyirdilər.
Bu hesabla yüz yeddi girov güllələnmişdi...
Qoca
şişman erməniyə - zəhər tuluğuna baxa-baxa
meyitləri yandırılan, külü göyə sovrulan xəndəkdə
ölümünü gördü, ucalığından bircə
söz də enmədən aramla dilləndi:
- Bədbəxt,
mən ölümdən qorxmuram. Ölümümlə ruhum
azad olacaq; səni ruhumun əlləriylə
boğacağam".
Günahkar əlində
Kalaşnikov tutan nəzarətçi şişman erməni
deyil, şərin, qəddarlığın,
haqsızlığın arxasında dayanan ikili standartlı
dünyadı, onun ölçüyə, ülgüyə gəlməyən
işləkləridir. İnsanı, insanlığı dinlərə,
təriqətlərə, inanclara bölən kəmfürsət
idarəçilərin, ədalətsiz güc sahiblərinin
günahı ucbatından minlərlə, milyonlarla insanlar
öz yurd-yuvasından didərgin düşür,
döyüş səngərlərində cəsədləri
qurda-quşa yem olur.
Tarixdə
xaç müharibələri adıyla tanınan səlib
yürüşləri elə də uzaq əyyamda baş verməyib.
Onun acı nəticələri bəlkə də tarixin
düzgün axarını tərsinə cevirib. Bu bir canlı
həqiqətdir ki, xristianların vurub sıradan
çıxardığı, yaxud vuruşdurub gücdən
saldığı türk, müsəlman dövlətlərinin
hegemonluğu davam eləsəydi, dünya bu cür rəzillik
girdabında bulunmazdı.
Zəiflər
alçaldılıb, güclü dövlətlərin maraq
qılıncında ölüm-dirim duelində
çırpınmazdı. Dünya daha təbii dayaqlara
söykənərdi... Hərə öz yerində olardı;
ruhu böyüklər uca məqamında, xırda xislətlilər
küncdə-bucaqda oturardı. Şər güc hegemon olmaz, xeyirxahlığın,
işığın yolunu kəsməzdi. Dünya
türkün düzəninə, sahmanına indi də
möhtacdı. Attilanın ədalət işığı
saçan qılıncı nə qədər ki, dünya
üfüqündə parıldamayıb, yesir-bəşər
aşağılarda sürünəcək. Ermənilik -
haqsız imperiya qovğaları daim ədalətin başı
üstündə Damokl qılıncı kimi dayanacaq.
Haqsızı başa çıxardacaq, layiqlini ona layiq olmayan
alçaqlıqlarda sürüyəcək. Dünyanın əxlaqı
çatmadı ki, bəşərə hökmranlıq eləyə
biləcək bir qövmün - Türkün hegemonluğunu
başı üstdə saxlaya, qiymətləndirə bilə.
Bacarmadı onu uca mərtəbəsində tuta. Çünki
özünün hiyləsinin, marağının dalınca
axdı. Dünyanın başına çirkab torunu toxumaq
yolunu tutdu. Belə olmasaydı nə var idi ki, dünya
genişliyində qurd quzuyla otlayardı. Elə olsaydı Azərbaycan
niyə parçalanırdı ki! Bir ovuc erməni
yırtıcıları kim idi ki, türkün üstünə
ayaq açaydı... Onu girov götürə, şəhərlərini,
kəndlərini dağıda. Qız-gəlinlərini əsir
götürə. Gənc oğlan və qızların
orqanlarını, əzalarını götürüb xarici vətəndaşlara
baha qiymətə sata. Bütün bu və bu cür başqa
ağrıların, haqsızlıqların bədii ifadəsini
özündə əks etdirir "Möhlət"
kinonovellası. Aləmə car çəkir ki, yatmış
vicdanlar oyansın, kar qulaqlar eşitsin, lal dillər
danışsın. Əsərdən bir parçaya fikir verək:
"Yarım saatlıq axtarışdan sonra on səkkiz
yaşlı qarabağlı oğlanın qarşısında
dayandılar. Ayların aclığına, girovluğun işgəncələrinə,
zülm və təhqirlərə baxmayaraq, Şuşa tərəfdən
olan bu gənc əyilməzliyi, məğrurluğu, sağlam
boy-buxunu ilə diqqəti cəlb edirdi.
Xəstəhal əcnəbinin
gözləri güldü, yanındakı eynəkli
soydaşına dedi:
- Bunu yoxla, deyəsən,
axtardığımızı tapmışıq - öz dilində
danışdığından heç kim nə dediyini
başa düşmədi. Eynəkli, yarıyaş əcnəbi
həkim idi. Cəld irəli yeriyib gəncin nəbzini, ürəyinin
döyüntüsünü, gözlərini yoxladı.
Başını tərpədərək
razılığını bildirdi:
-
Yaxşıdır, - dedi, - lakin kompleks tibbi müayinədən
keçməlidir".
Ova
çıxıb Qərb sivilizasiyası. "Sivilizasiya
daşıyıcıları sağlam orqan gəzirlər
özlərini cavanlaşdırmağa. Sağlam, türk
ürəyi, böyrəyi axtarırlar ki, qəlbləri
dünyanın ahəngiylə döyünsün, böyrəkləri
türk genini daşısın. Bununçün "nəhəng
şəhərin kənarında, hər cür
rahatlığı olan dəbdəbəli bağ evində"
cavan oğlanı bəsləyib, aldadaraq onun orqanlarını
götürüb, özünə köçürdür.
Çox və sağlam yaşamaq üçün. Budur xristian
birliyinin dünyanın əşrəfi olan insana gətirdiyi
canlı fəlakət! Yazıçı etirazı
bunadır. Qərbin, imperiya maraqlarının "ilanı
Seyid Əhməd əliylə tutmasına" üsyan eləyir
müəllif. Çox yaxşı bilir və ifadə eləyir
ki, kütlənin artıq millətə çevrilməsi vaxtıdır.
Yoxsa, millət öz məhvərindən çıxacaq, mənasız
toplum kimi öz maraqları çərçivəsində
oynadıb kənara atacaqlar. "Qulluqçu qız bir
anlıq dayandı, arıq, eynəkli həkimə baxdı -
girov gənci gözləyən faciə haqqında dünən
gecə ona demişdi".
Bütün bu
faciələr, bu görənəklər bu günün,
dünənin işi deyil. Əsrlərdən öncə
türk qövmünə bu dağı çəkdiriblər.
Araya fitnə-fəsad salıb qardaşı qardaş
üstünə salışdırıblar. Türkün
dünyanı oynadan kişnərtisi, qılıncının
parıltısı ruh şəklində səslənir
dünyanın qulağında. O ruhun da qorxusu çox ürəkləri
titrədir. Onunçün "sivil dünya" türkü
önə buraxmır, savaşlara qatılmağına, ədalət
bayrağını qaldırmağa qısqanclıqla
baxır. İstedadlı yazıçı Sadıq
Elcanlının başqa əsərləri kimi qələmə
aldığı "Möhlət" kinonovellası bu vacib
problemi qaldırır. Özü də təhkiyə yoluyla,
dastan, epos düşüncəsiylə incələyir.
Əsərin
süjet xəttini ulu bir şamanın "su səsini
andıran diliylə" nəql eləyir. Şərq yazı
üslubuna uyğun olaraq bu təhkiyə şuşalı
cavan oğlanın ruha dönmüş xəyalıyla bitir. Gənc
girov yaxına gəldi, zərif, yüngül səslə dilləndi,
elə bil bulaq qaynayır, meh əsirdi:
- Sənə
Allahım demişdim, inanmışdım. Məni niyə
aldatdın? Məni niyə öldürdün? Məni... O idi,
həmin girov gənc idi, buna şübhələri
qalmadı; heyrət buzlağında dondular, vahimə alovunda
qovruldular".
Beləcə,
diriykən diri, öləndən sonra ruh şəklində
dünyanın üstünə gedəcəyimizə,
heç kəsin şübhəsi olmasın. Bunu mən də
deyirəm, "Möhlət" kinonovellası da, onun müəllifi
yazıçı-publisist Sadıq Elcanlı da...
Dərin
sayqılarla...
Avdı
Qoşqar
Ədəbiyyat qəzeti.-2020.-24
dekabr.-S.30.