Günəşi axtaranlar: Sevinc
Nuruqızının «Melissa» povestində kukla fenomeni
Kəmalə Umudova
Platona görə, "heyrətlənmək"
fəlsəfənin başlanğıcıdır. Yəhudi
"İncil"ində bu fikir belə ifadə olunur: "O kəs
ki heyrətlənməyə qadirdir, o, hər şeyə hakim
olacaq, o kəs ki hakim olacaq, o, hüzur tapacaq". Burda söhbət varlığın əzəli dərin
mənasını dərk etmək, ilahi hökmü anlamaq və
hikmətə çatmaqdan gedir. Heyrətlənə
bilmək həm də inanmaq və inandırmaq istəyini hədəf
alır. Hər zaman hər kəsin görə
bilmədiyi həqiqətlərin varlığına inam
qaranlıqları işıqlandıran şəfəqlər
kimidir - süzülüb gəldiyi uzaqlar gözlə
görünməz. Göylə yerin təmas
nöqtəsindən boylanan günəşdir. Nə
sirdirsə, xilas olmaq istəyənlər ona can atır. "Günəş olun və sizi hər kəs
görəcək" - Dostoyevskinin məşhur əsərində
müstəntiq cinayətkar Raskolnikova son olaraq günəş
olmağı tövsiyə edir.
Günəşi
gördükdə sevinən Melissa ilə
tanışlığımız göylərdə
başlayır. Povestdə göy-yer,
işıq-qaranlıq, sevgi-qəzəb, həqiqət və
yalan motivləri üzərində qurulan mifopoetik mənzərənin
baş qəhrəmanı bu antoqonizmlərin içindən
çıxış yolunu ifadə edən,
varlığın əzəli mənasını özü
ilə gətirən kukladır, parça kukla. Hardan gəldiyini özü də bilmir. Müəllif də folklor ənənəsində
olduğu kimi, naməlum uzaq aləmlərə işarə edərək,
xeyir və şər, o dünya və bu dünya, məkanlara
uyğun fərqli zaman anlayışını da gizli şəkildə
bədii mətnin əsasına qoyaraq, oxucunu maraqlandıran,
heyrətləndirən başlanğıca imza atmış
olur. Qəhrəmanın hardan gəldiyi əsas
deyil, gəlişinin məqsədi, yaranışının
qayəsi önəmlidir. Biz bu dünyaya
niyə gəlirik? İnsan həyatda nə
üçün yaşayır? Yerimiz nədir,
kimik? Missiyamız varmı? İnsan nəyə qadirdir? Oxucuların
uşaqlar olduğunu nəzərə alsaq, onların qəlbində
bu cür sualların oyanmasının nə qədər vacib
olduğunu vurğulamaqda fayda var.
Sonsuz səmalarda ucan təyyarə
Melissanı yerə endirəcək, başına gələcək
bütün bəlalardan bixəbər kiçik qız
mağaza vitrininə qoyulacaq - satılmaq üçün... Əsərin artıq giriş hissəsi çəhrayı
arzuların, işıqlı dünyanın, sevginin çox
köməksiz və kövrək olduğunu göstərir.
Kukla deyib yanından keçməyək
Melissanın. O, canlı və həqiqidir (qeyd edim ki,
dilimizdə "nə" sualına cavab verən
"kukla" sözü rus dilində "kim" sualına
cavab verir). O, kuklalar dünyasının içindən
çıxıb fərqli olmağı ilə seçilir.
Çoxluğun içində fərd ola
bilmək, hamıdan fərqli bir şəxsiyyət ola bilmək
imkanını göstərir. Fərqliliyi onun
dünyaya baxışındadır, dünya ilə ilk təması
da marağından doğdu, anlamaq, görmək, sevmək,
öz yerini axtarmaq, gözəlliyin davamı, parçası
olmaq istəyindən. Marağı sevgisindən
doğdu. Bəs Melissanın ürəyindəki sevgi
hardandır!? Təyyarənin ilüminatorundan
minlərlə kuklanın içindən ətrafa ilk boylanan
da odur, soyuqdan üşüyərək, günəşi
gözləyən, onu görüb, şəfəqlərinə
və hər tərəfə uzanan yaşıllığa
sevinən də odur və satılmaq üçün
aparıldığı mağaza vitrinində səssizcə
öz aqibətini gözləyən də. O,
oyuncaqdır, görəsən, bu dünyada hansı
oyunların iştirakçısı olacaq?! Susan
və sevən ürəyi, insanların çəhrayı
arzularını xatırladan çəhrayı
saçları ilə hansı ümidləri doğruldacaq?!
Bir kukla, saçları çəhrayı olsa belə,
dünyanı xilas edə biləcəkmi öz gözəlliyi
ilə, bənzərsizliyi ilə?..
Sevinc Nuruqızı öz qəhrəmanını
əşya, oyuncaq olaraq seçir. Onun reallığa naməlum məkanlardan
təşrif gətirmiş, adı - Melissa,
görünüşü - xalça saçaqlarına bənzəyən
sıx çəhrayı saçlı, davranışı -
min kuklanın içində təkcə o, öz oyuncaq taleyi
ilə barışmır, dünya ilə təmasa can
atır, bağlılıq axtarır - ilə fəqrlənən personajı elə xalq
nağıllarında olduğu kimi, xeyirlə şərin,
sevgiylə qəzəbin arasında müxtəlif həyat səhnələrində
yol axtarır, yol gözləyir, ümidini itirmir, çətinliklərlə
üzləşsə də böyük dəyanət və
dözüm nümayiş etdirir.
Oyuncaqlar geniş funksional məna
daşıyır. Sirləri sevən uşaqlar, onların
dilini, dəyərlərini, hisslərini və davranışlarını
bu və ya digər şəkildə əks etdirən və
sirr saxlamağı bacaran oyuncaqlar məsum etiraflar etmək
üçün ən yaxşı dostlardır. Onların vasitəsilə bəzən uşaq və
valideyn münasibətləri tənzimlənir, böyüklərin
və ya yaşıdlarının mənəvi keyfiyyətləri
uşağın psixikasında ciddi sınağa çəkilir,
bu və ya digər dəyər qazanır.
Atasının gülərüz davranışı,
sorğu-sualsız onun istəyini yerinə yetirməsi
kiçik Zöhrənin öz seçimində sərbəst
olmasına işarədir: "- Ata, xahiş edirəm, al da
bunu mənə... Atası gülümsəmişdi...". Kiçik qızın
sevgisini artıran, kövrək duyğularına,
zövqünə inanan atası, əslində, gözəl
bir psixoloq, tərbiyəçi olaraq nümunəvi
davranış sərgiləyir. Valideynin
uşağa qarşı münasibətini göstərən
bu kiçik detal əsərin sonunda baş verən hadisələrlə
tam uzlaşır, səbəb və nəticə əlaqələrinin
insan faktoruna söykənməsi yazıçının təməl
düşüncəsi kimi önə çıxır.
Ədəbiyyatın - mən
burda uşaq ədəbiyyatı ifadəsini xüsusi olaraq
vurğulamıram, çünki bu müstəvidə fərq
qoyulmasını doğru hesab etmirəm - əsas qayəsinin insan
olduğu önəmlidir. Onun məsuliyyət, azad seçim,
doğru addım atmaq, qərar vermək, gözəlliyi, mənəviyyatı
qorumaq kimi, başqalarını yaşatmaqla, sevməklə, əslində,
böyük bir kainatı qoruya bilmək, onun İlahi səltənət
olduğunu, gözəlliyini kəşf etmək imkanını
təməl olaraq nəzərdə tutmaq, uşaq qəlbində
bu qavrayışın təzahürünə
çalışmaq, xüsusilə, uşaq
yazıçılarının missiyasıdır.
Oyuncaq reallıq və irreallıq
arasında, insanın düşüncələri arasında
vasitə ola bilər. Uşaq
təfəkkürünün timsalında sevimli oyuncağı
hər zaman öz irreal dəyəri ilə real olaraq vardır
və bu düşüncə hər zaman uşaq
şüurunda sabitliyini qoruyub saxlayır. İllər
ötüb keçir, Zöhrə böyüyür, amma
kuklasına olan sevgisi də onunla böyüyür. Povestdə deyildiyi kimi, "Qəlbin əsas
meyarı kimi onunla yaşayır". Ən
gözəl, ən yaxşı kukla kimi, o, köhnəlmir,
nimdaşlaşmır. Onilliklər keçsə belə,
Zöhrə artıq ana olduqdan sonra öz kuklasına
qovuşduqda, əslində, ondan heç zaman, bir an belə ayrılmadığını hiss
edir. Eyni hissləri Melissa da yaşayır.
Qəlb, könül, sevgi bağları ilə dünyanı
xilas edən gözəllik mövzusudur, əslində, "Melissa"nın mövzusu. Bu
cəhət Sevinc Nuruqızınn povestini dünya uşaq ədəbiyyatının
bir sıra nümunələri ilə
yaxınlaşdırır.
Melissa dünyanın ən
gözəl kuklasıdır. Lakin Zöhrənin
xoşbəxtliyi çox uzun sürmür. Bir gün hardansa peyda olan bir zalım oğlan
Melissanın və Zöhrənin sevinc və ümid
payını əllərindən alır. Bəlkə
də bu dünyanı nağıl bilən, iki dünyanı
bir sevgidə birləşdirən bu iki qəhrəmanın
sevinci ömür boyu davam edəcəkdi, həmişə günəş
olacaqdı. Amma Lüsifer, Koşşey, Div, günəşi
udan timsah kimi, o zalım oğlan da dünyaya öz kortəbii
qısqanclığı ilə gələrək, əbədi
sevgi ilə bağlanan iki qəlbi bir-birindən ayırır.
Melissanın çəhrayı
saçlarının günəş şəfəqləri
ilə oyunu yarımçıq qalır. Zalım,
qəlbsiz oğlan onu saçlarından tutub eyvandan həyətə,
ordan da tozlu küçəyə atır. Melissanın
günəşli dünyası qaralır, çəhrayı
saçları kimi, sonra göy üzü də qara buludlarla
örtülür, sonra yağışlar yağır... Həm
Melissa, həm də Zöhrə haqsızlığın qurbanı
olurlar. Zöhrə dostunu çox axtarır, hətta qəzetlərə
müsahibə də verir: "Mənim bir kuklam vardı. Onun adı Melissa idi. Mən onu çox
sevirdim...". Bir müdrikin
insanlara əbədi görüşün səadəti və
əbədi ayrılığın nisgilini
anlatdığı kimi, o, öz nağılını daxili
sükutla, təmkinlə, aramla, dərin kədər hissi ilə
nəql edir.
Nağıllarda həyatı,
həyatda nağılları görmək istəyən qəhrəmanın
yanında bir də bütün hadisələrdən xəbərdar
müəllif var. O, Melissanın acı taleyini qələmə
almaqla kiçik dostlarının da qəlbinə kədər,
qüssə, əzab verə biləcəyinin fərqindədir. Yazıçı
nağıllarda geniş istifadə olunan didaktikanı
psixoemosional sfera ilə yaxınlaşdıraraq, həyatın
təntənə və sevincinin, əslində, nə qədər
kövrək olduğunu, hər an
mövqelərin dəyişə biləcəyini və daxili
məsuliyyət hissini unutmamağı sətiraltı mesaj
kimi oxucuya çatdırır.
"Melissa" povestində
yaşanan hadisələr təsadüfi deyil, bir təməl
xətt üzərində, aksioloji dəyərləndirmə,
simvollar (səma, günəş, çəhrayı rəng
və s.), allyuziya (haradansa xoşbəxtlik gətirən Leylək),
nağıl içində nağıl kimi çox maraqlı
kompozisiya elementləri və bədii təsvir vasitələri
üzərində qurulur. Melissanın
yaşamı yalnız fiziki zaman çərçivəsində
baş vermir.
Melissanın həyatında
baş verəcək hadisələr insanların üzləşə
biləcəyi hadisələrdir. Aclıq, susuzluq,
göz yaşları, əzablar içində keçən həyatda
Melissanı məhv olmaqdan, ölümdən qoruyan onun
yaddaşıdır - könül yaddaşı. O,
küçədə günlərlə soyuq
yağışın altında islananda, onu yaşadan
düşüncələri olur: ürəyinin
varlığı, rəngli parça və iplərlə onu
yaradan, tikən usta qadının sevgi dolu nəğməsi.
"Sözlərdən toxunan", "xoşbəxtlik
işığı saçan", "sevgi ilə dolu"
kukla obrazını yaradan Sevinc Nuruqızı oxucunun
gözü önündə bir oyuncağın deyil, əsl
insanın yaranması, mənəvi güc qazanması, sevgi
ruhunda doğulması prosesini bədii şəkildə
canlandırır. "...artıq ilk gündən, hələ
saçları, başı, bədəni, qolları və
ayaqları bir-birinə birləşməmişdən öncə
eşitdiyi söz sevgi olmuşdu...".
"Melissa"nın məna strukturunu təyin edən
maraqlı cəhətlərdən biri də povestdə
açar sözlərdən istifadə olunmasıdır.
"Günəş", "ürək", "çəhrayı
rəngli saçlar", "işıq", "sevgi"
kimi sözlər xüsusi semantik sahə yaradır və
mifoloji artefakt kimi mətnin formalaşmasını təmin
edir. Zöhrə ilə bir evdə
yaşadığı, onunla enli çarpayıda
şirin-şirin yatdığı zamanların əks-sədası
kimi Melissanın yaddaşında canlanan mənzərələr
onun şüuraltısında işıqlı qüvvələrin,
inamın yaşadığını sübut edir. Sevgi həyat mənbəyidir, o, şərtsizdir, əzəlidir.
Dünya bir evdir, bütün sakinləri qəlbləri
ilə bir-birinə bağlıdırlar. Melissanın
yaddaşında oyanan bu mənzərə, əslində, hər
zaman yaşayan bir Dünya, Ev modelidir. Lakin
dünyada cahillik və nadanlıq, nifrət də hökm
sürür və bu Evin varlığından xəbərsiz
olanlar da çoxdur.
Sevgi Melissa üçün
nədir? Hamının sevinc içində birlikdə
yaşaması. Amma qəfil gələn
şər qüvvə onu soyuğa, yağışa, kimsəsizliyə
düçar edir. Həyatın ilk çətinliyi
qarşısında aciz qalan Melissanı bu dəfə Xal
adlı dalmatin xilas edir. "Yekəqulaq
köpək" Melissanı gölməçənin içərisində
görür, onu cənginə alır və öz kiçik
sahibinin və onun rəhmsiz anasının (əsərdə
bu söz işlədilmir, hər dəfə
yazıçı onu "qadın" sözü ilə əvəz
edir) təkidlərinə baxmayaraq dişlərindən
buraxmır. İnsan və təbiət
diskursu üzərindən məsəlinin həllinə baxsaq,
ikinci tərəfin üstünlüyünü görəcəyik.
Dilsiz heyvan insan qəlbini hiss etməsi ilə, ona
yardımı ilə fərqlənir, bir valideyn isə
oğlunun "dost" adlandırdığı köpəyə
qarşı kobud və laqeyd davranır, ona yad gözü ilə
baxır. Oğlu və onun sevimli köpəyi ilə
acıqlı, sevigisiz davranan qadının dilində səslənən
nəinki "steril", "obrabotka" sözləri, həm
də "küçə iti", "küçə gəlinciyi"
sözləri zahirən anlaşılan, amma mahiyyətcə
Melissanın, xilaskar köpək Xalın qəlbini ifadə
etmir. Bu sözlər də yaddır, qəbulolunmazdır.
Xal və Melissa, heyvan və
kukla - hər ikisi uşağın mifolji dünyasının
sakinləridir.
O dünyada hər şey insanın yaşam məkanına
daxildir, heç nə və heç kim
bir-birinin yerini tutmağa cəhd etmir, biri digərini kənara
sıxışdırmır, əksinə, Zöhrə,
Melissa, köpək Xal bir həyatın o birində davamı və
bütünlüyün parçalarıdır. Bu
bütünlüyü pozanlar isə harmoniyanın
yaranmasında iştirak etməyən, bu gözəllikdən
xəbərsiz, yaranışın fitrətindən kənar,
kortəbii amansızlığı və şəri ifadə
edən obrazlardır:
"Qadın Melissanı
dartışdırırdı. Xal qəzəbləndi.
Oğlan dedi: - Ana, dartma. Verməyəcək.
Ona yavaşca söz ver ki, qəlinciyi
atmayacaqsan. Yuyub, təmizləyib ona
qaytaracaqsan".
Əsərdə nağıl
poetikasını təmsil edən işıqlı, günəşli,
isti Ev, sakinlərinin bu Evdə hüzur, sevgi içində
yaşaması (köpəyin səbətində kuklaya yer verməsi,
eyni məkanı paylaşmaqdan duyduğu sevinc, sevgi ilə
keçən zamanın fiziki məna daşımaması,
sevgitək bir həyat seçimi kimi və s.) və eyni
zamanda bu işığı, günəşi boğan
qaranlıq, bu sevgi bağlarını qırmağa yönələn
şər qüvvələrin eyni müstəvidə
toqquşması təsvir olunur.
Melissanı sevənlərindən
ayırıb zibil qutusuna atan köpək təlimçisinin
kin və nifrəti nə qədər böyük olsa da,
Melissanın qəlbində yaşayan ümidin miqyasından
böyük deyil. Zibil qutuları üzərindən
uçarkən o, xəyallarında keçmişə, onu
yaradan kuklasının isti əllərinə, isti
otağına dönür, lakin reallıq başqadır və
Melissa yerə düşmək üçün
atılmışdı. Sevgidən
yaranmış, sevgi üçün yaranmış Melissa
sevginin özüdür. Mənəvi dəyərlər
sevgidən yaranır və sevgi ilə izah olunur. Onu
anlamayan, onu yaşamayan, hiss etməyən, dəyər verməyən
insanlar isə merkantil, praqmatık, cılız, məhdud
varlıqlardır. Onlar başqa dildə
düşünür və başqa dildə
danışırlar. Povestdə hadisələr
bütövlükdə vertep teatrında olduğu kimi iki fərqli
məkanda cərəyan edir. Yuxarıda,
ikinci qatda və aşağıda, birinci qatda. Bu
dünyanı ağ və qara, xeyir və şər,
zülmkarlıq və xeyirxahlıq, təsdiq və inkar, mən
və biz diskursları üzərindən simvolik məkana
bölsək, Melissa onu sevənləri ilə, ona qohum qəlblər
olan Zöhrə, Xal, Mika və b. qəhrəmanlar ilə
yuxarı hissədə yer alır. Onların mənəvi
dünyasına zidd olan şəfqətsiz və cahil insanlar
isə vertepin "yer" adlanan aşağı qatında
mövcuddurlar.
Melissa və sevənləri
başqa dünyanın sakinləridir. Adsız zalım oğlan, kinoloq,
Xalın sahibəsi, Qaraçı, Totu kimi xarakterlər yalan,
hiylə, tamahkarlıq, riyakarlıq, mərhəmətsizlik və
s. mənfi dəyərləri ehtiva edirlər. Bu
sinxronik təsvir yaşından asılı olmayaraq hər kəsdə
mental qavrayış mənzərəsi yaradır. Əsər uşaqlar üçün yazılsa da,
biz onu fərqli nəsillərin sosioloji və mədəni
düşüncələrinə uyğunluğunu
görürük (milyonçu olmaq istəyən Totunun həyat
mövqeyi Dostoyevskinin "rotşild" ideyası ilə
yaşayan gənc qəhrəmanlarından mahiyyət etibarilə
fərqlənmir).
"Melissa" povestində
bədii zaman sonlu və əbədinin dialektik vəhdəti
kimi çıxış edir. Hadisələr və
ya onların bir-birilə zəncirvari əlaqəsi əvvəli
və axırı olan sonsuz zamanın içində
sıralanır. Əsərin finalı
hadisələrin müəyyən bir zaman kəsiyində
bitdiyinə işarə etsə də, zaman bitmir, hadisələrin
çərçivəsindən kənarda davam edir.
Sevgi anlayışı başqa aləmlərin, onun sakinlərinin,
bütövlükdə varlığın yaratmaq,
çoxaltmaq, sevgi fitrətinin əbədi səciyyə
daşıdığını və bu ümidlə
dünyanın var ola biləcəyini, nəsillərdən
nəsillərə, qərinələrdən qərinələrə
ötürülə biləcəyini ifadə edən əbədi
zaman estetikasını təyin edir, onun ölçü
vahidinə çevrilir. Yuxarıda qeyd
olunmuş parçada Sevinz Nuruqızı oxucunun fikrinin
önünə keçərək, həm sonda baş verəcək
hadisələri, həm də öz müəllif mövqeyini
aşkar edir. Lakin onun müəllif kimi təməl
mövqeyini əks etdirən bu parçanı əsərdən
çıxarmış olsaq belə, bizim zaman
qavrayışımızda və hadisələrə
münasibətimizdə heç nə dəyişməyəcək.
Qarşımızda bədii
mətn var və biz o mətndə süjetin horizontal hərəkətini
vertikal zaman dəyərləndirməsində
görürük. Bu mənada, zaman xronotopunun dəyərləndirilməsində
maraqlı cəhətlərdən biri kimi əsərdə əsas
hadisənin qısa zaman çərçivəsində təsvir
olunmasını qeyd edə bilərik. Zöhrə
və Melissanın könül
bağlılığını ifadə edən epizodlar
geniş təsvir olunmur, zaman içində bu münasibətlərin
necə inkişaf etdiyini görmürük. Simvolik olaraq "Zöhrə və Melissa sevgisi"
adlandıra biləcəyimiz hadisə, daha doğrusu, fakt,
çox qısa zamana uyğun gəlir. Zöhrədən
ayrı düşdükdən sonra Melissanın başına
gələn hadisələr isə günlərlə, aylarla və
illərlə ölçülür, əsərdə onun
saatlarla çəkən hiss və düşüncələrindən
söhbət açılır.
Kuklaçının emalatxanasında olduğunu düşünərkən sevinci bir an çəkən Melissa, çəkməçinin onu divara vurmaq üçün alnına endirdiyi çəkic zərbəsindən "bir neçə saat sonra" özünə gəlir, ona çəkməçi budkasının pəncərəsindən "baxan gözlər saatlarla donub qalır", qorxulu qadın səsi və onu eşidən kimi pəncərədən top kimi kənara atılan və yox olan pırpızbaş oğlan Melissanı "günlərlə" düşündürür. Xal adlı itin sahibinin evində, çəkməçinin budkasında, soyuq bir axşam gətirildiyi "qaranlıq və rütubət qoxuyan" zirzəmidə, qozbel ifritə Qaraçının daxmasında, "heç vaxt sevilməyəcək biri olan" Totunun cibində, şlyapalı fotoqrafın kamerasının yaddaşına düşdükdən sonra tək qaldığı skamyada gecənin səhərlə əvəz olunduğu vaxtda yaşadığı hisslər, çəkdiyi əzablar, ürəyindən keçənlər, kuklanın "insan olmadığı üçün sevindiyi" aylar, Səmən nənənin zivəsində qurumaq üçün asıldıqda, nəvələrlə dolu evində şam süfrəsi ətrafında Melissanın özünə verdiyi suallar qarşısında saatlarla düşünməsi, bu evdə nağıllı uzun gecələr, nağılların sayı artıqca sürətlə ötüb keçən günlər, Leylək yuvasında keçirdiyi həyat və nəhayət, Leyləyin dimdiyində Zöhrənin həyətinə və həyatına yenidən gəlişinə qədər baş vermiş bütün hadisələr povestin dinamik süjet xəttini təşkil edir.
Real zaman geniş bədii təsvirlərə, bir-birini əvəzləyən canlı səhnələrə sığsa da, irreal, əbədi zaman sabit olaraq qalır. Sevgi mənəvi substant, təbiətin ruhundan gələn nəsnə kimi əsərin təməl motivini təşkil edir. Bir xətt üzrə inkişaf edən zaman kəsiyində Melissa bir neçə dəfə xatirələrinə dönür, onun zaman ilə əlaqəsi yalnız keçmişdə yaşadığı xoşbəxtlik duyğuları ilə, günəşin doğacağına inamla bağlıdır. Gördüyümüz kimi, dəqiq zaman ölçüləri real hadisələr üzərində mövcud olsa da (aylarla susan qadın dil açıb danışdı, Mika üçüncü gecə idi ki, zirzəmiyə gəlmirdi və s.), povestin daxili sütun, sabit ana xətti üst zaman, əbədi zaman müstəvisindən - varlığın sevgidən yaranması hadisəsi üzərindən təqdim olunur.
"Melissa" povestinin bədii xüsusiyyətləri, poetikası ciddi araşdırma mövzusu kimi ədəbiyyatşünaslığa geniş imkanlar verir. Əsərdə sevənləri tərəfindən Çiçək, Aida, Cuppulu kimi adlar qazanan kukla Melissa daha canlıdır, yoxsa canlı hesab etdiyimiz insanlar cansız kuklalardır... Bu məsələ üzərində düşünmək maraqlıdır.
Kəmalə Umudova
Ədəbiyyat
qəzeti 2020.- 30 dekabr.- S.22;23.