Dance of fire... Piano üzərində
"Atəş rəqsi"
“Azərbaycan
qadını” silsiləsindən
Günel EYVAZLI
O,
Şərq qadınıdır… Uzun, siyah saçlı… Qonur,
dərin gözləri var…
Atasının
ölümündən sonra ən çox
sarıldığı və dərdini dilləndirdiyi
ağ-qara dilli pianosu idi. Deyilənə görə, atasının
yoxluğu ilə barışa bilməyən on yaşlı
Əzizə əsəb gərginliyi keçirmiş, bir
müddət sonra özünə gələrək, saatlarla
piano qarşısında əyləşib onu ifa etməklə
özünü ovudarmış. Balaca
Əzizəyə elə gələrdi ki, pianoda çalmaqla
atasının ömrünü uzada, onu yenidən dünyaya
qaytara bilər. Sehrli arzu idi…
Əzizə Mustafazadənin
musiqilərini, bəstələrini dinləyərkən onu dərvişə
bənzədirəm, nədənsə. Zatən
bütün müsahibələrində günəşin
işığından, rahat həyatdan, dinclikdən,
dünyaya, bəşəriyyətə, insana sevgidən
doya-doya danışan pianoçu xanım, elə həyatsevərliyi
ilə yer adamına bənzəməyən bir ab-hava
yaradır düşüncələrimdə. Üzünü tərk etməyən təbəssümü,
bəm səsi, sevinc dolu gözləri içinin təmizliyindən,
ruhunun azad və dincliyindən xəbər verir, əslində.
“Atamın ölümündən sonra kədərdən
başqa heç nə görməmişəm. Bəzən atama bənzəməyə
çalışıram, amma bu məndə hər dəfə
alınmır. Bu gün həyatda qazandıqlarıma görə
atama borcluyam. Onun ölümündən illər keçməsinə baxmayaraq,
həmişə elə bilirəm ki, onun ruhu mənim
yanımdadır. Digər tərəfdən,
onun fiziki yoxluğunu heç cür ağlıma
sığışdıra bilmirəm. Mənə
elə gəlir ki, atam mənə göylərdən kömək
edir.
Onun adına layiq
olmaq üçün gecə-gündüz
çalışıram. Hərdən qüvvəm
tükənir, işləyə bilmirəm. Belə
anlarda atamın anama söylədiyi sözlər yadıma
düşür: "Elza, mən tezliklə bu dünyadan
köçəcəyəm. Çox az
vaxtım qalıb. Ancaq bizim Əzizəmiz var,
bacarmadıqlarımı o həyata keçirəcək”…
“Dünyanı musiqi xilas edəcək”
fikrini dilə gətirən bəstəkar, pianoçu,
caz-muğam üslubunun banisi dahi Vaqif Mustafazadənin ikinci
izdivacından dünyaya gələn Əzizə Mustafazadə
hal-hazırda bütün dünyada “Cazın şahzadəsi”
olaraq tanınır. Bu adı ona 1997-ci ildə
İngiltərə Kraliçası II Elizabet vermişdi.
İndi “Cazın şahzadəsi” - Əzizə
bütün dünyanı bu adla dolaşır. İfa etdiyi əsərlər isə öz möhtəşəmliyi,
Şərq cazibəsiylə Qərb estetik
dünyagörüşünü özünə cəlb
edir. Pianoda klassik əsərlərin, caz improvizələrin
ifasına öyrənən Avropa auditoriyası Əzizənin
Almaniyada zühuru ilə yeni, ecazkar sintezlə tanış
olur. Əslində, bu sintez, bu kəşf Vaqif
Mustafazadənin kəşfi idi. Pianoçunun
yarımçıq bitən ömür davamı,
yaradıcılıq davamı isə qızlarının
barmaqlarının sədası ilə dünyaya səs
salır. İlk izdivacının bəhrəsi
olan Lalə Mustafazadə hələ azyaşlı olarkən
fransız sənət adamlarının diqqətini necə
çəkirdisə, elə ögey bacısı Əzizə
Mustafazadə də eyni uğurlar ilə davam edirdi. Sadəcə, onların bir-birindən yeganə bir fərqi
var idi. Lalə gənc ikən tərk
etdiyi Azərbaycanına bir daha dönməmiş, atasından
ona genetik cəhətdən ötürülmüş
pianoçuluq istedadını mükəmməlcəsinə
Avropa klassik musiqisini ifa etməklə auditoriya
qazanmışdır. Əzizə Mustafazadə isə
atasının adını yaşatmaqla, Qərb
dünyasını Azərbaycan musiqisi ilə tanış
etmişdi.
Bu yazını hazırlayarkən
Vaqif Mustafazadənin ev-muzeyinin rəhbəri Afaq xanım
Əliyevanın bir müsahibəsi diqqətimi çəkdi. Afaq xanım
müsahibəsində Əzizənin anasının diktəsiylə
Azərbaycandan çox, anasının yurdu Gürcüstana
getməsindən söz açılırdı. Guya onun
anası Elza bir dəfə müsahibəsində, hətta
Vaqif Mustafazadənin gürcü olduğunu da dilə gətirmiş,
üstəgəl, qızı Əzizəyə Azərbaycandan
çağırış olarsa, böyük məbləğdə
qonorar istəməsini təlqin etmişdi. Müsahibə
boyunca ailəyə məxsus sakral olaylar da dilə gətirilir.
Gəlin-qayınana münasibəti, Afaq xanımın etdiyi
bütün yaxşılıqlara rəğmən ən adi
“çox sağ ol”un da ona deyilməməsi
incikliyi və s. sadalanır. Mən isə
düşünürəm ki, hər dəfə ailə
konularında Əzizəyə verilən bütün
sualların sükutla cavabı və bu məsələlərə
toxunmamağı xahiş etməsi kimi, biz də bu istəyə
hörmətlə yanaşmalıyıq və nəslin
nümayəndələri hər şeyi açıb söyləməməlidir.
Çünki dahilərin, böyük sənət
adamlarının məişət məsələlərinin,
ailə konularının gündəmə gəlməsi
onları adiləşdirə bilir. Əslində,
bizə maraqlı olan tərəf Vaqif Mustafazadənin sənət
böyüklüyü olmalıdır. Şəxsi
həyat isə tale məsələsidir. O, kimdəsə
alına bilər, kimdə isə yox. Heç
bir şəxsi məsələ böyüklük üzərinə
qətiyyən kölgə salmaq qabiliyyətində deyil.
Əlbəttə, sənət
adamlarının şəxsi həyatı həmişə
cazibəlidir.
Məsələn, Dostoyevskinin məktublarını
oxuyarkən onun acizliyini, əsərlərini oxuyarkən
dahiliyini görürük. Şəxsi keyfiyyətlər,
məhrumiyyətlə dolu bir həyat, iztirab, borc, ailəni
dolandıra bilmək qayğıları və s. yeni bir Dostoyevski
obrazını gözümüzdə canlandırır. Amma bütün bunlara rəğmən onun əsərlərinə
baş vurmaqla, dahiliyin qarşısında şəxsi həyatı
haqqında bildiyimiz hər şey buz kimi əriyir.
Vaqif Mustafazadənin şəxsi
faciəsi, üstəgəl, sənəti ətrafında olan
qısqanclıq onun ömrünü yeməklə məşğul
idi. Mühit və arzuların təzadı olanda əlbəttə,
ürək tab gətirmir. İstəklər
qarşısına sədd çəkiləndə ruh həbsə
məhkum olur. Bəzən bu tabuları, “olmaz”ları qırmaq istəyirsən,
bəzən buna gücün çatmayanda ruh olub göyə
də pərvazlanırsan. Vaqif Mustafazadəni də
öldürən ona qarşı olan qısqanclıq,
paxıllıq, tabular, “olmaz”lar,
qadağalar, rejim məhbusluğu və daxili
ağrıları idi.
Əlbəttə, atasının bu
cür məhrumiyyətlərlə dünyadan köçmə
gerçəkliyini bilən qızı haradasa Azərbaycandan
küskün ola bilərdi, amma Əzizə
bunu qətiyyətlə rədd edir və azərbaycanlı
olduğuyla qürur duyduğunu bildirir. Düşünürəm
ki, Əzizənin tez-tez görünməməsi elə onu
xarakterizə etdiyim dərvişanə xarakterindən də irəli
gəlir. Çünki Vaqif Mustafazadənin
doğum günündə o, mütləq Azərbaycana gəlib
atasının qəbrini ziyarət edir, sonra isə gözə
görünmədən yenidən Almaniyaya qayıdır.
Özü də müsahibəsində bunu
etiraf edir və səs-küyü, görünməyi
çox sevmədiyini dilə gətirir.
Qonorar istəməsi bəzilərinə
nədən əcaib görünsün ki? Yüksək
qonorar hesabına o qədər keyfiyyətsiz, yararsız əcnəbi
müğənnilər səhnələrimizə yol
açıb auditoriyamızı mənasız
mahnılarıyla dingildədir ki. Nədən
dünya şöhrətli musiqiçinin bu istəyi
hamıda təəccüb yaratmalıdır? Əksinə, Azərbaycanın adını
dünyada tanıdan bu xanıma verilən hər şey
halaldır. Zatən Azərbaycan hökuməti
də öz hörmət və dəyərini ona bildirib.
Əzizə Azərbaycan üçün nə
qədər əziz olduğunun fərqindədir. O səbəbdən
də bu cür məsələləri
işıqlandırıb cəmiyyət üzvləri
arasında ikili düşüncə yaratmaq heç doğru
deyil. Əzizə
Azərbaycanı necə istəyə bilməz,
(Afaq xanımın sözlərinə görə) anası tərəfindən
guya əks-təbliğatın olmasına bizi kimsə necə
inandıra bilər ki, ən böyük konsert
proqramlarını izləyən zaman biz Azərbaycan kəlməsinin
Əzizənin dilindən düşmədiyini
görürük. O səbəbdən də bir zamanlar
verilmiş bu müsahibə müşahidələrimiz
qarşısında absurd görünür. Əzizə
azərbaycanlı olmasıyla qürur duyduğunu daima dilə
gətirərək Şərq improvizələriylə, Azərbaycan
ladlarıyla zəngin, mükəmməl musiqisi ilə sənət
duyumlu insanların qəlbini fəth edir. Dünyaya
xəritədə Azərbaycanı göstərir, vətəninin
necə qədim mədəniyyətə malik olduğunu təbliğ
edir.
Əzizənin
dünyanın bir çox şəhərlərində
konsertləri olub, diskləri yüksək tirajla
satılır.
Yutub kanalını izlədikdə konsertlərin
yayımı zamanı şərh bölümünün əcnəbi
soyadlılar tərəfindən alqışlandığı
gerçəkliyini görürük. “Mən
Şərq qadınıyam. Amma mən Qərbdə də
özümü çox yaxşı hiss edirəm. Qərb Şərqsiz nə edərdi axı?! Şərq Günəş
işığıdır. Qərb Şərqə
uduzub”, - deyir Əzizə Mustafazadə.
Pianoçu xanımın
musiqi albomlarından birinin adı “Yuxusuzluq”dur. Əslində,
onu yuxusuz edən, ruhunu didən müharibələrdir. İncəsənət adamı olan Əzizənin həssas
qəlbi ac-yalavac insan görüntüsünə, uşaq
ölümlərinə dözə bilmir.
“Televiziyanı izləyə
bilmirəm. Başa düşə bilmirəm ki, müharibələri
niyə edirlər. Dünyada baş verənlər,
ac qalan, susuz qalan insanlar. Bütün bu xəbərlər
ruhumuzu, könlümüzü öldürür. Yer üzündə hər şey var, necə olur,
insanlar belə ac qalır. Dünyadan soruşmaq istəyirəm
ki, minlərlə adam həlak olur, bəs,
dünya niyə düzəlmir?
XXI əsrdə niyə müharibə
edirsiniz? Probleminiz nədir? Dünya sizə yaşamaq üçün bəs eləmir?
Məncə, bu, şeytan işidir. İstəyirəm bir gün yuxudan ayılım və
bütün müharibələrin sona
çatdığını görüm. Heç vaxt
özümə heç nə istəməmişəm, ancaq
dünyaya sülh istəmşəm…”, –
söyləyir Əzizə Mustafazadə.
Bir dünya ömür az
Bu dərdi çəksin tək
Yer göyə olubdursa düşmən
De, niyə bir körpə
Göz yaşı töksün tək
Kim günahkardır?
Öz Allahına düşmən!
…
Yaradan görür, bax
Günahı kimin var
Öz qəzasına, öz cəfasına
çatar o
Dağılar yoxsa bu kainat
insanların naləsindən…
Yazdığı bu şeirdə
musiqiçinin qəlb hayqırtısını eşidirik. Əzizə Mustafazadənin
“Öz Allahına düşmən” musiqi kompozisiyası və
burada yer alan bu sözləri Xocalı faciəsinə həsr
edib. “Düşmənin dəyirmanına su
tökənlərə ar olsun. Allah bizə
yar olsun” söyləyir şeirin ardından. Qeyd edim ki, dəyərli kompozisiya müəllifin
1993-cü ildə buraxdığı “Always” albomunda yer
alıb.
“Caz kompozisiyasını ifa edərkən
öz-özümə düşünürəm ki,
doğrudan da, musiqi ilə insanları sakitləşdirmək
mümkündür”, – deyir Əzizə Mustafazadə. Bəli,
mümkündür, əgər bəşəriyyət sakitləşmək
istəyirsə…
Mən də “Atəş rəqsi”ni dinləyərkən dünyada ən gözəl məşğuliyyətin sənət olduğunu düşünürəm. Fərqi yoxdur, heykəltəraşsan, rəssam, ifaçısan, yazıçısan – heç fərq etməz – ruhun ən yüksək halını keçirirsən bu sənətin ağuşunda. O qədər xoşbəxt olursan ki, dünyada xoşbəxtlik kimi calaq edilən hər şey sənə gülməli və lazımsız görünür. Əlavə olaraq, “Mənim bir oğlum var. Adı Ramizxandır. Onu çox sevirəm. Bu gün ilk dəfə olaraq Ramizxan üçün bəstələdiyim musiqini ifa edəcəyəm” (Əzizə M.) sözlərini dilindən çıxarıb analıq xoşbəxtliyini də yaşayırsansa, nə xoş sənə… Nə xoş Vaqifin qızı olan Əzizə Mustafazadəyə…
Ədəbiyyat
qəzeti 2020.- 30 dekabr.- S.24.