Gül
Nənəm xalçaya
gül əkib,
Xalçada - güllərin
ləki...
Tək
Qapını küləkdi
döyən,
Çöldə qalıb - təkdi, deyən?!
Yarış
- Ay baba, tez gəlsənə!
- Bundan da tez gəlim,
hə?!
- Nə gəlmisən, a kişi?!
- Səksən il azdı
bəyəm?!
Mən...
Mən daha çığırmıram,
Ürküdər səsim sərçəni.
Dən götürüb
uçan yerdə,
Dimdiyi saxlamaz dəni!
Qış havası
Külək ulayır
it kimi,
Şimşək çaxır kibrit kimi.
Qar
Qar yağıb, tək qalıbdır
Evimizin damında...
-
Yazığı gəlir adamın da.
Ay pişik
- Ay pişik,
Miyoldama,
Çəkilib yana dursan!
Ay it,
Mırıldama, keç,
Pişiyi qorxudarsan!
Quş
Nəzrinin əlinə
Arı qonmuşdu,
Çığırdı:
- Baxın ey,
Nə gözəl
quşdu!
Soyuq
Qar iyi gəlir havadan,
Ağaclar küsüşüb durub.
- Qar... qar... - qarıldayır qarğa,
Sərçələr büzüşüb durub.
Qartopu
Allah qartopu oynayır,
Bizi yaxına qoymayır.
Qış
Ay qar, daha yağdın,
Yağdın... üzün ağdı.
Hərdən
Hərdən külək
oluram,
Əsim, -
Yarpaq sevinsin.
Hərdən yağış
oluram,
Yağım, -
Torpaq sevinsin.
Toy olanda
- Adamlar uşaq olur, baba?
- Olur da sözdü?!
- Necə?
- Toy olanda, -
Mahnı çalınanda.
Allah
Babam "Allah" sözünü
İki bölüb,
Sətirdən sətrə
keçirəndə,
Tutdum əlindən:
- Neylədiyindi, kişi,
Demirdin Allah təkdi!?
Bu Günəş
Zeynəbi yuxusundan
Durğuzanda hər səhər,
Qardaşından soruşur:
- Bu Günəş nə
tez çıxır,
Doyunca yatmır, qaqaş?
Gecə yağan qar
Gecə, qapqara gecə,
Qara cücədən qara.
Mənim yazığım
gəlir
Gecələr yağan qara.
Yağır, ağappaq
yağır,
Yağır, şappaşaq
yağır,
Yağır, tək
qalır fağır,
Görünmür adamlara.
Küləklə qohumdu
Babam
- Ay babalı, küləklə sən
Yaxın qohumsan, deyəsən?!
- Hansı küləklə, ay bala?!
- Lap elə Xəzriylə deyək!
- Bakılı deyilik məgər?!
- Mən də bilirdim elədi.
- Nədən bilirdin, ay bala?!
- Tez-tez əsib-coşmağından?!
Nə yaxşı...
- Nə yaxşı darağın
var,
Ay babalı, sat mənə?!
- Başıma lağ eləmə!
- Gəl qaçışa çıxaq
biz,
Ay babalı, çat mənə!
- Yaşıma lağ eləmə.
- Uzaqlara baxanda
Gözünü nə qıyırsan?!
- Baxışıma
lağ eləmə.
Vedrə və Ayı
Vedrə yırtıldı
getdi,
Atdılar pəncərədən.
Bunu görüb bir Ayı
Çıxıb gəldi dərədən.
İndi kefdi, gün batıb,
İşlər bütün
xarabdı -
Hava qaralan kimi
Tappatap-tap-tarapdı.
Yavan çörək...
Balam kababı xoşlayır, -
Atasını kabab bilir.
Plovu xoşlayır balam, -
Anasını plov bilir.
Hərdən-birdən görürsən
ki,
Kababdan, plovdan küsüb,
Özünü atır
üstümə:
- İncimişəm
day onlardan!
- Hə-ə-ə...
bala,
Ayda, ildə, bir
Yavan çörək
də pis deyil!
Allahdan soruş...
- Namaz qılırsan, baba?
- Allahu Əkbər!..
- Məni də öyrət...
- Allahu Əkbər!..
- Bu kişiyə
nə olub,
Cavab vermir mənə heç?!
- Baban Allahla danışır,
Mane olma,
Belə keç!
- Allahla danışır babam?!
Ay nənə,
de,
Soruşsun -
Niyə Abdul babamı
Cavan öldürüb Allah?!
Aldıq Şuşanı...
Biz aldıq Şuşanı da,
Ağrımızı unutduq.
Silahları baş-başa
Çatıb,
Bir dəstə tutduq.
Bah!
Müğənnimiz də var,
Döyüşən şirdi
ki, bu!
Tapıldı tarçalan
da,
Topçu Bəşirdi
ki, bu!
Sağda, solda arabir
Mərmi düşüb partlayır.
Düşmənin ürəyidi,
Həmləmizdən çatlayır.
Orda tank nərildəyir,
Bu yanda tar bəmdədi.
Üçrəngli bayraq altda
Hərə bir aləmdədi.
Ey bu günü görməyən -
Günəşi batan əsgər!
Toyu yarımçıq qalıb,
Ey şəhid yatan əsgər!
Qurtulduq,
Gözün aydın,
Yağının yadlığından!
Vətən dinclik qazandı
Sənin rahatlığından!
Əkin-dirrik bilməyən
Torpağa toxum düşər,
Ot basmış
yollarımız
El-obayla görüşər!
Qol çırmayıb
başlayaq,
Vaxtdı,
Toy-düyünə
biz!
Azərbaycan,
Nəfəs dər,
Day çıxdıq
ağ günə
biz!
Qəşəm İsabəyli
Ədəbiyyat qəzeti
2020.- 30 dekabr.- S.25.