Alimin nəsr təcrübəsi
Ramiz Göyüşov
Ədəbiyyat xiridarları professor Rüstəm
Kamalı görkəmli
ədəbiyyatşünas və qorqudşünas alim kimi tanıyırlar. Rüstəm Kamal ədəbiyyat sahəsində, ədəbiyyatımızın
bu günü və sabahı haqqında çoxsaylı
sanballı əsərlərin,
monoqrafiyaların müəllifidir.
Eyni zamanda onun neçə-neçə
ədəbiyyat, poeziya
nəhənglərinin, çağdaş
poeziyamızın tanınmış
nümayəndələrinin, gənc yazarların kitablarına yazdığı
ön sözlərini
də oxumuşam. Deyirlər, poeziya
və nəsr haqqında yazmaq, şair, nasir haqqında yazmaqdan qat-qat çətindir.
Rüstəm Kamal da həmin kitablara təkcə ön söz yazmayıb, həmin müəlliflərin
yaradıcılığını araşdırıb, incələyib,
əsərin sıxıb
şirəsini çıxarıb,
sonra da həmin şirəni ön sözə köçürüb.
Rüstəm Kamalın yaradıcılığı
haqqında böyük
söz sərrafları
dəyərli fikirlər
söyləyib, ədəbi
camedə onun adı böyük hörmətlə çəkilir. Ədəbiyyat tariximizə adını şərəflə yazmış
bir ədəbiyyat adamıdır. Hər zaman
qeyri-adi fikirləri ilə hər kəsi təəccübləndirə
bilir.
Bu il
"Ədəbiyyat qəzeti"ndə
Rüstəm müəllimin
bir-birinin ardınca hekayələri nəşr
olundu və bu əsərləri ilə o, yenə də oxucuları təəccübləndirdi. "Gecə öyküsü",
"Taykeş çarığın
nağılı", "Bir topa açar",
"Sandıq" hekayələri
nəsrimizdə hadisədir
desəm, səhv etmərəm. Sən demə,
bizim tanıdığımız
ədəbiyyatşünas alim Rüstəm Kamalın içində çox istedadlı bir nasir gizlənibmiş.
Rüstəm Kamalın yuxarıda adlarını çəkdiyim
hər üç hekayəsi son dərəcə
maraqlıdır, düşündürəndir. Mən yalnız bu hekayələrin biri -
"Bir topa açar" haqqında fikirlərimi "Ədəbiyyat
qəzeti"nin oxucularıyla bölüşmək
istərdim. Hekayənin süjet xətti
Qarabağ müharibəsində
ev-eşiyini orda qoyaraq, canını zorla qurtarmış bir qocanın Bakıya gəlməsi, ürək göynədən
hadisə üzərində
qurulmuşdur. Deyirlər ki,
müharibə mövzusunda
ən yaxşı əsərlər müharibədən
sonra yaranır. Çünki zaman keçir,
müharibənin insan
psixologiyasına, həyatına
vurduğu yaralar sağalmır, sadəcə,
qaysaq tutaraq daha dərinə işləyir və zaman-zaman səni göynətməklə özünün
nə qədər ağrılı olduğunu
bütün həyatın
boyu sənə unutdurmağa qoymur. Təbii ki, Qarabağ müharibəsi mövzusunda
dəyərli əsərlər,
poeziya nümunələri
kifayət qədərdir.
Lakin düşünürəm ki,
Rüstəm Kamalın
"Bir topa açar" hekayəsi bu mövzuda yazılmış ən yaxşı əsərlər
sırasındadır. Hekayə son dərəcə səmimidir,
başlanğıcından oxucunu təhkiyyəyə
kökləyir. Rüstəm
müəllimin nəsr
haqqında dediyi fikirlər kimi: "Nəsrin ilk cümləsi
şeirin ilk misrası
kimi mətnin ruhuna girməlidir. İlk fraza boksçunun ilk nokaut zərbəsi kimi gözlənilməz olmalıdır. Aşıq Ədalət
hər dəfə
"Yanıq Kərəmi"nin
ifasında ilk akkordu necə vurur - nəsrin ilk cümləsi
də elə olmalıdır". Hekayə
də bax beləcə başlayır,
birinci cümləsindən
oxucunun diqqətini özünə cəlb edir: "Əhvalat Cəbrayılın bir kəndində vaqe olub. Araz qırağındakı
bu balaca kəndə də erməni quldurlarının
hücum edəcəyi
xəbər çatmışdır
- qara şayiə batan gəmiyə su dolan kimi,
bircə anda evlərə girdi...".
..."Kəndlər
bir-bir" boşalırdı,
El-oba yerindən qopmuşdu. Əl-ayağı tutan qaçırdı.
İsa kişi
isə ləngiyirdi...
İstədi oğluna
desin: "Siz gedin, mən burda qalıram"...
Əsərin bu yerini oxuyanda
mən də öz başıma gələn bir hadisəni xatırladım. 1992-ci ilin
may ayında ermənilər
bizim Abbasbəyli kəndinə hücum edəndə atam Cahandar kişi
də demişdi:
"Mən burdan heç yana getməyəcəm. Ölsəm də
burda öləcəm.
Anam isə hara gedirdisə,
bir topa açarı özü ilə gəzdirirdi".
Bu kiçik
mətnin çevik süjet məqamları oxucunu düşünməyə
vadar edir. Və mən
əminəm ki, gələcək nəsillər
Qarabağ müharibəsinin
tarixini həm də Rüstəm müəllimin bu hekayəsindən öyrənəcəklər.
Müəllifin ustalığına diqqət
yetirin, o, müşahidələrini
nə qədər ustalıqla, poetik detallarla istifadə edib. "Yolların tozu
maşın-araba əlindən
ağaclara qonmağa macal tapmırdı...". Digər bir məqam.
Ev-eşiyini tərk etmək istəməyən
İsa kişinin köçmək zərurətini
anlatmaq üçün
nə qədər ustalıqla paralellər gətirir: "Neçə
ilin yataq xəstəsi Söyün
kişini yorğan-döşəklə
birlikdə "Belarusun
lafetinə qaldırmaqla",
kəndin ağbirçəyi
"Güllü arvadı
nəvəsinin mopedinin
tərkinə mindirməklə"
köçün həm
miqyasını, həm
də vahiməsini oxucuya çatdıra bilib.
Hekayədə İsa kişinin şəxsində müəllif
bir ixtiyar Azərbaycan kişisinin elə-obaya, öz kiçik vətəninə
nə qədər bağlı olduğunu təsvir edə bilib. İsa kişi elə bilir ki, o, evini,
kəndini qısa bir müddətə tərk edir. Və elə bu fikirlə də evi tərk
etməmiş hər şeyi sahmanlayır:
"İsa kişi çardağın altındakı
saçı, kirkirəni,
kompot bankalarını
zirzəmiyə daşıdı
və qapısını
kilidlədi. Uşağın kalyaskasını gəlinin otağına saldı. Otağın qapısını bağladı. İşıqları bir-bir söndürdü.
Mətbəxdə qazı yoxladı.
Pəncərənin pərdəsini çəkdi.
Tövlənin qapısına
da qıfıl asdı... Keçən il arvadının
yasında şal bağladığı darvazanı
da bağladı. Açarları pencəyinin cibinə
qoydu. Və kənddən çıxdılar...".
Rüstəm Kamal detallar vasitəsilə tipik bir Azərbaycan kəndlisinin tale obrazını,
məişətini, yaşam
tərzini yaratmış
və mən deyərdim ki, dramatik bir filmin
ssenarisini yazmışdır.
Müəllif qəhrəman İsa kişini Bakıda bir tələbə yataqxanasında məskunlaşdırmaqla əslində, minlərlə köçkün ailəsinin faciəli taleyini oxucuya çatdırmaq istəyir və hələ də kəmər yerində topa açar gəzdirən İsa kişinin öz elinə-obasına, evinə qayıdacağına inamını ustalıqla oxucuya çatdıra bilir. İsa kişi üçün bir topa açar hər şeydir. Sanki onun üçün bütün Cəbrayıl rayonu, doğma kəndi, həyət-bacası, ev-eşiyi, bu açarla kilidlənib, heç kəs o kilidi aça bilməz. Elə buna görə də o, bu topa açarı göz bəbəyi kimi qoruyur.
..."Gəlin hərdən açarları uşağa verirdi. Oynatmaq üçün. O da ya çürük döşəmənin arasına salırdı, ya da pəncərədən çölə atırdı". İsa kişi hər dəfə açarı axtarıb tapdıqca gileylənirdi: "Ay bala, bu açarları bir gün itirəcəksiniz. İsa kişi əlacsız qalıb açarları şalvarının böyründən, kəmərindən asdı".
Müəllif qısa, lokanik ifadələrlə oxucunun gözləri qarşısında həyat hadisəsi yaradır. Hekayədə hər cümlənin, hər sözün arxasında fikir və məna var. Bir kəlmə, bir söz yersiz işlənməyib.
Müəllif əsərdə iki topa açarı paralel gətirməklə maraqlı bir təzad yaradıb. Oğlunun dostunun bağ evində də İsa kişinin ixtiyarında bir topa açar var. Lakin bu topa açarlarla onun öz topa açarları arasında fərq var. Və maraqlıdır. İsa kişi ikinci topa açarla özünə bir təskinlik tapır. Müəllif bu prosesi bircə cümlə ilə ifadə edib: "İsa kişi bu evin açarlarına tez öyrəşdi...".
Nəhayət, əsərin kulminasiya nöqtəsi. İsa kişinin ümidinin qırıldığı, arzuların daşa çırpıldığı məqam. İsa kişi uzun illər idi gözləyirdi ki, vaxt gələcək o, yenidən öz kəndinə qayıdacaq, öz evinə, öz yuvasına dönəcək və bu topa açarla bağladığı kilidləri bir-bir açacaq. Lakin sən saydığını say, gör fələk nə sayırmış:
"Yaz ağzıydı.
Araz boyunca Naxçıvana gedən avtobusu İsa kişi Xudafərin körpüsünün qənşərində saxlatdı. Viran qoyulmuş kəndini tanıdı. Doluxsundu. Evini qara künc daşından tanıdı. İndi evin nə qapısı vardı, nə pəncərəsi, nə də damı! Kafir dəmir darvazasını da aparmışdı. Allah bilir, qıfıl indi hansı dərədə, hansı kalafada çürüyürdü". Və İsa kişi: "Qapın bağlansın, fələk" - dedi və "Açarları kəmərindən açıb Araza tolazladı".
P.S. Mən bu yazını tamamlayanda artıq Ali Baş Komandanımız İlham Əliyevin komandanlığı ilə müzəffər Azərbaycan Ordusu Cəbrayıl və Xudafərini işğaldan azad etmişdi. Və İsa kişinin tapdığı paslı qıfılın açar deşiyindəki cücərmiş otlar yüz minlərlə məcburi köçkünün arzularının cücərtisi idi.
Torpaqlarımız işğaldan azad edildi. Rayonların sakinləri bir
topa açarları göstərir, onu özləri ilə gətirdiklərini və
27 il əziz bir əşya
kimi saxladıqlarını sevinclə
vurğulayırlar. Sən demə, bu topa açarlar hər bir qaçqın-köçkün evinin inanc və ümid yeri imiş. Müəllif bir
şəxsin faciəsini ümummilli faciə
səviyyəsinə qaldırmağı məharətlə
bacarıb. Bu da
Rüstəm Kamal düşüncəsinin,
fəhminin və istedadının çağdaş
ədəbiyyatımıza daha bir töhfəsidir.
Ədəbiyyat
qəzeti 2020.- 30 dekabr.- S.27.