Ədəbiyyatımızın səhnəsi
Cavanşir
YUSİFLİ
Hekayə
texnikası
Birinci məqalə
Hər hansı əhvalatı nəql
etmək texnikası bu və ya digər hadisəni onun
yan-yörəsini, içini-çölünü didib
araşdırmaqla danışmaqdan keçir və bu zaman həmin
"didmə" prosesində hansısa emosiya meydana gələrsə,
yaxud bu emosiyanın intensivliyinin güclənməsi qabarıq
şəkildə nəzərə çarparsa, pauza edilir. Təhkiyənin nəhayət, öz axarını
tapması ("danışmaq və susmaq", yaxud
"susaraq danışmaq"...) anlamında "pauza"
ifadəsi təhkiyə poetikasının önəmli
elementidir. Yəni, hekayəçilikdə
danışmaqla susmaq fərqli moduslarda əyaniləşsə
də, daim bir-birlərinin yanında olur, daim bir-birlərinin nəfəsini
hiss edirlər, bu hissiyat önəmli məsələdir,
çünki güc, təhkiyəni davam etdirmək (yəni,
həyatda qalmaq-!) gücü ayrıca onların heç
birində deyil, ikisi canbir qəlbdədir, güc də bu birlikdə,
bu vəhdətdədir.
Təhkiyədə bu hərəkət,
dinamika trayektoriyası gizli şəkildə olsa da hiss edilir və
müəyyən hisslərin, onlarla bağlı gizli (hələlik-!)
mənaların açımı baş verdikcə daha
görünməz olur. Təhkiyədəki bu "yeraltı
çay" stixiyası, yəni əhvalatı
danışanın, xəyali şəkildə olsa da onu dinləyənlərin
(yazılı ədəbiyyat olsa belə, istənilən hekayədə
təhkiyəçi ilə birgə onu dinləyənlər də
var, bunsuz hekayəni qələmə almaq mümkün
olmazdı-! Yəni yazı prosesində hər
hansı əhvalatı eşidirsənsə, hansısa hisslərin
axışını duyursansa, demək bunları sənə
kimsə deyir, yazı prosesində "kadr arxasından gələn
səs" çox böyük əhəmiyyət
daşıyır...) varlığı maksimum dərəcədə
"yoxa çıxmalı", hadisənin özü hər
şeyi, personajları belə əvəz etməlidir.
Bundan məqsəd hisslər, emosiyalar, bunlarla əlaqəli mənaların
pardaqlanmasına, bunların ifadə etdiyi sevinc, kədər,
təəssüf, bir sözlə, həyat və insanla
bağlı nə varsa, bütün gerçəklərin bir
xətt boyunca düzülməsinə, yaxud xətlərin kəsişmə
bucağında qabardılmasına nail olmaqdır. İtalyan tədqiqatçı
M.İ.Gerhardtın "1001 gecə nağıllarında
çərçivəli nağıllama texnikası" əsərində hekayət danışmağın
yolları araşdırılır, bütöv bir şəbəkə
təşkil edən və aramsız şəkildə, sanki
bitməyəcək kimi davam edən təhkiyə
axınında ən sadə hekayəqurma modelini seçmə
sxemini göstərir (... Gerhardt belə deyir: "1001 gecə"
çərçivədir bütöv vir tamdır, başqa
bir nağılın, yaxud nağılların
personajının, yaxud personajlarının
danışdığı nağıldır, çərçivə
portreti necə tutub saxlayırsa, birinci nağıl da ikincini o
çərçivədə saxlayır). Bu qədim
texnikanın izləri, özü, heç zaman silinməyən
elementləri müasir, modern süjetqurma prinsiplərində nə
dərəcədə yaşayır? Bunu
tapmaq üçün yuxarıda işlətdiyimiz "təhkiyədə
yeraltı çay stixiyası" anlayışından
istifadə etməliyik. "1001 gecə"
nağıllarında olduğu kimi hər hansı müasir
hekayəni də bir-birinin içinə geydirilmiş, yaxud
bir-birinin içindən çıxan, bir-birinə
sarmaşıq kimi sarılan təhkiyə aktları kimi təsəvvür
edə bilərikmi? Qədimlərdən bu
günə həmin texnika o qədər dəyişib ki, indi
bunu çözmək o qədər də asan deyildir.
Buna görə də hiss və emosiyalar, onlarla bağlı,
yaxud onlara bağlı mənaların ömrün əvvəlindən
sonuna doğru dəyişmə trayektoriyası izlənməlidir.
Hər bir təhkiyə, nağıllama
aktını həmin hekayənin içindəki başqa bir
hekayənin personajlarının danışdığı
hadisə kimi qavrasaq, çərçivənin içindəki
mənaların dəyişmə modusunu da izləyə bilərik.
Həm də belə: müəllif özü də xəyalından
nəyisə keçirəndə kadr arxasındakı səsin
"çərçivəsi" içində olur və
bunu hiss etmir.
Təsəvvür edin, gənclikdə,
dəli-dolu vaxtlarında, həm də hər bir hadisəyə
xüsusi diqqət yetirməyə vaxtın olmadığı
dönəmlərdə yaddaşına "toxunub keçən"
hadisələr ömrün başqa dönəmlərində
fərqli keyfiyyətdə üzə çıxır, daha
doğrusu, ilkin təmasdan sonra həmin hisslərin, həmin
hadisənin mənaya çevrilməsi, daha sonra bu başqa bir
dönəmdə, fərqli bir vaxt qurşağında elə
sənin ömrünün də həmin mənaların
içinə "düşməsi", orda yaşaması
bir hekayənin, yəni adi hadisələrdən
quraşdırılmış, sadə bir dillə nəql edilən
hekayənin onlarca belə hekayədən
yığılıb montaj edilməsi təəssüratını
doğurur və bunların hamısının bir çərçivə
içində olması artıq ədəbiyyatdır (bu hekayənin
içindəki əhvalatı mənə onun tərkibini təşkil
edən digər hekayələrin personajları
danışır, bəzən danışıqlar, emosiya və
hisslərin ifadəsi çarpazlaşır, küy
yaranır...), yəni indiyə qədər apaçıq olan
nəsnələr şifrə və kodlar altında gizlənir,
əhvalat var, insan artıq yoxdur.
Mübariz Örənin "Ot"
hekayəsində bir neçə hekayətin
sığışdığı bu çərçivə
ilk baxışdan "dağılmış",
konturları silinmiş şəkildə görünür.
Əjdər kənddə qəfildən peyda olur, o gələnə
qədər Səmayənin (Səmayə-ağ maya...) hekayəti
bitmək, daha doğrusu, kolxoz sədri Mustafanın
başında çatlamaq üzrəydi, onun Səmayə ilə
hekayəsinin səsi raykoma qədər gedib
çatmışdı və məsələ artıq buna
uyğun sonuclanacaqdı, bu anda Əjdər dəli kimi,
hövlnak səhnəyə daxil olur, tez-tələsik kolxoz
klubunun bir otağını düzəldib ona yer eləyir (dəli
Əjdər ayamasını o, səhnəyə
atdığı ilk addımından qazanır və sonra dəli
kimi peşman olsa da, özünü bilməməzliyə
qoyur, anlayır ki, bircə yol var: sona qədər
özünü aldatmaq!), Səmayəni də yanına
qoşurlar. Hadisələrin bu fraqmenti o qədər
coşqu və sürətlə baş verir ki, əsl həqiqətdə
nə baş verdiyini Əjdər uzun müddət anlamır.
Bəlkə anlamaq istəmir. İnsan bir qayda olaraq, bildiyi, bilməsə də
ürəyində sezdiyi həqiqəti gizlətməyə,
onunla danışmamağa üstünlük verir, peşman
olduqda isə var gücü ilə məhkum olduğu yerdən
çıxmamağa çalışır.
Bir insanın ömür boyu
keçirdiyi hisslər... onlardan hansının vaxtın bir
dar qurşağında yerini alması, azadlığa
çıxıb asanca tələffüz edilməsi və demək
elə həqiqətin də bu şəkildə üzə
çıxması yaşamın, səninlə tanrı
arasında çəkilən qalın pərdənin
üfüqlərə qədər çəkilib yoxa
çıxması... bütün bunlar həmin hisslərin əsl
mətləbini faş edir, bu zaman sevgi, ehtiras sevgisizliyə, gənc
ikən səni arxadan itələyib yaşamağa sövq edən
hisslərin faniliyinə, daha doğrusu, vaxtın sovuşandan
sonra ortada bir quru canın-bədənin qalmasına
inandırır və bu zaman yaşamaq çox mənasız
olur, dünyada qalmaq da, dünyadan getmək də səni
darıxdırır.
Hekayədə hər bir personajın ayrıca hekayəsi var və bunların hamısının bir-birilə təmas nöqtələri, kəsişməsi onların yaşadıqları ömrün həm komik, həm də faciəvi yönlərini üzə çıxarır. Kimi dövranını sürüb keçib, kimi hələ də "mövsümi qəhrəman" rolunu oynayır və bütün bunların bir tamaşa səhnəsində, zahirən bir-birilə əlaqəsi olmayan bitmiş zaman kimi göstərilməsi ayrı-ayrı hekayələrin görüntülənməsinə səbəb olur. "Yer-yurd təzəcə göyərməyə başladımı, kişinin elə bil çiçəyi çırtlayır. Bütün qış uzunu heç kimin yada salmadığı, saya almadığı bu suyumsuz, yöndəmsiz kişi birdən-birə kəndin ən hörmətli adamına çevrilir, ağzının danışığını, oturuşunu-duruşunu bilməyən kobud-köntöyün biri məclislərin gülü, evlərin ən arzuolunan adamı olur. Hamı Əjdəri gəzir ot vaxtı, - hamının onunla işi var, - hamının yolu onun çəpərinin dibindən keçir. Kəndin bütün çəkilmə arağı, çolpası-quşu Əjdərindi. Niyə? Çünki kənd yeridi, dost. Hamının qapısında malı, heyvanı. Heyvana da nə lazımdı? Ot! Ot da Əjdərdə! Kəndin ucu-bucağı görünməyən neçə yüz hektar otlaq yeri, örüşü, biçənəyi, sanki babası Paşadan ona miras qalıb. Neçə sədr gəlib, neçəsi gedib - Əjdər qoruqçudu. Kəndin adını belə dəyişmək olar, bir şərtlə, - qoruqçu Əjdərdi!". Əjdər ərköyündü, coşqulu danışır, hərəkətləri yüyənsizdir. Mustafanın onun haqqında dediyi "biçin vaxtı ötüşdümü, Əjdər yoxdu artıq, Əjdər olur sıfır" sözlər ani intriqa yaradır, dəlinin yaddaşı oyanır, adi vəziyyətdə sözü sözün dalınca güclə qoşub danışan Əjdərin nitqi durulur, eyhamı elə nöqtədən vurur ki, Mustafanın arvadı deyindikcə deyinir. Onun adam (qadın) adını sifət kimi işlətməsi başqa bir hekayənin təfərrüatına qapı açır, bu qapını astaca örtmək, qapatmaq üçün səhnəyə başqa bir hekayənin qəhrəmanları çıxmalıdır. O hekayənin qəhrəmanları deyək ki, Mustafanın cavanlığını oynamalı, sevdiyi qadının şəninə yazdığı şeirin ikicə misrası səhnəni adlayıb bu günə "düşməli" və hamını vəziyyətdən çıxarmalıdır.
Hər bir
hekayədə keçmiş indiki zaman və gələcəkdi,
yaşansa da, hələ yaşanacaq sanılıb gələcəkdə
baş verəcəyinə inanılır. İnsan həmişə
öz gəncliyini, dəli-dolu vaxtlarını, mənaların
yanından onları anlamadan keçdiyi dövrləri həm
də gələcək üçün saxlayır.
Hekayədə kolxoz sədrinin həyətinin axar-baxarlı
vaxtlarıyla indiki qaramat görünüşü
baş-başa gətirilir, ani olaraq hər şey bir daha
yaşanılır, ancaq köz basılan yerin göynərtisi
kimi. Keçmişin səhvləri və
ehtirasları indi peyda olan mənalarla düz gəlmir, belədə
insan başını aşağı salıb susur,
keçmişdəki sifətiylə başqa dildə
danışmaqdan yorulur, hər iki səhnədə
(keçmişin və gələcəyin) eyni zamanda olmaq istəyir,
nəticədə təəssüf alınır. Bu təəssüf
elə keçmişin gələcəyidir. "...Daş
hovuzun üstündə oturub guya ləyəndə
düyü arıtlayır Səmayə, - nəzərləri
yuyulub çəpərə sərilmiş köhnə, boz əsgidədi.
Dodağının lap qırağına qonmuş təbəssüm
uzaq xoş xatirələrin qopuğudu, Əjdərin
şit-duzsuz zarafatına heç bir dəxli yoxdu. O, heç
vaxt bu kişini sevmədi. Neçə illər bir
yastığa baş qoysalar da, uşaqları göt-götə
düzsələr də. Sevə bilmədi. Nə oldusa Mustafayla
oldu. Oldu, orda da qaldı. Guya Əjdərin
bundan xəbəri yox idi ki?". Bir ifadə
bütöv bir ömrün mənasıyla oynayır, onu
keçmişdə də, elə indiki zamanda da eyni
güzgüdən göstərir: dəhnəni suya
vermişdi qız... Sitatdaki "köhnə,
boz əsgi" ifadəsi mətndə bir də təkrarlanır,
ancaq bu dəfə Əjdərin baxışlarıyla.
Bu detal keçmişi və gələcəyi müxtəlif
rəng qammalarında göstərir, Əjdər hardansa gəlib
bu kənddə peyda olanda yetimin biriydi, heç nəyi yox idi,
sonra bir andaca hər şey başından töküldü, Səmayəyə
baxanda ağzının suyu gedən Əjdər biçin
vaxtı toy oldumu, az qalsın mağara da atnana girmək istəyir.
Hər kəsin üstünə kükrəyən
bu dəli, gözləri boz əsgiyə sataşanda
cavanlıqda yanından saymazyana keçdiyi mənaların
sayrışdığını hiss edir və anlayır ki,
keçmiş heç zaman ötmür, yaşayır həmişə,
gələcəyin içində gizlənib səni gözləyir.
Cavanşir YUSİFLİ
Ədəbiyyat
qəzeti 2020.- 30 dekabr.- S.29.