"Birlik böyük
amildi, qılar elləri məsud"
Cənubi Azərbaycanda Milli Hökumətin
yaradılmasının 75 illiyinə
Azər ayı qonub yurda,
Qızıl günəş
doğur səhər.
Qurtuluşdan, azadlıqdan
Səba yeli verdi xəbər.
Bu poetik misralarla 1945-ci ildə
tanınmış Güney Azərbaycan şairi Həbib Sahir
Azərbaycanda Milli Hökumətin qurulmasını
salamlayırdı.
1945-ci ilin sentyabrında daha
öncələr Xiyabaninin təsis etdiyi Demokrat Fərqəsi
Azərbaycanın tanınmış demokratlardan bir qrupu ADF-ni
bərpa etdilər. Başda Seyid Cəfər Pişəvəri
olmaqla ADF-nin yaradılması haqqında bəyanat verildi.
Bu möhtəşəm proses
demokratik cəmiyyət uğrunda xalq mübarizəsində
yeni səhifələr açdı.
Bu hökuməti qorumaq
üçün 80 min nəfərlik Fədai Ordusunun
yaradılmasına başlanıldı. Milli pul
vahidinin dövriyyəyə buraxılması, Milli Hökumətin
bayrağının və himninin təsdiq olunması, milli
dildə təhsilin vacibliyi, mədəniyyət və elmi mərkəzlərin
yaradılması S.C.Pişəvərinin rəhbərliyində
baş vermiş çox möhtəşəm bir tarixi hadisə
oldu.
Milli Hökumət Azərbaycanın
sosial-iqtisadi tərəqqisinə yol açdı, ictimai-siyasi
durum dəyişdi, mənfur Pəhləvi rejiminin milli
zülmünün nəticələrini ləğv etdi, azərbaycanlıların
varlığını bir daha təsbit etdi. İllər uzunu milli və
mənəvi hüquqları əllərindən
alınmış və fars millətçiləri
tərəfindən dövlət səviyyəsində təqiblərə
məruz qalan Azərbaycan türkləri haqq etdikləri
azadlığa qovuşdular.
Çox vaxt İran,
keçmiş SSRİ və Qərb dövlətlərinin
elmi mərkəzləri Seyid Cəfər Pişəvərinin
rəhbərliyində qurulan Milli Hökümətin var
olmasını müxtəlif forma və məzmunda qəsdən
saxtalaşdırır.
1941-ci ildə İranda Rza Pəhləvi
rejimi tamam çökməyə başlamışdı. O zaman Pəhləvi rejiminin
arxasında duran İngiltərə və ABŞ-ın
başı İkinci Dünya savaşına
qarışmışdı. "Pəhləvi
rejiminin fəsadlarından biri də ölkənin
başdan-başa aclıq və səfalət içində
tamamilə məhv olması prosesi idi. Məhz
bu məqamı təqib edən Azərbaycan türkləri
ayağa qalxaraq özlərinin milli hökumətlərini
qurmağa başladılar. Səttarxan və
Şeyx Məhəmməd Xiyabani hərəkatlarında
olduğu kimi, Seyid Cəfər Pişəvəri də əsas
strateji hədəf kimi milli bütünlük taktikasına
üstünlük vermişdir".
Məhz həmin hökumət
İranın daxilində Azərbaycanın milli muxtariyyət
hüququnu bərpa edərək ana dillərindən məhrum
qalmış azərbaycanlıların öz dilində
danışmaları, yazıb-oxumaları üçün
şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin
keçirilməsini təmin etdi. Savadsızlığın
kökünü kəsmək üçün qəti
addımlar atdı. Fəhlələr üçün
iş qanunu, qadınlar üçün kişilərlə bərabər
hüquqlar, bütün ölkədə əhəmiyyəti
olan torpaq islahatı həyata keçirildi. Ölkədə
misli görülməmiş əmin-amanlıq və
abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri,
hətta dünyanın bir sıra mətbuatı da təsdiq
edirdi. Vaşinqtonda çıxan "Middle East" jurnalı
Milli Hökumətin islahatları haqda yazırdı:
"Üsyançıların rəhbəri və yeni rejimin
baş naziri Pişəvəri dəqiq və təsirli təşəbbüslə
bir sıra çox lazımi islahatlar keçirdi. Bunlar torpaq islahatından, fəhlələrin vəziyyətinin
yaxşılaşdırılması, ictimai işlərin və
maarif işlərinin inkişafı tədbirlərindən
ibarət idi".
Qərb mətbuatı isə dəfələrlə
yazmışdı ki, Pişəvərinin rəhbərlik
etdiyi Milli Hökumət il ərzində,
sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət
göstərmişdir.
Ölkədə aparılan
islahatlarla əlaqədar Milli Hökumət müvafiq
strukturların yaradılmasına başladı; aqrar qanun, əmək
haqqında qanun, dil haqqında qanunlar qəbul etdi. Bu qanunda Azərbaycan
dili bütün Azərbaycan ərazisində rəsmi dövlət
dili elan olunmuşdu.
Qısa bir müddət ərzində
ana dilində dərsliklər, ədəbiyyat, mətbuat
nümunələri çap olundu, radio verilişləri səsləndirilməyə
başladı.
Qəzet və jurnallar,
sayı 50-ni ötən dərsliklər, müxtəlif ədəbiyyat
əsərləri nəşr edildi, kinoteatr tikildi, radiostansiya
və radiokomitə yaradıldı. Milli qəhrəmanlara
- Səttarxan və Bağırxana heykəllər
ucaldıldı. Behzad adına İncəsənət
muzeyi yarandı. Ərdəbil, Astara və
Marağa şəhərlərində teatr binaları tikildi.
Azərbaycan Rəssamlar və Heykəltaraşlar
Cəmiyyəti təşkil olundu.
Bölgələrdə
kitabxana və qiraətxana fəaliyyətə başladı. Şəhər
və kəndlərdə ibtidai və orta məktəblər
yaradıldı. 1946-cı ildə Təbriz
Universiteti təsis olundu.
Beləliklə, Güney Azərbaycanda
milli maariflənmə, ədəbiyyatın, mətbuatın
çiçəklənməsi, ana dilində müasir
standartlara uyğun təhsilin qurulması, milli mənafe
uğrunda bütün sosial təbəqələrin birgə
siyasət aparması kimi çox möhtəşəm bir
tarix yaşanıldı.
1940-cı illərin əvvəllərindən
Sovet ordusu tərkibində Güney Azərbaycana gəlmiş
yaradıcı ziyalıların iştirakı ilə "Vətən
yolunda" qəzeti nəşr olundu. Qeyd etmək lazımdır ki, "Vətən
yolunda" qəzeti 1920-ci ildə Xiyabani hərəkatı
yatırıldıqdan sonra Azərbaycan dilində
çıxan ilk qəzetlərdən idi (iki dildə
çıxan qəzetlər mövcud olsa da, Azərbaycan
dilində materiallara çox az yer
ayrılırdı).
"Vətən yolunda"
qəzetində cəbhə xəbərləri ilə
yanaşı, Azərbaycanın mədəniyyətindən,
tarixindən, xalqın azadlıq uğrunda mübarizə
salnaməsindən, ədəbiyyatından maraqlı məqalələrə
geniş yer verilirdi. Qəzetin redaksiyasında şairlərdən
Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd
Rahim, yazıçılardan Mirzə İbrahimov, Süleyman Rəhimov,
Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin
Dağlı, eləcə də Qulam Məmmədli, Cəfər
Xəndan və bir çox başqaları işləmişlər.
Getdikcə yerli ziyalılardan çoxları
redaksiyaya ayaq açdılar. Bunlardan Əli Fitrət,
Mehdi Çavuşi, Mehdi Etimad, Mir Haşım Tərlan, Səfvəd,
Yəhya Şeyda, Məhəmməd Biriya, Müzəffrər
Dirəfşi, Balaş Azəroğlu, Fəxrəddin Məhzun,
Əli Tudə, Hilal Nasiri, Mədinə Gülgün, Hökumə
Bülluri və başqaları qəzetin səhifələrində
öz şeirləri ilə çıxış etməyə
başladılar.
Sonralar Şimaldan gələn
yaradıcı ziyalılar tərəfindən qoyulan
bünövrəni cənublu həmkarları davamlı
inkişaf etdirdi. Qəzet özünə geniş oxucu
auditoriyası toplaya bilmişdi.
"Vətən yolunda"
qəzetinin Cənubi Azərbaycan ədəbiyyatında,
publisistikasında yeni qələm ordusunun meydana
çıxmasında böyük rolu danılmazdır.
"Vətən yolunda"
qəzetinin nəzdində "Şairlər məclisi" təşkil
olunmuşdu. "Bütün Cənubi Azərbaycan və
İranda şöhrət tapan "Vətən yolunda" az
zaman içərisində Cənubi Azərbaycan şairlərinin
ədəbi mərkəzinə çevrildi. Bura gələn
və elmi, ədəbi məsləhətlər alan şairləri bir ədəbi təşkilat
altına almaq zərurəti doğurdu.
Bu ədəbi təşkilat
Azərbaycan ədəbiyyatı tarixinin görkəmli
simalarını tanıtdırmaq və müasir şairlərin
yaradıcılığını inkişaf etdirmək məqsədilə
təşkil olunmuşdu. Ədəbi məclis
bədii söz sənətinin hörmət və qiymətini
özünə qaytarmaqla bərabər, həm də gələcək
fəaliyyəti üçün ətraflı
düşünülmüş planlar tərtib edib həyata
keçirməyə başladı.
Məclis "Şairlər
məclisi" adı altında aylıq ədəbi məcmuə
də hazırlayırdı. Məcmuənin
saylarında yalnız məclis üzvləri deyil, Cənubi Azərbaycan,
həmçinin İranda yaşayan və ana dilində yazan
başqa şairlər də iştirak edirdilər.
21 Azər Nehzətindən
qürurlanan yerli şairlər İnqilabın özü ilə
gətirdiyi uğurlardan ilham alır, sanki şeir
yarışmasına girərək onun poetik əksini
yaradırdılar.
Bağır Niknam "Al günəş
adlı" şeirində yazırdı:
Nə gözəl al günəş
doğdu təbiət,
Məhv olub büsbütün
dağıldı zülmət.
Xalqımız göstərib
böyük şəhamət,
Qurub yurdumuzda Milli Hökumət.
Haşım Tərlan
soydaşlarını taleyüklü məsələlərdə
fəal olmağa, inqilabın müsbət tərəflərindən
bəhrələnməyə səsləyirdi:
İndi doğma diyar geyinir əlvan
Vətən göylərindən
çəkilir duman.
Fəxrdir könlümə bu söz
hər zaman
Azərbaycan adlı ellər
mənimdir.
"Şairlər məclisi"nin fəal üzvü olan Müzəffrər
Dirəfşi böyük sevinc və coşqunluqla xalq
birliyini tərənnüm edirdi:
Birlik yumruqdur ki, edər düşməni
nabud,
Birlik böyk amildi, qılar
elləri məsud.
Birlik deyilən möcüzəli
qüvvədi yaxud,
Bir seldi ki, verəcək
zülmə nəhayət.
1941-46-cı illərdə Cənubi Azərbaycanda ədəbiyyat öz yüksəliş mərhələsini yaşayırdı. Millətin işıqlı gələcəyini, Vətənin azadlığı yolunda heç bir çətinlikdən, ölümdən belə qorxmayan demokratik düşüncəli qələm sahibləri bir əllərində qələm, bir əllərində də silah xalqa xidmət edir, fədaiyə çevrilirdilər. Ədəbiyyatda əsas mövzular xalqın qəhrəmanlıq tarixinə, inqilabi keçmişinə müraciət, 21 Azər hərəkatının, Ana dilinin təsvir və tərənnümü ilə bağlı idi.
Güney Azərbaycanın ictimai həyatın bütün sahələrdə uğurları, Tehranın hakim dairələrində böyük təşviş yaradır, İran hökuməti hərəkatı boğmağa hazırlaşırdı. Mərkəzi hökumət İngiltərə, ABŞ və SSRİ arasındakı ziddiyyətlərdən istifadə edərək "İran məsələsi"nin BMT-də baxılmasına nail oldu. 1946-cı il dekabrın 12-də İranın Mərkəzi hökuməti Azərbaycanın Milli Hökuməti ilə imzaladığı anlaşmalarda bu dövləti rəsmən tanısa da, Pəhləvi ordusu Azərbaycana təcavüz etdi, bununla da Milli Hökuməti süquta yetirdi.
Milli Hökumət dövründə fəallıq göstərən kəndli, fəhlə, ziyalı və sahibkarlar təqiblərə məruz qaldılar. ADF və Milli Hökumətin rəhbərləri güllələndilər, dar ağacından asıldılar. Minlərlə vətənpərvər mühacirət etməyə məcbur oldu. Onların çox hissəsi Azərbaycan SSRİ-ə keçdi.
1941-1946-cı illər milli-azadlıq hərəkatının məğlubiyyətinin əsas səbəbi ABŞ, İngiltərə və SSRİ-nin İrandakı siyasətilə bağlı idi. Bu dövlətlər Güney Azərbaycanının milli-demokratik hökumətini imperiya mənafelərinə qurban verdilər. Hər üç dövlət imperiyapərəst maraqlarını bütöv bir xalqın taleyindən üstün tutdu.
O illərdə "Vətən yolunda" qəzeti ilə yanaşı, ADF-nin orqanı olan "Azərbaycan" qəzeti və şair Rəsul Rzanın redaktorluğu ilə nəşr olunan "Azərbaycan" dərgisində dərc olunan materiallarda ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi.
Xalqın istiqlalla, xoşbəxt gələcəklə bağlı arzu və istəkləri, ana dili, kimliyi bu dövr ədəbiyyatının aparıcı mövzusu olub milli şüurun formalaşmasına da böyük təkan verdi.
Güney Azərbaycandakı milli-azadlıq hərəkatı məğlubiyyətə uğrasa da, ölkənin sonrakı tarixinə çox böyük təsir göstərdi.
Pərvanə Məmmədli
Ədəbiyyat
qəzeti 2020.- 30 dekabr.- S.31.