Varislər
Bəhlul Abbasov: "Həyatlarını
düzgün qura bilməyənlər qorxurdu ondan..."
"Varislər"in bugünkü qonağı unudulmaz
yazıçı-dramaturq Seyfəddin Dağlının
oğlu, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı
Bəhlul Abbasovdur.
Gözünü
Bakının 100 kilometrliyində, Xızı
dağlarının qoynunda açmışdı.
Mikayıl Müşfiq, Cəfər Cabbarlı ilə həmyerli
idi. Lap uşaqlıqdan ədəbiyyata həvəs
göstərir, mütaliə edir, arabir də yazırdı.
Böyük Azərbaycan dramaturqu Cəfər
Cabbarlı dünyasını dəyişəndə onun 13
yaşı vardı və bu hadisə yeniyetməni çox
sarsıtdı. Yaxın ətrafı o
gün onun xəlvətə çəkilib
hönkür-hönkür ağladığını
gördü. Bu saflıq ömrünün
sonuna qədər onunla yaşadı. Nə
qədər baməzə, hazırcavab olsa da, kövrək
idi.
Cəfər Cabbarlı dünyasını dəyişəndə
heç kəsin ağlına gəlməzdi ki, bu yeniyetmə
bir gün böyük dramaturqun yadigarına - Gülarə
xanıma könül açacaq. Bəli, o, Cəfər
Cabbarlının kürəkəni oldu. Böyük Vətən
müharibəsində iştirak etdi, müharibədən
sonra Moskvada Lenin adına Hərbi Siyasi
Akademiyaya qəbul olunaraq, orada peşəkar redaktor təhsili
aldı. Sonradan ömrünün müxtəlif
illərində "Vətən uğrunda" və "Kommunist"
qəzetlərində ədəbi işçi kimi fəaliyyət
göstərdi. Dövlət Radio və
Televiziya Komitəsinin sədr müavini və baş redaktoru
oldu, ömrünün 17 ilini isə "Kirpi" jurnalına
bağladı.
Söhbət öz şirin yumorlu pyesləri, bir-birindən
maraqlı hekayələri, romanları ilə xatırlanan
unudulmaz yazıçımız Seyfəddin Dağlıdan
gedir. Onun varisi, istedadlı şərqşünas və
gözəl tərcüməçi Bəhlul Abbasovla
görüşümüz Bakıdakı "Qış
bulvarı"nda, çay süfrəsi arxasında baş
tutdu. Söhbəti elə Cəfər
Cabbarlıdan başladıq.
Cəfər
Cabbarlının kürəkəni olan yazıçı
- Əslində, atamgilin ailəsi ilə Cəfərgil həm
də uzaq qohum olublar, amma əsas qohumluğum odur ki, Cəfər
Cabbarlı mənim ana babamdır, yəni atamın
qayınatasıdır. Eyni rayondan idilər. Atamın əmisi,
Azərbaycan radiosunun ilk sədri olmuş Şəmsəddin
Abbasovla Cəfər yaxın dost olub, o, həm də Cəfərin
qardaşı qızının yoldaşı idi.
- Səhv
etmirəmsə, Şəmsəddin Abbasov həm də aktyor,
yazıçı, rəssam Gündüz Abbasovun atası
olub.
- Bəli-bəli,
"Bir qalanın sirri" filminin Elşəni. Ümumiyyətlə, Abbasovlar nəsli Azərbaycan mədəniyyətinə,
incəsəntinə bir neçə layiqli nümayəndə
verib. Atam əmisigilə gedib-gələndə
Cəfəri görmüşdü. Nənəm
Sona xanımın dediyinə görə, Cəfərin qəfil
ölümü atama çox pis təsir edib, çox
sarsılıb. Çünki atam
yaradıcılığa lap erkən başlayıb,
özü də Mikayıl Müşfiqlə eyni kənddən
- Sayadlardan olub.
Atam doğulandan bir neçə gün sonra anası
dünyasını dəyişib və babasının - Bəhlul
kişinin himayəsində böyüyüb. Mənə də
onun adını vermişdi. Sonra Bakıya
köçüblər. Bakıda texnikum təhsili
alıb. Gənc yaşlarında əvvəl
şeirlə, sonra kiçik hekayələr, publisistik
yazılarla çap olunmağa başlayıb.
- Seyfəddin
müəllim sağlığında məşhur adam idi. Teatrlarda pyesləri
tamaşaya qoyulur, ölkənin yeganə televiziya kanalı
onun yazdığı əsərləri səhnələşdirirdi.
Özü də mühüm dövlət vəzifəsində
işləyirdi, Radio və Televiziya Komitəsinin sədr
müavini idi...
- Hə,
ağlım kəsəndən onu ədəbiyyatın
içində görmüşəm. Televiziyada
vəzifəyə çəkilənə qədər
"Kommunist" qəzetində korrektorluq edib.
İşgüzar adam idi. Bizə
ailədə korluq verməyib heç vaxt. Axşam işdən qayıdandan sonra bir-iki saat
yatıb dincini alır, sonra səhərə qədər
işləyirdi. Dəniz neftçilərinin həyatından
bəhs edən "Dəniz kəşfiyyatçısı"
adlı ilk kitabı müharibədən bir neçə il sonra 1948-ci ildə çap olunub. Oçerklərdən ibarət balaca
kitabçadır. Onun ardınca 1950-ci ildə
yenə oçerklərdən ibarət "Neft mərkəzi",
sonra ilk hekayələr toplusu olan "Məşəl"
adlı kitabı çap olunub. 1962-ci ildə
Cəfər Cabbarlıya həsr etdiyi "Bahar oğlu"
romanı çox maraqla qarşılanmışdı. Ümumilikdə, irili-xırdalı 17-18 kitabı
çap olunub.
- Seyfəddin Dağlı 1959-cu ildən "Kirpi"
satirik jurnalının baş redaktoru olub. Öz
dövründə "Kirpi" çox "qorxulu" jurnal
idi, qılıncının qəbzəsi də kəsirdi və
heç kəs onun səhifələrinə düşmək
istəmirdi. "Kirpi" jurnalının
Seyfəddin Dağlı dövrü var. İmkanları necə
idi o dövrdə? Dostu-tanışı kim
idi? Qorxanlar, qaçanlar kim idi o vaxt ondan?
Zəng vuranlar, özünü tapşıranlar,
qapısında yatanlar...
- Bəli,
"Kirpi" çox nüfuzlu jurnal idi və dediyiniz kimi,
heç kəs onun səhifələrinə düşmək
istəmirdi. Amma atam çox prinsipial adam
olub, haqqı-nahaqqa verməyib. Ailədə də,
işdə də ailəcanlı, mülayim, səmimi idi.
Həyatlarını düzgün qura bilməyənlər
qorxurdu ondan. Düzgünlüyünə
görə qorxurdular. Əliəyrilər,
oğrular, möhtəkirlər, antipodlar, yəni
dövrün tipajları. Həmin tiplər
"Kirpi"nin əsas hədəfi idi.
"Kirpi"nin tikanı elələrindən
yan keçmirdi. Atamın redaktorluğu
dövründə jurnal ictimai-siyasi orqandan satirik ədəbi-publisistik
orqana çevrilmişdi. Evimizdə
jurnalın demək olar bütün nömrələri qorunur. Çox məşhur
müəllifləri vardı. Süleyman Rüstəmin,
Süleyman Rəhimovun, Əli Vəliyevin, Mir Cəlalın dəst-xətti
ilə yazılmış əlyazmalar evdə qalır. Biri
atama Mirzə deyirdi, biri Qədeş... Yəni
bu adamlarla çox səmimi münasibəti vardı. Jurnal hər həftə çıxırdı və
köşklərdə tapılmırdı. Ona görə də hamı abunə olunmaq istəyirdi.
Orada həm böyüklər, həm də
uşaqlar üçün yazılar olurdu. Xalq rəssamı
Nəcəfqulu baş rəssamı idi "Kirpi"nin. Onun illüstrasiyaları,
karikaturaları çox sevilirdi.
Ondan Mərkəzi
Komitəyə şikayət edirdilər
- Məncə,
jurnal birmənalı qarşılanmırdı. Axı hamı bu jurnalı sevə bilməzdi.
- Əlbəttə. Qara yaxanlar da çox idi. Jurnalın bir
nömrəsinin üz qabığında həkim
karikaturası verilmişdi, əməliyyata hazırlaşan həkimin
maskası qırmızı onluq (sovet pulu) kimi çəkilmişdi.
Aləm qarışmışdı bir-birinə.
Bizdə rüşvətxor həkim ola
bilməz, sovet həkimi belə ola bilməz, filan. Tənqid eləmişdilər onu. Atamın məsələsi Mərkəzi Komitənin
Bürosuna qədər gedib çıxmışdı.
Amma dostları onun müdafiəsinə
qalxdı. "Bakı" və
"Baku" qəzetlərinin baş redaktoru, rəhmətlik
Nəsir İmanquliyev, "Kommunist"in baş redaktoru
Ağababa Rzayev və başqaları. Hətta
Ağababa Rzayev televiziya çıxışında
demişdi ki, "Seyfəddini güdaza vermək olmazdı.
Bu adam faktları yazır". Jurnalın siqnal nömrələri Mərkəzi
Komitəyə gedirdi. Həmin dövrdə
ümummilli liderimiz Heydər Əliyev Mərkəzi Komitənin
birinci katibi idi. Elə adamlar vardı ki,
atamı bir yolla vurmaq istəyirdi, nömrəni
götürüb katibə göstərirdilər,
"mız" qoyurdular, "burada nəsə qərəzlidir"
deyirdilər. Başqalarından da eşitmişəm,
atam da deyirdi ki, Heydər Əliyev bir dəfə elə adamlardan
birinə qətiyyətlə deyib: "Seyfəddindən mənə
şikayət etməyin!". Bununla da hamı susmuşdu, çünki atamın təmizliyinə,
dürüstlüyünə hamı inanırdı.
Hamı bilirdi ki, bu jurnalda qərəzli heç nə ola bilməz. Və tənqidi
yazılara o dəqiqə yüksək səviyyədə reaksiya
gəlirdi, hətta bəzi adamlar jurnaldakı yazılarla islah
olunurdu.
- "Kirpi" haradasa "Molla Nəsrəddin"in
davamçısı idi. Təzyiqlər olurdumu atanıza? Ürəyini tutan, əsəbləşən,
yorulan vaxtları çoxmu olurdu?
- Möhkəm adam idi, öz işinə arxayın idi və işinin
peşəkarı idi. Moskvada məhz redaktorluq üzrə ali təhsil almışdı. Amma
ömrünün son illərində bəzi dostlarının
xəyanəti sarsıtmışdı onu.
Evlənməzdən
əvvəl sevdiyi qıza qüsurlarını sadalayan adam
- Ananız Gülarə xanım iki ilə
yaxındır dünyasını dəyişib. Allah rəhmət
eləsin. O nə deyirdi Seyfəddin müəllim
haqqında?
-
Anamın bir sözünü həmişə
xatırlayıram. Atam ona deyib ki, Gülarə,
həmişə başını dik tuta, insanların
gözünə dik baxa bilərsən. Çünki
heç kəs Seyfəddin bir manat rüşvət alıb,
evinə haram gətirib deyə bilməz.
- Seyfəddin
müəllim sırf Cəfər Cabbarlının kürəkəni
olmaq üçün Gülarə xanımı
seçmişdi, yoxsa arada sevgi olub?
- Əlbəttə, sevgi olub. Atam sevgiyə dəyər verən adam idi. Evlənmək vaxtı
çatanda anamı seçib. Tanıyırdı
onu. Əmisi Şəmsəddin Abbasovun
evində görmüşdü. Anam
universitetin filologiya fakültəsində oxuyurmuş. Deyirdi ki, gördüm hərbi geyimdə bir oğlan
məni gözləyir. Çoxdan
görüşmürmüşlər, o vaxt atam Moskvada
oxuyurmuş. Könlünü anama
açanda yenə zarafatından qalmayıb, deyib iki qüsurum
var, qoy indidən deyim, biləsən. Bəlkə
heç bu qüsurlarla məni bəyənmədin...
-
Maraqlıdır. Nə imiş Seyfəddin
müəllimin o iki qüsuru?
- (Gülür). Anama deyib ki, birinci qüsurum yatanda
xoruldamağımdır, ikinci qüsurum isə çeçələ
barmağım əyridir. Beləcə, həm
də zarafatı, xoş aurası ilə anamın
könlünə girib. Ailədə
üç uşaq olmuşuq. Mən şərqşünas,
bacım jurnalist, qardaşım hüquqşünasdır.
Atam əski əlifba ilə oxuyub-yazırdı, amma fars dilini bilmirdi. Müharibə
vaxtı İranda olanda oradan qədim kitablar alıb gətirmişdi.
Uşaqlıqda zəhləsini tökürdüm: "Bu
kitabları oxuya bilmirsən niyə almısan?".
Deyirdi, bəlkə lazım oldu. Sonra mən
şərqşünaslığa qəbul olanda sevindi, dedi hə,
axır ki, bu kitabları oxuyan tapıldı. Bacım
onun yolu ilə getdi, jurnalistikanı seçdi.
-
Yaxın dostları kim idi? Kimlər
gəlib-gedirdi evə? Kimlərlə
oturub-dururdu? Boş vaxtlarında, ədəbiyyatdan,
işdən kənar vaxtlarında nə edirdi?
- Xalq rəssamı
Nəcəfqulu ilə ailəvi dost idik. Dövrün
əksər yazıçıları, şairləri gəlib-gedirdi
evimizə. Ən yaxın dostları Ağababa Rzayev,
Ənvər Əlibəyli, Nəbi Xəzri, Salam Qədirzadə,
Cabir Novruz, Qabil... Əlağa Vahid də tez-tez
gəlirdi bizə. Evimizdə tez-tez
şeir məclisləri, musiqi gecələri qurulurdu. Vahid qonşuluqda yaşayırdı. Uşaq
idim, həyətdə oynayırdım, gördüm həyət
qapısından bir yaşlı kişi boylanır. Atamı
soruşdu, dedim evdədir. Dedi, get ona de Vahid əmi
çağırır. Gedib xəbər verdim, atam tez onu qarşılamağa
gəldi, görüşdülər, evə dəvət etdi:
"Qədeş, qapıda niyə dayanmısan, keç evə",
- təkid etsə də, Vahid gəlmədi, burdan keçirdim
elə: "Qurban olum Ətağanın cəddinə, Gedim
salam verim bir Seyfəddinə", - dedi,
gülüşdülər. Bu gün də
onların əksəriyyətinin övladları ilə
dostluğumuz davam edir. O ki qaldı boş vaxtlarına,
bağda meynələrə qulluq edirdi, ağacları
sulayırdı, həyət-bacaya əl gəzdirirdi. Həm də torpaq adamıydı.
Sovet
dövründə onun pyesi haqqında "Amerikanın səsi"
danışırdı
- Seyfəddin
müəllim yazıçı idi, dramaturq idi, jurnalist idi,
bir sözlə, ədəbiyyat adamıydı. Yazdığı
pyeslər teatr səhnələrində oynanılır,
televiziyada göstərilirdi. Məşhur aktyorlar
iştirak edirdi o tamaşalarda: Nəsibə xanım Zeynalova,
Əlağa Ağayev, Səyavuş Aslan və başqaları.
- Hə,
sizə deyim ki, hətta "Adı sənin, dadı mənim"
pyesi İqor Peşenyevin tərcüməsində
"İmya tvayo, blaqo mayo" adı ilə Moskva Akademik Dram
Teatrında tamaşaya qoyulmuş və Mərkəzi Televiziya
ilə nümayiş olunmuşdu. İkihissəli
tamaşa idi və məşhur rus aktyorları həmin
tamaşada rol almışdı. Hətta
filmdə "mayor Vixr" rolunu ifa edən Vadim Beroyev baş
rolu - Qəlyanalını oynamışdı. Moskvadakı tamaşaya qədər bu əsəri
yıxıb-sürüyənlər çox idi, haqqında
sovet gerçəkliyindən uzaq obrazlar, nə bilim qeyri-real
mövzu və s. deyirdilər, amma Mərkəzi Televiziyada
tamaşa gedəndən sonra hamı susdu. Hətta
"Amerikanın səsi" radiostansiyasının
verilişlərinin birində bu tamaşa haqqında müsbət
fikirlər deyilmişdi.
- Sizə
elə gəlmirmi ki, Seyfəddin Dağlının
yaratdığı personajlar da sovet dövrü kimi bitdiyi
üçün teatrlar bu gün həmin pyeslərə
müraciət etmir. Onun "qəhrəmanları"
daha çox "Kirpi"yə hədəf olan tipajlar idi və
bu gün elə adamlar sərbəst işləyə,
yaşaya bilirlər.
- Yox, deməzdim
ki, atamın qəhrəmanları sovet quruluşu ilə bir
yerdə bitdi. Əslində, bütün
dövrlərdə əliəyrilər, rüşvətxorlar,
yaramaz adamlar olub və yəqin, yenə olacaq. Düzünü desəm, bunun səbəbini bilmirəm,
görünür, yada düşmür. Ya da nəsə
başqa problemlər var. Məsələn, onun babamın həyatına
həsr etdiyi "Aydınlığa doğru" pyesi Gənc
Tamaşaçılar Teatrında maraqla
qarşılanmışdı və ötən il Cəfər
Cabbarlının 120 illik yubileyində bu pyes tamaşaya qoyula
bilərdi. Sonra onun "Təzə gəlin" komediyası
Musiqili Teatrda uğurla getmişdi və bu gün də eyni
maraqla qarşılana bilər... Elə digər pyesləri də
aktualdır...
Cəfər
Cabbarlını zəhərləmişdilər...
- Bəhlul
müəllim, Cəfər Cabbarlıdan söz
düşmüşkən: cəmiyyətdə onun
ölümü ilə bağlı müxtəlif fikirlər
dolaşır. Hətta onun zəhərləndirilərək
öldürüldüyünü deyənlər də olub...
1934-cü ildə Cəfər dünyasını dəyişən
ərəfədə teatrda ona qarşı kampaniya gedirdi, bu səbəbdən
kinostudiyaya üz tutmuşdu, düşmənləri çox
idi: ürəyini partlatdılar, yoxsa zəhərlədilər?
- Bunu dəqiqliyi
ilə deyə bilmərəm. Amma nənəmin
- Sona xanımın xatirələri var, onu da atamın təkidi
ilə qələmə aldı. Atam da, biz
də nənəmizə Sona bacı deyirdik. Az qala bütün məhəllə camaatı,
yazıçılar ona Sona bacı deyirdi. Rəhmətlik
babam da ona Sonası deyib. "Ay Sonası, əhli-əyalın
anası" kimi bir əzizləməsi də olub. Babam dünyasını dəyişəndə
dayımın 10, anamın 4 yaşı olub, bu səbəbdən
onların yadında babamla bağlı ciddi bir xatirə
qalmamışdı. Mən orta məktəbdə
oxuyurdum. Nənəm əski əlifba ilə
yazırdı xatirələrini, sonra üzündən mənə
oxuyurdu imla kimi, mən də onu kirillə təzədən dəftərə
yazırdım. Həmin xatirələrin adı "Onu kim unudar" idi və kitabın redaktoru da atam
oldu.
Teatrdan getməyinin səbəbi məlumdur. İclasların
birində məşhur aktyorlardan "kimsə" deyib ki, Cəfər
teatrı monopoliyaya alıb. Repertuarda ancaq
onun pyesləridir. Babam da deyib ki, axı mən
heç kəsin əlindən tutub yazmasına mane olmuram,
yazsınlar da. Bundan sonra kinostudiyaya gedib.
Orada da eyni uğurla işləyib, amma belə
ittihamlar çox sarsıdıb onu. Zəhərlənməsi
ilə bağlı dəqiq heç nə bilmərəm, amma
nənəm bir dəfə ötəri demişdi ki, babam
dünyasını dəyişəndə həkimlər
konsilium ediblər, aradan illər keçəndən sonra bir dəfə
nənəm həmin həkimlərdən biri ilə
rastlaşıb və ona deyib: "Doktor, axı niyə belə
oldu? Cəfərin ölüm səbəbi doğrudan da
infarkt idimi?". Həkim də
cavab verib ki, "Sona xanım, çox da dərinə getmə".
Görünür, bütün müəmmalar
da elə bu bir cümlə ilə bağlıdır.
Onun ruhu
evdə dolaşırdı
- Seyfəddin
müəllim 1983-cü ildə dünyasını dəyişdi.
Xəstə idi?
-
Əslində, ürəyindən şikayət edirdi və dayım
onu "leçkomissiyada" (Mərkəzi Kliniki Xəstəxana)
yatırtmaq fikrindəydi, atam gecikdirirdi, çünki
oradakı palatalar ikinəfərlik idi və gecələr
durub işlədiyindən heç kəsə mane olmaq istəmirdi.
Elə oldu ki, dayım ona birnəfərlik palata
düzəltdi və elə xəstəxanaya malicəyə
gedəcəyi gün səhər tezdən
dünyasını dəyişdi. Qismət... O,
dünyasını dəyişəndən sonra qəribə
mistik hadisə baş verdi evimizdə. Son
kitabının qonorarı "Azərnəşr"də
idi, ölümündən bir neçə gün sonra nəşriyyatın
direktoru, rəhmətlik Əjdər Xanbabayev evə zəng
vurub dedi ki, gəlin Seyfəddinin qonorarını alın. Getdim, Əjdər müəllim mənimlə birlikdə
mühasibatlığa düşdü və məlum oldu ki,
atam ölümündən iki gün əvvəl gəlib
qonorarını alıb, amma pulları hara qoymuşdu, neyləmişdi
bilmirdik. Evə qayıtdım.
Artıq bir neçə cümə axşamını da
vermişdik, ev həmişə
başsağlığına gələnlərlə dolu
olurdu. Bir axşam hamını yola saldıqdan
sonra evdə ailə üzvləri oturub söhbət edirdik, bu
vaxt elə bil sirli bir əl gəlib kitab rəfindəki
kitablardan birini götürüb yerə atdı və pullar ətrafa
səpələndi. Bu, onun "Azərnəşr"dən
aldığı qonorar idi. Alıb,
kitabın arasına qoymuşdu. Nə bilirdi rəhmətə
gedəcək... Mənə tərcüməçiliyi
də atam öyrətdi. Müxtəlif rus
mətnləri verirdi ki, tərcümə elə baxım,
ciddi yanaşmırdım, təkid edirdi və beləcə bu
günə qədər tərcüməçiliklə məşğul
oluram. Özü
də xeyli film, pyes tərcümə etmişdi və ən məşhur
tərcümələrindən biri də "İşdə
məhəbbət macərası" filminin mətni idi.
Bəhlul Abbasov
Söhbətləşdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2020.- 1 fevral. S. 4-5.