Yay
günlərindən Qış gecələrinə
Yaradıcılıq
üçün ən vacib meyar zamandı... Həm
indiki, həm keçmiş, həm də gələcək
zaman. Və elə qələm
adamının da sənətkarlıq xüsusiyyətlərindən,
peşəkarlığından, toxunduğu mövzulardan
söz açanda zamanı nə dərəcədə hiss
etməsi, onunla ünsiyyəti nəzərə alınır.
Burada əsas olan bir neçə məqam var: bu günə
ayıq baxmaq, boşluqları seçmək və gələcəyi
önduyumla hiss etmək. Bu mənada bir çox klassiklər
haqqında "zəmanəsinin ən böyük
yazıçısı", "zamanı qabaqlayan",
"aktuallığını itirməyən" və s.
kimi ifadələrin işlədilməsi təsadüfi deyil. Həqiqətən yazıçının zamanla
dialoq məharəti bütün yaratdıqlarının əsası
və sığortasıdır.
Uzun illərdir ki, oxuduğum,
araşdırdığım yazıçı Anarın
yaradıcılıq yoluna ümumi bir nəzər salanda məhz
zamanla ünsiyyət diqqəti çəkir. 60-cı illərdə
ədəbiyyata gələn yazıçı hər şeydən
öncə bu gününü dəqiq görüb qiymətini
verir. Yəni Sovet dövrünün
"olmaz"ları, mülayimləşmə ilə azca
aralanmış nəfəslik, qadağalar içərisinə
"sızan" azad hava və bu şəraitdə gerçək
sənət yaratmağın mümkünlüyü,
yolları, üsulları... Hər şeydən öncə
daha əvvəl dediyim boşluqların hiss olunması və
doldurulması. Nədən ibarət idi
boşluq? Sadə, sıradan oxucu kitab səhifələrində
özünü, bu gününü, duyğularını,
yaşadıqlarını, məişətini görmək və
bütün bunlara yazıçının gözü ilə
baxmaq istəyirdi. Elə bu dönəmdə
Anar məhz sıravi adamları qəhrəmanlarına
çevirir, onların zahirən kiçik problemlərinin dərinliyini
göstərir, ənənəvi ədəbiyyatşünaslıq
təbiri ilə desək, mühitin naqis cəhətlərini,
dövrün çatışmazlıqlarını elə bu
adidən-adi adamların diliylə ifadə edir. Axı, əslində, hisslərimizi,
duyğularımızı, necəliyimizi öyrədən ən
böyük elm sənətdir və bizə bənzəyənlərin
yaşantıları da, həyatı da özünüdərkimiz
üçün vasitədir. Ona görə Anarın Təhminəsi,
Əsməri, Həmidəsi, Zauru, Oqtayı, Spartakı, Fuad
Salahlısı, Şövqü Şəfizadəsi, Feyzulla Kəbirlinskisi
və başqa bu sıradan olan qəhrəmanları oxucuyla
qısa bir zamanda doğmalaşır, onun yaxınına,
tanışına çevrilir. Eyni zamanda
bütün bu qəhrəmanların əsl ədəbiyyat, sənət
meyarları içərisində təqdimatı da onların
unudulmazlığını təmin edir. Beləliklə,
Anarın yaşadığı zamanı hiss edib yazması,
onu təbii şəkildə rahat buraxmayan,
düşündürən mövzuların həm də
vaxtın diktəsi olması qənaətinə gələ
bilərik. Və elə müstəqillik
illərində yenə də zamanla dialoqda olan
yazıçının yenilənən vaxtı (yaxud zəmanəni!)
əsərlərinə gətirməsi təsadüf deyil.
Əgər Sovet dönəmində iri planda, əslində
diqqətdən kənarda qalmış Kəbirlinski idisə,
müstəqillik illərində bütöv millət, xalq,
onu simvolizə edən qəhrəmanlar və hadisələr
önə çıxırdı. Bu mənada Kərim
Əsgəroğlu, Məlik Məmmədli, həkim Oruc
zamanın adamları idilər və onların məhz
Anarın əsərlərinə ayaq açması o qədər
təbiidir ki... Əslində, sadəcə
panorama şəklində keçdiyim, həm də
anlamağa çalışdığım bu məsələlər
yazıçının həyatı - daha doğrusu, ictimai və
vətəndaş mövqeyi ilə
yaradıcılığının iç-içə
olduğunu göstərir. Və elə bu
kontekstdən yanaşanda qəribə və qeyri-adi bir davamiyyət
var Anar yaradıcılığında. Sanki
yazıçı həm özünün, həm qəhrəmanlarının,
həm də ölkəsinin taleyini izləyir və
bütün bunların cəmini yazmağa, yaratmağa
çalışır. Həmçinin bədii
qəhrəmanların da dəqiq, canlı, özünəməxsus
olmasındandır ki, oxucu onların sonrakı həyatını
fəhm edə bilir. Ümumiləşdirsək, bu
adamları dəyişən və dəyişməyən -
deyə iki qrupa ayırmaq olar... Və əslində,
dəyişməyən (oxu - satılmayan) adamların dəyişən
dünya, azad olmayan cəmiyyət və riyakar kütlə
içərisindəki narahatlığı, əzabları,
mübarizəsi Anar yaradıcılığından qırmızı
xətlə keçir.
Bu
günlərdə yazıçının 20 Yanvar faciəsinin
30 illiyinə ithaf olaraq qələmə aldığı
"Şəhərin qış gecələri" pyesi
"Şəhərin yay günləri" haqqında
düşündürdü... Əlbəttə, illər
öncə yay günlərində baş verənlərlə
90-cı ilin 20 Yanvarında, qış gecələrində
olanları müqayisə belə etmək yersizdi... Anarın 70-ci illərdə yazdığı,
rejissor Tofiq Kazımov tərəfindən quruluş verilən
əsər çox ciddi reaksiyalara və səs-küyə səbəb
olmuşdu. Elə o zaman Heydər Əliyev səhnə əsərindən
təsirlənmişdi və bu tamaşaya hər kəsin,
xüsusən ali məktəb müəllim
və tələbələrinin baxmalı olduğunu söyləmişdi.
1980-ci ildə Anar və tamaşanın
iştirakçıları Şəfiqə Məmmədova,
Səməndər Rzayev Azərbaycanın Dövlət
mükafatına layiq görülmüşdülər.
Tamaşanın
uğurları ilə yanaşı, burada göstərilən
rüşvətxorluq, riakarlıq, yalanlara görə
narazı qalanlar da az deyildi. Yenə
də öz əməllərini görən Şamxallar, Bəhram
Zeynallılar, Firuzlar, Ağarəfilər "axı biz belə
deyilik", - deyə etiraz edirdilər. Amma
illər keçir və aydın olur ki, hər şey elə
yazılan kimi imiş. Və mənə
görə "Şəhərin yay günləri"
Anarın Sovet dövrü yaradıcılığının
həyəcan təbilidir. Məhz təhsilin
satılması, bilikli, savadlı adamların yox, pulu,
imkanı, qohumu, tanışı olanların ali
məktəbə qəbul edilməsi cəmiyyətin ən
böyük bəlasıdır, millətin gələcəyinin
məhvi deməkdir və Anar şəhərin yay günlərində,
yəni qəbul imtahanları vaxtı baş verənləri
yazmaqla bu qorxulu hadisələrə diqqət çəkir. Və əlbəttə, artıq söylədiyim
kimi, bütün bu alverin, riyanın, əsas meyarı maddiyyat
olan dünyanın içərisində əziyyət çəkən
Qiyas Zeynallıdır. Sadə bir universitet müəllimi
Qiyasın əmisi və Lermontovun təbirincə desək,
"zəmanə qəhrəmanları"nın
əsas siması, simvolu olan Bəhram Zeynallıya
ünvanladığı sual elə yazıçının
bizlərə ünvanladığı sualdı:
"Ay əmi,
sənə qurban olum, nə olub bizə? Axı
biz elə deyildik, ay əmi. Yadında...
yadında o vaxt, mən uşaq olanda... nə yaxşı
günlər idi. Ova gedərdik, sən, mən
bir də mənim atam yazıq. Atamla sənin
bircə dəst fərri kostyumunuz vardı. Nənəm danışardı. Deyir
hansı erkən oyansaydı, kostyumu o çərtlədərdi
əyninə, gedərdi qızların görüşünə.
Yox, məni başa sal, əmi, sən axı uşaqlıqda hər
şeyi mənə başa salardın, nə olub axı bizə...
(hirslə yumruğunu boşqaba vurur,
boşqab sınır)".
Məhz bunu, bizə nə olduğunu, niyə belə dəyişildiyimizi,
rəngsizləşdiyimizi, hətta daha sərt desək,
simasızlaşdığımızı anlamağa və
anlatmağa çalışan müəllif heç də hər
şeyi, hamını tünd boyalarla təsvir etmir,
işıq yeri də qoyur. İşıq isə
yenə balaca, sadə, sıradan adamlardan gəlir.
Qürurunu sındırmayan taksi sürücüsü Əjdər,
qatar bələdçisi qadın və
onun qızı Qumru... Yazıçı bu
adamların vasitəsilə göstərir ki, bütün
zamanlarda və zəmanələrdə, istənilən
mühitdə ləyaqətini, mənliyini qoruyaraq yaşamaq
mümkündü. Və elə Qiyas Zeynallının
düzgünlük sevdalısı olmasına etiraz edən,
gözünü aç bax camaat necə yaşayır, - deyə
üsyan qaldıran xanımı Dilarə üçün də
pyes boyu başlarına gələnlər həyat dərsinə
çevrilir. Həmişə həyat
yoldaşı Qiyası danlayan, onun tutduğu yol,
qazancının miqdarı və insanlara münasibətilə
razılaşmayan qadının əsərin sonunda
yumşalması ilk baxışda qəribə gəlir.
Amma dramaturgiyanın qanunlarını dəqiq bilən və
hadisələri bunlara əməl edərək qələmə
alan Anarın mətnində göydəndüşmə
nə isə ola bilməz. Müəllif ləyaqət,
doğruluq, düzgünlük - deyən qəhrəmanını,
Qiyası çətin bir sınağa çəkir.
Oğlu Namiq idarə etdiyi maşınla qəza törədir
və sevgilisi Qumru ölür... Həbsxanaya
atılmış Namiqi xilas etməkdən ötrü Qiyas
müstəntiq Şamxalın oğlunu ali
məktəbə qəbul etdirməli və bunun
üçün üç adamı imtahandan kəsməlidi.
Əsərin əsas məğzi, qayəsi də bu yerdə
açılır... İnsanın əsl
siması, xisləti itkilərlə üzə
çıxır. Axı dinclik, sülh və
xoşbəxtlik anlarında çox ağıllı,
çox yaxşı, çox fədakar, çox nəcib,
çox nəzakətli, çox kübar, çox
qayğıkeş, çox mehriban, çox gözütox
olmaq çətin deyil. Zatən də insan
özünü xoşbəxt hiss edəndə yaxşı cəhətləri
qabarır... Amma ekstremal şəraitdə, insan
üçün dözülməz olan itkilər yaşananda
gerçək xarakter, daha çox da iradə, şəxsiyyət
öz sözünü deyir. Bu mənada bütün pyes
boyu bütöv və kamil şəxsiyyət kimi
tanıdığımız Qiyasın öz oğlunu xilas etməkdən
ötrü başqasını haqsız yerə imtahandan kəsməməsi
gözləniləndi... Amma Dilarə! Məndən
ötrü əgər dram əsərində qəhrəmanın
inkişafı, kamilləşməsi şərtlərdən
biridirsə, "Şəhərin yay günləri"ndə
bu metamorfoz, yetkinləşmə məhz Dilarənin həyatında,
xarakterində baş verir... Oğlu həbsxanaya
düşmüş qadın başını itirir, dəli
olmaq həddində ərini ittiham edir və müstəntiq
Şamxalın, Bəhram əminin məsləhətiylə
qızının ölümündən hələ ki xəbərsiz
qatar bələdçisi qadınla
görüşməyə, ona pul təklif etməyə gedir,
amma övladını itirmiş ananın elə bir halın
görür ki...
"Dilarə:
Mən vağzala getmişdim, Qiyas, o arvadı
qarşılamağa. Dəhşətdir, Qiyas. Sən
təsəvvür eləyə bilməzsən. Vaqondan gülə-gülə düşdü.
Əlində də bir banka göbələk
vardı. (Ağlayır). Danışa
bilmirəm, Qiyas. Ömrüm boyu unuda bilməyəcəm
onun qışqırığını. Biləndə
ki... ilahi, övlad itirməkdən ağır nə dərd ola bilər? Yeganə balanı... Ayrı heç kəsi yoxdur. Əri
təzə arvad alıb. İnanırsan,
Namiq də yadımdan çıxdı. Mən o arvada göz qoydum, dünyasında o bizdən
pul götürməz. Mən lap yəqin bilirəm.
Qiyas: Mən
də. Amma o, Namiqə qarşı da bir şey
eləməyəcək.
Dilarə:
Hardan bilirsən?
Qiyas:
Çünki Namiq indi ona yeganə canlı xatirədir
qızı barədə. Namiq ordan
çıxandan sonra qızın qəbri üstünə bir
yerdə gedəcəklər axı.
Dilarə:
Onu bilirəm ki, heç vaxt bizdən pul götürməz.
Bilmirəm, nə isə var o arvadda, nə isə elə bir
şey ki... sözlə demək çətindir e!..
Qiyas: Ləyaqət".
Bu məqamda Dilarə ilə bələdçi
xanımın dərdi çox fərqlidir. Namiq həbsə
düşüb, amma sağ-salamatdı, bələdçinin
qızı Qumru isə ölüb, qadının onsuz da kimsəsiz
dünyasından həmişəlik gedib. Amma
bu qadına pul təklif etmək olmaz. Çünki
o, övladını itirib, ləyaqətini yox. Məncə, bu anlar Dilarənin katarsisi baş verir.
Və bütün pyesin, hadisələrin buna, bunu
çatdırmağa xidmət etməsinə şübhə
yoxdur...
20 ilə
yaxın zaman keçdi və "Şəhərin yay
günləri"nin qəhrəmanları
qış gecələrinə düşdülər, daha
böyük, daha dəhşətli hadisə ilə, 20 Yanvar
faciəsi ilə üzləşdilər. Bax bu ən
ciddi sınaqdı, həm bütöv xalq, həm də əsərin
qəhrəmanları üçün. Və təbii
ki, xarakter ustası olan müəllif qəhrəmanlarının
da xasiyyətini bu olayın içərisində dəqiq
yazır...
20 Yanvar faciəsinin 30-cu ildönümü ərəfəsində
Anar "Şəhərin qış gecələri"
adlandırdığı pyesi həm "Azərbaycan" dərgisinə,
həm də Gənc Tamaşaçılar Teatrına təqdim
etdi. Qısa
müddətdə əvvəl dərgidə işıq
üzü görən, daha sonra teatrda Əməkdar incəsənət
xadimi Bəhram Osmanov tərəfindən quruluş verilən əsər
oxucunu, tamaşaçını o günlərə
qaytardı və bir ovuc adamın, Zeynallılar ailəsi vasitəsilə
faciələrimiz haqqında düşünməyə
sövq etdi. Həm əsəri oxuyanda, həm məşqlərində
iştirak edib Bəhram Osmanovun son dərəcə dəqiq
quruluşunu izləyəndə, sonra da hazır tamaşaya
baxanda bir sual çıxmadı beynimdən... Görəsən,
bu qış gecələrində olanların bəzi səbəbləri
də elə yay günlərində baş verənlər
deyil ki? Zamanında daha həssas olsaydıq, maddiyyatla, hədiyyənin
dəyəri ilə ölçməsəydik adamları,
nadanları muzdla ali savadlı edib vəzifələrə
keçirməsəydik belə olardı nəticə? Görən tarixi faciələrimizdə öz
günah payımız nə qədərdir? Ümumiyyətlə, nəticə çıxara
bilmişikmi başımıza gələnlərdən?
Bilmirəm!
Əlbəttə,
bütün baş verənlərin siyasi tərəfi tam da
olmasa, aydındı... Səməndər
quşu kimi öz külümüzdən
doğulmağımız, itkilərdən müstəqilliyə
doğru getməyimiz və azadlıq adlanan zirvəyə
yüksəlməyimiz də qürur verir. Amma Dostoyevski
də haqlıdı axı... Heç bir inqilab bircə
uşağın damlaca göz yaşına dəyməz... Bəs anaların fəryadı, qolu-qanadı
qırılmış kişilərin acizliyi, gənclərin
sındırılması, ümidsizlik, əbədi yaddan
çıxmayacaq xof, bütün bunlar olmalı idimi?
Oldu və Anarın yeni əsərində qələmə
aldıqlarında reallıq yazıçı təxəyyülü
ilə yazılmışlardan daha çoxdur... O zaman SSRİ
Ali Sovetinin deputatı olan Anar həm siyasi hadisələrin mərkəzində
idi, həm meydanda baş verənləri yaxından izləyirdi,
həm də Yazıçılar Birliyinin sədri kimi rəhbərlik
etdiyi təşkilatı bir mərkəzə,
"ştab"a çevirmişdi, amma bunlardan daha ciddi məsələ
yenə də illər öncə, həmişə olduğu
kimi zamanı, olayları görməsi, duyması və
yazıçı "laboratoriyasından" keçirməsidir.
Ona görə "Şəhərin qış gecələri"
əsəri 30 il qabaqki hadisələrin,
faciəyə gətirən səbəblərin, ümumi
ölkədəki mənzərənin, səhnəarxası məqamların
ən dəqiq təsviridir, deyə bilərik... Bu mənada yazıçının sözlə təsvir
etdiklərinin səhnədə də ən dəqiq ifadəsi
heç şübhəsiz ki, başda rejissor Bəhram Osmanov
olmaqla, tamaşanın yaradıcı heyətinin xidmətidir.
Bəhram müəllimin özünəməxsus bədii
şərtilik üsulu ilə, həm də elə 20 Yanvar
günləri kimi sopsoyuq ovqatda qurduğu tamaşa elə ilk dəqiqələrindən
tilsimləyir adamı. Səhnədəki kamera əvvəlcə bizi göstərir
və müəlliflər faciələrimizə nəzər
salmazdan, qəhrəmanlara qiymət verməzdən əvvəl
özümüzə baxmağa, öz davranışımızı
dəyərləndirməyə çağırırlar... Səhnədə iri ekranın önündə,
Qiyas Zeynallının evinin arxasında işıq dirəyi
yıxılıb. Tamaşanın rəssamı Arif
Əbdürəhmanlının uğurlu tapıntısı
olan bu detal, əslində, o günlərin ovqatını
simvolizə edir... Axı elə o zaman
işığımız sönmüşdü, dirəyimiz
yıxılmışdı, qaranlıq
çökmüşdü dünyamıza. Və bu bəzən
meydanda tribuna, bəzən Qiyas Zeynallı ilə bütün
başqaları arasında sədd olan dirək tamaşanın
sonunda elə Qiyasın və Dilarənin evinin dirəyinin
(Namiqin!) yıxıldığını göstərəcək...
Yenə də hər şey yaxşı və pis mənada
polifonikdir. Əslində o günlərdə zahirən hamı,
hər kəs bir böyük ideala xidmət edirdi. Amma
neyləməli ki, tarix qəhrəmanlar tablosunda boşluqlar
buraxmır... Əgər Xalqı düşünən və
bütün qəlbi ilə səmimi şəkildə narahat
olan ziyalı Qiyas varsa, hər şeyə lağlağı
yanaşan, kefkom Sədyar da var, yuxarıdan
tapşırıqları xalqın mənafeyindən
üstün tutan Şamxal da var, ortada var-gəl edib öz
nüfuzu, ad-sanı üçün qorxan, yenə də ailəsini
qorumaq istəyən Bəhram Zeynallı da var, arxada məmur
yanında türkçülüyü
yıxıb-sürüyüb meydanda türk oğlu, türk
yurdunu güclü olmağa çağıran Çopur
Cabbar da, təbii ki, burdadı... Və bu bir-birinə bənzəməyən
adamları canlandıran aktyorlarımız yaratdıqları dəqiq
xarakterlərlə inandırırlar tamaşaçını...
Elşən Çarhanlının ağır oturub batman gələn
Bəhram Zeynallısı, Şövqü Hüseynovun
qara-qışqırıq salan, hərdən də əsl
simasını gizlətməkdən ötrü imam sifəti
alan Çopuru, yaxud Ədalət Əbdülsəmədin
"Atropatı unutma" deyib meydanı lağlağıya
çevirən Sədyarı, Bəhram Həsənovun
bütün erməniləri Ambaryan gözündə görən
gənc, çılğın Namiqi, Manaf Dadaşovun həbsxana
qanunlarıyla danışan Ağarəfisi, İlham Əsədovun
Hamlet monoloqunun qolunu-qanadını sındıran Firuzu, Vahid
Orucoğlunun zahiri bir vicdan əzabı oynayan Rasimi, Ramil Məmmədovun
özünü hamıdan ağıllı göstərən
Zakiri elə səhnədəncə tanış gəlir hər
kəsə, çünki bu adamlar hamısı olublar, özlərini
də bu cür aparıblar. Ona görə hər
şey bu qədər təsirlidir. Həmçinin Xalq
artisti Siyavuş Kəriminin hadisələri, xarakterləri dəqiq
ifadə edən musiqiləri də tamaşanın
ovqatını bir az da qabardır...
Və əlbəttə,
bu kişilərin içərisində
çaşıb-qalmış, özü demiş - canı
boğazına yığılan Dilarə... Qiyas
Zeynallını ifa edən Elşən Rüstəmov və
Dilarəni canladıran Kəmalə Hüseynova tandemi
tamaşanın əsas uğurlarından biridir. Qiyasın sakit, soyuqqanlı, amma narahat xarakterini dəqiq
çatdıran aktyor həyat yoldaşının da
etirazlarına uyğun ovqatda cavab verir və mənə
görə gözümüzün önündə baş verən
bu fərqlər aktyorun peşəkarlığına bağlıdır.
Həmçinin unudulmaz qadın rollarının
ifaçısı Kəmalə xanım da burda mərkəzdə
durmağı, gah ərini yola gətirən, gah
qardaşının yersiz replikalarını ört-basdır
edən, gah incidiyi Bəhram əmiylə dil tapan, hələ
üstəgəl zülmlərdən keçmiş oğluna
təsəlli verən qadını bütün xarakter
çalarları ilə göstərə, daha doğrusu, bizlərlə
birgə yaşaya bilir. Dilarənin də Qiyasın da xarakteri,
davranışı taksi sürücüsü Əjdərin
(Rövşən Abbasov) erməni Qurgeni (Kərəm
Hadızadə) gətirdiyi məqamda yeni yönləri ilə
açılır... Həm də azərbaycanlıların
düşmənindən fərqini göstərir bu məqam.
Axı hələ XX əsrin əvvəllərində
Mirzə Cəlil "Kamança"sı ilə bu fərqi
aydın ifadə edirdi. Qəhrəman Yüzbaşı əlinə
düşmüş ermənini öldürmür, onun
kamançada ifasından kövrəlir və buraxır onu... Anar da öz sələfinin, ustadının
davamçısı kimi erməni obrazı - Qurgen vasitəsilə
əslində, bizlərin, Azərbaycan türkünün
üstünlüyünü önə çəkir. Yazımın bu məqamında səhnə əsəri
ətrafında gedən müzakirələri ümumiləşdirərək
bir məqama diqqət çəkmək istərdim.
Tamaşanın qurulduğu günlərdə və ictimai
baxışından sonra teatrımızın direktoru Naidə
xanım İsmayılzadə çox dəqiq bir fikir söylədi...
Dedi ki, Anar müəllim bütün olanları necə varsa
elə yazıb, nə bir söz artıq, nə bir söz əskik.
Qısa zamanda qurulan tamaşa bu müddət ərzində
teatrın hər bir əməkdaşının əsas
işinə çevrildiyi üçün səhərdən-axşamadək
günümüz Zeynallıların evində, meydanda və 20
Yanvar faciəsinin içərisində keçirdi. Bu mənada
Naidə xanımın da fikirləri təsadüfi deyildi, əsəri
dəfələrlə oxumağımızdan, səhnədə
söz-söz, cümlə-cümlə qurulduqca müşahidə
etməyimizdən irəli gəlirdi... Amma bir
anlıq sual yaranır - xalqın milli faciəsini göstərən,
qurtuluş savaşını əks etdirən əsərdə
düşmən obrazına ehtiyac varmı? Bəli, birmənalı
var... Və əsərin sonunda satqın,
yalançı nəvəsinin rus telekanalı efirində
dediklərindən xəcalət çəkən, Qiyasın
oğlu Namiqin ölümünə acıyan Qurgenin
özünü eyvandan atması gerçək sənət
elementidir. Axı sənət hər
şeydən əvvəl Xeyiri təbliğ etməli, sülhə
çağırmalı, obyektiv olmalı və bütöv
milləti birmənalı yamanlamamalıdı. Bu mənada
XX əsrin ən böyük soyqırımı Xolokost
haqqında çəkilmiş dünya kinematoqrafının
incisi sayılan filmlərdə - əslən yəhudi olan
Stiven Spilberqin "Şindlerin siyahısı"nda məhz yəhudilərə
kömək edən alman Oskar Şindlerin, yaxud Roman Polanskinin
"Pianoçu"sunda musiqiçi Vladislav Şpilmana
yardımçı olan alman hərbçisinin qəhrəmanlığının
göstərilməsi məqsədlidi. Axı
alman sözü birmənalı faşist anlamına gələ
bilməz, hər halda sənət bunu deməməlidir.
Və elə bu kontekstdən yanaşanda Anarın "Şəhərin
qış gecələri"ndə Qurgenin varlığı
və intiharı tamamilə təbiidir...
Anar təxminən 80-ci illərin sonunda verdiyi bir
müsahibəsində özündən gileylənir ki, qəhrəmanlarının
sonrakı taleyini izləyə bilməyib. Doğrusu,
tamaşaya baxdıqca bir anlıq o illərdən bu
günümüzə keçmiş qəhrəmanların
başına gələnlərə görə
sıxılırdım. Müəllif üçün
bütün bu obrazlar canlı, real adamlardı... Dostu, doğması, əzizi kimi. Və Qiyasla Dilarənin yenidən övlad
acısı çəkməsi, doğrudan da, tarixi faciənin
ən dəhşətli detallarından biridir. Amma nə Anarın əsərində, nə də Bəhram
Osmanovun tamaşasında övladının ölüm xəbərini
deməli olan ata, yaxud bunu eşidən ana vay-şivən edə
bilməzdi. Etmədilər də... Elşən Rüstəmov
- Qiyas boğula-boğula verdi xəbəri,
az qala pıçıltı ilə, Kəmalə xanım -
Dilarə içində, için-için ağladı...
Çünki 20 il əvvəl
övladını itirmiş qatar bələdçisi
qadının özünü necə təmkinli, ləyaqətli
apardığını görmüşdü...
Və
tamaşanın sonunda Heydər Əliyevin 20 Yanvar faciəsindən
sonrakı məşhur çıxışı, Qiyasa, Dilarəyə,
elə bizim hamımıza başsağlığı olaraq səsləndi...
Siyavuş Kəriminin Anarın sözlərinə
yazdığı Vətən marşı isə gələcəyə
ümidlərimizi, inamımızı, itirmədiyimiz
gücümüzü ifadə etdi...
Yazımın
əvvəlində "Şəhərin yay günləri"nin Anarın Sovet dövrü
yaradıcılığının həyəcan təbili
olduğunu qeyd etdim... Müstəqillik dövründə
yazdıqlarının isə həyəcan təbili
"Ağ qoç, qara qoç"dur... Çünki yenə
də dəyərləri unutsaq, söy-kökümüzdən
qopsaq, ləyaqəti, insanlığı sözə
çevirməyə yadırğasaq o dəhşətli
"Qış gecələri"ndə qanımız
bahasına qazandıqlarımızı ən azı mənən
itirə bilərik... Özümüzü itirə bilərik!
Pərvin
Ədəbiyyat qəzeti . -2020.- 1 fevral.- S.6-7.