"Qış
gecələri"nin nağılı yox, "Ölüm, ya
olum" məsələsi
Xalq yazıçısı Anarın
yeni pyesinin tamaşası haqqında
"Yanvarın
19-dan 20-nə keçən qanlı gecənin mən nə
şahidlərindən ola bildim, nə də şəhidlərindən...". "Paris dəftəri" adlı irihəcmli
publisist yazım ("Ədəbiyyat və incəsənət"
qəzeti 9 fevral 1990): "... həmin gecə, bəlkə də
həmin anlarda Parisdə ağır bir yuxu gördüm,
ağır xəbəri isə səhər-səhər
eşitdim. Paris televiziyası şəhərimizə soxulan
ağır rus tanklarını göstərir, Bakı hadisələri
barədə həyəcanlı xəbərlər verirdi...".
Azərbaycan
Prezidenti cənab İlham Əliyev 13 dekabr 2019-cu il tarixində "20 Yanvar faciəsinin 30-cu ildönümü
haqqında" sərəncam imzaladı. Respublikada
millət ayağa qalxıb tarixi yubiley gününü qeyd
edir, günahsız insanları qətlə yetirən imperiya və
onun sadiq nökərlərini nifrətlə lənətləyir,
istiqlalımız yolunda həlak olanların xatirəsini əziz
tuturdu. Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının geniş səhnəsində
isə Xalq yazıçısı Anarın "Şəhərin
qış günləri" adlı yeni pyesinin
tamaşası gedirdi. İstər-istəməz
o ağrılı günləri yenidən
xatırlayırdım.
Anar müəllim bu əsəri yazmalıydı. Yazdı da.
O, həmin illərdə SSRİ Ali Sovetinin deputatı kimi Mərkəzi
Parlamentin iclaslarında fəal iştirakı ilə
yanaşı, çıxışlar edir, təkliflərini
verirdi.
Əsərdə də görürük ki,
işğalçı ordunun Bakıya yeridilməsi barədə
Parlament üzvlərinin (Xalq yazıçısı Anarın
və b. azərbaycanlı nümayəndələrin) verdiyi rəsmi
sorğuya Kremldə oturan imperiya
başçılarının yalan vədləri ifşa
olunur.
Dramaturq zəmanəsinin bu gizli qəsdini sənədli
ittiham aktı kimi açıb bizə göstərirdi.
Müəllif
şahid rolundaydı!
Bəlkə də bunun nəticəsidir ki,
yaradıcılığına böyük hörmət
etdiyim Əməkdar incəsənət xadimi,
quruluşçu rejissor (o həm də teatrın baş
rejissorudur) Bəhram Osmanov bədii ümumiləşdirmə
ilə bərabər, publisist təqdimatı da onunla paralel
aparır, mürəkkəb kolliziyaları ustalıqla yoluna
qoyur.
Tamaşaçı müxtəlif ictimai vəziyyətləri
eyni vaxtda yaşadığı üçün, siyası
ab-havanı da duyur və beləliklə, onun
iştirakçısına çevrilir.
Ümumxalq nümayişlərindən tamaşa boyu
göstərilən kinokadrları misal göstərmək
olar. Çünki biz bu tamaşa içindəki
tamaşanı (kinokadrları) amansız qəddarlığa
qarşı qalxan etiraz tufanını, milli oyanış hisslərinin
tüğyanı, güclü daxili yanğının səngimək
bilməyən zahiri işartısı kimi də qəbul
edirik və alqışlayırıq. Məhz
o kinokadrlar Azərbaycanda əsrin ab-havası obrazında təzahür
edir.
Hadisələr rəmzi mənada bir ailənin
timsalında cərəyan etsə də, əsas məsələ
cəmiyyətdə imperiya tərəfindən təklənən
və keçmişi, bu günü olan qədim bir xalqın,
qəfil düşdüyü vəziyyətdən qurtuluş
yolunu axtarmasıdır.
Dost-tanış həyatın istisini-soyuğunu
görmüş Qiyas kişinin (Əməkdar artist Elşən
Rüstəmov) evinə yığışıb gəlir. Həyat
yoldaşı Dilarə xanımın (Əməkdar artist Kəmalə
Hüseynova) ad gününü keçirir ki, bu da belə
ağır günlərə təsadüf edib. Oğulları Namiq (artist Bəhram Həsənov)
dustaqlıqdan təzəcə buraxılmışdır.
O, həbsxana dostu Şamxalı da (artist Vüqar Məmmədəliyev)
ad gününə dəvət etmişdir. Onun
yaxşılığını unuda bilmir. "Qaçırdı" deyə, onu güllə
ilə vurmaq istəyən həbsxananın erməni nəzarətçilərinin
əlindən xilas eləyən bu dostu olmuşdur. Yaxud Əjdər kişinin (artist Rövşən
Abbasov) erməni Qurgeni (artist Kərəm Hacızadə) gətirib
Qiyas kişinin evində iki-üç gün gizlətmək
üçün dil-ağız eləməsi, o evdə Qurgenə
verilən haqlı suallar təsirli səhnələrdəndir.
Natiqlərin bir-bir qalxıb kürsüdən şablon
danışıqları, hər dəfə "Sözü
Atropata verin" ifadəsi, kürsünün özü
quruluşcu rejissorun orijinal axtarışlarının nəticəsi
kimi yadda qalır.
Ailənin
gözünün ağı-qarası Namiqin ölüm xəbərinin
gəlməsi (beləliklə, ad gününü yasa döndərir)
Qiyas kişi ilə Dilarə xanım ad
gününün əhval-ruhiyyəsini deyil, faciə
içində faciə rolunu oynamağa məhkum olurlar.
Tamaşada gördüyümüz bütün bu
peripetiyalar ümumxalq fəlakətinin olduğu kimi
qavranılmasına xidmət edir ki, bu da mənim fikrimcə,
birinci növbədə müəlliflə rejissor həmrəyliyinin
gözəl nəticəsi kimi izah edilə bilər.
Bu qədər gərginlikdən sonra
tamaşaçıların dərindən nəfəs
aldığı bir səhnə də var ki, bu da ümummilli
lider Heydər Əliyevin şərəfli adı ilə
bağlıdır.
Yuxarıda dediyim kimi, mən Parisə,
yaradıcılıq ezamiyyətinə gedəndə, məni
Moskvadan, Azərbaycan nümayəndəliyindən yola
salmışdılar. Qayıdanda da oraya gəldim və bir
neçə gün əvvəl gördüyüm binanı
tanımadım. Qapı-pəncərələr
sındırılmışdı. Divarlarda
güllə yerləri aydın görünürdü. Beynəlxalq qanunlara görə isə nümayəndəliklər
də səfirliklər kimi toxunulmazdı.
Paris televiziyası xəbər vermişdi ki, Azərbaycan
nümayəndəliyi 52 nəfər naməlum (Moskvada naməlum?!)
şəxs tərəfindən tarmar edilmişdir. Bildirdilər ki, bir gün
qabaq ümummilli lider Heydər Əliyev oğlu İlham
Əliyev və b. ailə üzvləri burada olmuş, 20 Yanvar
faciəsini törətmiş Sov.İKP MK-nı, sovet dövlətinin
və hökumətinin rəhbərliyini xarici ölkə
jurnalistləri qarşısında ittiham etmişdir.
Əsərin
final səhnəsində bizə tanış
və doğma səsi eşidirik:
"Buraya mən əvvəl ona görə gəlmişəm
ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi
nümayəndəliyində böyük itkilərə səbəb
olmuş faciə ilə bağlı bütün Azərbaycan
xalqına başsağlığı verim. İkinci tərəfdən,
bu məsələyə öz münasibətimi bildirmək
istəyirəm. Azərbaycanın
Moskvadakı nümayəndəliyindən xahiş edirəm
ki, mənim sözlərimi, kədərimi,
başsağlığımı Azərbaycan xalqına
çatdırsın. Hazırda başqa
imkanım olmadığı üçün təəssüf
hissi keçirirəm. Azərbaycanda
baş vermiş hadisələrə gəlincə, mən
onları hüquqa, demokratiyaya yabancı, humanizmə və
ölkəmizdə elan olunmuş hüquqi dövlət
quruculuğu prinsiplərinə zidd hesab edirəm".
Tamaşaya siyasi siqlət verən, qəhrəmanlıq
nümunəsi olan bu riskli addım və verdiyi Bəyanat - ulu
öndərin Azərbaycan xalqının zülmə,
zorakılığa qarşı yenilməzliyinin tarixi
nümayişiydi.
Görkəmli bəstəkarımız Siyavuş Kərimi
tamaşaya məxsusi musiqi bəstələmişdir ki, bu səslər
həm hadisələri, həm də
tamaşaçıların əhval-ruhiyyəsini səfərbər
edir, müşayiət edir.
Əməkdar rəssam Arif Əbdürrəhman
haqqında da deyə bilərəm ki, onun bədii tərtibatında
səhnə vəziyyəti və mühit bir-birini
tamamlayır.
Əslində, musiqi də, tərtibat da
tamaşada bir obraz kimi iştirak edir.
"Şəhərin qış gecələri"
pyesi Xalq yazıçısı Anarın yeni Bəyanatıydı.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı yeni, 92-ci mövsümünü bu Bəyanatla
açırdı.
Uğurlar!
28.01.2020
Nəriman Həsənzadə
Ədəbiyyat qəzeti . -2020.- 1 fevral.- S.9.