Qızılı-qızıl
(novella)
Nikolay
Fyodoroviç İvanov (1956) Moskva, Suvorov adına
Hərbi Məktəbi və Lvov Ali Hərbi Siyasi Məktəbinin
jurnalistika fakültəsini bitirib. 1985-ci ildə
"Sovetski voin" jurnalında müxbir və baş redaktor
işləyib. İyirmidən artıq nəsr
və dramaturgiya kitablarının müəllifidir.
N.Ostrovski və M.Bulqakov adına nüfuzlu
ədəbiyyat mükafatlarına layiq görülüb. Rusiya Yazıçılar Birliyinin sədridir.
Alnına
yaşıl lent bağlamış saqqallı dəstəbaşı:
- Oraya getməlisən, - dedi və avtomatının lüləsi
ilə dağ yamacını göstərdi. - Yamacın
arxasında oğlunu tapa bilərsən. Əgər
oğlundan orada bir nişanə qalıbsa... Əlbəttə,
gedə bilsən...
Onun bu sözünə həmin yamacda minalar
basdırmış döyüşçülər yerlərində
quruyub qaldılar. Onlar öz təhlükəsizliyi
üçün gediş-gəliş sahəsini
minalamışdılar. Federal qüvvələrin
kəşfiyyatçıları tələfat verib geri
çəkilmişdi.
Top atəşlərinə
tuş gəlmiş çaqqallar mərmilərdən
oğurlanaraq dərəyə çəkilmiş və
sonradan üzə çıxanda isə minalardan atəşfəşanlıq
düzəldirdilər. Qaçmaq istəyən
əsirlər də minaya düşərək tikə-tikə
olub havaya uçmuşdular.
Oğlu?
Oğlu burada yox idi, ancaq boynundan pravoslav
xaçını çıxarmağa etiraz etmiş əsir
rus əsgəri haqqında eşitmişdilər. Nahaq xaçı boynundan çıxarmaq istəməmişdi.
Boynunu vurmuşdular, xaç çəmənliyə
düşmüşdü. İpək sapa
keçirilmiş balaca xaç bir anda qana boyanmışdı.
Bədən qürurla yerində
çırpınmışdı. Yaşaya
bilərdi. Xaçsız keçinmək
olmazdı məgər? Axmaq. Onu yamacın arxasında dəfn etmişdilər.
Get ana, get. İndicə axşam düşəcək,
dağlarda hava tez qaralır. Heyif ki, gedib
çatmayacaqsan. Ora gedər-gəlməzdir.
Qadın getdi.
O,
minaları birləşdirən məftillərin üzərini
örtmüş yaşıl otların üstüylə
gedirdi. Mərmi yarası almış kolluqlar
arxada qalırdı. Ətrafda, minalı
çöllərdə kimlərinsə övladlarının
nə özününkülər, nə də düşmənlər
tərəfindən aparılmış, atılıb
qalmış, yanmış sümükləri
görünürdü. Sümükləri dərhal bir
yerə toplayıb dua oxuyaraq adam kimi dəfn
etmək də olardı. Ancaq o özünü ətindən-qanından
olan, quldurlara qulaq asmayan axmaq oğluna çatdırmalı
idi. İlahi, niyə belə etdin? Axı, o özü adamların gözü
qabağında oğlunun boynuna xaç bağladı ki, bəladan
qorunsun. O görürdü ki, Jenka dostlarından
utandığı üçün xaçı köynəyinin
altında gizlətdi. Düşündü ki,
ondan ayrılan kimi oğlu xaçı boynundan
çıxarıb atacaq və günaha batacaq. Ancaq
oğlu xaçı çıxarmayıbmış...
Sonra şəxsi Günəşinin, hakimiyyətinin,
nökərlərinin olmasını istəyən bəslənmiş,
tox, harınlamış görkəmli saqqallılar o
qadının arxasınca baxacaqdılar. Hələ təpərini
saxlayan qadın üç ay o yad baxışları öz
üzərində hiss edəcəkdi. Təhqirə,
alçalmaya dözmüşdü. Üç ay
yalnız əlləri ilə qoruduğu başına
yağış yağdı... Onu
özünkülər də, düşmənlər də atəşə
tutdu. Tənha və yad qaraltıya
müharibədə hər ehtimala qarşı, ya da təsadüfən
hamı güllə atır. O, yarpaqların şehini
içdi, ot yedi. Bataqlıqlarda
ayaqqabılarını itirmişdi, indi dağ
cığırlarında, meşədə, daşlı-kəsəkli
yollarda ayaqyalın gedirdi. Yad yerdə, yad
savaşda itkin düşmüş oğlunu axtarırdı.
Yarıyuxulu bir quldur dəstəsindən o biri
quldur dəstəsinə, acqarına bir auldan o biri aula, bir dərədən
o biri dərəyə addımlayırdı. Bircə şeyi bilirdi. Oğlunun
ölüsünü və ya dirisini tapmayınca bu yerləri,
bu dağları və yamacları tərk etməyəcək.
"Kömək elə İlahi! Oğlumu
tapmağa mənə güc ver! Dizin-dizin olsa da
gedəcəyəm. Rəhm elə! Sonra nə
istəyirsən elə. Canımı, ruhumu, ağlımı
əlimdən al, ancaq indi ümidimi üzmə...".
- Bu dəqiqə
külü göyə sovrulacaq.
- Yeddi
canı var, ancaq buradan heç kəs sağ
çıxmayıb.
Qadını gözdən qoymayan
döyüşçülər marıqda durmuşdular. Həm onun
ayağının altından qalxacaq fəlakət
anını qaçırmamaq üçün, həm də
qadının əzabdan qurtulmasını gözləyirdilər.
Heç nə baş vermirdi. Ya İlahi ona oğlu
Jenkanın xətrinə rəhm edib qıymırdı, ya da mələklər
uçub gələrək qanadlarını gərir, onun
qanlı ayaqlarını minalara toxunmağa qoymurdu. O,
oğlunu tapa biləcək yerlərə doğru dayanmadan irəliləyir,
başına bağladığı yaşıl lentdə ərəbcə
yazılar olan dəstəbaşından uzaqlaşırdı.
Qadın yaşıllıqda uzaq qaraltıya çevriləndə
döyüşçülərdən biri snayper tüfəngini
qaldırıb onun əyilmiş çiynini nişan
aldı. Təhlükə sovuşdu, atəş
sərrast olmadı.
Saqqallının
əli əsmişdi, silahı acıqla kənara çevirib
dərədəki qaranlıq kahaya çəkildi...
...İki
gündən sonra piyada döyüş alayının
önünə əlində ipək sap dolanmış
xaç olan ağsaçlı bir qarı çıxdı. İlk baxışdan onun rus, yoxsa çeçen
qadın olduğu anlaşılmırdı.
- Dayan,
kimdir? - təlimata əməl edən
qarovulçu soruşdu.
- Bir
anadır.
- Burada
döyüş gedir, ana! Çıx get!
-
Heç yana gedən deyiləm, oğlumu
axtarıram!
Əllərini qaldırdı - dırnaqları yox idi. Ağrıdan
vətərləri əyilmiş biləkləri
göründü. Uzaq dağ
yamaclarını göstərdi. Daşlıqda
itirdiyi dırnaqları ilə xırda çınqıllar
arasından eşib çıxarmışdı. Bir vaxt Jenkanı cırnatmaq üçün ona
"Qızılı-qızıl" - deyə əzizləyən
ana oğlunun kəsilmiş sarı başını
tapınca huşunu itirmişdi. Sonra
oğlunun başsız bədəninin yanında nə qədər
özündən getmişdi yadında deyil. Ancaq
ayılınca başının üstündə
döyüşçüləri görüb birdən-birə
dəhşətli dərəcədə sevinmişdi,
oğlunun kəsik başının bədənindən
ayrı qalmasına yol verməmişdi...
...Qadının
xəfif iniltisini eşidən ağsaçlı, heç bir
müharibə görməyən siyasətçilərin və
hüquq müdafiəçilərin bir-birinə zidd göstərişlərini
yerinə yetirməkdən bezmiş podpolkovnik qızmar Günəş
altında alayın sıraya düzülməsini əmr etdi. Bütün əsgərlər döyüş
bayrağı ilə sıraya düzüldü.
Taqım və rota əsgərləri qəfil
hücumlar zamanı olduğu kimi dördbucaq şəklində
düzülüb bronejiletlərini qaydaya salınca o, qəfil
qonağı ortaya çəkdi. Hündür,
xırıltılı döyüş səsi ilə
qışqırdı. Bu
qışqırıq quldurlar sığınmış
dağlara, dərələrə, minalanmış
çöllərə yayıldı. O istəyirdi ki, səsini
siyasətçilər, generallar, ağsaqqallar, əsgər
anaları, bütün Çeçenistan və bütün
Rusiya eşitsin:
- Al-a-ay! Diz
çö-ö-ö-k!
Birinci
özü ağ başını əyib
balaca, qanlı ayaqları yalın qadının
qarşısında diz çökdü. Komandirin ardınca
döyüşlərdə vuruşa-vuruşa sayı
azalıb bircə batalyonluq qalan alay dizini
yerə qoydu.
Sıravilər də baş verənləri anlamadan dizləri
üstə düşdü.
Öz başçılarına inanan serjantlar da eyni hərəkəti
etdilər.
Sağ
qalmış üç gizir - Petrov və iki İvanov da diz
çökdülər. Aralarında leytenant yox
idi. Onlar döyüşdə həlak
olmuşdular. Gizirlərin arxasınca
mayorlar, kapitanlar əmrə əməl etdilər. Ancaq
kursantlıqda onlara öyrətmişdilər ki, sovet, rus
zabitləri üç halda dizlərini yerə qoya bilərlər:
Bulaqdan su içəndə, qadın öpəndə və
döyüş bayrağı ilə vidalaşanda.
İndi gənc, saçlarına dən
düşmüş komandirin əmri ilə onlar üzgün,
ayaqyalın-başıaçıq qadının
qarşısında baş əyirdilər. Qəfildən
tale qadının üzünə gülmüşdü.
O, Böyük Vətən müharibəsini keçmiş,
üstünə orden lentləri bağlanmış ipək,
qırmızı bayraqdan ucada idi. Podpolkovnikdən,
mayorlardan, kapitanlardan, üç gizir - Petrov və
İvanovlardan bir boy yuxarı qalxmışdı. Oğlu Jenka kimi heç bir qəhrəmanlıq
göstərməyən, cəmi bircə gün
döyüş görmüş, ikinci gün əsir
düşmüş sıravilərdən də yüksəkdə
dururdu. Qadın indi arxasındakı
dağlardan da yüksəyə ucalmışdı, dərələrdə
bitmiş ağaclardan da. Təkcə mavi
göy üzü onun gömgöy gözlərinə
baxır, sanki ondan güc almaq istəyirdi. Göz yaşları axarsa, külək qurutmağa
hazırdı. Günəş onun balaca, zərif
çiyinlərini, rəngi getmiş, hardansa
götürüb əyninə geyindiyi donu qızdırmağa
çalışırdı. Alay hələ
də dizi üstdə qalmaqda idi, sanki bütün Rusiya,
müharibəni dayandıra biləcək siyasətçilər
üçün və əsgər anasının əzab və
sarsıntılarına görə dua edirdilər. Onlar boynundan gizlicə pravoslav xaçı
asılmış və amma hamının gözü qarşısında
çıxarmaqdan imtina eləmiş böyük rus əsgəri,
bu dəhşətli və anlaşılmaz sallaqxanada
öldürülmüş sıravi, qızılı,
sarıbala döyüşçü Jenka üçün təzim
edirdilər.
Nikolay İvanov
Tərcümə
Əjdər Olundur
Ədəbiyyat qəzeti . -2020.- 1 fevral.- S.12.