Filmin
çəkilişləri zamanı bircə heyvan da zərər
çəkməyib
Pişiyin
hekayəsi
Aleksandr
Anatoliyeviç Trapeznikov (1953) - rus nasiridir. Ədəbi
yaradıcılığa ötən əsrin 70-ci illərindən
başlayıb. Maksim Qorki adına Moskva Akademik Bədii
Teatrında (MXAT) çalışıb. 70-dən çox
kitabın müəllifidir. "Çar darvazaları", Lənətlənmişlərin
sovuşması", "Məni qaçmağa
inandır", "Troya savaşının şərhçisi",
"Ayın kölgəsi" romanlarının,
"Qırmızı monarxın vəsiyyətnaməsi"
trilogiyasının, həmçinin, çoxsaylı tarixi
romanların müəllifidir. A.Tolstoy, S.Yesenin, İ.Bunin,
M.Lermontov, F.Dostoyevski adına ədəbi mükafatların, həmçinin,
"Moskva", "Sovetskaya jenşina", "Naş
sovremennik", "Moskovskiy vestnik" jurnallarının təsis
etdiyi müsabiqələrin qalibidir. "Literaturnaya
Rossiya" həftəliyinin şərhçisidir. Evlidir, iki
qızı, nəvəsi və nəticələri var.
Moskvada yaşayır.
Hər
dəfə bu gicbəsər ifadəni eşidəndə,
sinirlənirəm və caynaq atıram. Yalan
danışırlar! Sırtıq və abırsız
yalançılar. Düz beşinci filmdi çəkilirəm,
bilirəm axı nə var-nə yox. Daşka məni
bütün kinostudiyalara səbətin içində
aparır, elə bil mən onun meşədən
tapdığı tüklü iri kürən göbələyəm,
üstəlik quyruğum və bığlarım da var.
Düzdür, o məni həqiqətən də meşə kənarında,
məhz muxamor göbələyinin altında
tapmışdı, amma mən, sadəcə,
azmışdım. Balacaydım, yaxşı
xatırlamıram. Bəlkə də öz vaşaq nənəmi
axtarırdım. Axı bütün rejissorlar da deyir ki, məndə
nəsə vaşaqlara bənzərlik var. Xüsusilə
baxışlarımda və qulaqların duruşunda.
Oooh,
mən elə baxmağı bacarıram ki, gəl görəsən!
Bax buna görə də böyük həvəslə məni
bu gicgicə filmlərində çəkirlər. Hələ
üstəlik, bu işlərə görə mükafat-filan
da alırlar. Amma mən sonuncu çəkilişlərdə
elə ruhi ağrılar, elə mənəvi
sarsıntılar keçirdim ki... sözlə ifadə ediləsi
deyil. Daşka da anladı. Elə mükəmməl idim ki, hərəkətlərim,
hətta o sadist qadına da ləzzət elədi, əsl
peşəkara yaraşan kimi oynadım, ruhum və ürəyimlə:
Cek Nikolsonun ifa etdiyi canavar rolu mənim yanımda yalan oldu. Elə
belə, sözgəlişi deyirəm, amma mən onunla
keçən dəfəki festivallardan birində tanış
oldum... Düşünməyin ki, epizodlarda çəkilən
hansısa sısqa bir məstanam. Mən, sözün əsl mənasında,
aktyoram, ustadam.
Bir
sözlə, həndəvərimdə Daşkadan başqa heç
də hər kəsin eşidib bilmədiyi kinoəzablara
qayıdaq. Amma onun nə vecinə. Beynini qazısan da xeyri
yoxdur, məni kino ulduzu etmək istəyir. Düzünü
desəm, mən onu başa düşürəm və inad
etmirəm. Deyəsən, sizin hansısa bir müdrik söyləyib,
hə, incəsənət qurban tələb edir. Onu da mənim
günümə salsaydılar. Mənim yerimə kim olsa
miyoldamağa başlardı. Nə isə... Hələ
çəkilişlərdə qəzetdən bir oğlan elə
hey rejissorun yan-yörəsində fırlanırdı. Necəsə
girəvə tapıb ondan soruşdu:
- Zəhmət
olmasa deyin, burada filmin çəkilişləri zamanı
heyvanlardan heç biri zədə ala bilməz ki?
Bu
sözü eşidən kimi mən caynağımı düz
onun əlinin üstünə sancdım, çünki bu vaxt
o da məni tumarlayırdı. Reportyor qışqırdı,
rejissor isə təbəssümlə ona dedi:
-
Görürsüz? Heyvana bir şey olmaz, əksinə, onlardan
hər kəsə xətər dəyər. Hələ bir
danışırsız da!
- Siz
onun tükünü əks istiqamətdə
tumarladınız, - deyə, Daşa əlavə etdi, - Mənim
Blyambusum kobud davranışları sevmir. O da ola
tanımadığı bir adam.
Niyəsə
o məni Blyambus adlandırdı. Daha yaxşı bir ad fikirləşə
bilərdi. Fantaziyası bu qədərdi!
- Hə,
anladım, məncə, hər şeydən əvvəl bizi
bir-birimizə təqdim etməliydiz! - Reportyor Daşanın
ona tərəf uzatdığı cib dəsmalını əlinin
üstünə qoyub razılığını bildirdi. Dilənçilər!
Özünün
cib dəsmalı əlbəttə ki, yoxdu. Belələrinin
cibində heç vaxt heç nə tapılmaz. Daim onun-bunun əşyasını
istifadə edərlər. Ümumiyyətlə, o, ilk
baxışdan xoşuma gəlməmişdi. Uzundraz,
cılızın biridir. Düzdür, bığı da var.
Bu yaxşıdır. Məncə, Daşkam da incə
qızdır, üstəlik, onun yumşaq, kürən
saçları var. Amma bığsızdır. Bu, pisdir.
-
Cırmaq yerinə yod vurmaq, həm də sarğı qoymaq
lazımdır, - Daşa sözgəlişi dedi. - Burda,
yaxınlıqda tibb məntəqəsi var. Hərdən
Blyambusun belə özündən çıxmaqları olur,
amma indi o vaxtı deyil. Əsas martda belə olur. Həm də
siz pişik deyilsiz axı.
- Hə,
- reportyor yenə razılaşdı. - Əlbəttə, mən
bir o qədər də pişiyə oxşamıram. Siz daha
oxşar olarsız. Yaşılı-sarı gözləriniz
var. Günəş şüaları altında çox
gözəl bərq vurur. Belə gözəlliklə
rastlaşacağımı bilməzdim.
- Ay
səni yaltaq, riyakar!
Yeri
gəlmişkən, qonşu çardaqda bir tanış
pişik qız var, onun gözləri daha qəşəngdir.
Deyəsən, reportyorun sözləri Daşkanın daha
çox xoşuna gəldi. Hətta üzü qızardı,
saçlarının rənginə qarışdı.
Özünü itirdiyini gizlətmək üçün
toparlandı:
-
Düz gedin və sol tərəfə, görəcəksiz.
- Bəlkə
siz də mənimlə gedəsiz? - Zəhlətökən
reportyor xahiş etdi.- Mən xeyli qan itirmişəm,
yıxılaram.
-
Yaxşı! - Daşa məni səbətə dürtüb başını
tərpətdi.
Onsuz
da çəkilişə fasilə verilmişdi.
Beləcə
söhbətləşməyə davam edərək
yanaşı gedirdilər. Necə də sadəlöhv
qızdır ey! İyirmi yaşı var, di gəl bir
parça ağlı yoxdur. Daim başını bəlalara
salır, mən isə bunu xilas etməliyəm.
Danışaram sonra. Bəs indi, indi nə edim? Bilirəm də,
bu ibnə, nadürüst adama nə lazımdır. Kişiləri
tanımırammı? Özüm də beləyəm də.
Di gəl ki, Daşka onun yanına düşüb gedir və
hətta gic zarafatlarına gülürdü. Yox e, get-gedə
bu adam mənim qəti xoşuma gəlmir.
Tibb
məntəqəsində pəncəsinə yod yaxanda isə
reportyor bir də soruşdu:
-
Doğrudanmı, hələ də sizin filmin çəkilişlərində
bir dənə də olsun heyvan zərər çəkməyib?
Buna
bax da, "yaşıllar"dan biri də tapıldı! Donuz
dərisindən çıxmış çəkməli
Qreta Tunberqdi, elə bil. Qoy, özü üçün
ayaqyalın gəzsin. Az qalır elə mən özüm onun
bu bezdirici sualından "zərər" çəkim! Və
ona bir daha caynaq atmağa hazıram. Bu dəfə ayağı
tərəfə filan. Tibbi prosedurlar üçün
salvarını da çıxarsalar əla olar. Onda ta yüz
faiz Daşka onu vecinə almaz. Çünki əminəm,
burun dəsmalı bir yana dursun, onun əynində heç alt
paltarı da yoxdu. Nə bilim, yəqin ki, bu məsələdə
də yanılıram. Alt paltarıı yox ha, qadın
marağı baxımından deyirəm.
Mənim
də özümdən çıxmağıma səbəb
vardı. Birincisi, mən "heyvan" deyiləm, Pişiyəm.
Və bu, hansısa meymun, ya da təsadüfi çöl
quşlarından qat-qat yuxarıda olmaq deməkdir. İkincisi,
ümumiyyətlə, filmdə digər heyvanlar çəkilmir.
Məgər birlikdə filmə çəkildiyimiz hansısa
atı və ya köpəyi mənim kimi müstəqil, azad
iradəli varlıq hesab etmək olarmı? Yox, onlar xidmətçilərdir,
müti quldur, hərçənd... onlar da heyvandır. Bir
sözlə, mən onsuz da haqlıyam. Hə, yeri gəlmişkən,
bayaq dediyim o itin adı Apelsin, atın adı isə Klyukovka
idi. Tumları eynidi! Ürəyin ağzına gələr. At
əvvəlcə durmadan məni təpikləyir, it isə pəncə
atırdı. Sonradan öyrəşdilər, çünki
filmdə baş rol mənimdir. Hərçənd, gicbəsər
rejissor belə düşünmür.
Yaxşı,
yenə əzablar söhbətinə qayıdaq. Bu reportyorcuq
bütün günü çəkiliş
meydançasında girələndi. Həm də əsasən
Daşkanın böyür-başında. Amma qız
özünü görməməzliyə vururdu. Yəni əsl
pişik oyunbazlıqları. Məndən dərs alıb!
Rejissor da elə-belə, yola vermək üçün Daşkaya
da hansısa epizodda kiçik bir rol verib. İndi də bu
özünü necə Nikol Kidman hesab edir?! Kidmanla
tanışlığım yoxdu, nə yalan deyim, amma
Daşkanın otağında onun divar boyda fotosu asılıb.
Bəziləri hesab edir ki, onlar bir-birinə çox bənzəyir.
Hətta mən deyərdim ki, hər ikisinin üstünə
quyruq və bığ taxılsa cüt bacı da sayıla bilərlər.
Amma əsl vaşaqa bənzəməyə hünərləri
çatmaz.
Və
bütün kameralar, əlbəttə ki, mənə yönəlib.
Epizodu at tövləsində çəkirdilər. Guya
üçümüz birlikdə bu tövlədə
yaşayırıq: Klyukovka, Apelsin və Blyambus. Guya
dostlaşmışıq, aramızdan su da keçmir. Mehtər
isə daim keflidir və həsirin üstündə yatır.
Doğrudan da, həmişə ondan odekolon və araq iyi gəlirdi.
Arağı odekolondan əvvəl gillədirdi. Guya heç
kim bilməyəcək. Onsuz da məndən və Apelsindən
savayı heç kəs bilmirdi ki. Düzdür, Klyukovka da
ondan kənar gəzirdi. Bir sözlə, oğrular bu qoca
yabını oğurlamalıydılar. Guya ki, bu, matah bir
yarış atıymış. Di gəl,
dırnağını güc-bəla ilə qaldırır, o
da ot-ələf versələr. Oğru bir az əvvəl mehtəri
içirib kefləndirir və o da öz həsirinin
üstünə sərilib yuxuya gedir. Yəqin, mehtər
özü əvvəlcədən odekolon gillədibmiş,
üstündən də araq. Səhv salıb, olan işdir.
Uzanıb yatır və əməlli-başlı
xoruldayır. Əsas səhnə başlayır.
Ssenariyə
görə, mən Apelsinlə birlikdə Klyukovkanı xilas
etməliyəm. Məlum məsələdir, biz yox, bəs kim
xilas etsin? Bu, yabı cüssəli olsa da kütbeyindir. Kim
üstünə minsə sürüb gedəcək.
Atların boyunduruqdan asılılığı həmişə
məni təəccübləndirib. İradə deyilən
şey yoxdur da bunlarda! Heç olmasa Apelsin sırıqlı
gödəkcə geyinmiş oğruya hürdü, aranı
qarışdırdı, di gəl, bu Klyukovka müticəsinə
mıhmızlanmağını gözləyir. Əslində,
o mənim heç vecimə də deyildi. Mən
Daşkanın dərdindəydim. Reportyorun onun qulağına
necə pıçıldadığını görürdüm.
Daşka da yenə qımışır. İndi bax, deyin
görüm, mən ilk növbədə kimi xilas etməliyəm,
bu yabını, yoxsa Daşkanı? Bax burda hansı rola girim?
Aktyor iztirabı bu deyil, bəs nədir? Yalvarıram, deyin də.
Oğru
Klyukovkanı tövlədən çıxaranda Apelsin onun
sırıqlısından yapışmalıydı, mən isə
papağından. Məşqlərdə hər şeyi necə
lazımdırsa elə də edirdik. İti başa salmaq elə
də çətin olmadı, hərçənd, o da
bütün itlər kimi kütün birisidir. Öküzlər
qırmızı parçaya cumduğu kimi, itlərin də
işi elə bütün sırıqlı keçələrin
üstünə atılmaqdır. Öküzlər də bir
işə yaramayan, mənasız heyvanlardır. Həm də
kütbeyindirlər. Daşka məni kəndə aparanda
onlardan biri ilə tanış olmuşdum. Bir gün o barədə
də danışaram. Məndə belə söhbətlər
coxdur. Hə, onu deyirdim axı, xüsusilə bu səhnə
çox xoşuma gəldi. Çünki rejissor oğrunun
papağına valerian səpmişdi. Bax bundan sonra hansı
pışik bu cırıq-mırıq dovşansayağı
leşdən yapışmaz ki?
Hə,
elə bu vaxt görün nə oldu? Bir də baxdım ki,
reportyor Daşkanın qoluna girib onu kənara çəkdi.
Pıçıldaşmağa davam edirdi. Ruhum iki yarıya
bölündü. Bir yarım hesab edirdi ki, indi bu yaramaz məxluqu
- reportyorcuğu Tuzik kimi cıbırıqlamaq lazımdır,
digər yarım isə Stanislavskinin qanunlarına tabe
olmağımı istəyirdi. Belə bir hadisə həyatımda
ilk dəfə baş verirdi. Burnum valerianlı papağa can
atır, ürəyim isə məndən uzaqlaşan
cütlüyün yanına uçurdu.
-
Motor! - deyə, rejissor komanda verdi.
Özümü
saxlaya bilmədim. Sevimli pəncələrimə
tüpürüb əvvəl Apelsinin, sonra Klyukovkanın
üstünə, sonra isə rejissorun çiyninə
hoppandım, onun da çiynindən başqa kiminsə
üstünə qondum və uzun bir tullanışla reportyoru
haqladım, papağının əvəzinə onun sıx
saçlarından yapışıb cırmaqladım.
Daşka məni onun başından alıb səbətə
soxmamış qışqırıq və qovğa içərisində
imkan tapıb jurnalistciyin saçlarını yola bildim.
Düşmən üzərinə öz məqsədyönlü
hücumuma görə çox xoşbəxt və qürurlu
halda səbətin içində nisbətən sakitləşdim.
Biz vaşaqlar beləyik. Yəni təxminən vaşaqlar...
Daşka
reportyoru bu dəfə də bayaqkı tibb məntəqəsinədək
müşayiət etdi, filmin çəkilişlərinə
isə yarım saat fasilə verildi. Amma rejissorun təqdiredici
ifadələri uzun zaman yadımdan çıxmadı:
-
Görün necə də istedadlı Pişikdir! Necə
plastikası, parlaq hissetmə qabiliyyəti, emosiyaları var!
Çox təəssüf, lazım olan adamın üstünə
cummadı... Eybi yox, neçə dubl lazımdırsa, çəkərik.
Yaxşı
oldu. Tərif urəyimə valerian kimi yayılır. Mən
filmə çəkilməyi sevirəm. Bir parça çay
balığına görə yox, əlbəttə, incəsənət
naminə. Bunu o mənada deyirəm ki, film çəkilişləri
zamanı təkcə heyvanlarda deyil, insanlarda da müxtəlif
cür əzab-əziyyətlər olur. Hə, bir də bu
cür axmaq suallar verməyin. "Çəkilişlərdə
bircə heyvan da zərər çəkməyib" kimi
küt ifadədən pis heç nə ola bilməz, axı.
Olanda elə olur! İnsanlar məndən yaxşı bilər,
mənəvi acılar fiziki əzablardan daha ağırdı.
Bunu qanmayana nə deyim?
Sonrası
necə oldu? Bu tamam başqa tarixçədir. Bircə onu deyə
bilərəm ki, mən hal-hazırda öz mənzilimdə
divanın üstündə uzanmışam, Daşka isə mətbəxdə
kofe hazırlayır. Reportyor hardadır? Reportyor kresloda oturub
televizora baxır. Budur, ayağında başmağı, pəncələrini
yellədir.
Aleksandr Trapeznikov
Tərcümə Məqsəd
Nurundur
Ədəbiyyat qəzeti.-
2020.- 1 fevral. S. 13-14.