Bir
parça xoşbəxtlik...
hekayə
Svetlana
Nikolayevna Makarova-Qrisenko - şair, nasir, publisistdir. Rusiya
Yazıçılar Birliyinin katibi, Rusiya və Belarus
Yazıçılar Birliyi Ali Yaradıcılıq
Şurasının üzvüdür. 2004-cü ilin
mayından Krasnodar Yazıçılar Təşkilatına rəhbərlik
edir. "Kuban yazıçısı" qəzetinin baş
redaktorudur. Kuban Vilayətinin Əməkdar incəsənət
xadimi, Aleksandr Nevskinin Ümumrusiya Pravoslav Ədəbi
Mükafatı laureatı və s. ödüllərin
sahibidir."Büllur qız", "Böyük qəfəsə
yağan yağış", "Üfüqün
ardındakı günəş", "Dünya
fırlanır", "Şeirlər", "Həyat asan
deyil, amma ...", "Rahat bir həyət, sakit bir pəncərə",
"Naviqator" və b. kitabların müəllifidir.
Qapını
elə çırpdı ki, doqquz mərtəbənin
doqquzunun da bir anda qulağı tutuldu və ürəyi sinəsində
bumbuz yumağa döndü. Bu vaxt lifti gözləmək
faydasızdır. Özünü pilləkənin
qaranlığına atdı, lakin artıq
üçüncü pillədəcə ayağının
büdrəməsindən qorxub addımını
yavaşıtdı. Həə, gücü həminki deyil.
Amma vur-tut on il əvvəl, qırxdan bir az çox idi
yaşı, onda, pilləkənləri birnəfəsə
qalxıb-düşürdü. Otuz yaşında ərzaq dolu
torbalarla, iyirmi yaşında isə qığıldayan Seryoja
ilə uşaq arabasıyla bərabər. Həmin vaxtlar Valeri
partituralarla eşələnir, instrumentovka ilə məşğul
olurdu. Yeməyi də unudurdu. Royaldan onu zorla qoparmalı olurdu,
yoxsa mədə xorasını otuz doqquz yaşında deyil,
daha erkən qazanacaqdı. Və daha erkən də onun
üçün pəhriz yeməklərini fikirləşib
tapmalı olacaqdı. Hələ onları Seryojanın
ağzına dürtmək üçün də nə qədər
güc tələb olunurdu. Hərəyə ayrıca yemək
hazırlamaq halında deyildi: namizədlik işinə can və
zaman borcu vardı.
Müdafiəni
Rostova keçirdilər, ustad dərslərinin verilməsini də
boynuma qoydular, hə, hələ lap əvvəldə isə
proqramı da dəyişdilər. Olsun. Öhdəsindən gəldi.
Hətta ən möhkəm qoz belə onun zəkasının
zərbindən parçalanardı: o ki qaldı opponenti
professor Oqrızko ola - Baxın az tanınan prelüdü ilə.
Doğrudur,
"qozun qabığı" qaldı - qızdırma kimi
adamı silkələyən əsəb, xroniki yuxusuzluq.
Köhnə rəfiqə kimi o səni həmişə öz
ağuşuna ala bilər. Bu gecə olduğu kimi. Amma hər
necəsə axşamdan bəri hər şey uğurla gedirdi.
Nəvəm Vitalka da tez yuxuya getdi. Gərək fürsətdən
istifadə edib özümü də yatağa salaydım: bir
qoyun, iki qoyun... sayıb yataydım. Yox axı!
Zareçnanın diplom işini yadıma salıb ona baxmaq qərarına
gəldim. İşi royalın üstündəki bir
yığın kağız-kuğuz içində
axtarmalı oldum. Ora indi arada Vitalkadan qorumaq üçün
vacib sənədlər də qoyulur. Yoxsa ərinin
partituralarına o, heç vaxt əl vurmazdı. Ancaq yöndəmsiz
bir hərəkətdən onlar nota yağışı yerə
kimi səpələndi. Yeni hələ tam
yazılmamış əlyazmanın arasından bir fotoşəkil
boylanırdı: "Əbədi tələbə Natkadan
sevimli professorum Valeroçkaya" - sözlərini oxudu şəklin
arxasında.
Şəkli
çevirdi, "köhnə tanışdır" - deyə
fikirləşdi. "Niyə o, bunu saxlayır? Bir il əvvəl
and içirdi ki, çoxdan unudub, nədir, yoxsa yenidən?..
Yoxsa ilhamı əbədi tələbəsi Natkadan
asılıdır?..".
Kağızları
topladı, şəkli isə lap üstə qoydu. Tərəddüd
etdi. Və qətiyyətlə onu yenidən notların
arasına saldı.
Səhər,
bərk baş ağrısı ilə, Vitalka və əri
üçün bişmiş yulaf əzməsi
hazırladı, səhər yesinlər deyə, isinmək
üçün masaya xama qoydu.
-
Ana, təmiz xalatım hanı? - deyərək Seryojka mətbəxə
boylandı. - Bu gün çətin əməliyyat var. Yenə
camaşırxanamız barədə nəsə demə. Bilirəm,
sənə maaş verməlidirlər.
-
Şkafdan asılıb, götür.
- Bir
də ana, Sofya uşaq bezləri almağı xahiş edib,
amma vaxtım olmayacaq. Kömək edərsən? Bir də qara
gavalı!
Otağa
qayıdanda artıq əri yataqda yox idi. Tez işə
hazırlaşmağa başladı. Valeri ilə üz-üzə
gəlməməyə çalışdı, bir az güzgünün
qabağında dayandı: - Təəssüf ki, mavi kostyumu
almadım, çox incə göstərirdi məni.
-
Günəşim, demişdim axı, smetanı mağazadan
almayaq, - ərinin səsi eşidildi. -
Danışmışdıq axı, ancaq bazardan. Yemək
olmur! Məni eşidirsən?
Çantasını
götürdü və cavab əvəzinə qapını
çırpdı.
Boz
mayevari hava dünyanı və sabaha olan ümidini
bozartmışdı. "Əlli yaşı keçmisənsə
bütün yaxşı şeylər artıq baş
verib", deyə düşündü, uzaqlaşan tramvaya
baxdı. Dayanacaq boşdu. Soyuq və nəmli. Başqası nə
vaxt gələcək, Allah bilir. Birdən bir parlaq,
işıqlı tramvay döngəni burulub peyda oldu.
Qırışlı qapıları şən bir
cırıltı ilə açıldı. Bəxtə
güvənməz tövrlə və ehtiyatla
ayağını pilləkənlərə qoydu.
Və
əvvəlcədən hiss etdiyi başına gəldi! Arxadan
güclü bir təkan az qaldı yıxa onu. Nə isə
baş verməli idi axı! Səntirləyən bir sərnişin
baş verənlərdən qorxdu. Böyük boz
şlyapası sürüşüb burnunun üstünə
düşdü. Onu necə gəldi səliqəsiz şəkildə
düzəltdi, üzr istəməyə başladı, nəsə
mızıldadı. Nəhayət, xanıma kömək etməli
olduğunu anladı. Onu əyri oturacağa əyləşdirdi.
Özünü də yanaşı oturacağa sərələdi.
Dərhal danışmağa başladı. Uzun, lopa
bığları var idi. Sanki yüksək səsli bir musiqi
girdi araya, sözləri yumşaq və ecazkar səslənirdi.
Onu dinləmək xoş idi. O, yüksək səslə
danışarkən gözləri parıldayırdı.
Qırx dəqiqəlik məsafə hiss olunmadan sürətlə
uçub getdi. Qadın nəmli səhərə
qarışıb çıxıb getdi, kişi isə
uzaqlaşdı.
İnstitutda
yuxulu gözətçi səssizcə açarlarını
qadına uzatdı. O, sinfə girdi, çantanı kənara
atdı və barmaqlarını gərərək əlini
ehmalca açdı. Qırmızı dənizin dibindən
çıxmış qırmızı mərcan incə
qığılcımlarla parıldayırdı. "Bu,
Xoşbəxtlik qayasının bir parçasıdır"
deyən boz şlyapalı kişini xatırladı: "Bunu
sizə verməkdən çox məmnunam!".
Hədiyyəni
daha yaxşı nəzərdən keçirmək
üçün pəncərəyə yaxınlaşdı.
Dərindən nəfəs aldı və sanki dəniz təravətini
içinə çəkdi. Gülümsədi. Utancaq-utancaq
mərcan parçasını yanağına sıxdı...
Svetlana Makarova
Tərcümə Nəcibə
Bağırzadənindir
Ədəbiyyat qəzeti.-
2020.- 1 fevral. S. 14 .