Çiçəklənən əl ağacı

 

"aZADlıq" romanından fraqment

 

Kozlov Yuri Vilyamoviç (1953) - rus yazıçısı, bir çox kitabın müəllifidir. "Velosiped ixtirası", "Yetkinliyə aparan səhralıq", "Peyğəmbərlər quyusu", "İslahatçı", "Poçt Balığı", "aZADlıq", "Düşmən dərzi", "Təzə oğru" romanlarını, "Geosiyasi romans", "Dəhliz", "Ağ hərf" povestini yazıb. Yuri Kozlov Rusiyanın ən köhnə ədəbi jurnallarından birinin - "Roman-Qazeta"nın baş redaktorudur. Jurnal dünya ədəbiyyatının ən yaxşı ənənələrinə əsaslanan müasir nəsr nümunələrinə diqqət yetirir. Jurnalın səhifələrində vaxtaşırı qonşu ölkələrdən - Belarusdan, Qazaxıstandan, Azərbaycandan olan yazıçılar dərc olunur. Yuri Kozlov nüfuzlu ədəbi mükafatlar laureatıdır. Əsərləri bir çox əcnəbi dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə edilmişdir.

  ...Avreliya yenə, birlikdə müzakirə ediləcək məsələləri xəyalən saf-çürük etdi. Layihənin texniki və maliyyə tərəflərinə dair hər şey aydın idi. O, növbəti dəfə atasının bir vaxtlar müdrikcəsinə söylədiyi sözləri təkrarladı - dövlət olan yerdə həmişə yalan var.

Bir neçə gün əvvəl ona bir az məzəli səslənən Vergilyov familiyalı bir adam zəng etmişdi. Adı da ondan betər - Antonin. Bütün bunlara baxmayaraq, bu Antonin Vergilyov vaxtilə Dövlət İdarəçiliyi Akademiyası yanında NLP (neyro-linqvistik proqramlaşdırma) kurslarını bitirmiş Avreliyanın qurduğu tələlərin yanından asanlıqla keçərək onunla savadlı şəkildə danışırdı.

Avreliya telefonun dəstəyini yerinə qoyandan sonra anladı ki, bayaqdan yüksək ranqlı, amma keçmiş bir məmurla danışırmış, çox güman ki, məcburi qaydada başlı-başına buraxılmış, necə deyərlər, öz əlin, öz başın. Onun haqqında məlumat toplayarkən məlum oldu ki, yaxın vaxtlaradək baş nazirin birinci müavinlərindən birinin aparatında işləyib. Hansısa səbəbdən prezident baş nazirin, o cümlədən onun digər iki müavininin təyinatı məsələsini ləngidir, buna görə də hal-hazırda hər şeyi birinci müavin həll edir, cavabdehlik daşıyırdı. Və onun tərəfindən işdən azad olunmuş Vergilyov indi nə işlə məşğul idi, heç kəsin xəbəri yoxdu. Görünür, "Təmiz şəhər-təmiz insanlar" layihəsi də yeri gəlmişkən elə bir "meydan" idi ki, o, məhz burda girələnməli idi.

Avreliya atasının sözlərini xatırlayırdı, bir neçə il bundan öncə "Nogin meydanı" yaxınlığında ona demişdi ki, yuxarılardan uzaq dur. Stansiyanın adı Avreliyanın yadında qalmışdı, amma Noginin kim olduğunu heç cür xatırlamırdı. Kim olacaq, yəqin ki, inqilabçıdır. Avreliya öz-özünə xəyalən atasını əmin edirdi ki, onlar məni tapmazlar, sıradan çıxara bilməzlər. Heç mən də tapmıram... Nogini.

Vergilyov deyirdi ki, Svyatoslav İqoreviç ona media plan işləyib hazırlamağı tapşırıb. Əla, deyə, Avreliya cavab verdi, kim tapşırıbsa o da pulunu ödəyir. "Su xətti" QSC-dən ödəniş olacaq, xanım... Linnik deyə Avreliyanın familiyasını söyləmədən öncə o, ironik bir pauza verib onun sözünü düzəltdi. Reklam kampaniyasının büdcəsi razılaşdırılıb, vəsait sizin hesaba köçürüləcək. Xırda işlərə baş qoşmayın, Vergilyov məsləhət verdi, bu məbləğ sizin diqqətinizi çəkəcək qədər deyil. Qanad çaldığınız ənginliklərdən görünməyəcək qədərdi.

Həə, yuxarılara yaxınlaşdıqca pillələr və... rəqəmlər daha cəlbedici olur. Yaxşı, bəs, dayaqlana biləcəyin orta hədd, gizlənə biləcəyin kölgə haradadır? Doğrudanmı, qurbanlıqlar hazırdı (Avreliya bu fikirlərdən həyəcanlandı, elə bil qara bir yel pəncərənin nəfəsliyini döyüb açdı və oradan üzünə dondurucu soyuq dəydi)? Avreliya söhbəti yalnız işgüzar məcraya yönəltməyə can atırdı, necə düşünürsüz, "Tanhauzer-M" adı Svyatoslav İqoreviçin xoşuna gəlirmi, Berlin Operasını Moskvaya dəvət etsək necə olar, sizcə?

Əla ideyadır, Vergilyov razılaşdı, üstəlik, kütləyə neyro-linqvistik təsir (o, açıqca Avreliyaya ilişirdi) nöqteyi-nəzərindən də mükəmməldir. Birincisi, çox ciddi səslənir, hətta deyərdim epik, deyə o sözünə davam etdi. Müasir Rusiyada Tanhauzerin, o cümlədən Vaqnerin kim olduğunu çox az adam bilir. Futbolçu Lav Vaqneri desən dərhal tanıyarlar, bəstəkarı isə xatırlamırlar, çünki heç vaxt tanımayıblar. İkincisi, "Tanhauzer" sözü İkinci Dünya savaşı zamanı Böyük Vətən müharibəsində Sovet xalqının qələbəsi ruhunda tərbiyə almış yaşlı nəslin "beyninə girməyəcək". Defislə "M" hərfinin əlavə edilməsi isə onlarda Vətənimizin paytaxtı, qəhrəman şəhər Moskvanın deyil, əndrəbadi "MMM" assosiasiyası yaradacaq. Üçüncüsü, Rusiyada gənc nəsil ingiliscəyə üstünlük verir, alman dilində söz onlarda heç bir təəssürat yaratmır. Dördüncüsü, layihənin xüsusiyyətlərini nəzərə alsaq, "M" hərfinə "J" qoşmaq yarayardı. Prinsipcə, "Tanhauzer MJ" pis səslənmir, amma lağlağıya səbəb ola bilər. Rəqiblər, ağız büzənlər isə mütləq peyda olacaqlar və bunu bizə qarşı istifadə edə bilərlər.

Vergilyov başqa bir variant təklif etdi: - "Çiçəklənən əl ağacı".

- Tanhauzerin həyatının ən gözəl günlərini keçirdiyi Orta əsr Venera su mağarası nədir? - deyə, o, soruşdu. - Bu ki bizim müasir akva-kompleksimizdir!

- Bəlkə su bordeli?- Avreliya güldü.

- Mən bildiyimə görə, - Vergilyov etiraz etdi, - onlar bu yerdə cütlükdə olublar. Ona görə də əxlaqsızlıqdan söhbət gedə bilməz, bu əsl məhəbbətdir! Məgər, "Çiçəklənən əl ağacı" da əsl məhəbbət demək deyil? Həm də, - o, sözünə davam etdi, - bu, ölkənin orta yaş qrupundan olan kişilərinə yönəlik bir reveransdır. Adenoma və prostatitdən əziyyət çəkən hansı kişi "Çiçəklənən əl ağacı" kimi bir məkanın olmasını istəməz?

Avreliya bu demaqoqun asanlıqla yola gəlməyəcəyini anladı.

- Berlin operası barədə ideyanızı tam şəkildə dəstəkləyirəm - Vergilyov qəti şəkildə bildirdi. - Bu, klassik musiqisevərlər üçün əsl bayram olacaq. Amma gəncləri də yaddan çıxarmayaq. Bu yaxınlarda internetdə Amsterdam balet məktəbi məzunlarının maraqlı bir tamaşasına baxdım, Vaqnerin "Tanhauzer"indən bəhrələnərək yazılmış "Çiçəklənən əl ağacı" baletinə. Səhnədə opera ilə baletin ahəngini yaratmağı təklif edirəm. Berlin operası ilə bir modernist-rejissor əməkdaşlıq edir, familiyasını unutmuşam. Bax, o rejissor bir az belə... fərqlidir. Orkestrə müxtəlif formalarda dirijorluq edir, gah ibtidai insan cildində, gah dəri çimərlik paltarında, həm də əlində dirijor çubuğuyla deyil, qırmancla. Çox nəm-nüm etsələr qonorarlarını da artırarıq, amma düşünürəm ki, razılaşacaqlar. Belə qeyri-adi şeylər onların xoşuna gəlir. Moskvada ilk akva kompleksin təntənəli açılışına həsr edilmiş mərasimdən öncə Puşkin meydanında təmtəraqlı mərasim təşkil edərik. Televiziya ilə canlı yayım təşkil edərik!

- Məncə, siz nə etdiyinizi hamıdan yaxşı bilirsiniz, deyə, Avreliya qərarlı şəkildə Vergilyovla vidalaşdı.- Bütün bu işlər sizlikdir, çox da vaxtınızı almayım.

Avreliya yenidən atasını xatırlayıb düşündü ki, "Çiçəklənən əl ağacı" təkcə orta yaşlı əksər kişilərin arzuları deyil, həm də siyasi mübarizənin simvoludur. Uzun illər bundan öncə olduğu kimi elə bil yenidən tale onu ağuşuna alaraq ayaqlarının altındakı çim yağın üzəriylə gələcəyə sürütləyirdi. Və Avreliya umid edirdi ki, sürüşüb onu məmnuniyyətlə həzmi-rabedən keçirəcək hansısa naməlum bir daydayın dürməyinin içinə düşməyəyəcək. Bu dəfə kim köməyimə gələcək? Yenə atam? Axı onun doxsan yaşı var! Birdən hansısa nəfiskar bir hiss ona başqa bir "ata" - Drakoniyanı xatırlatdı. Avreliya qəfildən bu saqqallı, qara əbalı adamı gördü: kilsə ziyarətçiləri arasında sərt tərzdə ayinlər oxuyaraq mələk kimi saf, pravoslav kommunistlərə üzünü tutub yeni eranın gəldiyi barədə müjdə verirdi. Erotik balet "çiçəklənən əl ağacı"ını tutmuş vaizlə ideal şəkildə tamamlanırdı. Drakoniya kilsədən çıxaraq səhnədəki biabırçılığı görür, əclafları lənətləyərək əl ağacını hirslə asfalta döyür və birdən... əl ağacı onun barmaqları arasında çiçəkləməyə başlayır... Hərçənd, Avreliya unudurdu ki, Drakoniya ata əl ağacıyla belə oyunlardan çıxmağa razılaşmaz. Di gəl, kreativ fikir raket kimi fırıldadı. Yaxşı olardı ki, bu... erotik rəqqaslar pravoslav kommunistlərlə birlikdə akva kompleksin ilk müştəriləri olaydı. Təmizkarlıq (təptəzə xaç suyu!) dünyanı xilas edəcək! Və bütün bunlar birbaşa efirdə!

Avreliya fikrində Vergilyovu lənətləyərkən ofisiantın nəzakətlə masaya qoyduğu təzə qəzetlərə diqqət yetirdi.

Nüfüzlu qəzetin birinci səhifəsindəki məqaləyə belə bir başlıq qoyulmuşdu: "Dəlixana bildirməlidir ki...". Söhbət əlinə yüksək səlahiyyət keçirmiş və baş nazirin birinci müavini tərəfindən vəzifəsindən azad edilmiş Vergilyovun Dövlət Dumasına təqdim etdiyi üç qanun layihəsindən gedirdi. Düzdür, məqalənin müəllifi etiraf edirdi ki, qanun layihələrinin nə vaxt təqdim edildiyi və ictimaiyyətin bu layihələrlə necə tanış ola biləcəyi barədə Dumanın əməkdaşlarından açıqlama ala bilməyib hələ. Duma təmsilçiləri isə sorğulanan partizan kimi susurdular.

Öz atmacaları ilə tanınan qəzetin yazdığına inansaq, birinci qanun layihəsi "Korrupsiyanın kökünün kəsilməsi və ləyaqətin bərpası" adlanırdı. Bu qanun istisnasız olaraq bütün Rusiya vətəndaşlarına bank hesablarında yüz min ABŞ dolları həcmindən artıq əmanət saxlamağı qadağan edirdi. Bu məbləğ Amerika valyutası ekvivalenti ilə hesablanır, daha sonra isə milli pul vahidi olan rublun qızıl standartına döndərilməsi islahatı nəzərdə tutulurdu. Bundan daha çox əmanətə sahib olanlara bir ay vaxt verilirdi: bu müddətdə ya bu pulu xərcləməlisən, ya da könüllü şəkildə milli sənayeyə yatırmalısan. Guya qanun layihəsinə əlavə edilmiş ayrıca qeydlərdə bildirilirdi ki, müasir dünyada özünü kasıb hesab etməmək üçün yüz min dollar kifayət qədər yetərli məbləğdir.

Çoxsaylı hesablarda yatan digər mənasız pullar isə təcili surətdə xalqın və ölkənin rifahı üçün istifadə edilməlidir. Hansı daha yaxşıdır, minlərlə milyarder, yoxsa yüz min dollar vəsaiti olan milyonlarla insan? Daha bəsdir! Yaxtalar, təyyarələr olmayacaq! Ən yaxşı halda kater və ya deltaplanlar olsun! Artıq pul istehlak patalogiyasını stimullaşdırır və planetimizi məhvə aparır. Məsuliyyətsiz proqresə son qoyulmalı, mənasız əşyabazlıq hərisliyi bitməli, insanlıq şəxsiyyət-ailə-dövlət ilahi üçbucağına qaytarılmalıdır: katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabərdir. Bu həyatda insana lazım olan pul onun ailəsinin yaxşı dolanışığına çatacaq qədərdir.

Çox pul kin-küdurəti artıran şeydir. Buna görə də yerdə qalan digər (adambaşına yüz min dollardan çox olmayaraq) vəsaitlər dövlət fondlarına yatırılaraq cəmiyyətin tələbatları üçün nəzərdə tutulan işlərə sərf edilir: təhsilə səhiyyəyə, mədəniyyətə, fundamental elmlərə və sair. Təbii ki, qanun layihəsində pullarını Qərbdəki banklara köçürmək fikrinə düşənləri cəzalandıracaq tədbirlər də nəzərdə tutulurdu. Avreliya dünya var olandan bəri işlədilən qədim xalq məsəlini xatırladı. Hər qıfılın öz açarı var. Və sair və ilaxır. Guya qanun layihəsinə əlavə edilmiş qeydlərdə çinayət yolu ilə qazanılmış və təşvişlə Rusiyadan çıxarılan pulların siyahısının açıqlanması da nəzərdə tutulurdu. Buna görə xarici banklara elə təkliflər edilirdi ki, onların bu təklifdən imtina etməyə yeri qalmırdı: xaricə köçürülən pulların əlli faizini dəbbə kimi özlərinə saxlamaqla yerdə qalan məbləğı xüsusi dövlət hesabına köçürərək Rusiyaya geri qaytarırdılar. Məqalə müəllifinə inansaq, qanun layihəsinə izahat hissəsində Karl Marksın sözlərinə istinad edilərək daha sonra bildirilirdi ki, əgər bank əməliyyatları yüz faiz gəlir vəd edirsə, onda kapitalın parazitcəsinə, möhtəkircəsinə qoy qoya bilməyəcəyi cinayət yoxdur, xüsusilə bank-maliyyə sahəsində. "Cinayət yolu ilə oğurlanmış" pulların geri qaytarılması məsələsi isə əsla cinayət yox, əksinə, iki müştəri arasında tamamilə qanuni maliyyə əməliyyatlarının aparılması demək idi ki, bu halda da tərəfin birinin (Rusiya dövləti) gücü, dəyəri xaricı banka yaxşı bəlli idi, amma ikincinin (vəsaiti köçürən vətəndaş) dəyəri sıfra bərabərdi. Bütün bunlardan çıxış etsək ortaya məntiqi nəticələr çıxırdı, belə ki, xüsusi canfəşanlıq edib qanunu pozmağın yeri yox idi. Qaldı, böyük məbləğlərin nağd şəkildə "ev" şəraitində saxlanılmasına, bu məsələ də qanun layihəsini yazan müəllifi narahat etmirdi. Onun fikrincə, pul islahatlarınadək bu vəsaitlərin ömrü elə də uzun çəkməyəcəkdi, çünki onsuz da dövlətin maliyyə və sosial siyasəti bir arada cəmləşdiriləcəkdi.

İkinci qanun layihəsi "Elektron ədalət məhkəməsi haqqında" adlanırdı. Müəllif təsdiq edirdi: Rusiyanın məhkəmə sistemi o qədər kiflənib ki, islah olunmağa yaramır. O, məhkəmələrdə heç kəsin kənardan barmaq edə bilməyəcəyi "elektron şüur" adlanan və bütün mənalarda tam müstəqil bilgisayar komplekslərinin quraşdırılmasını təklif edirdi. Ehtimallara görə, artıq hansısa məxfi laboratoriyalarda bu cür ixtisaslaşmış nümunələr "yaradılmaqdadı". Bu "elektron şüur" Hammurapi qanunlarından başlayaraq Haldey cinayət məcəlləsinə, qədim Misirin vətəndaş kodeksinədək insanlığın indiyə qədər yaratdığı bütün hüquq sistemlərini özündə ehtiva edən xüsusi kompüter proqramları ilə təmin edilməliydi. Tərəfsiz, insan hiss və ehtiraslarından kənar bu "elektron şüur" təqdim edilən sübutları müstəqil şəkildə süzgəcindən keçirir, ittihamçının və mühakimə edilənin, o cümlədən şahidlərin ifadələrini bir yerə toplayıb mövcud qanunvericiliklə tutuşduraraq məhkəmə qərar layihəsini baxılmaq üçün ən yüksək instansiyaya - "ali elektron hakim"ə təqdim edir. Bütün məhkəmə iclasları "ali elektron hakim"lə əlaqələndirilmiş və yalan detektoruna qoşulmuş tərəflərin iştirakı ilə avtomatik videorejimdə, ümumi məlumatların da yerləşdiyi kompüterə birləşməklə aparılacaqdı.

Bu qəbildən olan proseslər o zamana qədər qüvvədə olmalıydı ki, xalq polisi, prokurorluğu və məhkəməni rüşvət yolu ilə ələ almaq kimi genetik hafizəsini unutsun. Qanun layihəsinin müəllifi hesab edirdi ki, on beş ildən sonra "şəfa tapmaq" mümkün olacaq. Həmçinin, o, hesab edirdi ki, "elektron məhkəmə" texnologiyasının vətəndaşların gündəlik həyatında geniş yayılması sayəsində aparılan intensiv terapiya korrupsiyanın (nəzəri cəhətdən) mövcud olduğu bir çox sahələrdə (təhsil, səhiyyə, iqtisadiyyat, sığorta, məişət və digər xidmətlər) özünü daha tez göstərə biləcəkdi.

Üçüncü qanun layihəsi isə "İdeyaların və hədəfin seçilməsində rəqabətə dair" adlanırdı. Müəllif ölkənin idarə edildiyi mövcud sistemi tamamilə çürümüş və mənasız adlandırırdı. Onun fikrincə, siyasi partiyaların rəqabəti "siyasi demaqogiya"dan başqa bir şey deyil. Seçkilərdə səslərin hesablanması isə "kvotaların paylanması" adlanırdı. Yalnız müəllifin özünə bəlli olan "pozitiv dünya siyasi təcrübəsi"ndən çıxış edərək təklif edirdi ki, "siyasəti real həyata qaytarmaq", köhnə tuluqlara təzə çaxır tökmək, "donmuş siyasi bədən"ə yeni "qan yeritmək" lazımdır. 

Qanun yazan bu qəribə adam hesab edirdi ki, nə qədər ki hələ də cəmiyyətə xeyir verə biləcək bu ideyaların reallaşması üçün sözdə deyil, gerçəkdə öz canını qurban verməyə hazır olan bir neçə min inamlı insan var, bu dəyişikliklərin qarşısını almaq mümkün olmayacaq.

Müəllif siyasi partiyaların formalaşdırılmasında əsl inqilabi üsulların tətbiq edilməsini təklif edirdi. Hər bir partiya üzvü partiyanın ideyalarına xüsusi "sədaqət sertifikatı" imzalayır, bununla da cəmiyyətə xeyir gətirməyən, məhz ziyan vuran ideyalar uğrunda digərinin deyil,  öz canını qurban verməyə hazır olduğunu təsdiq etmiş olurdu. "Sədaqət sertifikatı" imzaçının iştirakı ilə notariusda təsdiqlənir və "verdiyi qərarlara görə vətədaşın cavabdehlik sənədlərini təsdiq edən xüsusi dövlət arxivi"nə göndərilirdi. Əgər sertifikat almış partiya üzvlərinin sayı beş min nəfərə çatırdısa, həmin partiya seçkilərdə iştirak etmək hüququ qazanırdı. Partiya seçkilərdə qalib gələrdisə, hər il keçirilən ümumxalq səsverməsində partiyanın yeritdiyi uğurlu siyasət təqdir ediləcəyi təqdirdə  partiyanın öz ideyalarını davamlı həyata keçirmək haqqı yaranırdı. Əgər partiya referendumun nəticələrinə görə uduzurdusa, o vaxt, "sədaqət sertifikatı" imzalayan bu və ya digər partiya üzvünün hüquqi məsuliyyətindən qaynaqlanan və nəzəri cəhətdən "səhvə görə cavabdehliyi" tənzimləyən "təhlükəli xətaların aradan qaldırılması" qaydaları qüvvəyə minirdi.

Bu nə sayıqlamadır?

Avreliya bazar günü çıxan qəzetləri diqqətlə nəzərdən keçirdi. Yox, bu, saxta bir şey deyil, ya da məlum oxucu auditoriyasına ünvanlanmış, məhdud tirajda, məsələn, nəşrin sahibi olan oliqarxın dostları tərəfindən və ya hansısa nəhəng şirkətin menecmenti üçün çap edilməyib.

Necə yəni, yüz min dollardan artıq pulun olmamalıdır?

"Elektron ədalət məhkəməsi" nə deməkdir?

Hələ o üçüncüsü - yanlış iqtisadi və sosial siyasət üçün dar ağacı?

Avreliya təzədən qəzetə göz gəzdirməyə başladı, birinci səhifənin lap aşağısındakı "son anda" rubrikasına rast gəldi. Redaksiya oxucularına məlumat verirdi ki, qəzetin çapa imzalanmasına beş dəqiqə qalmış Rusiya Dövlət Dumasının sədrindən və baş nazirin birinci müavinindən açıqlama ala bilib. Dumanın spikeri deyirdi ki, qəzetin yazdığının əksinə olaraq, hər hansı bir qanunvericilik palatasına belə bir layihə daxil olmayıb. Baş nazirin birinci müavini isə ümumiyyətlə bu tipli qanunvericilik təşəbbüslərində heç bir iştirakı olmadığını və bu cür təşəbbüsləri "gerçək həyata dəxli olmayan mənasız sayıqlamalar" adlandırırdı.

Lakin qəzetin hökumət aparatındakı "mənbə"si bildirirdi ki, "bu və ya buna bənzər qanun layihələri barədə nəsə eşidib", fəqət, bütün bunları "öz gözləriylə" görməyib. 

 

 

Yuri Kozlov

Tərcümə Məqsəd Nurundur

Ədəbiyyat qəzeti.- 2020.- 1 fevral. S. 15;17.