Komada
(hekayə)
Anatoli Konstantinoviç Yexalov- yazıçı sənədli
film rejissoru, Rusiyanın Əməkdar mədəniyyət
işçisi, Voloqda vilayətinin kino və ədəbiyyat
dövlət mükafatı laureatıdır. Nikolay Leskov, Valentin
Oveçkin, Vladimir Gilyarovskiy ədəbi ödüllərinin
sahibidir, Vasiliy Şukşin qızıl medalı ilə təltif
edilib. 30-dan çox nəsr və publisistika
kitabının müəllifidir. "Sehrli bərədə",
"Ağ göldə ecazkar yay", "Qara rahibin
sirri", "Rus şimalının unudulmuş sənətləri",
"İnək Zemun" adlı məşhur uşaq
kitablarını yazıb. 150-dən çox
televiziya filminin müəllifidir. Dörd
övladı var. Voloqdada yaşayır.
Kənddə Qaroşina kimi
tanınan Titova, Sanya qarı əyninə dizinədək
düşən pencək, qırmızı şalvar geyib
şalvarının balaqlarını yekə rezin çəkmələrinə
salmışdı və payadan tutub yarımçıq ot tayasının yanında deyinirdi. Nərdivana söykənib otu tayaya təkcənə
vururdu ki, əlində balta meşədən gələn
Mişka Novoselovu görəndə sevindi.
- Hey,
Mişka, orda qalan iki cəməni də mənə at, - həvəslə
dedi.
Mişka etiraz etmədi. Güclüydü, cəmələri
yuxarı birdəfəyə atdı və qarı tayanı
tamamladı.
- Sən
lap striptizçisənmiş, Sanya nənə!-
gülərək dedi.
Qarı əhəmiyyət vermədi. Elə bu vaxt
biçin sahəsini qara bulud örtdü, uzaqdan
ildırım səsi gəldi, dəcəl yay
yağışı torpağa səpələndi.
- Oy,
Mişka, sağ ol, çatdıra bilməzdim. Ot
çürüyərdi.
Qarı sevindi və Mişkanı yapalaxlanmış
şam ağacının altında qurduğu komacığa dəvət
elədi.
Komacıq qupquruydu, içəridən saman və
şam qətranının iyi gəlirdi. Sanya qarı
burda dincəlir, dua edirdi. Saman
topasının üstündə balış üzü
vardı. Sanka Qaroşina onun içindən
duzlanmış iki dilim çörək və "Krasnıy
Sever" qəzetinə bükülmüş
yarımçıq araq çıxartdı.
- Sən
lap göldə Leninsən ki...- Mişka dedi və otun
üstündə yerini rahatladı.
- İndi
oldu əla! - Sanya qarı məmnunluqla dilləndi. - İndi mənim otum da var. Götür, Mişka,
vur getsin, - Novoselova yarımçıq arağı ona
uzatdı.
Mişka etiraz etmədi və yarımçıq
arağı şüşənin boğazından öz
boğazına ötürdü, üstündən də
qarının verdiyi çörəyi iylədi.
Yağış komacığın ağzını
divar kimi kəsmişdi. Araqdan sonra dünya Mişkaya çox
rahat və çox xoş göründü. Hər ikisi söhbətə girişdi.
- Hə,
Mixail Varfolomeyeviç, sən tayanın yanında nə
deyirdin? - Sanya qarı ağzındakı loxmanı çeynəyə-çeynəyə
soruşdu.
- Deyirdim
ki, striptiz göstərənlərə oxşayırsan.
- Necə
yəni?
- Şəhərdə qızlar əyləncə
üçün dirəkdən tutub fırlanırlar.
-
Oynayırlar?
- Soyunurlar.
- Lütlənirlər?!
Niyə!?
- Niyə,
niyə? Sən qocalmısan, nənə.
Bilməsən yaxşıdır...
- Yox, daha
demisən, gərək axıradək deyəsən...
- Deyirlər,
şəhərdə elə yer var ki, qızlar dirəkdə
fırlanır, kişilər də onlara pul tökür.
Sanya qarı özünü dirəyin yanında lütlənərək
pul qazanan qızların yerinə qoymağa
çalışdı və susdu.
Mişka mövzunu dəyişdi.
-
Seçkilərdə kimə səs verdin?
Sanya
qarı sualdan yayınmağa çalışdı:
- İndi nə seçki, Mişinka? Ancaq əvvəllər
seçki vardı, özü də əməlli
başlı. Onda mağazalara hər
cür mal gəlirdi. Arvadlarla səs verməyə gedəndə
üstü şirəli pryanik, rezin çəkmə də
alardıq... Bax, indi heç mağaza da yoxdur.
Kaş, o zamanları qaytaraydılar, heç
olmasa bir həftəliyə, - deyə Sanya qarı ah çəkdi.
- Mən
də sizin o zəmanənizdə bir-iki gün qonaq olmaq istərdim.
Özümə köhnə qiymətə köynək-zad
alardım...
- Nə
deyim, əvvəlki mallar indikilər kimi deyildi. Mənim
stolumun üstündəki müşəmbə Stalin
vaxtında alınıb, amma təptəzə qalıb.
Mişka Sanya qarıya şübhəylə baxdı.
- Deyirlər
ki, Stalin qəddar olub. Leninlə də
bağlı böyük şübhələr var, sən
yaxşı bilərsən, çünki o dövrdə
yaşamısan.
- Elədi,
Mişka, bilirəm. Hər şey mənim
gözümün qabağında olub, - Sanka Qaroşina
razılaşdı, - mənim dədəm də partiya məktəbində
oxuyub. Düzdü, böyük idarələrdə
işləməyib, kənd sovetindən başqa, müftəxorlarla
mübarizə aparıb. Mən siyasi
savadı ondan öyrənmişəm. Onların
böyüyü, Mişka, Kars-Mars olub, gur qara saqqallı.
Deyirlər ki, onun iki qızı olub: biri Jenya, o birisinin
adı yadımda qalmayıb, bəlkə də Tanya...
Mişka:
- Sanya nənə,
mənim tarixdən çox da başım çıxmır.
- Onda
qulaq as. Vladimir İliç Lenin və Osip
Vissarionoviç xaricdə bu Kars-Marsdan dərs alıblar.
Hər ikisi böyük vəzifədə olub.
Onlar haqqında pis bir şey deyə bilmərəm.
Mişka otun üstündə uzanıb, içdiyi
araqdan və söhbətdən həzz alırdı.
-
Axırıncı iki ili Lenin ağır xəstə
olub, ölkəni yataqdan idarə edib.
- Bəs
Stalin?
- Osip
Vissarionoviç bazburudlu kişi olub,
bığlı... O, nazirləri, katibləri ağlı ilə
idarə edib. Şəxsən. Ona da ancaq
Kaqanoviçlə Voroşilov kömək edib. Bütün ömrü boyu düşmənlərlə,
casuslarla mübarizə aparıb. Beriya da
casus olub. Kremli mühasirəyə
alıb. Stalini məhv etmək istəyirmiş.
Stalin də eyvana çıxıb, əsgərlərə əmr
verib: "Bu vətən xainini həbs edin!".
Beriyanı da belə tutublar. Stalin xalqın dostu, müəllimi və
başçısı idi. İndi rəhbər
yoxdur, ona görə idarəetmə də yoxdur.
Sanya qarı susdu. Mişka da dinməzcə nəsə
fikirləşirdi.
- Nəhayət,
Mişka özünə gəldi.
- Bəs,
sən indi kimə səs verdin e?
- Kimə,
kimə!? - Sanya qarı cırnadı. - O iylənmişə,
şeytana! Bilirdim ki, aldadacaq, aldatdı da!
Yenə susdular.
- İki aydır ki, avtobus işləmir, mağazanı
da bağladılar. Hara şikayət edək, Mişa!?
- Xeyri
yoxdur! - Mişka əlini yelləyərək dedi.
Sanya
qarı onunla razılaşmadı:
- Yox,
raykoma getmək lazımdır. Bu, qanunsuzluqdur!
- Sanya nənə,
indi raykom yoxdu, ləğv ediblər.
- Onda
rayispolkoma, - qarı dediyindən dönmədi.
-
Rayispolkom da yoxdur. Onu da ləğv ediblər.
- Onda gedək
meşə təsərrüfatına. Avtobus da
onlarınkıdı.
- Səndə
də işlər var ha, nənə. Stalin
haqqında hər şeyi bilirsən, amma meşə təsərrüfatı
haqda yox. Təsərrüfatı
İsveçə satıblar, səni də onun üstündə.
- Necə
yəni məni də? - Sanya qarı cırnadı.
- Hə,
sən-mən qarışıq. Klubda səs verən
sən deyildinmi?
- Hamı
səs verirdi. Necə demişdilər elə.
- Bəs
mən nə deyirəm? İndi sən də, mən
də "Vikinq Çör-Çöp Limited" Səhmdar
Cəmiyyətinin üzvləriyik.
- Pioner?
- Tfu sənə,
kar toyuq!
- Mixail
Varfolomeyeviç, sən rayonda bir şey eşitməmisən
ki? Yuxarılar nə fikirləşir? Sovetləri bərpa eləmək istəyirlərmi?
Gözləyək, yoxsa demokratların hakimiyyətində
ölək?
- Sən
sovetlər tərəfdarısan? - Mişka təəccüblə
dedi. - Bəs niyə başqasına səs verdin?
- Elə
bil özümdə deyildim. Eləcə də səs
verdim. Yaxşısı budur ki, bu siyasətçilərin
hamısını süpürüb atasan çaya. Bizim müəllimimiz və rəhbərimiz Kars-Mars
və Findrix Engelsin göstərdiyi yolla gedək, - deyə
qarı yekunlaşdırdı.
Mişka ona hörmət hissiylə baxdı.
-
Yaxşı, İvanovna, sən mənə de görüm
Darvin nəzəriyyəsi haqda eşitmisənmi? İnsan meymundan əmələ gəlib? İndi Darvini də şübhə altına
alıblar. Sən nə fikirləşirsən?
Mişanın sualı Sanya qarını
çaşdırmadı və o, meşədə ağac kəsən
zaman sağ qalan tək gözü ilə həmsöhbətinə
ciddi nəzər saldı.
- Mixail
Varfolomeyeviç, bu işi bizim sovet alimləri həll etməliydilər.
Deyək ki, Saxarov. Necə
böyük alim idi. Hidrogen bombasını
kəşf etdi. Bu işə isə fikir
verməyib. Bax, Saxarov sadə sovet adamı
ilə meymunu cütləşdirməliydi.
- Ay səni
eksperiment həvəskarı! - Mişka qəhqəhə
çəkdi. - Heç nə dediyini bilirsən? Meymunu
dölləndirmək! Buna kim razı olar?
- Səfeh,
süni mayalandırmağı deyirəm. Toxum
götürmək və mayalandırmaq.
- Hə,
elə olar, - deyə Mişka razılaşdı.
- Baxmaq lazımdır,
alınır, ya alınmır. Alınırsa, görəsən,
o, hansı sifətdə olacaq: meymunmu, insanmı? Bəlkə
onda tapmacanın cavabı tapılar...
- Bəs,
sən özün nə fikirləşirsən? - Biz insanlar
hardan əmələ gəlmişik, meymundan deyiliksə? -
Mişka alnını qırışdıraraq soruşdu.
- Gör,
mən nə deyirəm, Mixail Varfolomeyeviç, biz zəhmətkeşlər
torpaqdan əmələ gəlmişik, şairlər,
generallar, rəhbərlər bəlkə də Adəm və
Həvvadan... Bizim fermer Vaska Qusakov da... Broketlər, xermerlər,
oğrular və canilər dəqiq meymundan əmələ gəliblər...-
Sanya qarı dedi və fikrə getdi...- Bir də dediyin nəydi
onların adı?
-
Striptizçilər.
- Sənin
o striptiz göstərənlərin də meymundan törəyiblər.
Qarının nəzəriyyəsindən Mişkanın
ağzı açıq qaldı.
Sanya qarı da göstərdiyi effektdən
qımışdı.
- Bax bumu?
Meymundan əmələ gəldiyi bir yana,
onun casus olduğundan da şübhələnirəm.
- Casus? -
Mişa dirçəldi. - Sanya nənə, şişirtmə.
Casus nəyimizə gərəkdir? Hansı kəşfiyyata?
- Casus,
Mişka, casus! Sən gəlmələr haqda
eşitmisən? - Sanya qarı pıçıltıya
keçdi. - Mən ot biçməyə
gedən kimi, o da zənbili qoluna keçirib dalımca meşəyə
girir. Onun meşədə nəsə
ratsiyası-zadı var. Ordan da gəlmələrə məlumat
ötürür. Onlar da bizi su bombasına basırlar:
yağış yağır, sel kimi tökür. Bütün
otumuz çürüdü...
- Axı
onun özünün də otu yoxdur. - Mişka qarının kəşfinə
şübhə elədi.
-
Onunçün nə fərqi. Onu gəlmələr
saxlayır. Ona xaricdən bir şalvar
göndəriblər. Çoxlu mis düymələri
var. Deyir ki, humanitar yardımdır. Bəs,
o yardımdan sənə və mənə niyə göndərmirlər?
- Hə,
göndərmirlər, - Mişka fikirli-fikirli
razılaşdı.
- Hə də...
Yağış qəfil başladığı kimi qəfil
də kəsdi. Göy üzünün suyu ilə
yuyulmuş ətraf Günəşin şüaları
altında almaz kimi bərq vururdu.
Mişka və Sanya Qaroşina komadan çıxdılar
və bu mənzərəyə heyran oldular.
-
Mişka sən balta ilə hara gedirsən? - deyə,
çayın vadisindən gələn qoxunu həvəslə
ciyərlərinə çəkən qarı
işgüzarcasına soruşdu.
- Fermer
üçün ağac kəsməyə, - amma nəsə həvəsim
qalmadı. Bəlkə səhər getdim, bəlkə
də yox.
-
Düzdü, Mişka, müftəxora hamballıq etməyə
dəyməz.
Onlar ayaq saxladılar.
- Elədirsə,
onda getdik evə! - deyə qarı komanda
verdi.
Onlar yola çıxdılar. Cütlük məzəli
görünürdü: əlində balta, uzun və arıq Mişka,
çiynində dırmıq və yaba, əynində dizədək
pencək balacaboy Sanya qarı...
-
Mişka, niyə dinmirsən? Oxu görək!
-
Kirkorov-zadam mən!? Həvəsin var, özün oxu!
Sanya qarını dilə tutmaq lazım gəlmədi. O, addımlarını
düzəltdi və gümrah səslə oxumağa
başladı.
Qərbə
getmək əmr edildi -
Düşdü o başqa yola.
Vətəndaş
savaşına
Könüllülır yollandılar.
Çay vadisi quşlarla doluydu. Sahilboyu səpələnmiş
qaranquşlar hay-küylə uçuşur və göyə
qalxan həşəratları tuturdular.
Elə bu vaxt, günün günorta çağı
Ayı Bataqlığı tərəfdən
yaşılımtıl işıq sezildi,
işığın dalınca isə bizim qəhrəmanların
eşidə biləcəyi uğultu gəldi. Sanki
bataqlıqda nəhəng daşları üst-üstə
yığırdılar.
- Allah, sən
saxla! - Sanya nənə təlaşla xaç çəkdi. -
Mişka, gör, Ayı Bataqlığında nələr
olur, Allah eləməmiş, dünya dağılar e! Pensiyamı almamış öləcəyəm.
Yüz rubl artırmışdılar, guya...
Mişka
qınayıcı tərzdə qarının
sözünü kəsdi:
- Sus,
qarıldama! Yəqin ki, kosmosa yenə nəsə
buraxıblar. Bunu hamı görə bilmir.
- Hə,
düzdü, Mişenka, düzdü. Axır
vaxtlar planetlilərlə gözümüzü qorxudurlar.
-
Yadplanetlilərlə, - deyə Mişka düzəliş etdi.
- Deyirlər
ki, onları Xarovsk rayonunda görüblər. Nəsə
böyük bir boşqab imiş, ya da sini. İçindən də uzun qolları olan kişilər
çıxıb. Guya ki, bir arvadı
tutublar, yazıq dükandan gəlirmiş. Arvad onlardan uşağa qalıb. İndi o arvadı da, uşağı da institutda
saxlayırlar. Alimlər onlara nəzarət
edir.
- Sanya nənə,
qorxma, mən, sən - biz onlara lazım deyilik. Sən
qocasan, mənsə işsiz. Məni
tutsalar, yedirtməli- içirməlidirlər. Nələrinə gərək?
Sanya qarı sakitləşdi.
Subasar çəmənlikdəki otlar buxarlanır və
onların rayihəsi adamın başını gicəlləndirir,
ürəyini döyündürürdü.
Anatoli Yexalov
Tərcümə
Dürdanə İbrahimovanındır
Ədəbiyyat qəzeti . -2020.- 1 fevral.-
S.16-17.