Metafizik
və sürreal işıq, yaxud Bəhicə xanımın
son yuxusu
Srağagün
onu yuxuda gördüm. Kədərliydi. Dan üzü
sökülməmiş poçtuna məktub yazdım.
Üç saatdan sonra qızı Əfruz xanım "Salam,
Azər müəllim, necəsiniz? Bizdə hər şey
yaxşıdır. Məhz bu gün anam sizi yuxuda
görmüşdü və məndən xahiş etdi ki, sizə
zəng edim. Ümidvaram işləriniz yaxşı gedir. Sizin
Votsapp nömrənizi bilsək, anam sizə sabah zəng edərdi.
Mümkünsə, nömrənizi bizə yazın. Hörmətlə,
Əfruz" - deyə cavab yazdı.
Bizdə - Azərbaycanda axşam düşəndə
oralarda - Kanadada səhər açılır...
Bakı
vaxtı ilə axşam, Toronto vaxtı ilə səhər
danışdıq. İltifat, həsrət və sevgi dolu səsindən
ayrılmaq istəmirdim. Bir-birimizdən xəbərsiz
qaldığımız müddətdə olub-keçənləri
bölüşdük. Mən Özbəkistana getdiyimi, Xalid Səidin
doğulduğu kənddə olduğumu, ilk rektorunun Xalid Səid
olduğu Daşkənd Dövlət Müəllimlər
Universitetində bir konfransda Xocayevlə bağlı
çıxış etdiyimi dedim. 2008-ci ildə Xalid Səidlə
bağlı yazıb Bakıda nəşr etdirdiyim kitabın Daşkənddə də
çapa hazırlandığını dedim. İndi də Xalid Səidin
"Yeni əlifba yollarında əski xatirə və
duyğularım" kitabının "Ədəbiyyat qəzeti"
yayınları seriyasından nəşrə
hazırlandığını dedim. Sevindi:
- Bəs
sizin xəbəriniz olmadımı, biz də sizin
kitabınızı burda - Torontoda da az nüsxə ilə rus
dilində çap etdirmişik.
-
Eşitməmişəm - dedim. Bu dəfə mən sevindim.
-
Sabah mənə ünvanınızı yazın. O kitabdan sizə
də göndərim, - deyib susdu və əlavə etdi -
görünür, Allah atamın ömründən kəsdiyi
illəri mənə bağışlayıb, məni bu qədər
yaşatdı - dedi. Tez-tez zəng vurun. Məni unutmayın.
Ərk edib öpürəm sizi.
- Mən
də sizi öpürəm - dedim.
95
yaşlı Bəhicənin səsi əvvəlki kimi gənc
və işıqlıydı.
Dünən
redaksiyada Cümhuriyyətlə bağlı müzakirə
saatımızı bitirib qonaqlarımızı yola salandan
sonra kompüteri açdım ki, Bəhicə xanıma
ünvanımı yazım. Poçtumda isə Əfruz
xanımdan məktub vardı. Yəqin, kitabı göndərmək
üçün ünvanımı istəyir, deyə
düşündüm. "...Salam, Azər müəllim, Bu
gün anam rəhmətə gedib. Gündüz çox
şad idi ki, sizlə danışdı. Axşam halı pis
oldu, həkimlər heç bir şey edə bilmədilər.
Hörmətlə, Əfruz".
Sözlərin
tükəndiyi an buna deyirlər, yəqin...
Srağagün
onu yuxuda görmüşdüm... Həmin gün də o məni
yuxuda görübmüş... Şüurardı
qaranlıqlarda görünən bu metafizik və sürreal
işığın - yuxuların şərhi varmı? Niyə
Xalid Səid Xocayevin qızı Bəhicə xanım 95 illik
ömrünün son yuxusunda məni görməliymiş?
Bu sətirləri
yazdıqca başqa bir yuxunu - 10 il əvvəl Bəhicə
xanımın özünün gördüyü yuxunu
xatırlayıram.
Bakıdan
yenicə köçmüşdü. Torontoda
yaşayırdı. Xalid Səid barədə kitab
yazdığımı ona deməmişdim. Kitabı çapa
verdiyim gün zəng etdi:
-
Yuxu görmüşəm.
- Məni
görmüsüz?
-
Yox, sizi deyil, atamı gördüm.
Deməli,
atası ilə bağlı kitab yazmağım, həmin
gün kitabı çapa verməyim ona yuxusunda əyan
olubmuş...
-
Atanızla bağlı yazdığım kitabı bu gün
çapa vermişəm - dedim...
...
Sonra kitabı ona göndərdim. 2009-un 21 oktyabrında mənə
unudulmaz bir məktub yazdı: "Mən bu məktubu Kanadadan
yazıram. Allahın əmri belə
imiş - mən də qəriblikdə
yaşamalıymışam. Xalid Səid haqqında
yazdığınız kitabı iki gündür ki,
almışam. Alıb nə qədər sevindiyimi desəm,
heç bir şey deməmiş olaram. Çox sağ olun. Siz
mənim atamı yenidən dünyaya qaytardınız...".
Bəhicə
xanımla ilk telefon söhbətimizi xatırlayıram.
"Ədəbiyyat qəzeti"ndə "Bu dünyada bir
Xalid Səid vardı" məqaləm dərc olunduğu
gün kübar səsli bir qadın mənə zəng vurdu:
-
Xalid Səidlə bağlı yazınızda 13 yaşlı Bəhicədən
bəhs edirsiniz... Sizi narahat edən 84 yaşlı Bəhicədir,
- dedi...
Elə
həmin gün görüşdük...
Yanvarın
29-da isə mən 95 yaşlı Bəhicə ilə
danışdım...
Ertəsi
günsə onu uzaq Kanadada Berlinqton şəhərinin Qrinvud məzarlığında
müsəlman qaydası ilə torpağa
tapşırdılar...
Bu
söhbəti "Xalid Səid Xocayev - şəhid
türkşünas" kitabımı yazarkən
ayrı-ayrı vaxtlarda etmişik... Bir qismini çap etdirsəm
də, bir qismi elə maqnitofon lentinin yaddaşındaca
sükuta dalıb... Yenidən dinləyirəm.
Danışan
Bəhicə xanımdır.
Mən
isə sözlərin bitdiyi yerdəyəm...
Adını
İsmayıl Hikmət qoymuşdu. "Bəhicə"
işıqlı deməkdi.
1925-ci
ilin yanvarında yanan işıq 2020-ci ilin yanvarında
söndü.
30 yanvar 2020
Azər TURAN
Ədəbiyyat qəzeti.-
2020.- 1 fevral. S. 24. .