“Mənim
adımı İsmayıl Hikmət qoyub. “Behicə”
işıqlı deməkdir”
-
Xalid Səid harada anadan olmuşdu?
-
Özbəkistanın Koşkurqan kəndində.
-
Ancaq xəritədə bu kəndin adı yoxdur.
-
Olmaz. Balaca kənddir. Çir-çik şəhərinin
yaxınlığında, Daşkənddən 25 kilometr
aralıda yerləşir. Xalid Səid 1888-ci ildə burada
doğulub. Atasının adı Səid Əli idi. Nənəmin
adını bilmirəm. Xalid Səid bacısını
çox istəyirdi. Bəraətdən sonra Özbəkistana
gedib Hadı Zərifinin yardımı ilə Xalid Səidin
bacısını, qardaşlarını, qardaşı
uşaqlarını tapdım. Koşkurqan kəndində Xalid
Səidin dünyaya gəldiyi evdə qardaşı oğlu
Feyzulla yaşayırdı. Dediyim kimi, 1957-ci ildə mən o
evdə qonaq oldum...
-
Hadı Zərifi ilə tanış idiniz?
-
Bilirsiz, Xalid Səid o illərdə Özbəkistanın Azərbaycandakı
nümayəndəsiydi. Çoxlu özbək
türkünün Bakıda təhsil almasını o, təmin
etmişdi. Məşhur opera müğənnisi, Özbəkistanın
Xalq artisti, soprano Həlimə xanım Nəsirova da, Dram
Teatrının aktrisası Nəzirə xanım Əliyeva da,
eləcə də Hadı Zərifi Xalid Səidin himayəsi
ilə Bakıda təhsil alan özbək türklərindəndir.
Hadı sonralar böyük alim kimi tanındı Özbəkistanda.
Ömrünün sonunacan Özbəkistan Elmlər
Akademiyasında Ədəbiyyat İnstitutunun direktoru oldu. Məşhur
folklorçuydu. "Koroğlu"nu özbək türkcəsində
nəşr etdirmişdi. Qohumlarımı onun vasitəsilə
tapdım.
-
Xalid Səid Türkiyəyə oxumaq üçün kiminsə
tərəfindən göndərilmişdi, yoxsa İstanbula
öz təşəbbüsü ilə getmişdi?
-
Hadı Zərifinin dayısı babamın, yəni Seyid
Əli Xocanın yaxın dostu olub. Türkiyə ilə ticarət
əlaqələri varmış. Tacirmiş. Bir dəfə
Hadının dayısı İstanbula növbəti səfərə
gedəndə Xalid Səid ondan və həm də təbii ki,
atasından xəbərsiz qatara minib gizlənib. Qatar yola
düşəndən sonra üzə çıxıb.
Hadının dayısına Türkiyəyə təhsil almaq
üçün getdiyini söyləyib. Atam İstanbula gedənəcən
Koşkurqanda torpaqölçən işləmişdi deyə,
bir az pul toplamışdı... Görünür, İstanbula
getmək üçün əvvəlcədən məqsədyönlü
hərəkət edib. Amma bunu valideynlərinə bildirməyib.
Bir sözlə, belə demək olarsa, onu İstanbula tale
aparıb...
-
İstanbula gedəndə neçə yaşı
varmış?
- On
səkkiz yaşındaymış... İstanbula çatandan
sonra Hadının dayısından ayrılır. Əvvəlcə
İstanbul Darülfünunun tibb fakültəsinə qəbul
edilir. Burada üç il təhsil alır. Sonra isə tibb
fakültəsində təhsilini yarımçıq qoyub
universitetin tarix-ədəbiyyat fakültəsinə daxil olur.
Ədəbiyyat fakültəsini tamamlayıb, qəribədir
ki, Özbəkistana qayıtmır, Azərbaycana gəlir.
- Belə
bir fikir var ki, guya Xalid Səid Gəncəyə 1918-ci ildə
Nuru Paşanın qoşununun tərkibində gəlibmiş.
- Belə
bir söhbət var.
- Bu
barədə sizə bir söz demişdi?
-
Yox, atam özü bu barədə heç bir söz deməmişdi.
Hər halda, mən ondan bu barədə heç nə
eşitməmişəm. Ancaq sonralar bəziləri buna siyasi
don geydirdilər, nə bilim, Türkiyə belə gəldi,
azadlıq elə getdi. Ancaq belə şey yoxdu axı. Atam
siyasət adamı deyildi. Sırf elm adamıydı. Xalid Səid
şəhiddir. Bu qədər. Ancaq indi sizinlə söhbət
etdikcə onun bu barədə dediyi bir söz yadıma
düşdü.
-
Maraqlıdı, nə deyirdi?
-
Demişdi ki, mən ona görə Nuru Paşanın əsgərlərinə
qoşulub gəldim ki, gəlmək üçün başqa
yolum yox idi. Universiteti qurtarsa da, Türkiyədə onun
pasportu, sənədi yoxdu. Məhz o günlərdə gəlmək
üçün münasib şərait yaranıb və o da
türk ordusuna qoşulub gəlib. Bax, bunu mənə o
özü danışmışdı.
-
1937-ci ildə isə Xalid Səid məcbur edilmişdi ki, Azərbaycana
1918-ci ildə İstanbul Universitetinin bir qrup tələbəsi
ilə birlikdə Nuru Paşanın başçılıq
etdiyi Qafqaz İslam Ordusunun tərkibindəki "Xüsusi
şöbə"nin əməkdaşı kimi gəldiyini
desin. Xocayev çox şeyi, o cümlədən Türkiyə
kəşfiyyatı ilə "əməkdaşlıq
etdiyini" də "etiraf" etmişdi...
Bəhicə
xanım, Xalid Səidin həbs olunduğu ərəfələri
xatırlayırsız? Onu həbs edəcəklərindən
bir əndişəsi vardımı? Bilirdimi həbs ediləcəyini?
- Məsələ
burasındadır ki, bəli, Xalid Səid həbs ediləcəyini
bilirdi. Bir dəfə onu "Kommunist" qəzetinin
redaksiyasına çağırıb nəsə demişdilər,
onunla söhbət etmişdilər. Bundan sonra atam tam əmin
olmuşdu ki, o da həbs ediləcək. Necə bilməzdi
bunu? Türkiyədə təhsil alıb gəlmişdi.
Türkoloq idi. Hələ üstəlik, institutda hər gecə
bir-iki nəfəri tuturdular. Ümumiyyətlə, həmin
institutda dərin bilikli adamların hamısını, sanki
süpürdülər. Unutmadığım bir məqam da
var - həbs olunduğu ərəfədə məni
çağırıb divanda öz yanında əyləşdirdi
və bilmirəm nə üçünsə tərcümeyi-halını
mənə ətraflı danışdı. Mən isə bunun
fərqinə o qədər də varmadım. Kaş onun
danışdıqlarının hamısını yadımda
saxlayaydım
-
Atanız Mahmud Kaşğarlının "Divani-luğat-it
türk" əsərinin ilk tərcüməçisidir.
Ancaq təəssüf ki, 1000 səhifəlik həmin tərcümə
bu günəcən meydana çıxarılmayıb. Bəzi
yazılarda bu tərcümə mətni haqqında söhbətlər
getsə də, hətta onun bəzi səhifələrinin
çox solğun olduğundan həmin səhifələrin
oxunmaz bir hala düşdüyünü yazsalar da, tərcümə
haqqında konkret açıqlama verilmir. Divan barədə
atanızdan bir söz eşitdinizmi?
- 1935-ci
ildə Xalq Maarif Komissarlığının təşəbbüsü
ilə "Divan"ın tərcüməsi atama həvalə
olundu. Xalid Səid həmin tərcüməni bitirmişdi. Hətta
onu Leninqrada - akademik Malova və Kraçkovskiyə
aparmağı planlaşdırmışdı. Ancaq güllələnməsi
onun bu arzusunu da gözündə qoydu... Ümumiyyətlə,
"Divani-luğat-it türk"ün tərcüməsi
zamanı atam bir neçə dəfə Leninqrada getmişdi.
Hələ həbs olunmamışdan qabaq atamın anama dediklərini
öz qulaqlarımla eşitdim və heç unutmadım...
- Nə
dedi ki?
-
Üç qovluq vardı. "Divan"ın tərcüməsi
həmin qovluqlardaydı. Qovluqları anama göstərib dedi
ki, məndən sonra bu qovluqları istəsələr vermə.
Əgər sizə pul lazım olsa və qovluqları vermək
məcburiyyətində qalsanız, onları tərəzidə
çəkdirərsən, nə qədər gəlsə,
müqabilində o ağırlıqda da qızıl tələb
edərsən. Yəqin ki, o bunu məcazi mənada deyirdi.
Qovluqdakı əlyazmaların necə qiymətli olduğunu
bildirmək istəyirdi.
-
1937-ci ili xatırlayaq. Hamınız 13-14 yaşlarında
qızlar. Turan, Turfan, Nigar... Hamınız bir gecədə
yetim qaldınız... Turan Cavidin 14 yaşı var idi.
Atasının həbs olunduğu gecə yatıbmış. Həbsdən,
evdəki axtarışdan xəbəri olmayıb. Bəs siz
necə?
- Mən
də yatmışdım. Gecə saat 12 radələri (hələ
bir az da gec) olardı. Qəribə səslər eşidib
yuxudan oyandım. Gördüm ki, ev adamla doludur...
-
Axtarış prosesi uzun sürdü?
- Demək
olar ki, səhərə qədər axtarış
apardılar. Yazı stolunda çoxlu yazılar vardı.
Onları da götürdülər. Kitab dolabındakı
kitabların da hamısını apardılar... Mahmud
Kaşğarlının "Divani-luğat-it türk" əsərinin
tərcüməsini də, yəni o üç qovluğu da
həmin gecə götürdülər... Ancaq indi Mahmud
Kaşğarlının "Divani-luğat-it türk" əsərinin
ilk tərcüməsinin atama aid olmadığını iddia
edən adamlar var. Bilmirəm niyə belə deyirlər? Hətta
"Divan"ın min səhifəlik əlyazmasını
gördüm deyən yoxdur.
-
Gördüm deyənlər var. Ancaq görüb də meydana
çıxaran, onu nəşr etmək təşəbbüsündə
olanlar yoxdur.
- Ancaq
mənim intiusiyam başqa şeylər söyləyir...
(Bəhicə
xanım intuisiyaları barədə danışır. Dedikləri
adamı vahimələndirəcək dərəcədə
qeyri-adi nəsnələrdi).
-
Sağlıq olsun, zaman hər şeyi
aydınlaşdıracaq. 1930-cu illərə qayıdaq.
Atanızın həbs olunduğu günlə əlaqədar
daha nələri xatırlayırsınız?
-
Atamı aparanda anama onun ardıyca çıxmağa icazə
vermədilər. Amma mən fürsət tapıb küçəyə
çıxdım. Yağış yağırdı.
- Həmin
gecə iyun ayında Bakıda yağış
yağırdı?
- Bəli.
Özü də necə yağış... Bunu dəqiq
xatırlayıram.
- Deməli,
1937-ci ildə Cavidin, Müşfiqin, Əhməd Cavadın bəhs
edildikləri gecə Bakıda yağış
yağırmış.
- Bəli.
Yağış yağırdı...
-
Atanızla necə ayrıldınız?
- Mən
ağlayırdım. Atam məni qucaqlayıb öpdü... Onu
qara maşına mindirib apardılar. Küçə boyu
çoxlu qara maşınlar dayanmışdı.
-
Atanızdan bir xəbər tuta bilirdinizmi?
-
Yox. Ancaq uşaq da olsam, bilirdim ki, içəridə nələr
baş verir. Elə buna görə də fikirləşirdim
ki... sağdırsa, bu zülmə necə dözür... Allah
günahımdan keçsin. Ancaq istəmirdim ki, o, bu əzabları
çəksin...
-
Sonra nə oldu?
-
Anam o günlərdə Mişkinaz xanımla
görüşmüşdü. Öyrənmişdi ki,
onların mənzillərini alıb özlərini Sovetskidə
darısqal, qapısı bağlanmayan bir mənzilə
köçürüblər. Anam bundan çox təşvişə
düşmüşdü. Ürəyinə
dammışdı ki, bizi də çıxarıb elə bir
evə köçürəcəklər. Odur ki, əl-ayağa
düşdü. Axı işgüzar qadındı. Hətta
bir müddət Mərkəzi İcraiyyə Komitəsində
təlimatçı işləmişdi.
- Və
sizi yaşadığınız evdən
çıxardılar.
-
Əlbəttə. Bizim həyətdə birinci mərtəbədə
Həsənov soyadlı tənha bir kişi
yaşayırdı. Onu da həsb etmişdilər. Bizi onun
boş qalmış təkotaqlı kiçik mənzilinə
köçürdülər. Bir erməni ailəsi
köçdü bizim evə. 1989-cu ilə qədər orda
yaşadı.
-
Sonra ananızı da həbs etdilər?
- Bəli.
Atamı iyunun 3-də tutmuşdular. Oktyabrın 13-də
güllələmişdilər. Elə həmin gün də
gecə güllələnənlərin arvadlarını həbs
etdilər. Bilmirəm nə üçün, bu
qadınların hamısına 8 il iş kəsdilər.
-
Ananızın həbs olunduğu oktyabrın 13-ü gecəsini
necə xatırlayırsınız? 12 yaşlı Bəhicə
tək qaldı. Neylədi?
-
Anamı aparmağa gəldilər. Gecəydi. Saat 12 olardı.
Tək qaldığım üçün dedilər ki,
balacanı da uşaq evinə verəcəyik. Mən bunu
eşitdim. Üzr istəyirəm, gecə paltarındaydım.
Evdən qaçıb xalam Cahan Talışinskayagilə gəldim.
Xalamın evi indiki Fəvvarələr meydanının yerləşdiyi
ərazidəydi. Xalam nənəm Məryəm xanımla bir
yerdə yaşayırdı. Sonralar həmin binanı
sökdülər. Çox yaraşıqlı bir binaydı.
Mirbəşir Qasımov da həmin evdə
yaşayırdı. O zaman xalamın ərini də həbs
etmişdilər.
-
Ananızı hara sürgün etdilər?
-
Qazaxıstana. Akmolinskiyə. İndiki Astanaya. Bura Akmala da
deyirdilər. Dediyim kimi, "xalq düşmənləri"nin
arvadlarının hər birinə səkkiz il iş
vermişdilər. Mənim anam tez qayıtdı. Onların
arasında vaxtilə Kremldə işləyən Olqa
Şapunovskaya adlı bir qadın vardı. Olqa anama demişdi
ki, Sara, mən sənə bir ünvan verəcəm. Sən həmin
adresə məktub yazıb xahiş et ki, səni azad etsinlər.
Anam da Stalinə məktubu karton parçasına yazıb
düşərgənin rəisinə verir ki, yola salsın. Rəis
də görüb ki, Stalinə ünvanlanmış məktub
karton üzərinə yazılıb. Kağız verir. Məktubu
kağıza köçürüb yola salırlar. Bilmirəm,
Stalinə çatıb, ya yox? Hər halda, anamı 1941-ci il
mayın 28-də azad etdilər. Qayıdıb gəldi
Bakıya. Ancaq kaş gəlməyəydi...
- Niyə?
-
Çünki gələndən sonra onu çox incitdilər.
Bakıda yaşamağa imkan vermirdilər. Getməli olduq. Mən
də məktəbi yarımçıq qoyub onunla getdim.
-
Hara getdiniz?
- Gəncəyə.
- Gəncəyə
niyə?
-
Axı Gəncədə mənim xalam Bəyimağa
Mehmandarova, xalamın qızları yaşayırdı... Sonra
yenidən Bakıya qayıtdıq. Artıq evimiz çoxdan
müsadirə olunmuşdu. Xalamın ərinin Sovetski məhəlləsindən
yuxarıda evi vardı. Bir müddət həmin evdə
yaşadıq. Axı anamın Bakıda yaşamaq icazəsi
yox idi. Milisdən gizlənə-gizlənə
yaşayırdıq. Onu o qədər gizlətmişəm
ki... Gecədən keçmiş gəlib evləri
axtarırdılar ki, görsünlər qeydiyyatsız
yaşayan var, yoxsa yox? Qeydiyyatsız, hələ üstəlik
"xalq düşməni"nin arvadı. Sonra mən
instituta qəbul oldum. Əvvəlcə ikiillik kursa, sonra da
Xarici Dillər İnstitutuna daxil oldum. İnstitutu 1952-ci ildə
bitirdim. Bu müddətdə mən həm də işləyirdim.
Anam təkrar çıxıb getdi Şəmkirə. Orda
atamın dostları yaşayırdılar.
-
Ananız neçənci ildə rəhmətə getdi?
-
1975-də. Beyin xərçəngindən.
Anamın
anası, yəni mənim nənəm Məryəm xanım
Mehmandarova general Səməd bəy Mehmandarovun
bacısıdır.
-
General Mehmandarov ananızın dayısıdır?
- Bəli!
Anam Mir Rza xan Talışinskinin qızıdır.
-
Xalid Səidlə necə tanış olublar?
-
Əliheydər Qarayevin qohumları vardı - Şabanovlar. O
Şabanovların ailəsindən kimsə Xalid Səidlə
dost olub. Atam evlənmək istəyini ona deyib. O da mənim
xalalarımla yaxın olub. 1924-cü ildə Şabanov
babamın yanına gəlib, elçilik edib. Rza xan da
razılıq verib. Ancaq anamın xeyir-duasını
dayısı general Səməd bəy Mehmandarov verib. Axı
o, anamı çox istəyirdi...
- Deməli,
siz həm də Ağa xan Talışinskinin bacısı
qızısınız...
- Bəli.
Dayım Ağa xan Talışinski 1949-cu ildə rəhmətə
getdi. Əsl adı Əbülfət idi. Bakıda ilk cərrahlardan
biriydi. O illərdə Azərbaycanda adətən üç
professorun adı bir yerdə çəkilərdi:
Topçubaşov, Talışinski, Mirqasımov... Ağa Xan
Talışinski ilə atam həm yeznə-qayın, həm də
ən yaxın dost idilər. Sizə bir sirr açım. Amma
siz onu yazmayın. 1935-ci ildə Ağa Xan Talışinskinin
travmatoloji cərrahiyyəyə həsr olunmuş bir kitabı
nəşr edildi. Bilirsiniz... bu kitab həmin sahə üzrə
Azərbaycan türkcəsində nəşr olunmuş ilk
kitab idi. Məsələ burasındadır ki, dayım öz
kitabını rusca yazmışdı. Tərcüməsini isə
Xalid Səid gerçəkləşdirdi. Amma bu barədə
həmin kitabda heç bir qeyd yoxdur.
- Bəhicə
xanım, evinizdə Xalid Səidin nəşr olunmuş
kitabları - "Osmanlı, özbək, qazax dillərinin
müqayisəli sərfi", "Müxtəsər
üslubiyyat" və bir də Abdulla Qədiridən tərcümə
etdiyi "Ötən günlər" romanı qalıb. Və
kitabların titul vərəqində Əli Sultanlının
eyni sözləri yazdığı avtoqrafları var:
"Müəllimim Xalid Səidin qızı Bəhicə
xanıma müəllimi Əli Sultanlıdan".
-
Bunları qoruyub saxlamaq adi iş deyildi, bəlkə də qəhrəmanlıqdı.
Əli Sultanlı sonralar bu kitabları mənə verdi və
onlar məndə atamın yeganə yadigarları oldu...
Ümumiyyətlə, atamın sədaqətli tələbələri
vardı: akademik Şirəliyev, Həmid Araslı, Cəfər
Xəndan, Əli Sultanlı, Mirzağa Quluzadə, Abbas Zamanov
atamın ən etibarlı tələbələri olub...
-
Yaşadığı dövrdə Azərbaycanda Xalid Səidə
böyük rəğbət və ehtiramla yanaşıblar.
Dostları kim idi?
-
Atamı Bəkir Çobanzadə, Hənəfi Zeynallı
çox dəyərləndirirdi. Mən bu münasibətlərin
bəzisinin canlı şahidiyəm. O zaman Dilçilik
İnstitutu 190 saylı məktəbin
yaxınlığında indiki Nigar Rəfibəyli
küçəsi ilə Mirzə Muxtar küçəsinin kəsişdiyi
yerdə prokurorluqla üzbəüz birmərtəbəli
binada yerləşirdi və mən o vaxt evimiz çox
yaxın olduğundan tez-tez qaçıb atamın yanına
gedirdim. Hənəfi Zeynallını da orada görmüşəm.
Sonra Hüseyn Cavidi xatırlayıram. O bizə, atam isə
onlara gedib-gələrdi. Mən Cavidin "Səyavuş"
faciəsini əzbər bilirdim. Hətta xatırlayıram,
atam məni məcbur edirdi ki, get, ədəbiyyat müəlliminə
de ki, mən bu əsəri əzbər bilirəm.
-
Xalid Səid Birinci Türkoloji qurultayın ən fəal
iştirakçısı və təşkilatçılarından
biri olub. Bu barədə bizə məlum olmayan başqa nələrisə
bilirsiniz?
- Azərbaycanın
ilk qadın rejissoru Qəmər Salamzadə - rəssam Salamzadənin
yoldaşı mənim xalamın qaynı Əliqulu Qəmküsarın
qızıydı. O 1926-cı ildə keçirilən
Türkoloji qurultay günlərində bizim evdə
keçirilən ziyafət barədə yazıb. Evimiz
çox böyük idi. Fuad Köprülü, Əli bəy
Hüseynzadə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə...
həmin ziyafətdə iştirak ediblər.
-
Repressiya qurbanı olanların qızlarının çoxu
ailə qurmadı. "Xalq düşməni" Xalid Səidin
tək qızına həyan olan, ona könül bağlayan
Ziya müəllim kim idi?
- Məmmədov
Ziya Təmo oğlu ilə münasibətlərimiz 1952-ci ildən
başlanmışdı. 1954-cü ildə o, aspirant olanda evlənmişdik.
Bizim evlənməyimizin səbəbkarı Məmmədhüseyn
Təhmasibin yoldaşı Bilqeyis xanım olub. Bilqeyis xanım
elə alicənab insan idi ki, onu sevməmək, onun məsləhətinə
əməl etməmək mümkün deyildi. Ziya sonralar
görkəmli alim kimi tanındı. Partiya Tarixi
İnstitutunda kafedra müdiri, professor oldu. İqtisad elmləri
doktoruydu...
-
Adınız qəribədi. Bəhicə. Bu adı sizə
kim verib?
- Mən
1925-ci il yanvarın 10-da səhərə yaxın, özü
də Qasım İsmayılov küçəsindəki
evimizdə dünyaya gəlmişəm. Anam evimizdə azad
olub. Həmin gün atamın dostları səhərəcən
bizim evdə olublar. Mənim doğulmağımı gözləyiblər.
Mən dan yeri söküləndə anadan olmuşam.
Türkiyəli alim İsmayıl Hikmət də evimizdəymiş.
Mənim adımı da İsmayıl Hikmət qoyub. "Bəhicə"
işıqlı deməkdir. Bunu mənə atam söyləmişdi...
2008
Bəhicə Xocayeva
Söhbətləşdi:
Azər TURAN
Ədəbiyyat qəzeti.-
2020.- 1 fevral. S. 24-25. .