Ədəbiyyat tariximizin yeni dövrləşdirilməsi

 

Milli mədəniyyət və ədəbiyyat tarixi bilavasitə tarixşünaslığın nailiyyətlərindən faydalanır. Müxtəlif xalqların keçdiyi tarixi inkişaf mərhələlərini dövrləşdirmədən ədəbiyyat tarixinin mərhələ təsnifatının dəqiq konturlarını cızmaq, obyektiv reallığı aşkarlamaq mümkün deyil. Bu cəhətdən akademik İsa Həbibbəylinin bu yaxınlarda nəşr olunan "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" (2019) monoqrafiyası dövrləşdirmə konsepsiyalarını ümumiləşdirən, hər birinə ayrı-ayrılıqda dəyər verən, eyni zamanda çağdaş ədəbiyyatşünaslıq meyarları ilə yeni elmi dövrləşdirmə konsepsiyasını ortaya qoyan fundamental tədqiqat əsəridir. Monoqrafiyada sistemli şəkildə mövcud dövrləşdirmə konsepsiyaları geniş aspektdə tədqiqat predmeti seçilir, milli ədəbiyyat tarixi və ədəbiyyat tarixçiliyin metodoloji problemlərinə konseptual elmi baxış ifadə olunur.

İndiyə qədər milli ədəbiyyat tarixinin dövrləşdirilməsi ilə bağlı xeyli sayda tədqiqat işi aparılıb.

Təəssüf ki, bu dövrləşdirmələrin hər birinin özünəməxsus nöqsanları, dövrün ictimai-siyasi reallıqlarından irəli gələn çatışmazlıqlar var və yeni, çağdaş ədəbiyyat tarixlərinin yazılmasında bu dövrləşdirmələrdən nəsə götürmək, öyrənmək mümkün olsa da, bütövlükdə müstəqil dövlətin yeni ədəbiyyat tarixini həmin əsaslarla formalaşdırmaq mümkün deyil. İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının əsas əhəmiyyəti bundadır ki, indiyə qədər mövcud olan ədəbi dövrləşdirmələrin hamısı geniş təhlil olunub, onların hamısının nöqsanları və müsbət tərəfləri nəzərə alınaraq yeni, müstəqil dövlətin humanitar siyasəti ilə vəhdət təşkil edən daha mükəmməl, milli təfəkkürə əsaslanan Azərbaycan ədəbiyyatı tarixinin yeni dövrləşdirmə konsepsiyası müəyyənləşdirilib. Bununla ən azı yarıməsrlik bir ədəbi-tarixi mərhələdə yeni yazılacaq milli ədəbiyyat tarixlərinin, monoqrafiyaların metodoloji istiqaməti yönləndirilib.

"Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasında məqsəd ancaq mövcud ədəbiyyat tarixi dövrləşdirmələrini ümumiləşdirmək, onlar haqqında konkret təsəvvür yaratmaq deyil. Mahiyyət bundan ibarətdir ki, İsa Həbibbəyli müstəqil dövlətimizin dövlətçilik konsepsiyasına əsaslanan yeni ədəbi dövrləşdirmə konsepsiyası ilə çıxış edib. Eyni zamanda bu dövrləşdirmə örnəyi ciddi elmi əsaslara, fəlsəfi zəminə söykənib. Monoqrafiya bir daha sübut etdi ki, Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemi hələ də aktualdır və bu sahədə yeni konsepsiya axtarışlarına ehtiyac var. Çünki istənilən ədəbi dövrləşdirmə nisbidir, ədəbiyyat tarixinin dəqiq konturlarını cızmaq mümkün deyil. Müəyyən sənətkarların hansı dövrə aid olmasında fikir yayğınlığı var. Məsələn, yaradıcılığının müəyyən qismi XIX əsrə, müəyyən qismi XX əsrin ilk onilliklərinə düşən Ə.Haqverdiyev, N.Nərimanov, M.Vəzirov yaradıcılığının "yeni dövr" və yaxud "sovet ədəbiyyatı" mərhələlərinə aid edilməsi ədəbi ictimaiyyətdə fikir ayrılığı yaradır. Mübahisə predmetinin başqa məsələləri də var ki, İsa Həbibbəylinin məlum əsərində bu cür dolaşıq məsələlərə aydınlıq gətirilir.

Monoqrafiyada, hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi zərurəti ortaya qoyulur, zaman və ədəbiyyat münasibətləri tədqiqat mərkəzinə gətirilir, obyektiv elmi münasibət bildirilir. Bu günə qədər elmi dövriyyədə olan ədəbiyyat tarixlərinin demək olar ki, əksəriyyəti Sovet dövründə yazılıb. Təxminən 70 il müddətində ədəbiyyat tarixlərimiz ideoloji-siyasi prinsiplər, ictimai formasiyalar nəzəriyyəsi əsasında meydana çıxıb. İsa Həbibbəyli həmin reallığı nəzərə alaraq, ədəbiyyat tarixinə marksist baxış sisteminin çöküş məqamlarına daha çox diqqət yetirib və belə qənqaətə gəlib ki, tarixi inkişafın qanunauyğunluqları haqqındakı marksist-leninçi təlim ictimai formasiya və sinfilik nəzəriyyəsinin əsaslarını təşkil edib. Ölkələrin və xalqların tarixi inkişafı, cəmiyyətin formalaşması və təkamülü bu nəzəriyyə əsasında müəyyənləşdirilib. Sosrealizmin mövcud olduğu ölkələrdə, o cümlədən Sovetlər İttifaqında və Sovet Azərbaycanında ədəbiyyat tarixinin dövrləşdirilməsindən söz açılarkən həmin təlimə istinad edilib. Beləliklə, ədəbiyyat tarixinin dövrləşdirilməsində ibtidai icma və ilkin feodal dövlətlərinin yaranması qədim dövr, feodalizmin inkişafı mərhələsi isə Orta əsrlər dövrü hesab olunub.

İttifaq dövründəki ədəbi dövrləşdirməyə, ictimai formasiyalar nəzəriyyəsinə aydın elmi münasibət bildirdikdən sonra İsa Həbibbəyli müstəqillik dövründə ədəbiyyat tarixin dövrləşdirilməsindəki təsnifatlara diqqət yönəldir, ədəbi əsərlərə geniş kontekstdən yanaşaraq, dövrləşdirmənin çağdaş prinsiplərini müəyyənləşdirməyə keçid edir, bu sahədə fərqli elmi yanaşmalara mövqe bildirir. Aydındır ki, ədəbi dövrləşdirmə ədəbi prosesin daxili qanunauyğunluğuna, milli-mənəvi aspektlərinə uyğun olaraq müəyyən prinsiplər və faktorlar əsasında həyata keçirilir. Bu mənada İsa Həbibbəyli yeni ədəbi dövrləşdirmənin fərqli prinsiplərini tədqiqata gətirib.

Ədəbiyyatşünaslığımızda ilk dəfədir ki, İsa Həbibbəyli Şərq ədəbiyyatında mövcud olan əxilik, sufizm, hürufizm təriqətlərinin ədəbi cərəyan səviyyəsində siyasi-ideoloji mahiyyətinə nəzər yetirir, bunların ədəbi cərəyan funksiyası müəyyənləşdirilir. Bu tədqiqatlardan bəhs edəndə "bədii fəlsəfi cərəyan" ifadəsinə müraciət etməsi də ədəbiyyatşünaslığımızda yeni bir tədqiqat istiqamətinin başlanğıc mərhələlərindən xəbər verir. İndiyə qədər ədəbi cərəyanların Qərbi Avropada, xüsusən Fransada yarandığı haqqındakı stereotiplər İsa Həbibbəylinin bu tədqiqatında dağılır, ədəbi cərəyanın Şərq tipləri önə çıxır ki, bu cəhəti müsbət hal kimi dəyərləndirməliyik.

Bütün bu geniş təhlillərdən, ədəbi informasiyalardan sonra İsa Həbibbəyli özünün çağdaş dövrləşdirmə sxemini təqdim edir. Azərbaycan ədəbiyyatı tarixinin İsa Həbibbəyli tərəfindən müəyyənləşdirilən təsnifatı belədir:

1. Qədim dövr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək (ən qədim dövrlərdən VII əsrə qədər); 2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər); 3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər); 4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XIV əsrlər); 5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər); 6. Azərbaycan ədəbiyyatında maarifçi-realizm dövrü (XIX əsr); 7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda Sovet hakimiyyətinədək); 8. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1960); 9. Milli-mənəvi özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi. Modernizm (1960-1980); 10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı (1991-ci ildən).

Azərbaycan ədəbiyyatı tarixinin yeni dövrləşdirilməsi bir neçə aspektdən müstəsna mövqeyə malikdir, indiyə qədər aparılan çoxsaylı təsnifatlardan əsaslı şəkildə fərqlənir. Həmin fərqləri və sistemləşdirilən dəyərləri bu cür sıralamaq olar:

1. İsa Həbibbəylinin bu təsnifatı siyasi-ideoloji və sinfi prinsiplərdən tamamilə uzaqdır; 2. Bölgünü şərtləndirən amillər sırasında ümumtürk və azərbaycançılıq təfəkkürü məsələsi öndə dayanır; 3. Bölgünün əsasında milli bədii təcrübənin ədəbi-tarixi faktları və daxili qanunauyğunluqları dayanır; 4. Bölgünün bütün mərhələlərində ümumşərq və ümummüsəlman konteksti əsas kimi götürülür; 5. Milli bədii yaradıcılığa münasibətdə bədii təkamülün inkişaf mexanizmi və dinamikası tam olaraq aydınlaşdırılır, tarixdən müasirliyə, ənənədən novatorluğa keçidin mexanizmi göstərilir.

"Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" əsərində İsa Həbibbəyli dövrləşdirmə prosesində əsas kimi nəzərdə tutduğu prinsipləri bu cür izah edir: "Azərbaycan ədəbiyyatı tarixinin təqdim edilən dövrləşdirilməsindən müəyyən olunmasında konkret mərhələlər arasında davam edən proseslərlə, varisliklə yanaşı, köklü, mühüm yeniləşmələrin, dəyişikliklərin baş verməsi də əsas götürülmüşdür".

Bu qısa dəyərləndirmədən aydın olur ki, İsa Həbibbəyli dövrləşdirmə meyarlarından daha geniş aspektdə faydalanmağa çalışmış, nəinki ayrı-ayrı ədəbi mərhələləri, eyni zamanda mərhələlərarası davam edən ədəbi prosesləri də nəzərdən qaçırmamış, ədəbi ənənələrdəki varislik prinsipi ilə yanaşı, dünya ədəbi prosesində baş verən yenilikləri də nəzərdən qaçırmamağa üstünlük vermişdir.

Tarixi dövrləşdirmə ilə ədəbi dövrləşdirmənin əlaqəsi, fərqi, oxşar cəhətləri haqqında mövcud təsəvvürlərə monoqrafiyada müəyyən aydınlıq gətirilib. Bunu nəzərə almadan ədəbi dövrləşdirmədə obyektiv nəticə almaq mümkün deyil. Digər tərəfdən, ədəbi dövrləşdirmə tarixi dövrləşdirmə ilə yüzə-yüz üst-üstə düşməz. Üst-üstə düşən və düşməyən xüsusatların qovuşağından obyektiv dövrləşdirməyə keçid etmək tədqiqatçını çətinə salmır. İsa Həbibbəyli də eyni mövqedən çıxış edir. Bu zaman marksist təfəkkürdə mövcud olan ictimai-iqtisadi formasiyalar nəzəriyyəsini bir kənara atır, qədim dövr anlayışına və tarixi dövrləşdirmə amilinə yenidən baxılmasına ehtiyac duyur. İzahı isə sadədir: "Çünki ictimai formasiyalar nəzəriyyəsinə əsaslansaq, quldarlıq mərhələsinin qədim dövr, feodalizm erasının Orta əsrlər hesab edilməsi heç də dünyanın bütün ölkələrində, o cümlədən də Azərbaycanda eyni səviyyədə mövcud reallıqla üst-üstə düşmür. Ədəbiyyat baxımından isə qədim anlayışı tarixin qədimliyi ilə yanaşı, mifoloji mətnlərin və şifahi ədəbiyyatın yaranmağa başladığı ilkin çağdaş və bu prosesin ardıcıl olaraq davam etdiyi əsərləri özündə birləşdirir".

Ədəbiyyatımızın qədim dövrünü İsa Həbibbəyli mifoloji mətnlərlə əlaqələndirir, bu dünyagörüşü dünyanı dərk etmənin yeni sistemi kimi görür. Miflərə ona görə xüsusi diqqət yetirir ki, onlarda türk etnosunun mahiyyəti yaşayır, milli-mənəvi kimliyi ən qədim ifadəsidir.

Biz indiyə qədər İsa Həbibbəylini əsasən XX əsr Azərbaycan ədəbiyyatı mütəxəssisi və ədəbiyyat nəzəriyyəçisi kimi tanıyırdıq. Ancaq "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası göstərdi ki, o, eyni zamanda, klassik Şərq, ədəbiyyatını, qədim və Orta əsrlər türk ədəbiyyatını da mükəmməl bilir. Hətta nəinki bilir, bu sahədəki bəzi fikir və mülahizələri ilə klassik ədəbi irsdə bəzi yeni istiqamətlərin müəyyənləşməsində ilkin şərtləri meydana çıxarır. Xüsusən, təriqət ədəbiyyatı, islam-müsəlman intibahı haqqındakı təsəvvürləri bitkin konsepsiya səviyyəsindədir.

Mahmud Kaşğarinin "Divani-lüğət-it türk", Əhməd Yasəvinin "Divani-hikmət", Yusif Balasaqunlunun "Qutatğu-bilik" Süleyman "Bakirqanı kitabı" əsərlərini ümumtürk ədəbi abidələri sırasına daxil edən, islam sivilizasiyanın göstəricisi kimi görən İsa Həbibbəyli fars dilində yazan türk sənətkarları Nizami Gəncəvi, Əfzələddin Xaqani, Qətran Təbrizi yaradıcılığındakı türk təfəkkürünün izlərini axtarmış, onların yaradıcılığında, mövzularında, obrazlarında milli təmas nöqtələrini müəyyənləşdirmişdir.

Elmi ədəbiyyatda maarifçi realizmin XIX əsr ədəbiyyatı ilə bağlı olması şübhə yaratmasa da, hətta XX əsrin 40-50-ci illərində bəzi tənqidçilər milli ədəbiyyatda maarifçi-realist mövqelər axtarmışlar. Bu da təbiidir. Çünki çoxəsrlik Azərbaycan ədəbiyyatında elm, maarif, mərifət məsələləri zaman-zaman ənənə şəklini alıb. Həm də maarifçilik təkcə ictimai məfkurə kimi yox, eyni zamanda milli-mənəvi ehtiyac kimi xalqımıza gərək olub. Bu ənənə bədii yaradıcılıqda çoxsaylı ədəbi metodlar mühitində davamını gətirir. Bu fərqliliyin və ümumiliyin elmi texnologiyalarının örnəyini İsa Həbibbəylinin monoqrafiyasında tapmaq mümkündür.

İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının əhəmiyyəti bundadır ki, əsərdə ədəbi dövrləşdirmə ənənəvi dövrləşdirmədən ədəbiyyat tarixinə ideoloji baxışdan əsaslı şəkildə fərqlənir, elmi əsaslara söykənir. Hər şeydən əvvəl, yeni ədəbiyyat tarixi konsepsiyasının zəruriliyi bir şərt kimi irəli sürülür və bunun dəqiq konturları cızılır: 1. Azərbaycan ədəbiyyatı tarixinin keçmiş sovet ideologiyası, əsasında aparılmış dövrləşdirilməsinin ədəbi-tarixi reallıqlarının əks etdirilməməsi, müstəqillik dövrünün prinsiplərinə, milli məfkurəyə uyğun gəlməməsi; 2. Ayrı-ayrı müəlliflərin və ya müəlliflər kollektivinin yazıb nəşr etdirdikləri Azərbaycan ədəbiyyatı tarixinə dair akademik nəşrlərdə, dərsliklərdə, monoqrafik tədqiqatlarda dövrləşdirmədə keçmişdə müəyyən edilmiş mərhələlərdə uzaqlaşa bilməmək hallarının aşkar görünməsi; 3. Dövrləşdirmə meyarlarında və mərhələlərin müəyyən edilməsində pərakəndəliyin müşahidə olunması; 4. Dövlət müstəqilliyi ideallarının uğrunda Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması; 5. Demokratikləşdirmədə dünyada gedən ədəbi-tarixi proseslərin nəzərə alınması zərurəti.

İsa Həbibbəylinin ədəbiyyat tarixinin dövrləşdirilməsinin yeniliyi və aktuallığı bundadır ki, bu təsnifatı elmi prinsiplər, nəzəri konsepsiyalar əsasında reallaşdırır, ədəbiyyat tarixinə oxşar və fərqli baxışları bir araya gətirərək hazır sxemlərdən yox, dövrləşdirmənin Avropa təcrübəsindən, milli ədəbiyyatın öz materiallarından, milli ədəbi-tarixi kontekstindən çıxış edir. Bütün hallarda ədəbiyyat tariximizə milli maraqlar və dövlətçilik meyarları mövqeyindən yanaşır.

Müxtəlif nəzəri-metodoloji baxışları diqqətlə izlədikdən sonra İsa Həbibbəyli ədəbiyyat tariximizin yeni dövrləşdirilməsi haqqında öz konseptual baxışlarını konkretləşdirir, milli ədəbiyyatın dövrləşdirilməsinin yeni prinsiplərini müəyyənləşdirir:

 

1. Azərbaycançılıq məfkurəsi.

2. Sivilizasiya faktoru.

3. Ədəbi-tarixi proseslərin reallıqları.

4. Azərbaycanda ədəbi cərəyanlar.

 

Bu müddəalarda azərbaycançılıq məfkurəsinin ilk sıraya çıxması təsadüfi deyil. Çünki ədəbiyyat, hər şeydən əvvəl, bir milli düşüncə və milli şüur faktorudur. Hələ XX əsrin əvvəllərində böyük türk ədəbiyyatşünası Fuad Köprülzadə göstərirdi ki, ədəbiyyatşünaslıq öz axtarışlarında milli təfəkkür faktorunu əsas götürməlidir. Kitabda ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin ədəbiyyat tariximizin dövrləşdirilməsinin əsasında dayanması da müsbət hal kimi qiymətləndirilməlidir.

 

Məhəmmədəli Mustafayev

Ədəbiyyat qəzeti.- 2020.- 1 fevral. S. 26-27.                                                                                                    .