Bir
şairin gündəliyi
Gündəlikdən
parça
12
oktyabr 1946. Şənbə.
Səhər
Eliotun "Dörd kvartet"ini oxudum. (Misir sahillərini
birinci dəfə görəndə, Port-Said limanının
coğrafiyası məni çox təsirləndirmişdi. Bu
şeirlərlə müqayisədə Kavafisin şeirləri
məhz həmin coğrafiyanı xatırladır mənə).
Elə bil bu şeirləri birinci dəfə oxuyuram,
onların tempini birinci dəfə hiss etdim (Bethovenin "On
beşinci kvartet"i kimi). Bu misraları 1935-ci ildə
oxusaydım, "Mifik hekayə"yə1 epiqraf qoyardım:
Qocaldıqca
biz,
Dünya
yadlaşır, qarışır şəkilləri
Ölülərin
və dirilərin. Gərgin an deyil ayrılan,
Keçmişsiz
və gələcəksiz.
Amma
həyat boyu alovlanan anlar var,
Və
təkcə bir adamın həyatı boyu yox,
Amma
yazılarını başa düşmədiyimiz
qədim
daşların həyatı boyu.
("East
Coker"dən)2
Qeydlərimi
qaydaya salıb yekunlaşdırdım. Bura keçən həftənin
çərşənbə günü, axşamüstü gəlib
çatmışdım. Cümə axşamı və
cümə günləri yığılıb qalmış məktubları
yerbəyer etməklə keçdi. Sonra işlərim tamam
başqa məcraya düşdü. İllər əvvəl
külqabıları da boşaltmadan tələsik tərk
etdiyiniz evə qayıtmaq hissi; kif qoxuyan ağır hava
adamı ağuşuna alır; əl-ayağınız
çözülür, özünüzü
sınıq-salxaq hiss edirsiniz.
Dünən-bu
gün hava buludludu. Dünən yağış da
yağmışdı. Leysan yağış. Qış
yaxınlaşır. Bayırdakı mənzərə diqqətimi
çəkir. Pəncərədən baxanda küləyin
oynatdığı şam ağaclarını görürəm.
Amma işləmək lazımdır, gün boyu pərdələri
çəkib elektrik işığında işləmək
lazımdır.
Günəş
görə bilməyəcəyin günəş ölkələri,
İnsan
görə bilməyəcəyin insan ölkələri.
13
oktyabr. Bazar
İllər
sonra ürəyimi sevindirən yuxu gördüm. İndi fikirləşirəm
ki, 1940-cı ilin yayından bu yana gördüyüm
bütün yuxular qarabasma imiş.
Başqa
bir şəhərdəyəm, ya Parisdi, ya da London.
Axşamdı. Dayanıb tütünsatanla söhbət edirəm.
Ağ rəngdə işıq dükanın içini
aydınladır. Deyəsən, yanımda bir yoldaşım
var, onun üçün kirayə otaq tapmağa
çalışıram. Tütünsatan yunan
"qaçqın"dı, canayaxın, əhlikef
adamdı. Çətin ki, axtardığımı tapmaqda mənə
köməyi dəysin. "Heç olmasa bir neçə
saatlıq otaq tapa bilmərəm?" - deyə soruşuram.
"Bir neçə saatlıq istəyirsənsə, mən
verim də..." - deyir. Gülüşüb
ayrılırıq. Yoxuş küçəylə gedirəm.
Amerikan fəhlələrin və ya əsgərlərin gəzdiyi
maşınlardan birini görürəm. Yanımdakı
yoldaşımın üzünü seçə bilmirəm.
Maşının təkərləri çox sürətlə
fırlanır, elə bil havadadırlar. "Təzə
"Ford"lardandı, deyəsən", - deyə fikirləşirəm.
Maşının qabağında avtobus var, Kifisiyaya3 gedən
avtobuslara oxşayır, amma rəngi sarı deyil. Avtobus
dayanıb. Amerikanlar maşından düşür, mübahisə
başlayır, az qala əlbəyaxa olacaqlar. Camaat
yığışıb tamaşa edir. Mübahisə əsnasında
tramvay gəlib camaatın qabağında dayanır. Bura Afina
meydanına oxşamır, deyəsən, Parisdəki Malzerb
bulvarıdı. Tramvayın sürücüsü yerə
düşür. Tünlüyü dağıtmağa
çalışır. Amerikanlar, avtobus
sürücüsü və tramvay sürücüsü
camaatı yarıb qotik üslubda tikilmiş bir binaya tərəf
gedirlər. İçəri girirlər. Birdən
hamısının evin eyvanında oturduğunu görürəm.
Beləcə sakit-sakit danışırlar.
Aşağıdakı adamlar onlara baxır. (Bir dəfə
evimizin eyvanına çıxanda başım
fırlanmışdı. Maroya4 demişdim ki, məni tutsun.
İndi onlara baxanda fikirləşirəm: Mən eyvana
çıxan kimi başım gicəllənmişdi, amma
bunlar oturub söhbət edirlər). Yuxarıdakılar
mübahisəni həll edir. Aşağı düşüb
hərə öz yoluna gedir. Camaat da
dağılışır. Birdən özümü
Temzanın sahilində, ya da Venesiyada, rəngbərəng kloun
paltarları geyinmiş (yaşıl, qırmızı, ağ
paltarlar) aktyorlarla bir yerdə, skamyada oturmuş vəziyyətdə
tapıram. Olduqca rahatam, amma həm də ürəyimdə həyəcan
var. "Axır ki, Şekspirin dünyasına
düşdüm!" - deyəndə oyanıram. Ən
qayğısız illərimdə də yuxudan belə
gümrah oyanmağım yadıma gəlmir. Adətən hər
şeydən hürkən günahkarlar kimi təşviş
içində oyanıram.
Bütün
günü yağış çisələdi. Narın
yağışın gözəlliyi məni heyran edir. Kanal
böyük ayna kimi hər şeyi əks etdirir. Buludlar
dağların üstündə ilişib qalıb. Pəncərədən
şam ağaclarının iyi gəlir.
Dünən
Eliot haqqında fikirləşəndə B. yadıma
düşdü. Sentyabrın axırlarında Pireydə5
görüşmüşdük. Bir yerdə şam yeməyi
yemişdik.
B.
çoxdanışan adamdı. Avropa şairlərindən elə
danışır ki, elə bil hamısıyla
tanışdı. Pasternakdan Lorkaya qədər,
yaşadığımız dövrün məşhur
şairlərinə aid xeyli uydurma hekayə bilir.
"Bəhrəsiz
torpaq"dan danışırıq. Missis Porterlə6
qızından danışır. "Qahirədə bir
fahişəxana vardı. Anzaklar7 oranı dağıdıb
yandırdı (K. bu əhvalatı neçə dəfə
danışıb). Missis Porter bu məşhur fahişəxananı
işlədirdi. Eliotun işlətdiyi nəğmənin
sözləri "Ayaqlarını sodalı suda yuyarlar"
deyil, çox biədəb sözlərdi". - deyir.
İzahlar:
1
"Mifik hekayə" - Yorqos Seferisin poemasıdır.
2
"East Coker" - Tomas Sternz Eliotun "Dörd kvartet"
silsiləsindən ikinci poema.
3
Kifisiya - Yunanıstanda şəhər.
4
Maro - Seferisin həyat yoldaşı.
5
Pirey - Yunanıstanda şəhər.
6
Missis Porter - Avstraliya əsgər nəğməsində
personaj. Eliot bu nəğməni Birinci Dünya müharibəsi
vaxtı eşitmişdi. Sonralar bu personajı "Bəhrəsiz
torpaq" poemasında işlətdi.
7
Anzak - (Australian and New Zealand Army Corps; ANZAC) - Birinci Dünya
müharibəsində ingilis ordusunda döyüşən,
Avstraliya və Yeni Zelandiya əsgərlərindən ibarət
birləşmiş ordu hissəsi.
Yorqos Seferis
Tərcümə edəni:
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.-
2020.- 1 fevral. S. 32. .