"Ağaclar
quruyub qocalar kimi, göylərə yalvarır
budaqlarıyla"
Abayın 175
illiyinə
Yazıma başlıq kimi qoyduğum beyt böyük
qazax şairi Abayın (1845-1904) "Payız" şeirindəndir. Bütün başqa gözəl
şeirləri bir yana, tək elə bu beyt
Abay rübabının nə qədər incə, təşbehlərinin
nə qədər orijinal olduğunu göstərməkçün
yetərlidir.
Yenə
payız gəlir dumanlanaraq
Yenə də soyuyub su, hava, torpaq.
Titrəyə-titrəyə
dırnaqlarıyla
Şumu eşələyən qatıra bir bax.
Çöllər
dalğalanır otlaqlarıyla,
Güllər çırpınmayır yarpaqlarıyla.
Ağaclar
quruyub qocalar kimi
Göylərə yalvarır budaqlarıyla.
Bəstəkarlardan
Vivaldinin, Çaykovskinin ilin dörd fəslinə həsr
olunmuş musiqi əsərləri olduğu kimi, Abayın da
Yaz. Yay. Payız. Qış şeirləri var. Axı Abayın
özü də həm şair, həm bəstəkar idi.
Bir çox xalqların necə-neçə dahi sənətkarları
var. Amma hər xalqın bir sənətkarı olur ki, o
xalqın ədəbiyyatından söz düşəndə
ilk olaraq onun adı çəkilir. Rusiya - Puşkin, İngiltərə
- Şekspir, Almaniya - Höte, İspaniya - Servantes, İtaliya -
Dante, Yunanıstan - Homer, İran - Firdovsi...
Qazax ədəbiyyatı deyəndə ilk yada düşən
ad Abay Kunanbaydır.
Kunanbay atasının adıdır. Atası
böyük bir tayfanın başçısı,
ağsaqqalı, rəhbəridir. Eyni
zamanda Abayın ən böyük antipodu, əqidəsi,
düşüncəsi, rəftarı etibarıyla oğluyla
daban-dabana zidd olan bir feodaldır.
Abay yaradıcılığı qazax poeziyasının
zirvəsidirsə, Muxtar Auezovun "Abay" və
"Abayın yolu" romanları qazax nəsrinin şah əsərləridir. Böyük
şairin həyatından, mühitindən, dövründən,
dostlarından və düşmənlərindən bəhs edən
bu romanlarda əsas müsbət qəhrəman Abay, əsas mənfi
personaj Kunanbaydır. Bu, roman müəllifinin
uydurması deyil, konkret sənədlərə, faktlara, şəhadətlərə
əsaslanan qənaətidir. Atasıyla
qarşıdurma Abayın çocuqluğundan başlayır.
Kunanbayın dörd zövcəsi və onlardan
olan çoxsaylı övladları bir-birilə yola getmir,
bir-birinə düşmən kəsilirlər. Belə bir şəraitdə təbiətcə
çox mülayim, şəfqətli və oğlunu dəlicəsinə
sevən anası Ülcan övladına atası tərəfindən
verilmiş İbrahim adını Abay adıyla əvəz edərkən,
sanki uşağın gələcək taleyini duyubmuş.
Abay - müdrik deməkdir. Qazax
xalq ədəbiyyatının örnəklərini - şeirləri,
nağılları, əfsanələri də Abay ilk olaraq
anasından və nənəsi Zərədən eşidir.
Abayın tədqiqatçılarının
fikrincə, böyük şair üç qaynaq əsasında
formalaşmışdır. Birinci qaynaq - qazax xalq ədəbiyyatı,
folklor örnəkləri... İkinci qaynaq molla məktəbində
mənimsədiyi ərəb və fars dilləri
vasitəsilə tanış olduğu və orijinalda
oxuduğu fars, Azərbaycan, özbək şairləri -
Firdovsi, Nizami, Hafiz, Sədi, Nəvai, Füzuli...
Üçüncü qaynaq atasından gizli təhsil
aldığı rus məktəbində öyrəndiyi rus
dili vasitəsilə mənimsədiyi rus və dünya klassikləri
- Puşkin, Lermontov, Krılovun şeirləri, Belinski,
Çernışevskinin məqalələri, Hötenin,
Bayronun əsərləri, Dümanın "Üç
muşketyor", Lesajın "Topal şeytan" romanları
mütaliə etdikləridir. Rus dilindən tərcümələri
də var - Lermontovdan, Krılovdan. Puşkinin
"Yevgeni Onegin" poemasından bir parçanı qazax dilinə
çevirməkdən başqa, Tatyananın məktubuna
mahnı da bəstələyib. Abay
yazılı qazax ədəbiyyatının böyük
klassiki olmaqla bərabər, qazax musiqisinin parlaq simalarından
biri hesab olunur.
Nəğmələr
odur ki, doğsun üfüqdən
Gündüz günəş kimi, gecə Ay kimi.
Abayla
yanaşı, qazax xalqının döyük mütəfəkkirləri
və alimləri Çokan Velixanov, İbray Altınsarın
arxaik feodal qanunlarıyla və ənənələriylə,
yaxud sxolostik dini ehkamlarla yaşayan bozqırlara (çöllərə)
mütərəqqi dünya düşüncəsini yeritməyə
çalışırdılar.
Muxtar
Auezov Abaya həsr olunmuş məqaləsində yazır:
"Qazaxıstan bozqırlarını saran cahilliyin
qaranlığında o, parlayan şeir məşələsini
daşıyırdı və öz xalqına günəşlər
doğacaq yeni üfüqləri göstərirdi".
Yeri gəlmişkən
onu da qeyd edim ki, M.Auezovun "Abay" romanı o vaxt
SSRİ-nin ən nüfuzlu ədəbi mükafatına - Lenin
mükafatına layiq görülmüş, Nazim Hikmət,
Lüi Araqon, Anna Zeqers kimi məşhur yazıçılar tərəfindən
yüksək qiymətləndirilmişdir.
Abay yaradıcılığında məhəbbət
lirikası müəyyən yer tutsa da ("Birdən-birə
məst olub dumanlanır gözləri, Saçları qara
çaytək sinəsinə axanda") əsərlərinin əsas
mövzusu sosial problemlərdir.
Özü
haqqında:
Sanmayın
pərvazlanıb uçmaqda nakam oldum
Qazaxlar
arasında birinci adam oldum
Nitqimlə,
düz sözümlə,
Uzaq
görən gözümlə
- yazan Abayın bu sözləri deməyə tam
haqqı vardı.
Öz
dövrünün ixtiyar sahiblərini, rüşvətxor rus
məmurlarını, varlanıb harınlamış acgöz
feodalları damğalayan Abay: "Ey mənim qazaxlarım, məzlum,
zavallı xalqım" müraciətilə başlayan
şeirində yazırdı:
Tamahı
çox itidir, başqasından alır pay
Heç doyan görmüsənmi varlıların
gözünü?
Təqib
eləmək üçün namuslu adamları
Quduz bir it saxlayır qapısında hərəsi.
Abayın ən çox nifrət etdiyi cəhət -
riyakarlıqdır.
Özgə
yerdən, özgə eldən
Seçdiyin
dost, sevdiyin dost.
Ürəyini
tapşırdığın
Sirlərini
dediyin dost.
Bir
gün səni dar ayaqda atıb qaçar
Keçənləri
unudaraq
Sənin
bakir sirlərini
Faş eləyər,
yada açar
Sonra,
sonra səni görüb
Məhəbbətdən,
Sədaqətdən vuracaq dəm.
Eyni
mövzuda başqa şeirindən misralar:
İşlər
bir az düzələntək
Hər tərəfə
əsən külək
Öz səmtini
tez dəyişər
Sənə
yaxın bir dost olar
Gah
yalmanar, gah irişər,
Külək
bir az bərk əsəndə
O, üz
tutar həmin səmtə
külək kəsib, çöksə sükut
Dönüb
olar bir əjdaha
İndi
belə qəhrəmanlar
yetişdirir bu zəmanə.
Ev-eşikdə
cəngavərdir
basıb
kəsər, coşub-daşar
Çətin
anda
qorxusundan
ağzındakı sözü çaşar.
Bu
misraları oxuyanda bizim böyük Sabirimiz yada
düşür:
İnanma
çox da qövlünə
mənəm-mənəm
deyənlərin
Gərəkli gündə onların
qıçındakı fərarı gör.
Yaxud
Abayın:
Nə
olaydı,
Nə
olaydı,
Bircə
təmiz,
sadiq
adam tapılaydı.
Məhkəmədə
udur ancaq
Baylar ilə
yaxın olan
Rüşvət
verən, rüşvət alan
- misralarını oxuyanda Füzuli yada
düşür?
"Dərd çox, həmdərd yox", ya da
"salam verdim, rüşvət deyil deyə,
almadılar".
Abay
yazır:
Adam var
ki, ağıllı sözlərə qulaq asmaz,
Adam var
ki,
doğruluq
haqqında kəlmə yazmaz
Adam var
ki, dəridən çıxır bu yer üzündə
Təki tamahkarlığı işıqlansın
gözündə.
Aşıq Abbası xatırlamadınızmı?
Abayın elə şeirləri də var ki, Qasım bəy
Zakiri yada salır. Əlbəttə, Nizamiyə, Füzuliyə
yaxşı bələd olan Abay Aşıq Abbası, Zakiri, hətta
müasiri Sabiri tanımaya da bilərdi. Amma
qardaş xalqların - Azərbaycan türkləriylə
qazaxların dərdləri, bəlaları da dilləri və
taleləri kimi yaxın idi. Odur ki, bu
xalqların şairləri də eyni oda yanırdılar.
Bəs
nicat nədəydi:
"Əlimdən
gəlmir" demə
Oxu, yiyələn elmə.
Başqa
şeirində də bu barədə yazır:
Ay
insanlar, insançün ömr eləyin cahanda
Cahanda ən
bilikli insanlara inanın!
Heyranıyam
cahanda genişqəlbli insanın,
Günəşin, həqiqətin, ədalətin,
vicdanın.
Əsl insanın barışmadığı nədir?
Qorxaqlar həqiqəti
Qutuda ilan bilir.
Eşitdiyi
hər sözü,
Doğrunu yalan bilir.
Ən böyük sənətkarların da adi insanlar
kimi ümidsizləşdiyi, bədbinləşdiyi anlar olur. Aşağıdakı
misralar məhz belə ovqatın bəhrələridir:
Məni başa düşən yox, çox da ki, hey
yazıram.
Nə çarə, bu dünyadan köçməyə
də hazıram.
İctimai həyatda ömrü boyu nadanlıqla, cəhalətlə,
anlaşılmazlıqla, Rusiyanın müstəmləkəçi
siyasətiylə qarşı-qarşıya gələn
Abayın şəxsi taleyi də faciəvidir. Peterburqda təhsil
almış oğlu Əbdurrəhman 27 yaşında vərəmdən
vəfat edir. Bir neçə ildən sonra
o biri oğlu da vərəm xəstəliyinə tutularaq
dünyasını dəyişir. Bu
oğlunun ölümündən 40 gün sonra Abay da
dünyayla vidalaşır.
Ömrünün
hansı məqamında yazıldığını bilməsəm
də, bu nostalji misralar itkilərin kədəriylə səslənir:
Xatirimdə
yaşar mənim
Keçən
günlər, keçən illər
O vaxt necə
əlbir idi,
Dilbir idi
bizim ellər
İndi
isə qeyrətli az, nadan çoxdur
Bir dost
kimi, oğul kimi
Xalq dərdinə qalan yoxdur.
Böyük şair xalqının və öz taleyinin
bütün ağrı-acılarını yaşamış,
amma ümidini itirməmiş, mübarizədən geri çəkilməmiş,
sonacan İlahidən gələn missiyasını ləyaqətlə
yerinə yetirmişdir. Qardaş xalqın böyük şairi Abay haqqında
bu kiçik qeydlərimi onun şeiriylə
başladığım kimi, başqa bir şeirindən
misralarla tamamlamaq istəyirəm:
Necə
ki döyüşdə sən
Bir yol
yenilməmisən
Əlindəki
bayrağı
Vurub
salmayıb yağı
Lalə rəngli
mayaktək
Yanır
sinəndə ürək
Yanvar 2020
ANAR
Ədəbiyyat qəzeti.-
2020.- 8 fevral. S. 3.